15:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Cinayət işlərinə dair hüquqi yardım haqqında

Cinayət işlərinə dair hüquqi yardım haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


Birinci fəsil

ÜMUMI MÜDDƏALAR

Maddə 1. Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Cinayət işlərinə dair hüquqi yardım göstərilməsi (bundan sonra -"hüquqi yardım" adlanacaq) Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Maddə 2. Qanunun tətbiqi dairəsi

2.1. Hüquqi yardım sorğu verildiyi zaman sorğu edən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən istintaq edilən və ya məhkəmə baxışında olan cinayətlə bağlı bu Qanunun müddəalarına uyğun olaraq müvafiq hərəkətlərin həyata keçirilməsindən ibarətdir.

2.2. Hüquqi yardım göstərilməsinə dair Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Qanunun müddəaları tətbiq edilir.

2.3. Bu Qanunun 2.1-ci maddəsinin məqsədlərinə uyğun olaraq hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilən aşağıdakı hərəkətlərdən ibarətdir:

2.3.1. şahid ifadələrinin və izahatların alınması;

2.3.2. məhkəmə sənədlərinin təqdim edilməsi;

2.3.3. axtarışın və ya götürmənin həyata keçirilməsi;

2.3.4. obyektlərin, yaşayış və ya digər sahələrin baxışının keçirilməsi;

2.3.5. materialların, məlumatların və ya maddi sübutların verilməsi;

2.3.6. ekspert rəylərinin təqdim edilməsi;

2.3.7. sənədlərin, bank və maliyyə sənədləri də daxil olmaqla, orijinallarının və ya müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi;

2.3.8. şəxsiyyətin və ya yaşayış yerinin müəyyən edilməsi;

2.3.9. əmlak barəsində axtarışın həyata keçirilməsi və ya əmlak üzərinə həbs qoyulması;

2.3.10. cinayət yolu ilə əldə edilmiş gəlirlərin, əmlakın, cinayət törədilməsi üçün istifadə olunan vasitələrin müəyyən edilməsi;

2.3.11. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hərəkətlərin həyata keçirilməsi.

2.4. Bu Qanunun müddəaları aşağıdakı hallara tətbiq edilmir:

2.4.1. cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün şəxsin verilməsi;

2.4.2. verilməsi məqsədi ilə şəxsin həbs edilməsi və ya tutulması;

2.4.3. sorğu edən xarici dövlətin məhkəmələri tərəfindən çıxarılmış qərarların icrasının Azərbaycan Respublikasında təmin edilməsi;

2.4.4. cəzasını çəkmək üçün məhkumun vətəndaşı olduğu dövlətə təslim edilməsi;

2.4.5. istintaqın aparılması məqsədilə cinayət işləri üzrə icraatın verilməsi.

2.5. Bu Qanunun müddəaları beynəlxalq məhkəmə orqanları ilə əməkdaşlıq edilməsi məsələlərinə şamil olunmur.

Maddə 3. Hüquqi yardımın göstərilməsindən imtina

3.1. Hüquqi yardımın göstərilməsindən aşağıdakı hallarda imtina edilir:

3.1.1. hüquqi yardımın göstərilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda;

3.1.2. hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayılan əməllərlə bağlı verildikdə;

3.1.3. hüquqi yardımın göstərilməsinə dair sorğu hərbi xidmət əleyhinə cinayət barəsində verildikdə;

3.1.4. hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə;

3.1.5. hüquqi yardımın göstərilməsinə dair sorğunun şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqib edilməsi məqsədi ilə verilməsini güman etməyə kifayət qədər əsaslar olduqda;

3.1:6. hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda;

3.1.7. hüquqi yardımın göstərilməsinə dair sorğunun forması və məzmunu bu Qanunun 4-cü maddəsinin tələblərinə cavab vermədikdə.

3.2. Hüquqi yardımın göstərilməsindən imtinanın əsasları barədə sorğu edən xarici dövlətə cavab verilir.

3.3. Hüquqi yardım cinayət işi üzrə Azərbaycan Respublikasında aparılan istintaqa və ya məhkəmə baxışına maneçilik törədərsə həmin yardımın göstərilməsi təxirə salına bilər.

Hüquqi yardımın təxirə salınmasından əvvəl onun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlərə əsasən göstərilməsi məsələsinə baxıla bilər. Sorğu edən dövlət bu şərtlərlə razılaşdıqda hüquqi yardım göstərilə bilər.

 

İkinci fəsil

HÜQUQI YARDIMIN PROSEDUR QAYDALARI

Maddə 4. Sorğunun forması və məzmunu

4.1. Hüquqi yardım göstərilməsi haqqında xarici dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə təqdim olunan sorğuda aşağıdakılar göstəriməlidir:

4.1.1. sorğu edən xarici dövlətin səlahiyyətli orqanının adı;

4.1.2. sorğunun aid olduğu araşdırmanı, istintaqı və ya məhkəmə baxışını həyata keçirən müvafiq səlahiyyətli orqanın adı;

4.1.3. sorğunun predmeti və onun məzmunu;

4.1.4. cinayət tərkibinin əlamətləri, faktların təsviri və əməlin tövsifi, sorğu edən xarici dövlətin müvafiq cinayət qanununun mətni;

4.1.5. barəsində sənədlərin təqdim olunması sorğu edilən şəxsin adı, atasının adı, soyadı və yaşayış yeri haqqında məlumatlar;

4.1.6. hüquqi yardımın göstərilməsi barədə sorğunun baxılması üçün digər məlumatlar;

4.1.7. məlumatların və ya maddi sübutların götürülməsi tələb olunan şəxsin şəxsiyyəti və yaşayış yeri haqqında məlumatlar;

4.1.8. olduğu yerin müəyyən edilməsi tələb olunan şəxsin şəxsiyyəti və onun olduğu ehtimal edilən yer haqqında məlumat;

4.1.9. axtarış aparılmalı olan yerin və ya şəxsin, habelə götürülməli olan maddi sübutların (əşyaların) təsviri;

4.1.10. şəxsə verilməli olan sualların siyahısı;

4.1.11. xarici dövlətə çağırılan şəxsə verilməli olan məbləğ və xərclərin ödənilməsi haqqında məlumatlar.

4.2. Zəruri hallarda hüquqi yardımın göstərilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əlavə məlumat tələb edə bilər.

Maddə 5. Sorğunun icrası qaydası

5.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı hüquqi yardım haqqında sorğunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icra edir.

5.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının hüquqi yardım barədə sorğuya baxmaq səlahiyyəti olmadıqda o, həmin sorğunu səlahiyyətli orqana göndərir və bu barədə xarici dövlətin səlahiyyətli orqanına məlumat verir.

5.3. Sorğu edən xarici dövlətin müvafiq orqanının rəsmi nümayəndələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının razılığı ilə hüquqi yardım haqqında sorğunun icrasında iştirak edə bilərlər.

Maddə 6. Məxfiliyin təmin edilməsi

6.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı sorğu edən xarici dövlətin səlahiyyətli orqanının xahişinə əsasən hüquqi yardımının göstərilməsi haqqında sorğunun mövcudluğunun, sorğunun və ona əlavə edilən sənədlərin məzmununun, hüquqi yardımın göstərilməsinin məxfilyini təmin edir.

6.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı sorğunun məxfiliyini təmin etməklə onun icrasını qeyri - mümkün hesab etdikdə xarici dövlətin səlahiyyətli orqanına bu barədə məlumat verir. Xarici dövlətin səlahiyyətli orqanı sorğunun belə olan hallarda icrasına razılıq verərsə, hüquqi yardım müvafiq sorğu əsasında göstərilə bilər.

Maddə 7. Materialların, sənədlərin və məlumatların təqdim edilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı xarici dövlətin səlahiyyətli orqanına Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən verilməsi qadağan olunmayan rəsmi materialları, sənədləri və məlumatları təqdim edir.

Maddə 8. Hüquqi yardım haqqında sorğuya əsasən ifadə verilməsi

8.1. Azərbaycan Respublikasının ərazisində olan şəxsin hüquqi yardım haqqında xarici dövlətin sorğusuna əsasən cinayət işi üzrə ifadə verməsi üçün həmin şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı tərəfindən çağırılır və bu barədə ona məlumat verilir.

8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən şəxslər aşağıdakı hallarda ifadə verməkdən imtina edə bilərlər:

8.2.1. xarici dövlətdə istintaq edilən və ya məhkəmə baxışında olan analoji iş üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ifadə verməkdən imtina hüququ olduqda;

8.2.2. istintaq edilən və ya məhkəmə baxışında olan iş üzrə xarici dövlətin qanunvericiliyinə əsasən ifadə verməkdən imtina hüququ olduqda.

8.3. Vətəndaşlığından asılı olmayaraq bu Qanunun 8.1-ci maddəsində göstərilən və ifadə vermək məqsədi ilə xarici dövlətə gəlmiş şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl törədilmiş əməllərə görə cinayət təqibinə məruz qala bilməzlər.

8.4. Bu Qanunun 8.3-cü maddəsinin müddəaları hüquqi yardım göstərilməsindən qırx beş gün sonra xarici dövlətin ərazisini tərk etməyən və ya həmin ərazini tərk etdikdən sonra oraya könüllü qayıdan şəxslərə şamil olunmur.

Maddə 9. Hüquqi yardım haqqında sorğuya əsasən həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin təslim edilməsi

9.1. Azərbaycan Respublikasında həbsdə olan və ya azadlıqdan məhrüm etmə cəzasına məhkum edilmiş şəxslər şəxsiyyətin müəyyən edilməsi, ifadə verməsi və ya istintaq edilən yaxud məhkəmə baxışında olan cinayət işi üzrə başqa hüquqi yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan hallarda həmin şəxslərin razılığı olduqda onlar bu maddədə müəyyən edilən məqsədlər üçün xarici dövlətə təslim edilə bilərlər.

9.2. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının tələbinə əsasən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən həbsdə saxlanılmalıdırlar.

9.3. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər cinayət işi üzrə icraatın gedişində müvafiq prosessual hərəktələr yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə əvvəlcədən razılaşdırılmış müddətdə Azərbaycan Respublikasına qaytarılmalıdırlar. Belə şəxslərin qaytarılması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından verilmə haqqında icraatın başlanılmasını tələb edə bilməz.

9.4. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər hüquqi yardımın göstərilməsi üçün təslim edilmələrindən əvvəl törətdikləri əməllərə görə cinayət təqibinə məruz qala bilməzlər.

9.5. Bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş qaydalar haqqında xarici dövlətin müvafiq səlahiyyətli orqanı məlumatlandırılır və həmin qaydalara uyğun olaraq şəxsi qəbul etməyə yazılı şəkildə razılığını bildirdikdən sonra müvafiq şəxslər hüquqi yardım göstərilməsi məqsədi ilə təslim edilə bilər.

9.6. Hüquqi yardımla bağlı təslim edilən şəxsin xarici dövlətdə olması müddəti onun cəza çəkmə müddətinə daxil edilir.

Maddə 10. Təhlükəsizliyin təmin edilməsi

10.1. Bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilən şəxslər barəsində onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının tələbinə əsasən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən müvafiq tədbirlər görülməlidir.

10.2. Bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilən şəxslər:

10.2.1. Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl törətdiyi əməllərlə bağlı heç bir məcburi tədbirlərə məruz qala bilməzlər;

10.2.2. razılıqları olmadan digər cinayət işi üzrə prosessual hərəkətlərin icrasına cəlb edilə bilməzlər.

Maddə 11. Şəxsiyyətin, yaşayış yerinin müəyyən edilməsi və maddi sübutların təqdim edilməsi

Azərbaycan Respublikasının ərazisində olan şəxsin şəxsiyyəti və ya yaşayış yerinin müəyyən edilməsi, yaxud maddi sübutların təqdim edilməsi barədə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən sorğu daxil olduqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı sorğunun vaxtında baxılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş bütün tədbirləri həyata keçirir.

Maddə 12. Axtarışın və götürmənin aparılması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında axtarış və ya götürməni Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirir.

Maddə 13. Materialların, sənədlərin və maddi sübutların (əşyaların) geri qaytarılması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda xarici dövlətin sorğu edən səlahiyyətli orqanı sorğunun baxılması ilə əlaqədar onlara verilmiş materialları, sənədləri və maddi sübutları razılaşdırılmış müddətdə geri qaytarır.

Üçüncü fəsil

YEKUN MÜDDƏALAR

Maddə 14. Hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər

Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstərilməsi ilə bağlı bütün xərclər sorğu edən xarici dövlət tərəfindən ödənilir.

Maddə 15. Əlaqələrin qaydası

Hüquqi yardımın göstərilməsi ilə bağlı əlaqələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı vasitəsi ilə həyata keçirilir.

Maddə 16. İstifadə olunan dillər

Hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan dilinə və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən birinə tərcümə edilir.

Maddə 17. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV


Bakı şəhəri, 29 iyun 2001-ci il 
                   163-IIQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 29 aprel 2016-cı il tarixli 215-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 13 may 2016-cı il, 102) 

 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).