2:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında

Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır.
Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində törədilmiş siyasi repressiyaların qurbanlarına bəraət verilməsi, onların siyasi, sosial və vətəndaşlıq hüquqlarının bərpa edilməsi, mənəvi itkilərinin əvəzinin ödənilməsi, həmçinin özbaşınalığın başqa nəticələrinin aradan qaldırılması üçün hüquqi əsasları müəyyən etməkdir.
 
Maddə 1. Siyasi repressiya anlayışı
Bu Qanunun məqsədləri üçün siyasi mülahizələrə görə dövlət tərəfindən tətbiq edilən, məhkəmələrin və mühakimə funksiyaları verilmiş başqa orqanların qərarı ilə, yaxud icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, inzibati səlahiyyət verilmiş ictimai təşkilatlar və ya onların orqanları tərəfindən inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirləri, habelə sinfi, sosial, milli, dini və ya sair əlamətlərə görə dövlət və ya siyasi quruluş üçün sosial təhlükəli sayılan şəxslərin hüquq və azadlıqlardan başqa cür məhrum edilməsi və ya bunların məhdudlaşdırılması siyasi repressiya hesab olunur.
 
Maddə 2. Siyasi repressiya qurbanları
Siyasi repressiya qurbanları bu Qanunun 1-ci maddəsində göstərilən siyasi repressiya növlərinə məruz qalmış şəxslər,onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqlarıdır.
 
Maddə 3. Qanunun tətbiq sahəsi
Bu Qanunun bəraət verilməsi qaydasına aid hissəsi yaşayış yerindən asılı olmayaraq, 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan Respublikası ərazisində siyasi repressiyaya məruz qalmış şəxslərə şamil edilir.
Azərbaycan Respublikası göstərilən dövrdə SSRİ-nin tərkibinə daxil olan başqa respublikaların ərazisində repressiyaya məruz qalmış Azərbaycan Respublikası vətəndaşlarına bəraət almaqda kömək göstərir.
 
Maddə 4. Bəraət hüququ olmayan şəxslər
Qanuni və əsaslı surətdə məhkum edilmiş aşağıdakı şəxslərə bəraət verilmir:
- 1941-1945-ci illərin müharibəsində faşist qəsbkarları ilə əməkdaşlıq edənlərə;
- ədalət mühakiməsi əleyhinə cinayət və hərbi cinayət törədənlərə;
- siyasi repressiyalar törədilməsində iştirak edən və sonradan özləri repressiyalara məruz qalan şəxslərə;
- qətllər, soyğunçuluq və başqa zorakı hərəkətlər törədən bandaların təşkilatçılarına, habelə bu cür bandaların tərkibində bu kimi əməllərin törədilməsində şəxsən iştirak edənlərə.
 
Maddə 5. Bəraət haqqında vəsatətlərə baxılması
Bəraət verilməsinə dair ərizələri siyasi repressiyaya məruz qalmış şəxslər, başqa maraqlı şəxslər, yaxud ictimai təşkilatlar verə bilərlər.
Ərizələrə Azərbaycan Respublikası Prokurorluğunda qanunla müəyyən edilmiş müddətdə baxılır.
Azərbaycan Respublikasının Prokurorluğu müvafiq icra hakimiyyəti orqanını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir.
Azərbaycan Respublikası Prokurorluğunun bəraət verilməkdən imtina edilməsi haqqında rəyindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət edilə bilər.
Azərbaycan Respublikası (Azərbaycan SSR) məhkəmələri tərəfindən məhkum edilmiş siyasi repressiyaya məruz qalmış şəxslərin işləri Azərbaycan Respublikası Prokurorluğunun protesti ilə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi siyasi repressiyaya məruz qalmış şəxslərin işlərinə və verilmiş şikayətlərə bir ay müddətində baxmalıdır.
 
Maddə 6. Siyasi repressiya faktının məhkəmə qaydasında müəyyənləşdirilməsi
Siyasi repressiya haqqında arxiv materialları olmadıqda siyasi repressiya faktı şahid ifadələrinə əsasən məhkəmə qaydasında müəyyənləşdirilir.
 
Maddə 7. Əvvəllər bəraət verilmiş şəxslərin hüquqları
Siyasi repressiya ilə bağlı bəraət verilməsi haqqında səlahiyyətli orqanların qəbul etdikləri qərar bu Qanun qüvvəyə mindikdən sonra da qüvvədə qalır. Bəraət verilmiş belə şəxslər bu Qanunda nəzərdə tutulmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər.
 
Maddə 8. Siyasi repressiya materialları
Bəraət verilmiş şəxslərin və onların varislərinin işlərdə qorunub saxlanılan əlyazmaları, fotoşəkilləri və başqa şəxsi sənədləri almaq hüququ vardır.
Repressiya ilə bağlı işləri arxivdə saxlayan orqanlar və vəzifəli şəxslər bəraət almış şəxsin öldüyü vaxtı, ölümünün səbəbini, həmçinin dəfn edildiyi yeri ərizəçilərin xahişi ilə onlara bildirməlidirlər.
 
Maddə 9. Bəraət verilmiş şəxslərin hüquqlarının bərpası
Bəraət verilmiş şəxslərin siyasi repressiya ilə əlaqədar dövlət mükafatından, elmi dәrәcәdәn, hərbi rütbədən, pensiyadan və başqa hüquqlardan məhrum edilməsi haqqında qərarlar qüvvədən düşmüş sayılır.
Bu Qanunun 3-cü maddəsində göstərilən dövrdə Azərbaycan Respublikası ərazisindən sürgün edilmiş şəxslərin Azərbaycan Respublikası ərazisində yenidən məskunlaşması üçün zəruri tədbirlər dövlət tərəfindən görülür.
 
Maddə 10. Pensiya təyin edilərkən əmək stajının hesablanması
Əmək pensiyası hesablanarkən bəraət verilmiş şəxslərin əmək stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesablanır. [2]
Əmək stajının hesablanması 16 yaşından başlanır. 
 
Maddə 11. Dövlət rüsumunun ödənilməsindən azad edilmə
Siyasi repressiya qurbanlarına bəraət verilməsi ilə əlaqədar mәhkәmә sənədlərinin hazırlanması, surətlərin çıxarılması üçün dövlət rüsumu və məhkəmə xərcləri tutulmur.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 15 mart 1996-cı il
44-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 2 aprel 1999-cu il tarixli 649-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 4, maddə 228)
2. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 401)
3.7 aprel 2017-ci il tarixli 554-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 20 may 2017-ci il, 107) 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).