14:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında

Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Maddə 1. Qanunun təyinatı

Bu Qanun yerli özünüidarəetmənin iqtisadi əsasını təşkil edən bələdiyyə əmlakının yaranması əsaslarını müəyyən edir.

Bələdiyyə mülkiyyətinə torpaqların verilməsi "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

 

Maddə 2. Bələdiyyə əmlakı haqqında qanunvericilik

Bələdiyyə əmlakı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

 

Maddə 3. Bələdiyyə əmlakının yaranması mənbələri

Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır:

bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;

bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak;

fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak;

varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak;

bələdiyyələrə vəsiyyət edilən əmlak;

qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak.

 

Maddə 4. Dövlət əmlakının bələdiyyələrə verilməsi

Bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan və bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi istifadəsində olan obyektlər və digər dövlət əmlakı onların mülkiyyətinə verilir.

İlk növbədə bələdiyyələrin mülkiyyətinə onların fəaliyyətini təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilir.

Qanunvericilikdə özəlləşdirilməsi qadağan edilən və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən dövlət əmlakı istisna olmaqla bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda onların müraciəti әsasında verilir.

Bu Qanuna uyğun olaraq bələdiyyənin mülkiyyətinə obyektlərin verilməsi qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

 

Maddə 5. Mübahisələrin həlli qaydası

Bələdiyyə əmlakı ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

 

Maddə 6. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti     HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 7 dekabr 1999-cu il
                770-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 12 oktyabr 2001-ci il tarixli 198-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 690)
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).