19:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Yerli rəy sorğusu haqqında

Yerli rəy sorğusu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I Fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Yerli rəy sorğusu anlayışı

Yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsidir.

Maddə 2. Yerli rəy sorğusuna çıxarılan məsələlər

Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər.

Maddə 3. Yerli rəy sorğusuna çıxarılması qadağan olunan məsələlər

Yerli rəy sorğusuna Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələlər, bələdiyyənin rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyәt elan etmək, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək, insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq, tarixi, mədəni abidələrə və qoruqlara ziyan vurmaq məqsədi güdən məsələlər çıxarıla bilməz.

Maddə 4. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəsi

Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir. Həmin qərarın əsasını yerli rəy sorğusunun nəticələri təşkil edir. Bələdiyyənin qərarı bələdiyyə ərazisində məcburi hüquqi qüvvəyə malikdir.

Maddə 5. Yerli rəy sorğusunun keçirilməsinin prinsipləri

Yerli rəy sorğusu aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

yerli rəy sorğusunda vətəndaşların bilavasitə və könüllülük əsasında iştirak etməsi;

yerli rəy sorğusunun ümumi, bərabər və birbaşa seçki hüququ əsasında keçirilməsi;

yerli rəy sorğusunda səsvermənin gizli keçirilməsi;

vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilməməsi.

Maddə 6. Vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ

Bələdiyyələrin ərazisində yaşayan və seçki hüququna malik olan vətəndaşlar yerli rəy sorğusunda iştirak etmək hüququna malikdirlər.

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq vətəndaşların yerli rəy sorğusunda birbaşa və ya dolayısı ilə iştirak etmək hüququnun məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər yerli rəy sorğusunda iştirak edə bilməzlər.

Maddə 7. Yerli rəy sorğusuna çıxarılan məsələlər barəsində təşviqat aparmaq hüququ

Vətəndaşların, siyasi partiyaların, həmkarlar ittifaqlarının, başqa ictimai birliklərin yerli rəy sorğusunun keçirilməsi tələbinin lehinə və ya əleyhinə, habelə yerli rəy sorğusuna çıxarılan məsələnin həllinin lehinə və ya əleyhinə qanunvericiliyin tələbləri gözlənilməklə maneəsiz təşviqat aparmaq hüququ vardır.

Maddə 8. Yerli rəy sorğusunun hazırlanması və keçirilməsi ilə bağlı xərclər

Yerli rəy sorğusunun hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Yerli rəy sorğu komissiyalarının işi üçün icarəyə götürülmüş binaların və avadanlıqların haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir.

Maddə 9. Yerli rəy sorğusunun keçirilməsini istisna edən hallar

Hərbi, yaxud fövqəladə vəziyyət elan olunan gündən və ya hərbi, yaxud fövqəladə vəziyyət qurtardıqdan sonra üç ay ərzində yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.

Hərbi, yaxud fövqəladə vəziyyət elan olunduqdan əvvəl yerli rəy sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş yerli rəy sorğusu başqa vaxta keçirilir.

Yerli rəy sorğusunun nəticələrinin dərc edildiyi gündən bir il müddətində həmin məsələ ilə əlaqədar təkrar yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.

II Fəsil

YERLİ RƏY SORĞUSUNUN TƏYİN EDİLMƏ QAYDASI

Maddə 10. Yerli rəy sorğusunu təyin etmək hüququ

Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur.

Yerli rəy sorğusunun təyin edilməsi haqqında qərarda yerli rəy sorğusunun keçirilməsi tarixi göstərilir, yerli rəy sorğusuna çıxarılan məsələnin ifadəsi verilir, maliyyələşdirmə qaydası müəyyən olunur və digər məsələlər həll edilir.

Qəbul edilmiş qərar üç gün ərzində yerli kütləvi informasiya vasitələrində elan olunur və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Yerli rəy sorğusunun təyin edilməməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edilə bilər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yerli rəy sorğusunun təyin edilməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edə bilər.

Şikayətlərə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır.

Maddə 11. Yerli rəy sorğusunu keçirmək təşəbbüsü

Yerli rəy sorğusu bələdiyyə orqanının və ya bələdiyyə ərazisində yaşayan vətəndaşların təşəbbüsü ilə keçirilir.

Bələdiyyə ərazisində yaşayan vətəndaşlar yerli rəy sorğusunu keçirmək təşəbbüsü ilə o halda çıxış edə bilərlər ki, yerli rəy sorğusuna çıxarılan məsələnin lehinə müvafiq ərazidə yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 10 faizinin imzası toplansın.

Maddə 12. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının yaradılması

Yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupu yaradılır.

Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaşlar yığıncaq keçirirlər və aşağıdakı məsələlərə baxırlar:

1) Təşəbbüs qrupunun yaradılması;

2) Yerli rəy sorğusuna məsələnin irəli sürülməsi;

3) Səlahiyyətli nümayəndənin təyin edilməsi;

4) Təşəbbüs qrupunun qeydiyyata alınmaq barədə ərazi rəy sorğu komissiyasına müraciət edilməsi.

Həmin məsələlər yığıncaqda müzakirə edilir və müvafiq qərar qəbul edilir. Yığıncağın gedişi barədə protokol tərtib olunur və protokol təşəbbüs qrupunun üzvləri tərəfindən şəxsiyyət vəsiqəsinin (pasportun) nömrəsi və seriyası, daimi yaşayış yeri göstərilməklə imzalanır. Təşəbbüs qrupu yerli rəy sorğusuna çıxarılan məsələni dürüst ifadə etməlidir ki, ona birmənalı cavab verilməsi mümkün olsun.

Maddə 13. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının qeydə alınması

Təşəbbüs qrupu yığıncaq keçirdikdən sonra ərazi rəy sorğusu komissiyasına yazılı formada müraciət edir. Müraciətə təşəbbüs qrupunun yaradılması üçün keçirilən yığıncağın protokolu əlavə olunur.

Ərazi rəy sorğusu komissiyası yuxarıda göstərilən sənədlər təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 2-ci, 3-cü və 12-ci maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Təşəbbüs qrupu qeydə alındıqda səlahiyyətli nümayəndəyə təşəbbüs qrupunun qeydə alınması barədə şəhadətnamə və bu Qanunun əlavəsində göstərilmiş formada müvafiq sayda təsdiq edilmiş imza vərəqələri verilir.

Təşəbbüs qrupu qeydə alınmaqdan imtina edilməsindən müvafiq məhkəməyə şikayət edə bilər. Həmin şikayətə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır.

Maddə 14. Təşəbbüs qrupu tərəfindən imzaların toplanma qaydaları və müddətləri

Təşəbbüs qrupu qeydiyyat haqqında şəhadətnaməni aldığı andan vətəndaşların imzalarının toplanmasını təşkil edir.

İmzaları yerli rəy sorğusunda iştirak etmək hüququ olan Azərbaycan Respublikası vətəndaşları toplayırlar.

İmza toplayan şəxs imza vərəqəsini imzalayan vətəndaşın tələbi ilə öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Yerli rəy sorğusu keçirilən bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan hər bir Azərbaycan Respublikası vətəndaşı imza vərəqəsini yalnız bir dəfə imzalaya bilər.

İmza vərəqəsində vətəndaşın imzası ilə yanaşı, onun soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin (pasportun) seriyası və nömrəsi göstərilir.

İmza toplayan şəxs tərəfindən vətəndaşın imza atmağa məcbur edilməsi və bu məqsədlə ələ alınması yolverilməzdir.

Təşəbbüs qrupu 30 gün ərzində imzalar toplayıb ərazi rəy sorğusu komissiyasına təqdim etməlidir.

Maddə 15. Yerli rəy sorğusunun keçirilməsi tələbinə dair qərarın qəbul edilməsi

Ərazi rəy sorğusu komissiyası imza vərəqələri təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 11-ci və 14-cü maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir.

Maddə 16. Yerli rəy sorğusunun keçirilmə müddəti

Yerli rəy sorğusu onun keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən 30 gündən tez və 60 gündən gec olmayaraq keçirilir.

III Fəsil

YERLİ RƏY SORĞUSUNUN KEÇİRİLMƏSİ QAYDASI VƏ NƏTİCƏLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Maddə 17. Yerli rəy sorğusunun keçirilməsi üzrə komissiyalar

Yerli rəy sorğusunu aşağıdakı komissiyalar hazırlayırlar və keçirirlər:

ərazi rəy sorğusu komissiyası;

məntəqə rəy sorğusu komissiyaları.

Ərazi rəy sorğusu komissiyasının səlahiyyətlərini qanunvericiliyə müvafiq yaradılan ərazi seçki komissiyası həyata keçirir.

Maddə 18. Ərazi rəy sorğusu komissiyasının səlahiyyətləri

Ərazi rəy sorğusu komissiyası:

yerli rəy sorğusu keçirilən ərazidə bu Qanunun həyata keçirilməsinə nəzarət edir;

yerli rəy sorğusu məntəqələrinin hüdudlarını müəyyən edir;

məntəqə rəy sorğusu komissiyalarını formalaşdırır;

məntəqə rəy sorğusu komissiyalarının fəaliyyətini əlaqələndirir, onların qərar və fəaliyyətindən daxil olmuş şikayətlərə (ərizələrə) baxır, bu şikayətlər (ərizələr) üzrə əsaslandırılmış qərarlar qəbul edir;

yerli rəy sorğusunun hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitinə sərəncam verir, həmin vəsaiti məntəqə rəy sorğusu komissiyaları arasında bölüşdürür və bu vəsaitin məqsədli xərclənməsinə nəzarət edir;

məntəqə rəy sorğusu komissiyalarını yerli rəy sorğu bülletenləri və digər sənədlərlə təmin edir;

yerli rəy sorğusunun maddi-texniki təminatı ilə bağlı başqa məsələləri həll edir;

yerli rəy sorğusunun nəticələrini müəyyənləşdirir, bu Qanuna uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir.

Maddə 19. Məntəqə rəy sorğusu komissiyalarının təşkili

Məntəqə rəy sorğusu komissiyaları müvafiq ərazi rəy sorğusu komissiyaları tərəfindən yerli rəy sorğu gününə ən geci 30 gün qalmış təşkil edilir.

Məntəqə rəy sorğusu komissiyaları qanunvericiliyə müvafiq yaradılan məntəqə seçki komissiyalarına uyğun qaydada təşkil edilir.

Maddə 20. Məntəqə rəy sorğusu komissiyasının səlahiyyətləri

Məntəqə rəy sorğusu komissiyası:

yarandığı vaxtdan ən geci 3 gün ərzində məntəqə rəy sorğusu komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri haqqında vətəndaşlara məlumat verir;

yerli rəy sorğusu məntəqəsi üzrə vətəndaşların siyahılarını dürüstləşdirir;

yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahıları ilə tanış olması üçün şərait yaradır, siyahıdakı yanlışlıqlar və səhvlər barədə ərizələrə baxır və onların aradan qaldırılması üçün təxirə salmadan tədbirlər görür;

səsvermə otaqlarının, səsvermə qutularının və başqa avadanlığın hazırlanmasını təmin edir;

yerli rəy sorğusu məntəqəsi ərazisində rəy sorğusuna çıxarılın məsələnin təbliği üzrə materialların yerləşdirilməsi qaydalarına əməl olunmasına nəzarət edir;

səsvermə günü yerli rəy sorğusu məntəqəsində səsverməni təşkil edir;

yerli rəy sorğusu məntəqəsi üzrə səsvermənin nəticələrini müəyyənləşdirir, bu barədə məlumatı ərazi rəy sorğusu komissiyasına təqdim edir;

binaların səsvermə üçün hazırlığını və onların avadanlıqla təchizatını təmin edir;

yerli rəy sorğusunun hazırlanıb keçirilməsinə dair məsələlər üzrə ərizə və şikayətlərə baxır; həmin məsələlər üzrə müvafiq qərarlar qəbul edir;

bu Qanuna uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir.

Maddə 21. Yerli rəy sorğusu komissiyası üzvünün statusu

Rəy sorğusu komissiyası üzvünün statusu müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 22. Yerli rəy sorğusu komissiyalarının fəaliyyətində aşkarlıq. Yerli rəy sorğusunda müşahidəçilərin iştirakı

Yerli rəy sorğusu komissiyalarının fəaliyyəti aşkarlıq şəraitində həyata keçirilir.

Yerli rəy sorğusu komissiyalarının iclaslarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş ictimai birliklərin (təşkilatların), habelə siyasi partiyaların müşahidəçilərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etmək hüququ vardır.

Müşahidəçilər ərazi rəy sorğusu komissiyasında akkreditasiyadan keçirlər və bu barədə onlara müvafiq sənəd verilir.

Səsvermə günü məntəqə rəy sorğusu komissiyalarının öz işinə başladıqları vaxtdan səsvermənin nəticələrinə dair sənədlərin rəsmiləşdirilməsi başa çatanadək müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin yerli rəy sorğusu məntəqələrində olmaq hüququ vardır.

Müşahidəçinin yerli rəy sorğusu məntəqəsinə göndəriləcəyi barədə qabaqcadan xəbərdarlıq etmək tələb olunmur.

Müşahidəçilər səsvermənin nəticələrinə dair ərazi və məntəqə rəy sorğusu komissiyalarının yekun protokolunu ala bilərlər. Bu halda yekun protokolunun surəti komissiyanın katibi tərəfindən təsdiq edilir.

Müşahidəçinin hüquqları müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 23. Yerli rəy sorğusu məntəqələrinin təşkili

Yerli rəy sorğusunda vətəndaşların səs verməsini və səslərin hesablanmasını təşkil etmək üçün yerli rəy sorğusu məntəqələri yaradılır.

Yerli rəy sorğusu məntəqələri yerli şəraiti nəzərə almaqla, vətəndaşlar üçün maksimum rahatlıq yaratmaq məqsədilə müvafiq ərazi rəy sorğusu komissiyası tərəfindən səsvermə gününə ən geci 30 gün qalmış qanunvericiliyə müvafiq yaradılır.

Maddə 24. Yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısı və onun tərtib edilməsi qaydası

Yerli rəy sorğusunda iştirak etmək hüququna malik olan vətəndaşların siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən olunmuş formada təqdim etdiyi məlumat əsasında məntəqə rəy sorğusu komissiyası tərtib edir. Müvafiq icra hakimiyyəti orqanı yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşlar haqqında məlumatları səsvermə gününə ən geci 30 gün qalmış məntəqə rəy sorğusu komissiyasına göndərir.

Yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahıları məntəqə rəy sorğusu komissiyasının sədri və katibi tərəfindən imzalanır. Siyahının 2 nüsxəsi məntəqə rəy sorğusu komissiyasında qalır. Üçüncü nüsxə isə səsvermə gününə ən geci 15 gün qalmış müvafiq ərazi rəy sorğusu komissiyasına verilir.

Yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısı qanunvericiliyə müvafiq tərtib edilir.

Maddə 25. Yerli rəy sorğusunda iştirak etmək hüququna malik olan vətəndaşların siyahılarla tanış edilməsi

Yerli rəy sorğusunda iştirak etmək hüququna malik olan vətəndaşlara siyahılar ümumi tanışlıq üçün yerli rəy sorğusu gününə ən geci 20 gün qalmış qanunvericiliyə müvafiq qaydada təqdim olunur.

Maddə 26. Yerli rəy sorğusu komissiyalarının fəaliyyətinin təşkili

Yerli rəy sorğusu komissiyalarının iclasında üzvlərin yarısından çoxu iştirak edərsə, iclas səlahiyyətli sayılır. Komissiyanın iclaslarında qərar qəbul edilərkən əleyhinə və lehinə verilən səslərin sayı bərabər olarsa, komissiyanın sədrinin səsi həlledici sayılır.

Komissiyanın sədri son növbədə səs verir.

Komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar aşağı komissiyalar üçün məcburidir.

Komissiyaların qərarları onların iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

Komissiyanın birinci iclasına komissiyanın yaşca ən qocaman üzvü sədrlik edir və ona bu maddənin ikinci hissəsinin tələbləri şamil edilir.

Komissiyanın iclası haqqında rəy sorğusu komissiyasının üzvləri komissiyanın katibi tərəfindən iclasın keçirilməsinə ən geci 24 saat qalmış xəbərdar edilirlər.

Komissiyanın qərarları rəy sorğusu komissiyasının sədri və katibi tərəfindən imzalanır.

Komissiyanın qərarı ilə razı olmayan komissiya üzvünün yazılı surətdə xüsusi rəyini ifadə etmək hüququ vardır.

Komissiyanın iclası komissiyanın sədri və ya onun tapşırığı ilə müavini tərəfindən çağırılır və keçirilir.

Rəy sorğusu komissiyalarının iclaslarında şikayətlərə (ərizələrə) baxılarkən maraqlı tərəfin nümayəndələri iştirak edə bilərlər.

Komissiyanın üzvlərinə və işçilərinə əmək haqqı komissiyaların fəaliyyəti üçün ayrılan vəsait həddində və məbləğdə ödənilir.

Komissiyalar yerli rəy sorğusunun hazırlanması və keçirilməsi dövründə onlara ayrılmış büdcə vəsaiti həddində müvəqqəti olaraq ştatlar yarada bilərlər.

Maddə 27. Yerli rəy sorğusu komissiyalarının qərar və hərəkətlərindən şikayət etmə

Yerli rəy sorğusu komissiyalarının və onların vəzifəli şəxslərinin qərarlarından və qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən), bu Qanunda başqa müddət nəzərdə tutulmayıbsa, 3 gün müddətində yuxarı rəy sorğusu komissiyasına və ya müvafiq məhkəməyə şikayət edilə bilər. Eyni şikayət üzrə rəy sorğusu komissiyası və müvafiq məhkəmə bir-birindən mahiyyətcə fərqli qərarlar qəbul edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhkəmənin qərarı daha yüksək hüquqi qüvvəyə malikdir.

Məhkəməyə müraciət etmək üçün əvvəlcədən yuxarı rəy sorğusu komissiyasına müraciət etmək məcburi deyildir.

Yerli rəy sorğusunun gedişində yuxarı rəy sorğusu komissiyasına daxil olmuş şikayətlərə (ərizələrə) daxilolma vaxtından 5 gün müddətində, təxirəsalınmaz halda isə yerli rəy sorğusu günü baxılır və qərar çıxarılır.

Yuxarı rəy sorğusu komissiyası şikayətin (ərizənin) mahiyyəti üzrə müstəqil qərar qəbul edə bilər və belə halda, lazım olarsa, aşağı rəy sorğusu komissiyasının qərarını ləğv edə bilər.

Maddə 28. Yerli rəy sorğusu bülleteni

Yerli rəy sorğusunda hər bir vətəndaş bir sorğu bülleteni alır. Yerli rəy sorğusu gününə ən geci 20 gün qalmış ərazi rəy sorğusu komissiyası yerli rəy sorğusu bülleteninin nümunəsini təsdiq edir.

Sorğu bülleteninin mətni onun yalnız bir üzündə yerləşir. Sorğu bülletenində sorğuya çıxarılan məsələnin mətni və ya qərar layihəsi və səs verən şəxsin iradəsini bildirmə variantları ("lehinə" və "əleyhinə") əks etdirilir.

Hər sorğu bülletenində onun doldurulması qaydası haqqında izahat olmalıdır.

Sorğu bülleteninin sol küncündə vətəndaşlara verilən sorğu bülletenlərinin uçotunun aparılması məqsədilə kəsilmə xətti müəyyən edilir.

Sorğu bülletenləri ərazi rəy sorğusu komissiyasının qərarı ilə yerli rəy sorğusu gününə ən geci 10 gün qalmış çap olunur.

Məntəqə rəy sorğusu komissiyaları yerli rəy sorğusu gününə ən geci 48 saat qalmış sorğu bülletenlərini ərazi rəy sorğusu komissiyalarından alırlar. Sorğu bülletenlərinin sayı yerli rəy sorğusu məntəqəsi üzrə yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına daxil edilmiş vətəndaşların sayından 0,5 faizdən artıq olmamalıdır.

Sorğu bülleteninin sağ yuxarı küncündə məntəqə rəy sorğusu komissiyasının möhürü ilə təsdiqlənmiş iki üzvünün imzası olmalıdır.

Maddə 29. Yerli rəy sorğusu günü səsvermə

Yerli rəy sorğusu günü səsvermə saat 8-dən 20-dək keçirilir.

Məntəqə rəy sorğusu komissiyaları səsvermə gününə azı 10 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya digər üsullarla vətəndaşları xəbərdar etməlidirlər.

Yerli rəy sorğusu günü saat 8-də məntəqə rəy sorğusu komissiyasının sədri yerli rəy sorğusu məntəqəsini açıq elan edir, müşahidəçilərə boş səsvermə qutularını göstərib möhürləyir, daha sonra məntəqə yerli rəy sorğusu komissiyasının üzvlərini səsverməyə başlamağa dəvət edir.

Vətəndaş sorğu bülletenini aldıqdan sonra yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına şəxsiyyət vəsiqəsinin (pasportunun) seriyasını və nömrəsini yazır.

Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin (pasportun) seriyası və nömrəsi yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına vətəndaşın razılığı ilə məntəqə yerli rəy sorğusu komissiyasının üzvü tərəfindən də qeyd edilə bilər.

Vətəndaş yazıların düzgünlüyünü yoxlayır və imza edir. Vətəndaşın sorğu bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə yerli rəy sorğusu komissiyasının üzvləri və müşahidəçilər istisna edilməklə, başqa şəxslərin köməyindən istifadə edə bilər. Vətəndaşa kömək edən şəxs öz soyadını göstərməklə yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısının "sorğu bülletenini alması haqqında imza" qrafasında imza etməlidir.

Sorğu bülleteni vətəndaşa verilərkən onun kəsilmə xətti ilə işarələnmiş sol küncü məntəqə rəy sorğusu komissiyasının üzvündə qalır. Hər bir vətəndaş şəxsən səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir.

Sorğu bülleteni vətəndaşdan başqa heç kəsin daxil olmasına icazə verilməyən gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş kabinədə doldurulur.

Vətəndaş səsverməyə çıxarılan məsələ üzrə öz iradəsini bildirmə variantlardan ("lehinə" və "əleyhinə") birini pozur.

Sorğu bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan vətəndaş məntəqə rəy sorğusu komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün kabinəyə dəvət edə bilər. Bu şəxsin soyadı yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında sorğu bülleteni alınması barədə vətəndaşın imzası ilə birgə göstərilir.

Səsvermə qutuları məntəqə rəy sorğusu komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır.

Məntəqə rəy sorğusu komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Məntəqə rəy sorğusu komissiyası sədrinin bu Qanunun tələblərindən irəli gələn sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Vətəndaşın öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə rəy sorğusu komissiyasının üzvü işindən kənarlaşdırılır, müşahidəçi isə təxirəsalınmadan otaqdan çıxarılır. Bu barədə qərarı məntəqə rəy sorğusu komissiyası qəbul edir.

Səsvermədə iştirak edən vətəndaşların, rəy sorğusu komissiyasının üzvlərindən, müşahidəçilərdən, kütləvi informasiya vasitələrinin nümayəndələrindən başqa, digər şəxslərin yerli rəy sorğu məntəqəsində olmaları qadağandır. Yerli rəy sorğusu günü polis orqanlarının işçiləri yerli rəy sorğusu məntəqəsinə yalnız formada və məntəqə yerli rəy sorğusu komissiyasının qərarı ilə ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilərlər. İctimai asayiş bərpa edildikdən sonra formada olan polis orqanlarının işçisi dərhal yerli rəy sorğusu məntəqəsini tərk etməlidir.

Vətəndaş sorğu bülletenini doldurarkən səhv etdiyini bildirdikdə, ona sorğu bülleteni vermiş məntəqə rəy sorğusu komissiyası üzvündən sıradan çıxmış sorğu bülleteninin əvəzinə yeni bülleteni verməsini xahiş edə bilər. Bu halda komissiyanın üzvü vətəndaşa yeni sorğu bülleteni verir, yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında isə vətəndaşın soyadından sağda müvafiq qeyd edir. Sıradan çıxmış sorğu bülleteni sonradan ləğv edilir və bu barədə ayrıca akt tərtib olunur.

Vətəndaş yerli rəy sorğusu günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən yerli rəy sorğu məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, yerli rəy sorğu gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə rəy sorğu komissiyasına bildirməlidir.

Məntəqə rəy sorğu komissiyası bütün vətəndaşlara, o cümlədən səhhətinə görə və ya digər üzrlü səbəblərdən səsvermə otağına gələ bilməyən vətəndaşlara səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlər üçün yerli rəy sorğu məntəqəsində məntəqə rəy sorğu komissiyasının qərarı ilə müəyyən edilmiş miqdarda daşınan səsvermə qutuları olmalıdır.

Vətəndaş səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə rəy sorğu komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Ərizədə vətəndaş haqqında yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı məlumatlar göstərilməlidir.

Məntəqə rəy sorğu komissiyasının daşınan səsvermə qutusu ilə gedən üzvləri ərizələrin sayına uyğun yerli rəy sorğusu bülletenləri alırlar.

Vətəndaşın yerli rəy sorğusu məntəqəsindən kənarda səs verməsi eyni vaxtda yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında ayrıca qeyd olunur. Səsvermə otağından kənarda keçirilən səsvermədə müşahidəçilərin iştirak etmək hüququ vardır. Məntəqə rəy sorğu komissiyasının üzvləri daşınan səsvermə qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır.

Maddə 30. Yerli rəy sorğusu məntəqəsində səslərin hesablanması

Səsvermə müddəti başa çatdıqda məntəqə rəy sorğusu komissiyasının sədri "yalnız sorğu bülleteni alan və səsvermə otağında (kabinədə) olan vətəndaşlar səs verə bilərlər" elanını verir.

Səsvermə qutuları açılmazdan əvvəl, istifadə edilməmiş sorğu bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə rəy sorğu komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir.

Həmin sorğu bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Bundan sonra məntəqə rəy sorğusu komissiyasının sədri səsvermə qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə rəy sorğusu komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək səsvermə qutularını açır.

Səsvermə qutuları növbə ilə: əvvəlcə daşınan səsvermə qutuları, sonra isə daşınmaz səsvermə qutuları açılır.

İlk növbədə daşınan səsvermə qutularındakı yerli rəy sorğu bülletenləri sayılır. Onların sayı səsvermə otağından kənarda səsvermə üçün vətəndaşlar tərəfindən verilmiş ərizələrin sayından çox olmamalıdır. Daşınan səsvermə qutusu üzrə səslər hesablanarkən, bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından çox olarsa, daşınan səsvermə qutusundakı bütün bülletenlər məntəqə rəy sorğusu komissiyasının qərarı ilə etibarsız hesab edilir. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə rəy sorğusu komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin nəticələri haqqında protokola əlavə edilir.

Yerli rəy sorğusu məntəqəsi üzrə vətəndaşların səsləri hesablanarkən etibarsız sayılan bülletenlər ayrılır.

Etibarsız seçki bülletenləri ayrıca yığılıb bağlanır.

Məntəqə rəy sorğusu komissiyası üzvlərinin iştirakı ilə məntəqə rəy sorğusu komissiyasının sədri vətəndaşların səslərinin hesablanmasını birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparır. Məntəqə rəy sorğusu komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

Məntəqə rəy sorğusu komissiyası səsvermənin nəticələri haqqında protokol tərtib edir. Protokola səsvermənin nəticələrinə dair aşağıdakı məlumatlar daxil edilir:

yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı vətəndaşların ümumi sayı;

məntəqə rəy sorğusu komissiyasına verilmiş sorğu bülletenlərinin sayı;

yerli rəy sorğusu günü yerli rəy sorğu məntəqəsində vətəndaşlara verilmiş sorğu bülletenlərinin sayı;

səsvermə otağından kənarda səs vermiş vətəndaşlara verilmiş bülletenlərin sayı;

ləğv edilmiş sorğu bülletenlərinin sayı;

etibarlı sayılmış sorğu bülletenlərinin sayı;

daşınmaz səsvermə qutularında olan sorğu bülletenlərinin sayı;

daşınan səsvermə qutularında olan sorğu bülletenlərinin sayı;

etibarsız sayılmış sorğu bülletenlərinin sayı;

yerli rəy sorğusuna çıxarılan məsələnin lehinə səs vermiş vətəndaşların sayı;

yerli rəy sorğusuna çıxarılan məsələnin əleyhinə səs vermiş vətəndaşların sayı.

Səsverməyə eyni zamanda bir neçə məsələ qoyulursa, onların hər birinə verilən səslər ayrı-ayrı hesablanır.

Məntəqə rəy sorğusu komissiyası tərəfindən səsvermənin nəticələri haqqında yekun protokolu məntəqə rəy sorğusu komissiyası üzvlərinin iştirakı və müşahidəçilərin müşahidəsi ilə 3 nüsxədə tərtib olunur və məntəqə rəy sorğusu komissiyasının üzvləri tərəfindən imzalanır. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə rəy sorğusu komissiyasının üzvü protokola xüsusi rəyini əlavə edə bilər; bu barədə protokolda müvafiq qeyd edilir.

Səsvermənin nəticələri haqqında protokolun karandaşla yazılmasına və ona hər hansı bir düzəliş edilməsinə icazə verilmir.

Məntəqə rəy sorğusu komissiyası protokolun 1-ci nüsxəsini imzaladıqdan sonra yerli rəy sorğusu günündən ən geci 24 saat keçənədək müvafiq ərazi rəy sorğusu komissiyasına göndərilir. Protokolun 2-ci nüsxəsi, bağlanıb möhürlənmiş sorğu bülletenləri, həmin sorğu bülletenlərinin kəsilmiş sol küncləri komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə rəy sorğusu komissiyasının katibində qalır.

Səsvermənin nəticələri haqqında protokolun 3-cü nüsxəsi müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ümumi tanışlığı məqsədilə yerli rəy sorğusu məntəqəsində asılır.

Sorğu bülletenləri də daxil olmaqla yerli rəy sorğusuna aid başqa sənədlər yerli rəy sorğusunun yekunları rəsmi elan olunduqdan sonra 5 gündən gec olmayaraq müvafiq ərazi rəy sorğusu komissiyasına göndərilir.

Maddə 31. Etibarsız səsvermə sorğu bülletenləri

Aşağıdakı səsvermə sorğu bülletenləri etibarsız sayılır:

1) məntəqə rəy sorğusu komissiyasının təsdiqləmədiyi sorğu bülletenləri;

2) səsvermə zamanı "lehinə" və "əleyhinə" sözlərinin hər ikisinin pozulduğu və ya hər iki sözün pozulmadığı sorğu bülletenləri.

Maddə 32. Ərazi rəy sorğusu komissiyası tərəfindən səsvermənin nəticələrinin müəyyən edilməsi

Ərazi rəy sorğusu komissiyası səsvermənin nəticələri haqqında məntəqə rəy sorğusu komissiyalarının protokolları əsasında bütün məlumatları ümumiləşdirir və müvafiq ərazidə yerli rəy sorğusu günündən ən geci 2 gün keçənədək səsvermənin nəticələrini müəyyən edir və müvafiq qərar qəbul edir. Həmin qərardan müvafiq məhkəməyə şikayət edilə bilər.

Məntəqə rəy sorğusu komissiyalarının protokollarında göstərilmiş məlumatların ümumiləşdirilməsini ərazi rəy sorğusu komissiyasının üzvləri şəxsən həyata keçirirlər. Səsvermənin nəticələri barədə ərazi rəy sorğusu komissiyası protokol tərtib edir, bu protokola ərazi üzrə yerli rəy sorğusu məntəqələrinin sayı haqqında məlumat, məntəqə rəy sorğu komissiyalarından daxil olmuş protokolların sayı və bu Qanunun 30-cu maddəsində göstərilən məntəqə rəy sorğusu komissiyaları protokollarının ümumiləşdirilmiş məlumatları daxil edilir.

Ərazi rəy sorğusu komissiyasının protokolu 4 nüsxədə tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Protokola ərazi üzrə məntəqə rəy sorğusu komissiyalarının bütün məlumatlarını ümumiləşdirən cədvəl əlavə edilir. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan ərazi rəy sorğusu komissiyasının üzvü protokola xüsusi rəyini əlavə edə bilər; bu barədə protokolda müvafiq qeyd edilir.

Protokolun 1-ci nüsxəsi və ərazi üzrə məntəqə rəy sorğusu komissiyalarının bütün məlumatlarını ümumiləşdirən cədvəl ilə birlikdə ərazi rəy sorğusu komissiyasının fəaliyyəti qurtaranadək komissiyanın katibində qalır.

Səsvermənin nəticələri haqqında protokolun 2-ci nüsxəsi və yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin ümumi tanışlığı məqsədi ilə ərazi rəy sorğusu komissiyasının otağında asılır.

Səsvermənin nəticələri haqqında protokolun 3-cü və 4-cü nüsxələri və yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı yerli rəy sorğusu keçirilən ərazinin bələdiyyəsinə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Yerli rəy sorğusuna çıxarılan məsələ o halda qəbul edilmiş sayılır ki, yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına daxil edilmiş vətəndaşların azı 25 faizi iştirak edərsə və səsvermədə iştirak etmiş vətəndaşların yarısından çoxu yerli rəy sorğusuna çıxarılan məsələnin "lehinə" səs versin.

Yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı beş gün ərzində elan olunur.

Maddə 33. Yerli rəy sorğusunun etibarsız sayılması

Yerli rəy sorğusunun gedişində onların nəticəsinə ciddi təsir göstərən qanun pozuntusuna yol verilərsə, bu halda ərazi rəy sorğu komissiyası yerli rəy sorğusunun etibarsız sayılması barədə qərar qəbul edir.

Maddə 34. Təkrar yerli rəy sorğusunun keçirilməsi

Yerli rəy sorğusu etibarsız sayılarsa ərazi rəy sorğu komissiyasının qərarı ilə bu Qanunun müddəalarına uyğun olaraq 3 aydan gec olmayan müddətdə təkrar yerli rəy sorğusu keçirilir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 30 noyabr 1999-cu il
764-IQ


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 10)
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).