14:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Pasportlar haqqında

Pasportlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İnsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək (bundan sonra - ölkədən getmək və ölkəyə gəlmək) hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin - Azərbaycan Respublikası vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları  təsbit olunur.
 
Maddə 1. Çıxarılıb.
 
Maddə 2. Çıxarılıb.
 
Maddə 3. Azərbaycan Respublikası vətəndaşının pasportu.
Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra - pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.
 
Maddə 4. Ümumvətəndaş pasportu
Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir.
Ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu alınır.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
 
Maddə 5. Xidməti pasport
Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə, hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə, müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına, beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir.
Xidməti pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.
Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar.
 
Maddə 6. Diplomatik pasport
Diplomatik pasport Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən: 
1) öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, apellyasiya məhkəmələrinin sədrlərinə, Baş prokurora və onun müavinlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Məhkəmə-Hüquq Şurasının üzvlərinə, Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna, Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədrinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların, habelə Azərbaycan Respublikasının Milli Məclisi, Hesablama Palatası Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi aparatlarının rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilərə), mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, diplomatik xidmət əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və onun müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə və sədr müavininə, Naxçıvan Muxtar Respublikasının Prokuroruna; 
2) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və istisna hallarda Azərbaycan Respublikası xarici işlər nazirinin sərəncamına əsasən beynəlxalq konfranslarda, müşavirələrdə və danışıqlarda, BMT Baş Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında, dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə;
3) Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisi sədrinin, Baş nazirin, Konstitusiya Məhkəməsi sədrinin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına;
4) diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına;
5) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən müvafiq icra hakimiyyəti orqanının zabit heyətinə verilir;
6) Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə verilir. 
Diplomatik pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.
Diplomatik pasport onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddətə verilir.
Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun arvadına (ərinə), Milli Məclisinin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin sədrinə, xarici işlər nazirinə isə diplomatik pasport ömürlük verilir.
Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplomatik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri hallarda kömək və havadarlıq göstərməyə borcludurlar.
 
Maddə 7. Pasportda göstərilən məlumatlar
Tiplərindən asılı olmayaraq hər bir pasportda:
1) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu,  pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası,  pasporta aid olan tələblər göstərilir;
2) pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur;
3) xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir.
Bundan əlavə xidməti pasportda bu Qanunun 5-ci maddəsinin üçüncü hissəsində, diplomatik pasportda isə bu Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş hallar  göstərilir.
Pasportdakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir.
Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri, 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir.
Bu maddədə nəzərdə tutulmuş məlumatları pasporta və ya onun elektron daşıyıcısına daxil edən vəzifəli şəxs həmin məlumatların düzgünlüyünə görə cavabdehdir.
 
Maddə 8. Pasport verilməsi haqqında ərizə (vəsatət)
Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir.
Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir.
Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən müvafiq dövlət orqanında həyata keçirilir. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
 
Maddə 9. Pasport verilməsi haqqında ərizəyə (vəsatətə) baxılması
Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əkər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır.
Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.
Dövlət sirrinin  mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir.
Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.
 
Maddə 10. Pasportun dəyişdirilməsi
Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.
Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün  dövlət rüsumu alınır.
Pasport bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada dəyişdirilir.
Pasportun üzərində və ya elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
 
Maddə 11. Çıxarılıb.
 
Maddə 12. Çıxarılıb.
 
Maddə 13. Çıxarılıb.
 
Maddə 14. Çıxarılıb. 

 
Maddə 15. Çıxarılıb.
 
Maddə 16. Bu Qanunu pozmağa görə məsuliyyət
Pasporta yalan məlumatlar daxil edildikdə, pasport oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə, təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
 
Maddə 17. Beynəlxalq müqavilələrin tətbiqi
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 14 iyun 1994-cü il
813

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 12 may 1995-ci il tarixli 1035 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, 14, maddə 237)

2. 25 aprel 1997-ci il tarixli 284-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 385)

3. 26 iyun 1997-ci il tarixli 357-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 493)

4. 14 noyabr 1997-ci il tarixli 399-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 2, maddə 70)

5. 26 dekabr 2000-ci il tarixli 48-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 12, maddə 835)

6. 20 fevral 2001-ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 3, maddə 143)

7. 24 aprel 2001-ci il tarixli 124-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 6, maddə 378)

8. 5 oktyabr 2001-ci il tarixli 181-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 674)

9. 19 oktyabr 2001-ci il tarixli 210-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 1, maddə 4)

10. 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 463)

11. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 505)

12. 4 mart 2005-ci il tarixli 850-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 3, maddə 152)

13. 1 sentyabr 2005-ci il tarixli 980-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 oktyabr 2005-ci il)

14. 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 64)

15. 30 dekabr 2005-ci il tarixli 51-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 1, maddə 3)

16. 3 mart 2006-cı il tarixli. 72-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3. maddə 219)

17. 21 aprel 2006-cı il tarixli 99-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, 4, maddə 319)

18. 20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 933)

19. 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1006)

20. 19 dekabr 2006-cı il tarixli 203-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1029)

21. 28 noyabr 2006-cı il tarixli 182-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1017)

22. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 7, maddə 712)

23. 16 iyun 2007-ci il tarixli 386-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 753)

24. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1053)

25. 1 fevral 2008-ci il tarixli 542-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 158)

26. 13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 27 avqust 2008-ci il, 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 699)

27. 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 7 avqust 2008-ci il, 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 701)

28. 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 oktyabr 2008-ci il, 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 10, maddə 886)

29. 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 28 iyul 2009-cu il, 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 07, maddə 519)

30. 1 fevral 2010-cu il tarixli 945-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 18 mart 2010-cu il, 61 ,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 166)

31. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276)

32. 30 sentyabr 2010-cu il tarixli 1075-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 14 noyabr 2010-cu il, 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 11, maddə 935)

33. 8 aprel 2011-ci il tarixli 97-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 21 aprel 2011-ci il, 81, "Azərbaycan" qəzeti 22 aprel 2011-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 4, maddə 270)

34. 10 iyun 2011-ci il tarixli 141-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 01 iyul 2011-ci il, 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 6, maddə 474)

35. 17 may 2011-ci il tarixli 109-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 07 iyul 2011-ci il, 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 7, maddə 580)

36. 12 iyun 2012-ci il tarixli 377-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 22 iyul 2012-ci il, 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 7, maddə 647)

37. 19 aprel 2013-cü il tarixli 616-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 19 may 2013-cü il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 465)

38. 31 may 2013-cü il tarixli 671-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 13 iyun 2013-cü il, 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 619)

39. 21 iyun 2013-cü il tarixli 701-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 27 iyul 2013-cü il, 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 07, maddə 793)

40. 25 fevral 2014-cü il tarixli 913-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 12 aprel 2014-cü il, 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 323)

41. 17 oktyabr 2014-cü il tarixli 1055-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 7 noyabr 2014-cü il, 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1335)

42. 29 may 2015-ci il tarixli 1294-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 iyun 2015-ci il, 132; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 688)

43. 2 may 2017-ci il tarixli 659-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 2 iyul 2017-ci il, 139? Az'rbaycan Respublikas;n;n Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1042 )

 

44. 2 may 2017-ci il tarixli 671-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 2 iyul 2017-ci il, 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1045)

45.1 dekabr 2017-ci il tarixli 910-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 16 dekabr 2017-ci il, 278)

 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).