21:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunvericilik
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 2. Əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra - icbari sığorta) - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir;
2.0.2. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra - icbari sığorta müqaviləsi) - icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşma;
2.0.3. sığorta olunan - xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi verilməli olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslər;
2.0.4. sığortalı - sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları;
2.0.5. sığortaçı - Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs;
2.0.6. faydalanan şəxs - bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan) şəxs;
2.0.7. annuitet müqaviləsi - Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi;
2.0.8. müqavilə ili - icbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və həmin müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il;
2.0.9. istehsalat - fiziki şəxsin işləri, xidmətləri (bundan sonra - əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri;
2.0.10. istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı;
2.0.11. peşə xəstəliyi - əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik;
2.0.12. sığorta hadisəsi - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal;
2.0.13. sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;
2.0.14. sığorta haqqı - icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği;
2.0.15. sığorta məbləği - icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddi;
2.0.16. annuitet haqqı - bu Qanuna uyğun olaraq annuitet müqaviləsi bağlanıldığı hallarda faydalanan şəxsə dövri sığorta ödənişlərinin ödənilməsi öhdəliyi müqabilində annuitet müqaviləsi üzrə sığortaçıya ödənilən pul məbləği;
2.0.17. sığorta tarifi - icbari sığorta müqaviləsi üzrə sığorta haqqının hesablanması üçün bu Qanuna uyğun olaraq müəyyən olunan əmək haqqı fonduna tətbiq olunan faiz dərəcəsi;
2.0.18. peşə riskinin dərəcəsi - əmək funksiyalarını yerinə yetirərkən peşə əmək qabiliyyətinin itirilməsi və ya ölüm ehtimalının iqtisadi fəaliyyət növləri və sığorta olunanların kateqoriyaları üzrə səviyyəsi;
2.0.19. sığorta olunanların kateqoriyaları - sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada bölgüsü;
2.0.20. peşə əmək qabiliyyəti - müəyyən ixtisasa uyğun olaraq əmək funksiyalarını müəyyən edilmiş həcmdə və keyfiyyətlə yerinə yetirmək bacarığı;
2.0.21. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi - sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi;
2.0.22. İcbari Sığorta Bürosu - "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən edilmiş qurum;
2.0.23. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.

Maddə 3. Sığorta olunanlar
3.1. Aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar:
3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər ("Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); 
3.1.2. çıxarılıb.
3.1.3. məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
3.1.4. istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
3.1.5. müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
3.1.6. təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;
3.1.7. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
3.2. Bu Qanun Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də ("Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.

Maddə 4. Sığortalılar
4.0. Bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:
4.0.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
4.0.2. dövlət orqanları;
4.0.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
4.0.4. seçkili orqanlar;
4.0.5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Maddə 5. Faydalanan şəxslər
5.1. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar:
5.1.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar;
5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər:
5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı;
5.1.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;
5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
5.2. Bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür:
5.2.1. 18 yaşına çatmamış uşaqlar;
5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək;
5.2.3. ata, ana, ər, arvad, övlad "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlildirsə;
5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.

Maddə 6. Sığorta olunanın hüquq və vəzifələri
6.1. Sığorta olunanın aşağıdakı hüquqları vardır:
6.1.1. istehsalatdan ayrılmadan və ya istehsalatdan ayrılmaqla, təhlükəsiz əmək metodlarına, əməyin mühafizəsi qaydalarına və təlimatlarına dair ödənişsiz təlim keçmək;
6.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sığortalının hesabına ilkin və vaxtaşırı icbari tibbi müayinələrdən keçmək;
6.1.3. sığortalıdan və sığortaçıdan icbari sığorta ilə bağlı hüquqları və vəzifələri barədə ödənişsiz məlumat almaq;
6.1.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
6.2. Sığorta olunanın aşağıdakı vəzifələri vardır:
6.2.1. əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara riayət etmək;
6.2.2. əmək müqaviləsində və ya mülki-hüquqi müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək;
6.2.3. icbari sığorta müqaviləsində göstərilmiş məlumatların dəyişməsi haqqında, belə halların yarandığı tarixdən 10 iş günündən gec olmayaraq sığortalıya məlumat vermək;
6.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 7. Sığortalının hüquq və vəzifələri
7.1. Sığortalının aşağıdakı hüquqları vardır:
7.1.1. icbari sığorta müqaviləsinin bağlanması üçün sığortaçını bu Qanunun 11.2-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sərbəst seçmək;
7.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatında iştirak etmək;
7.1.3. sığorta hadisəsinin baş verdiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sığorta olunanın müayinə olunmasında şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak etmək;
7.1.4. özünün, habelə sığorta olunanların hüquq və qanuni mənafelərini müdafiə etmək;
7.1.5. sığortaçıdan icbari sığortanın şərtlərinin, icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrin izah edilməsini tələb etmək;
7.1.6. sığorta ödənişinin həyata keçirilməsindən imtina və ya onun məbləğinin azaldılması haqqında sığortaçının qərarından maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;
7.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
7.2. Sığortalının aşağıdakı vəzifələri vardır:
7.2.1. bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq;
7.2.2. icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək;
7.2.3. sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində dəyişikliklər edildikdə, onların kateqoriyalarında dəyişikliklərin edildiyi andan 10 iş günü müddətində sığortaçını bu barədə məlumatlandırmaq;
7.2.4. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək, habelə təhlükəsiz əmək şəraitini təmin etmək;
7.2.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sığorta hadisələrinin araşdırılmasını təmin etmək;
7.2.6. sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat vermək;
7.2.7. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas verən, icbari sığortanın həyata keçirilməsi üçün zəruri olan və əldə edilməsi özündən asılı olan digər sənədləri sığortaçıya təqdim etmək;
7.2.8. qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığorta olunanın ilkin tibbi müayinədən və vaxtaşırı icbari tibbi müayinədən keçirilməsini təmin etmək;
7.2.9. yenidən təşkil olunması, ləğv edilməsi və ya fəaliyyətinə xitam verilməsi barədə sığortaçıya dərhal məlumat vermək;
7.2.10. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması və onların araşdırılmasının nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının qərarlarını və göstərişlərini yerinə yetirmək;
7.2.11. sığorta olunanlara onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtləri və qaydalarını izah etmək;
7.2.12. sığorta haqlarının hesablanmasının və köçürülməsinin düzgün uçotunu aparmaq, sığorta ödənişi üçün əsas olan sənədlərin qorunub saxlanmasını təmin etmək, sığortaçıya sığorta müqaviləsində müəyyən edilmiş qaydada məlumat təqdim etmək;
7.2.13. sığorta hadisəsindən irəli gələn itkilərin azaldılması üçün tədbirlər görmək;
7.2.14. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
7.3. Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır.

Maddə 8. Faydalanan şəxsin hüquq və vəzifələri
8.1. Faydalanan şəxsin aşağıdakı hüquqları vardır:
8.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişini almaq;
8.1.2. bu Qanuna uyğun olaraq annuitet müqaviləsi bağlamaq üçün sığortaçını sərbəst seçmək;
8.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığorta hadisəsinin araşdırılmasında şəxsən, həmçinin müvafiq həmkarlar ittifaqının nümayəndəsi ilə birlikdə iştirak etmək;
8.1.4. sığorta hadisəsinin araşdırılmasının nəticələri ilə razılaşmadığı halda qanunvericiliyə uyğun olaraq şikayət etmək;
8.1.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslər münasibətdə), "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.2. Faydalanan şəxsin aşağıdakı vəzifələri vardır:
8.2.1. bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulan sənədləri sığortaçıya təqdim etmək;
8.2.2. icbari sığorta müqaviləsində və ya annuitet müqaviləsində göstərilmiş məlumatların dəyişməsi haqqında, habelə sığorta ödənişinin məbləğinin dəyişməsinə və ya bu ödənişi almaq hüququnun itirilməsinə səbəb ola bilən hallar barədə belə halların yarandığı tarixdən 10 iş günündən gec olmayaraq sığortaçıya məlumat vermək;
8.2.3. 6 aydan gec olmamaq şərti ilə annuitet müqaviləsi üzrə sığortaçını həmin müqaviləyə xitam verilməsi barədə niyyəti haqqında yazılı şəkildə xəbərdar etmək;
8.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslər münasibətdə), "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 9. Sığortaçının hüquq və vəzifələri
9.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
9.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılmasında iştirak etmək;
9.1.2. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan müayinədə iştirak etmək, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və məhkəmədə mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək;
9.1.3. icbari sığorta müqaviləsi bağlandığı zaman sığorta riskinin qiymətləndirilməsi üçün həmin müqavilənin tərəfi qismində çıxış edən sığortalının istehsalat şəraitinin araşdırılması tədbirlərini həyata keçirmək, bu məqsədlə müstəqil ekspertləri cəlb etmək;
9.1.4. sığorta hadisələri üzrə məlumatı əldə etmək, yoxlamaq və zəruri hallarda səlahiyyətli dövlət orqanlarına sorğular vermək;
9.1.5. sığortalılardan, sığorta olunanlardan və faydalanan şəxslərdən sığorta hadisəsi ilə əlaqədar bu Qanuna uyğun olaraq zəruri sənədləri tələb etmək;
9.1.6. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələr vermək;
9.1.7. bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
9.1.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:
9.2.1. sığorta haqlarının vaxtında və tam məbləğdə hesablanıb ödənilməsinə nəzarət etmək;
9.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək;
9.2.3. sığorta ödənişinin həyata keçirilməsindən imtina haqqında qərar qəbul etdiyi halda sığorta olunana və faydalanan şəxsə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildiriş göndərmək;
9.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş subyektlərlə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Maddə 10. Sığorta hadisəsinin müəyyən olunması
10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur:
10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;
10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
10.2. Bu Qanunun 9.1.4-cü maddəsində nəzərdə tutulmuş sorğulara səlahiyyətli dövlət orqanları yayılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.

Maddə 11. İcbari sığorta müqaviləsi
11.1. İcbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə maliyyə bazarlarına nəzarət orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.
11.2. Sığortalı bu Qanunun 11.1-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sığortaçını seçməkdə sərbəstdir. Sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.
11.3. İcbari sığorta müqaviləsi elektron sənəd formasında "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
11.4. İcbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Qanunla müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında bu Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır.
11.5. İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır.
11.6. İcbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
11.7. İcbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
11.7.1. müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında;
11.7.2. icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə;
11.7.3. sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə;
11.7.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş digər hallarda.
11.8. İcbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir.
11.9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, sığorta müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilir

Maddə 12. Annuitet müqaviləsi
12.1. Bu Qanunun 16.3-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi almış faydalanan şəxs annuitet müqaviləsi bağlamaq hüququ olan sığortaçı ilə annuitet müqaviləsi bağlaya bilər.
12.2. Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanılması, dəyişdirilməsi və ona xitam verilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Sığorta tarifi
13.1. Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.2. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur.
13.3. Növbəti təqvim ili üçün sığorta tarifləri cari ilin dekabr ayının 1-dək müəyyən olunmalıdır.

Maddə 14. Sığorta haqqı və sığorta məbləği
14.1. Sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.
14.2. Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.
14.3. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır.
14.3-1. Sığorta haqqının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
14.4. Bu Qanunun məqsədləri üçün icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 15. Annuitet haqqı
Annuitet haqqının məbləğinin hesablanması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən aktuar prinsiplər gözlənilməklə müəyyən olunur.

Maddə 16. Sığorta ödənişi
16.1. Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir:
16.1.1. aylıq sığorta ödənişi;
16.1.2. birdəfəlik sığorta ödənişi;
16.1.3. əlavə sığorta ödənişi.
16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:
16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;
16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda;
16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.
16.4. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.
16.5. Sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Maddə 17. Sığorta ödənişi məbləğlərinin hesablanması
17.1. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.
17.2. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.3. Aylıq sığorta ödənişi məbləğinin hesablanması zamanı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın orta aylıq əmək haqqı barədə arayışı sığortalıdan əldə etmək mümkün olmadıqda aylıq sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən iqtisadiyyatın müvafiq sahəsində müvafiq dövr üçün müəyyən edilmiş orta aylıq əmək haqqı əsasında hesablanır.
17.4. Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır.
17.5. Əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
17.6. Çıxarılıb.
17.7. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.

Maddə 18. Sığorta ödənişinin verilməsi qaydası
18.1. İcbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir.
18.2. Annuitet müqaviləsi üzrə sığorta ödənişi faydalanan şəxsə həmin müqavilədə razılaşdırılmış gündən verilir.
18.3. Birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir.
18.4. Əlavə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının qərarında müəyyən olunmuş tarixdən və müddət ərzində verilir.
18.5. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunla nəzərdə tutulmadığı halda verilir.
18.6. Sığorta ödənişinin təyin edilməsi sığortaçı tərəfindən faydalanan şəxsin tələbinə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş siyahıda göstərilən sənədlərə əsasən həyata keçirilir.
18.7. Sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.8. Sığortaçı sığorta ödənişi təyin etmək üçün bu Qanunun 18.6-cı maddəsində göstərilən sənədlərdən əlavə digər sənəd tələb edə bilməz.
18.9. Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.
18.10. Sığortaçı bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının aparılmış müayinənin nəticələri barədə qərarı ilə razı olmadıqda həmin qərarı qanunvericiliyə uyğun olaraq mübahisələndirmək və yeni müayinənin keçirilməsini tələb etmək niyyəti barədə bu Qanunun 18.9-cu maddəsində nəzərdə tutulmuş müddət ərzində faydalanan şəxsə rəsmi məlumat verməlidir.
18.11. Faydalanan şəxs sığorta tələbini sığorta ödənişini almaq hüququ yarandıqdan sonra üç ildən gec təqdim etdikdə sığorta ödənişi bu tələbin verildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Bu müraciət üç il ərzində edildikdə isə, sığorta ödənişi bu hüququn yarandığı gündən etibarən bütün dövrə şamil edilir.
18.12. Sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişinin həyata keçirilməsi "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda mümkün olmadıqda, İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilir.

Maddə 19. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası
19.1. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə müayinə edilməsi sığorta olunanın, sığortalının və ya sığortaçının müraciəti, yaxud qanunvericiliyə əsasən məhkəmənin qərarı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
19.2. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi, o cümlədən həmin məqsədlə ilkin və təkrar müayinə edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.

Maddə 20. Sığorta ödənişindən imtinanın əsasları
20.0. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir:
20.0.1. sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;
20.0.2. sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;
20.0.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.

Maddə 21. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində nəzarət
21.1. Sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.
21.2. Sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
21.3. Sığortalılar tərəfindən istehsalat zədələri və peşə xəstəlikləri üzrə baş vermiş hadisələrin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Mübahisələrin həlli
Bu Qanundan irəli gələn mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.

Maddə 23. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il
999-IIIQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 15 noyabr 2011-ci il tarixli 233-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 14 dekabr 2011-ci il, 270, "Azərbaycan" qəzeti 15 dekabr 2011-ci il, 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1089)

 

2. 29 oktyabr 2013-cü il tarixli 805-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 15 noyabr 2013-cü il, 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1318)

3. 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 19 yanvar 2014-cü il, 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 01, maddə 9)

4. 20 iyun 2014-cü il tarixli 999-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 13 iyul 2014-cü il, 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 777)

5. 16 dekabr 2014-cü il tarixli 1131-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 fevral 2015-ci il, 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 74)

6. 30 dekabr 2014-cü il tarixli 1164-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 fevral 2015-ci il, 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 96)

7. 13 fevral 2015-ci il tarixli 1195-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 20 mart 2015-ci il, 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 3, maddə 253)

8. 18 dekabr 2015-ci il tarixli 66-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 18 fevral 2016-cı il, 37; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, I kitab, maddə 184)

9. 4 mart 2016-cı il tarixli 150-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 16 mart 2016-cı il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 416)

10. 13 iyun 2017-ci il tarixli 731-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 iyul 2017-ci il, 155) 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).