2:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra-şəxsiyyət vəsiqəsi).
Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.
Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur.
Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
 
Maddə 2. Şəxsiyyət vəsiqəsinin növləri
Şəxsiyyət vəsiqəsinin bu növləri vardır:
1)16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2)16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
Şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir.
 
Maddə 3. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar
Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. 
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:
bu maddənin birinci hissəsində göstərilən məlumatlar;
vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;
vətəndaşın  yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; 
vətəndaşın valideynlərinin soyadı və adı;
vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);
vətəndaşın uşaqlarının soyadı və adı;
vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır);
şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi;
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də nəzərdə tutulduğu halda digər məlumatlar.
Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.
 
Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi
Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir.
Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.
Qeyd: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
 
Maddə 5. Dövlət rüsumu
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir. 
Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.
 
Maddə 6. Şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları 
Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
 
Maddə 7. Şəxsiyyət vəsiqəsinin təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi
Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi müvafiq icra hakimiyyəti orqanına göndərilir. 
Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.
 
Maddə 8. Bu Qanunun tələblərini pozmağa görə məsuliyyət
Bu Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) , vəsiqənin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
 
Maddə 9. Keçid müddəaları
9.1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının (bundan sonra - 15 yaşı tamam olmamış vətəndaş) fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2018-ci il sentyabrın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi verilir.
9.2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra - qanuni nümayəndəsinin) ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.
9.3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
9.4. 15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir.
9.5. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
 
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 14 iyun 1994-cü il
817
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.13 fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 3, maddə 142)
2. 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 6 maddə 328)
3. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 505)
4. 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1033)
5. 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 1, maddə 4)
6. 11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 20 may 2010-cu il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 5, maddə 386)
7. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 18 fevral 2011-ci il, 38, "Azərbaycan" qəzeti, 20 fevral 2011-ci il, 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 71)
8. 15 noyabr 2011-ci il tarixli 230-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 14 dekabr 2011-ci il, 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1086)
9. 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 fevral 2012-ci il, 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 2, maddə 62)
10. 19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 18 aprel 2013-cü il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 466)
11. 21 iyun 2013-cü il tarixli 704-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 27 iyul 2013-cü il, 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 07, maddə 796)
12. 29 dekabr 2015-ci il tarixli 86-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 29 fevral 2016-cı il, 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 2, maddə 198)
13. 1 dekabr 2017-ci il tarixli 911-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 16 dekabr 2017-ci il, 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, I kitab, maddə 2264)
14. 12 oktyabr 2018-ci il tarixli 1285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 oktyabr 2018-ci il, 237)
15. 30 oktyabr 2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 18 noyabr 2018-ci il, 260)















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).