12:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Ekoloji təhlükəsizlik haqqında

Ekoloji təhlükəsizlik haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Əsas anlayışlar

Ekoloji təhlükəsizlik - insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi.

Ekoloji təhlükə - insanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət.

Təhlükəli ekoloji vəziyyət - antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə və ya vəziyyətində mənfi dəyişiklərlə səciyyələnən və bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyət.

Fövqəladə ekoloji vəziyyət - insanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyət.

Ekoloji fəlakət - insanların həyatı və fəaliyyəti şəraitində sahəsində və ətraf mühitdə dönməz dəyişiklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyət.

Ekoloji təhlükəsizliyin təmin edilməsi - təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemi.

Ekoloji təhlükənin subyekti - fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada bilən hər hansı müəssisə, idarə, təşkilat, habelə fiziki şəxs.

Maddə 2. Qanunun təsir dairəsi və məqsədi

Bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir.

Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir.

Maddə 3. Ekoloji təhlükəsizlik sahəsində qanunvericilik

Ekoloji təhlükəsizlik sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Ekoloji təhlükəsizlik sahəsində dövlət siyasəti

1. İnsanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

1.1. ölkənin inkişaf strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində ekoloji təhlükəsizliyin üstün qaydada təmin edilməsi;

1.2. ekoloji təhlükəsizliyin ümumdünya, regional və yerli səviyyədə təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığının inkişafı;

1.3. biosferin və onun bütün komponentlərinin qorunub saxlanılmasının insanların həyatı və fəaliyyəti üçün ekoloji cəhətdən təhlükəsiz şəraitin təminat sisteminin yaradılması;

1.4. ölkənin ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət və yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan fəaliyyətinin təmin edilməsi;

1.5. təhlükəli və fövqəladə ekoloji vəziyyətin qarşısının alınması, onun, gələcək nəsillərə təsir göstərə biləcək nəticələr də daxil olmaqla, aradan qaldırılması üzrə tədbirlərin hazırlanması və ardıcıl həyata keçirilməsi;

1.6. ətraf mühitə təsir edən təsərrüfat və digər fəaliyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi mövqeyindən nizama salınması.

1.7. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması. 

2. Ekoloji təhlükəsizlik sahəsində hüquq normalarının pozulması nəticəsində insanların həyat və sağlamlığına zərər vurulması və ya təhlükə törədilməsi insan hüquqlarının pozulması sayılır.

3. Ekoloji təhlükəsizliyin tələblərinə riayət edilməsi təbii ehtiyatlara mülkiyyət, sahiblik və onlardan istifadə hüquqlarının həyata keçirilməsinin məcburi şərtidir.

Maddə 5. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları və vəzifələri

1. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları

1.1. vahid dövlət siyasətini müəyyənləşdirmək;

1.2. müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və bu fəaliyyətə metodiki rəhbərlik etmək;

1.3. layihələri və dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

1.4. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərdə müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;

1.5. təhlükəli ekoloji vəziyyət yarada bilən gələcək təsərrüfat və digər fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən etmək;

1.6. qanunvericiliyi pozan müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

1.7. qanunvericiliyi pozan vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

1.8. müvafiq icra hakimiyyəti orqanlarından ekoloji təhlükəsizliyə dair lazımi məlumatı əldə etmək;

1.9. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq tədbirləri müəyyən edilmiş qaydada təşkil etmək və onlarda iştirak etmək, təcrübə, mütəxəssis, məlumat mübadiləsi keçirilməsi məqsədilə xarici dövlətlərin müvafiq orqanları ilə müəyyən edilmiş qaydada qarşılıqlı fəaliyyət göstərmək;

1.10. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirməkdir.

2. Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri:

2.1. dövlət nəzarətini həyata keçirmək, o cümlədən təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl etmələrinə nəzarət etmək;

2.2. təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi təhlükəsi yaradan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;

2.3. informasiya təminatını təşkil etmək və həyata keçirmək;

2.4. ekoloji cəhətdən fəlakətli zonalar da daxil olmaqla müvafiq ərazilərə fövqəladə ekoloji vəziyyət zonası statusunu vermək;

2.5. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələbləri müəyyən edən dövlət standartları və digər normativləri təsdiq etmək;

2.6. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək;

2.7. təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması barədə əhaliyə məlumat vermək;

2.8. ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək;

2.9. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirməkdir.

Maddə 6. Ekoloji təhlükəsizlik sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri

Ekoloji təhlükəsizlik sahəsində yerli özünüidarəetmə orqanların səlahiyyətləri qanunvericiliklə müəyyən edilir.

Maddə 7. Ekoloji təhlükəsizlik sahəsində vətəndaşların və ictimai birliklərin hüquqları

1. Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra vətəndaşlar) ekoloji təhlükəsizliyi dövlət tərəfindən təmin edilir. Təhlükəli ekoloji vəziyyət yaranması nəticəsində onlara dəyən ziyana görə ödənc almaqda eyni hüquqa malikdirlər.

2. Vətəndaşların və ictimai birliklərin hüquqları:

2.1. dövlət və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək;

2.2. dövlət və yerli özünüidarəetmə orqanlarından onların səlahiyyətləri daxilində ekoloji təhlükənin mənbələri, təhlükəli ekoloji vəziyyət və onların aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında müəyyən edilmiş qaydada məlumat almaq;

2.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək;

2.4. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin tələbləri pozulduqda müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına, məhkəmələrə müraciət etməkdir.

Maddə 8. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatı

1. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatı ətraf mühitin və təbii ehtiyatların monitorinqini aparan orqanlar həyata keçirirlər.

2. Ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır .

3. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatının maliyyələşdirilməsi və maddi-texniki təchizatı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına həyata keçirilir.

Maddə 9. Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər

1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır:

1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan, habelə həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi icazə tələb olunduğu halda belə icazə almadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən təsərrüfat və digər fəaliyyət;

1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və digər fəaliyyət;

1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və digər fəaliyyət;

1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam) torpaq sahələrini təsərrüfat və digər fəaliyyət dövriyyəsinə daxil etmək;

1.5. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və digər eksperimentlər keçirmək.

2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin ekoloji cəhətdən təhlükəli fəaliyyətin həyata keçirilməsinə, o cümlədən:

2.1. dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və digər fəaliyyətə;

2.2. ölkə ərazisinə radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin gətirilməsinə;

2.3. ətraf mühitin və onun komponentlərinin qlobal dəyişiklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətə;

2.4. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların, habelə ekoloji cəhətdən digər təhlükəli məhsulların ölkə ərazisinə gətirilməsinə və istehsalına;

2.5. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrin istifadə edilməsinə, habelə zərərsizləşdirilmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

2.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

2.7. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısının alınması üzrə səmərəli tədbirlər hazırlanmadan süni yolla əldə edilmiş orqanizmlərin istifadə edilməsinə, çoxaldılmasına və yayılmasına;

2.7-1. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, həmin ərazidə yayılmasına və istifadəsinə;

2.8. ekoloji təhlükəsizlik sahəsində qanunlarla və digər normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş digər fəaliyyətə səbəb ola bilən qərarlar qəbul etmələri və həyata keçirmələri qadağandır.

Hüquqi və fiziki şəxslərin də göstərilən fəaliyyət növlərini həyata keçirmələri qadağandır.

Maddə 10. Ekoloji təhlükənin dərəcəsi üzrə ölkə ərazisinin zonalara bölünməsi

Azərbaycan Respublikasının bütün ərazisi, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsi ekoloji təhlükənin dərəcəsi üzrə zonalara bölünür. Zonalarda ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblər və qadağan olunmuş təsərrüfat və digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilir.

Maddə 11. Təhlükəli ekoloji vəziyyətlərin nəticələrinin aradan qaldırılması

1. Ətraf mühitə təhlükəli təsirlərin nəticələrinin aradan qaldırılmasına dair fəaliyyətin əlaqələndirilməsini və bu fəaliyyətin həyata keçirilməsi üzrə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları təhlükəli ekoloji vəziyyət zonalarında ətraf mühitin bərpasına dair tədbirləri üstün qaydada həyata keçirirlər.

Təhlükəli ekoloji vəziyyətlərin aradan qaldırılmasına dair tələblər qanunvericiliklə müəyyən edilir.

3 Təhlükəli ekoloji vəziyyətlərin, o cümlədən onların gələcək nəticələrinin tam həcmdə aradan qaldırılması üçün maliyyə mənbələri aşağıdakılardır:

3.1. təhlükəli ekoloji vəziyyətin yaranmasında təqsirkar olan təsərrüfat subyektlərinin vəsaiti;

3.2. təhlükəli ekoloji vəziyyətin yaranması nəticəsində ətraf mühitə vurulan zərərə görə sığorta ödənişləri;

3.3. ətraf mühiti mühafizə üzrə dövlət fondları və dövlət büdcəsinin digər məqsədli vəsaiti;

3.4. qrantlar və beynəlxalq qurumların maliyyə yardımı;

3.5. qanunvericiliklə müəyyən edilmiş digər mənbələr.

4. Təhlükəli ekoloji vəziyyətin yaranmasında təqsirkar olan ekoloji təhlükənin subyektinin aşkar edilməsi mümkün olmadıqda, və ya onun vəsaiti çatmadıqda yaranmış vəziyyətin nəticələri dövlət büdcəsi və digər mənbələr hesabına aradan qaldırılır.

Maddə 12. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin maliyyələşdirilməsi və onun mənbələri

Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin maliyyələşdirilməsi ekoloji təhlükə subyektlərinin vəsaiti, ətraf mühiti mühafizə üzrə dövlət fondu və dövlət büdcəsinin digər məqsədli vəsaiti, müvafiq ictimai fondlar, qrantlar və beynəlxalq qurumların maliyyə yardımı, habelə digər maliyyə mənbələrinin vəsaiti hesabına həyata keçirilir. Bu vəsaitlərdən istifadə qaydaları qanunvericiliklə müəyyən edilir.

Maddə 13. Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması halları və məsuliyyət

1. Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına bu Qanunun və ekoloji təhlükəsizlik tələblərini müəyyən edən digər normativ hüquqi aktların pozulması, təhlükəli ekoloji vəziyyət yarada bilən obyektlərin bilərəkdən zədələnməsi və ya dağıdılması, yaxud ekoloji təhlükə qorxusunun yaradılması, habelə təsərrüfat subyektlərinin ekoloji cəhətdən təhlükəli fəaliyyətinin maliyyələşdirilməsi aiddir.

2. Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin vəzifəli şəxslər tərəfindən pozulması halları:

2.1. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyə zidd olan tələblərin təsdiq edilməsi;

2.2. (çıxarılıb) 

2.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələbləri pozulmaqla qərarların qəbul olunması, o cümlədən dövlət ekoloji ekspertizasının rəylərinin verilməsi;

2.4. ekoloji təhlükəli vəziyyət haqqında məlumatın saxtalaşdırılması və ya vaxtından gec verilməsi, yaxud bu məlumatın tam həcmdə verilməməsi, habelə ekoloji təhlükənin səviyyələrinə və mənbələrinə nəzarət üzrə vəzifələrin yerinə yetirilməməsi;

2.5. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər hallar.

3. Bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

Azərbaycan Respublikasının Prezidenti    HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 8 iyun 1999-cu il

    677-IQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 2, maddə 57)

2.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1005)

3.       7 dekabr 2007-ci il tarixli 502-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 12, maddə 1211)

4.       1 fevral 2013-cü il tarixli 552-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 12 mart 2013-cü il, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 03, maddə 208)
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).