12:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2010-cu il

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2010-cu ildə fəaliyyəti haqqında illik
M Ə R U Z Ə
 
Hörmətli Sədr!
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yaradılmış şəraitdən bəhrələnərək muxtar respublikamızda vətəndaşların hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə yönəlmiş tədbirləri 2010-cu ildə də davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun təşəbbüsü ilə dövlət orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu məqsədlə qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bütün bunlar isə Müvəkkil və onun aparatı əməkdaşlarının məsuliyyətini daha da artırmış, insan və vətəndaş hüquqları və azadlıqlarının təmin və müdafiə edilməsi sahəsində təsisatın fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Müvəkkilin 2010-cu il üçün məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, əhalinin müxtəlif kateqoriyaları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir. Məruzənin hazırlanmasında, həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda Müvəkkilə verilən səlahiyyətlərin dairəsi və məzmunu nəzərə alınaraq Müvəkkil ötən ildə də əsasən öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və təhlili, elmi-analitik fəaliyyətin həyata keçirilməsi, əhalinin müxtəlif təbəqələri arasında əsas insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə maarifləndirməyə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən maarifləndirici vəsaitlərin hazırlanması, ictimaiyyətlə, informasiya vasitələri ilə, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə, o cümlədən dövlət orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
Qeyd olunan istiqamətlər üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat vermək istəyirəm.
1.Daxil olan müraciətlərin araşdırılması barədə
2010-cu ildə Müvəkkilin ünvanına 97 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 61-ni şikayətlər, 36-nı isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutların olmaması səbəbindən 13 şikayətə baxılmasından imtina edilmişdir. 48 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 13-ü təmin edilmişdir. 33 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə müvafiq hüquqi məsləhətlər verilmişdir.
2. Hüquqi maarifləndirmə sahəsində görülmüş tədbirlər
Ötən ildə də Müvəkkil insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən müvafiq tədbirlərin keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Bununla yanaşı, vətəndaşların müraciətlərinə verilən cavab məktubları da mühüm maarifləndirici vasitə kimi çıxış edir. Belə ki, müraciətlərində tələblərinin əsaslı və ya əsassız olması, eyni zamanda öz hüquqlarını müdafiə edə biləcəyi mexanizmlər barədə verilən tövsiyələr vətəndaşları hüquq və vəzifələrinə dair maarifləndirmə məqsədi daşıyır.
Ötən ildə də əhalinin müxtəlif sosial qruplarına ünvanlanan tədbirlər həyata keçirilmiş, həmçinin Müvəkkil aparatında "Milli qanunvericilikdə insan hüquqları (normativ sənədlər)", "Azərbaycan Respublikasının Məhkumların hüquqlarına dair qoşulduğu beynəlxalq sənədlər" adlı nəşrlər hazırlanaraq istifadəyə verilmişdir.
Ötən il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsi ölkəmizin, həmçinin muxtar respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşımışdır. Muxtar Respublikada seçkilər ərəfəsində hazırlıq işlərinə, habelə seçki hüququnun təmin edilməsinə xüsusi diqqət yetirilmiş, seçkilərə hazırlıq vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə müvafiq qurumlarla birgə tədbirlər keçirilmişdir.
Seçki prosesi mərhələlərində, o cümlədən səsvermə günü seçki hüquqlarının pozulması ilə bağlı təsisata hər hansı bir müraciət daxil olmamışdır.
3. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və təbliği, həmçinin qanunçuluq və hüquq qaydalarının daha da möhkəmləndirilməsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi ötən ildə də ardıcıl olaraq davam etdirilmişdir.
Bu istiqamətdə səylərimizin birləşdirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Naxçıvan Qarnizonu ilə birgə muxtar respublika ərazisindəki birləşmə, hərbi hissələrdə aid dövlət qurumlarının iştirakı ilə ardıcıl olaraq müvafiq tədbirlər keçirilmişdir.
4. Məhkumların, cinayət prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının müdafiəsi və bununla bağlı hüquqi maarifləndirmə tədbirləri barədə
Müvəkkil və aparatın əməkdaşları müntəzəm olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanasında, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasında olmuş, məhkumların, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmiş və monitorinqlər aparmışlar.
Bununla yanaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə məhkumların hüquqlarının müdafiəsi məqsədilə xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində ardıcıl olaraq hüquq maarifləndirici tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının, Ədliyyə Nazirliyinin məsul şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsində seminar müşavirə keçirilmiş, iştirakçılara seçki hüququnun təmin edilməsi, səsvermə qaydaları, seçki hüququnun pozulmasına görə məsuliyyət növləri barədə geniş məlumat verilmişdir.
Eyni zamanda, məhkumların ailə və digər problemləri ilə bağlı Müvəkkilə ünvanlanan müraciətlərinin müvafiq qaydada araşdırılması işi də davam etdirilmişdir.
5. Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin təşkili barədə
Ötən il ərzində Müvəkkil Aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaranması diqqət mərkəzində saxlanılmışdır.
Müvəkkil beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri və digər ölkələrin müvəkkil təsisatları ilə insan hüquqları, bu sahədə həyata keçirilən maarifləndirmə işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirmişdir.
Müvəkkil ötən il ATƏT-in Bakı ofisinin rəhbəri və nümayəndə heyəti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və nümayəndə heyəti, Avropa Şurası Baş Katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi, Avropa Birliyinin Azərbaycan üzrə ofisinin rəhbəri və Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirmiş, ölkəmizdə aparılan hüquqi islahatlar, görülən işlərin muxtar respublikada ardıcıl davam etdirilməsi, müvəkkil təsisatı, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyət barədə ətraflı məlumat vermiş, əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
6. İnformasiya və ictimaiyyətlə əlaqələrin təşkili barədə
Ötən dövrdə kütləvi informasiya vasitələri və ictimaiyyətlə səmərəli əməkdaşlıq qurulmuş, Müvəkkilin fəaliyyəti ilə bağlı məlumatlar müntəzəm olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Bununla yanaşı, müasir dövrdə informasiyanın mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq muxtar respublikada Müvəkkil təsisatının yaradılmasının hüquqi əsasları, Müvəkkilin fəaliyyətinin hüquqi əsasları və fəaliyyət istiqamətləri, o cümlədən muxtar respublikada insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi sahəsində görülən işlər barədə məlumatların daha geniş auditoriyaya çatdırılması məqsədilə 2010-cu ildə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi internet səhifəsi hazırlanaraq istifadəyə verilmişdir.
İnsan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, o cümlədən vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması, həmçinin hüquqi maarifləndirmə sahəsində fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Müvəkkil dövlət və yerli özünü idarəetmə orqanları ilə əməkdaşlığını daha da təkmilləşdirmiş, müraciətlərin araşdırılması zamanı dövlət və yerli özünü idarəetmə orqanlarına öz təklif və tövsiyələrini vermişdir.
Öz fəaliyyətini şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi prinsiplər əsasında quran Müvəkkil, digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən muxtar respublikamızda yaradılan şəraitdən istifadə edərək bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).