2:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2002-ci il 
                 336-IIQ

Azərbaycan Respublikasının
2002-ci il 31 may tarixli, 336-IIQ saylı Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə

komissiyalar haqqında

ƏSASNAMƏ

 

Bu Əsasnamə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (bundan sonra  «komissiya» adlanacaq) təşkilinin və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Komissiyanın əsas məqsədi

Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Maddə 2. Komissiyalar sistemi

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar sisteminə aşağıdakılar daxildir:

rayon (şəhər) komissiyaları - yerli komissiyalar;

müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya;

Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya;

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya.

Maddə 3. Komissiyaların təşkili və tərkibi

Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən sədr, məsul katib (katib) və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9-11 üzvdən ibarət tərkibdə yaradılır.

Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib və katib vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla maaşlı vəzifədir. Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

Komissiya üzvlərinin sayı, işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Komissiyanın tərkibinə təhsil, səhiyyə, daxili işlər orqanlarının, mədəniyyət təsisatlarının və digər müəssisələrin rəhbərləri daxil edilirlər. Komissiyanın tərkibinə qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.

Maddə 4. İnzibati xətalar haqqında işlərin və ya materiallara komissiyalar tərəfindən baxılması

On səkkiz yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları tərəfindən daxil olan inzibati xətalar haqqında işlərə və ya materiallara komissiyalar baxır və bu Əsasnamənin 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş intizam təsir tədbirlərindən birini tətbiq edirlər.

Müvafiq dövlət orqanları yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işləri və ya materialları üç günədək müddətdə yerli komissiyalara göndərirlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq komissiyalar, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 51-ci, 297-ci və 307-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxır və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edirlər.

II fəsil

KOMİSSİYALARIN HÜQUQİ STATUSU

Maddə 5. Yerli komissiyaların səlahiyyətləri

Yerli komissiyaların səlahiyyətləri aşağıdakılardan ibarətdir:

1) yetkinlik yaşına çatmayanların hüquqlarına və qanuni mənafelərinə dair normativ hüquqi aktların işlənib hazırlanmasında iştirak etmək;

2) yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində müvafiq proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək; 

3) internat, peşə məktəblərində, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, təlim-tərbiyə və tibbi-tərbiyə müəssisələrində, qəbul - bölüşdürmə məntəqələrində yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyə olunması şəraiti ilə tanış olmaq;

4) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlarından zəruri məlumatlar almaq;

5) ümumtəhsil məktəblərində və digər təhsil müəssisələrində, habelə mülkiyyət formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkilini yoxlamaq;

6) komissiyanın işi üçün lazım olan məlumatın təqdim olunmasını mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların və idarələrin müdiriyyətindən (işəgötürənlərindən) tələb etmək;

7) yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi prosesinə aid olan məsələlər barəsində mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların müdiriyyətinin (işəgötürənlərinin) məlumatını komissiyanın iclaslarında dinləmək;

8) yetkinlik yaşına çatmayanları, onların valideynlərini və ya digər qanuni nümayəndələrini şəxsən qəbul etmək, onların şikayət və ərizələrinə baxmaq, şəxsi işləri ilə tanış olmaq;

9) yetkinlik yaşına çatmayanların tərbiyəsi işində iştirak etməyə ictimaiyyəti cəlb etmək və ictimai tərbiyəçilər təyin etmək;

10) yetkinlik yaşına çatmayanların tərbiyəsi, işə düzəldilməsi və ya təhsili ilə əlaqədar müvafiq dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət etmək;

11) törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi haqqında, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi haqqında, şərti məhkum etmək haqqında, məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək haqqında məhkəmə qarşısında vəsatət vermək;

12) komissiyanın qərarını yerinə yetirmədikdə və ya komissiyanın yetkinlik yaşına çatmayanların pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına dair müraciətinə baxmadıqda vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq;

13) cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası qarşısında vəsatət vermək;

14) yetkinlik yaşına çatmayanların hüquqlarını pozan yaxud yetkinlik yaşına çatmayanları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanlarına müraciət etmək;

15) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxmaq;

16) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən razılıq vermək;

17) valideynlər vəfat etdikdə yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə, öz səlahiyyətləri daxilində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirmək və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamaq;

18) yetkinlik yaşına çatmayanların qanunazidd əməllərinin törədilməsi səbəblərini öyrənmək və aradan qaldırmaq məqsədi ilə belə hallar haqqında öz iclaslarında baxılmış işlərin uçotunu təşkil etmək, ildə iki dəfədən az olmayaraq bu məlumatları vahid forma üzrə ümumiləşdirmək;

19) komissiyanın iclasında baxılan məsələlər barəsində məlumatlar və izahatlar almaq üçün vəzifəli şəxsləri, mütəxəssisləri və vətəndaşları komissiyanın iclaslarına dəvət etmək;

20) yetkinlik yaşına çatmayanların pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpası məqsədi ilə hər bir məsələ barəsində mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət etmək;

21) cinayət etmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları tərəfindən daxil olan materiallara baxmaq;

22) spirtli içkilər içən, narkotik vasitələr, psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanlar barəsində materialları müalicə-profilaktika və reabilitasiya tədbirlərinin həyata keçirilməsi üçün müvafiq səhiyyə müəssisələrinə göndərmək;

23) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi və təlim-tərbiyə və ya tibbi-tərbiyə müәssisәsinә göndərilməsi üçün məhkəmə qarşısında vəsatət vermək;

24) vaxtından əvvəl qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsini yetkinlik yaşına çatmayanın tərk etməsi məsələsi ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyətinin təqdimatı əsasında məhkəmə qarşısında vəsatət vermək;

25) yetkinlik yaşına çatmayanın müraciəti olduqda onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslılığını yoxlamaq;

26) komissiyanın təşəbbüsü ilə qaldırılan və yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərə məhkəmədə baxılması zamanı iştirak etmək;

27) cəzaçəkmə müəssisəsindən, açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərmək, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanları müəyyən etmək və onlara yardım göstərmək, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;

28) insan alveri qurbanlarına yardım mərkəzlərində və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlarda saxlanılan uşaqlar barədə dərhal məlumat almaq;

29) insan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilmə müddətinin uzadılması barədə vəsatət vermək.

Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları isə Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə iki dəfədən az olmayaraq gördükləri işlər barəsində hesabat verirlər. Müvafiq icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, o cümlədən Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar isə ildə iki dəfədən az olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya gördükləri işlər barəsində hesabat verirlər.

Maddə 6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın səlahiyyətləri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın səlahiyyətləri aşağıdakılardır:

1) yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsizliyinin və qanunazidd əməllərinin qarşısını almaq, bu halları doğuran səbəbləri aradan qaldırmaq, yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq sahəsində yerli komissiyaların, habelə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək;

2) yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə əlaqədar normativ hüquqi aktların işlənib hazırlanmasında iştirak etmək;

3) konkret məsələlərin həlli üçün, lazım olduqda, müvəqqəti işçi qrupları yaratmaq;

4) Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyətinə nəzarət etmək, bu fəaliyyəti əlaqələndirmək, komissiyalara metodik yardım göstərmək, onların müsbət iş təcrübəsini ümumiləşdirmək və yaymaq;

5) yetkinlik yaşına çatmayanların açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək haqqında yerli komissiyaların qərarlarını yoxlamaq və bu qərarlar qanunsuz və ya əsassız hesab edildikdə onları ləğv etmək;

6) Komissiyanın qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;

7) uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələrini qiymətləndirmək;

8) uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı və həmin hesabat barədə Komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

9) uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti sahəsində normativ hüquqi aktlara uyğun olaraq, uşaq müəssisələrində monitorinqlər keçirmək.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya bu Əsasnamənin 5-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən də istifadə edir.

Maddə 7. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın səlahiyyətləri

Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın səlahiyyətləri aşağıdakılardır:

1) Naxçıvan Muxtar Respublikasında və Bakı şəhərində yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsizliyinin və qanunazidd əməllərinin qarşısını almaq, bu halları doğuran səbəbləri aradan qaldırmaq, yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq sahəsində yerli komissiyaların, habelə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək;

2) yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə əlaqədar normativ hüquqi aktların işlənib hazırlanmasında iştirak etmək;

3) konkret məsələlərin həlli üçün, lazım olduqda, müvəqqəti işçi qrupları yaratmaq;

4) Naxçıvan Muxtar Respublikasının və Bakı şəhərinin yerli komissiyalarının fəaliyyətinə nəzarət etmək, bu fəaliyyəti əlaqələndirmək, komissiyalara metodik yardım göstərmək, onların müsbət iş təcrübəsini ümumiləşdirmək və yaymaq;

5) yetkinlik yaşına çatmayanlar açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək haqqında Naxçıvan Muxtar Respublikasının və Bakı şəhərinin yerli komissiyalarının qərarlarını yoxlamaq və bu qərarlar qanunsuz və ya əsassız hesab edildikdə onları ləğv etmək.

Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya bu Əsasnamənin 5-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən də istifadə edirlər.

 

III fəsil

İNTİZAM TƏSİR TƏDBİRLƏRİ

Maddə 8. İntizam təsir tədbirinin məqsədi

Hüquq məsuliyyəti növü olmaqla intizam təsir tədbirinin başlıca məqsədi yetkinlik yaşına çatmayanları qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdən, hüquqpozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar və digər şəxslər tərəfindən yeni hüquqpozuntusu törədilməsinin qarşısını almaqdan ibarətdir.

Maddə 9. Yetkinlik yaşına çatmayanlar barəsində tətbiq edilən intizam təsir tədbirinin növləri

Komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, yaşını, həyat şəraitini, qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə, məktəbdə və ya işdə davranışını nəzərə almaqla, yetkinlik yaşına çatmayanlar barəsində aşağıdakı intizam təsir tədbirləri növlərindən birini tətbiq edirlər:

1) üzr istəmək;

2) xəbərdarlıq etmək;

3) yetkinlik yaşına çatmayan şəxs müstəqil əmək haqqına malikdirsə və zərərin məbləği otuz üç manatdan artıq deyilsə, yetkinlik yaşına çatmayan şəxsin öhdəsinə onun vurduğu zərəri ödəmək yaxud otuz üç manatdan artıq olmayan məbləğdə maddi zərərin nəticələrini öz əməyi ilə aradan qaldırmaq vəzifəsini qoymaq;

4) yetkinlik yaşına çatmayanları valideynlərinin və ya digər qanuni nümayəndələrinin nəzarətinə vermək;

5) on beş yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların öz qazancını və ya təqaüdünü müstəqil xərcləmək hüququndan məhrum edilməsi haqqında qəyyumluq və himayə orqanına təkliflər vermək;

6) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək; 

7) çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;

8) ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət vermək.

Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Xəbərdarlıq etmək barəsində komissiyanın çıxardığı qərar bir il müddətində qüvvədə qalır. Barəsində xəbərdarlıq intizam təsir tədbirinin tətbiq olunduğu yetkinlik yaşına çatmayan nümunəvi davranışı ilə, işə və təhsilə vicdanlı münasibəti ilə islah olunduğunu sübut edərsə, komissiya birillik müddət başa çatmamış həmin təsir tədbirini öz qərarı ilə ləğv edə bilər.

Yetkinlik yaşına çatmayanlar barəsində seçilmiş intizam təsir tədbirləri bir nəticə vermədikdə, komissiya yetkinlik yaşına çatmayan şəxs barəsində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş daha ciddi intizam təsir tədbirləri tətbiq edə bilər. Bu tədbirlər də bir nəticə vermədikdə, törətdikləri əməllərə görə inzibati məsuliyyətə cəlb olunması üçün on altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlər baxılması üçün komissiya tərəfindən müvafiq dövlət orqanlarına geri qaytarılır.

Qeyd:

1. Üzr istəmək şəxsin törətdiyi əmələ görə təqsirini (səhvini) etiraf etməsindən və bir daha bu cür əməl törətməyəcəyi barədə üzərinə öhdəlik götürməsindən ibarətdir.

2. Xəbərdarlıq etmək şəxsə onun əməli nəticəsində vurulmuş ziyanın, əməlin təhlükəlilik dərəcəsini və xarakterini izah etməkdən, eləcə də həmin əməlin təkrar törədiləcəyi təqdirdə onun barəsində daha sərt intizam təsir tədbirinin tətbiq ediləcəyinin xatırladılmasından ibarətdir.

3. Nəzarətə vermək valideynlərin və ya digər qanuni nümayəndələrin üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsinin qoyulmasından ibarətdir.

Maddə 10. Yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri barəsində tətbiq edilən intizam təsir tədbirinin növləri

Yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi və saxlanması sahəsində öz vəzifələrini üzrlü səbəblər olmadan icra etməyən yaxud onların davranışına mənfi təsir göstərən valideynlər və ya digər qanuni nümayəndələr barəsində komissiyalar aşağıdakı intizam təsir tədbirlərini tətbiq edirlər:

1) xəbərdarlıq etmək;

2) yetkinlik yaşına çatmayanlar tərəfindən vurulan və otuz üç manatdan artıq olmayan məbləğdə maddi ziyanın ödənilməsini tələb etmək;

3) valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi yaxud övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək;

4) hərəkətləri və ya davranışları ilə yetkinlik yaşına çatmayanın həyatını və ya səhhətini real təhlükə altında qoyduqda qanuni nümayəndələrindən yetkinlik yaşına çatmayanın dərhal alınması üçün qəyyumluq və himayə orqanına müraciət etmək.

Xəbərdarlıq etmək barəsində komissiyanın çıxardığı qərar bir il müddətində qüvvədə qalır. Komissiya lazım bildikdə bu intizam təsir tədbirini birillik müddət başa çatmamış öz qərarı ilə ləğv edə bilər.

IV FӘSİL
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN İŞLƏRİ ÜZRƏ İCRAAT

Maddə 11. Komissiyalar tərəfindən işlərin və ya materiallara baxılması halları

Komissiyalar yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində işlərə və ya materiallara aşağıdakı hallarda baxırlar:

1) yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizələri olduqda;

2) müvafiq dövlət orqanlarından komissiyaya işlər və ya materiallar daxil olduqda;

3) cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar barəsində materialların komissiyada baxılması üçün müvafiq icra hakimiyyəti orqanının və ya prokurorluğun müraciəti olduqda;

4) mülkiyyət formasından asılı olmayaraq müəssisələrdən, idarələrdən və ya təşkilatlardan müraciətlər daxil olduqda;

5) komissiyanın öz təşəbbüsü olduqda.

Maddə 12. Komissiyanın iclasına hazırlıq

Komissiyaya daxil olan işlərin və ya materialların vaxtında və ədalətli baxılmasının təmin edilməsi məqsədi ilə həmin işlər və ya materiallar komissiyanın sədri və ya onun tapşırığı ilə komissiyanın üzvü tərəfindən qabaqcadan öyrənilir.

İşlər və ya materiallar öyrənilərkən komissiya aşağıdakı məsələlərə baxır:

1) baxılmağa təqdim olunan işlər və ya materiallar komissiyanın səlahiyyətlərinə aiddirmi;

2) komissiyanın iclasına çağırılmalı və ya dəvət olunmalı şəxslər müəyyən edilmişdirmi;

3) işlərin və ya materialların vaxtında və ədalətli baxılması üçün mühüm əhəmiyyət kəsb edən halların əlavə yoxlanılması yaxud əlavə materialların tələb olunması üçün zərurət vardırmı.

İşlərin və ya materialların qabaqcadan öyrənilməsinin nəticəsi barədə komissiya aşağıdakı qərardadlardan birini qəbul edir:

1) işlərin və ya materialların baxılmasını təyin etmək və komissiyanın iclasının tarixi və yeri haqqında yetkinlik yaşına çatmayana, onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, iştirakı məcburi olan digər şəxslərə, habelə prokurora məlumat vermək;

2) komissiyanın səlahiyyətinə aid olmayan və ya əlavə yoxlanılması tələb olunan materialları geri qaytarmaq;

3) daxil olan materiallarda göstərilən məlumatları yoxlamaq və ya onların yoxlanılmasını müvafiq mütəxəssislərə həvalə etmək;

4) komissiyanın iclasında baxılmalı olan məsələlərin mahiyyəti ilə bağlı yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin vəsatətinə baxmaq;

5) yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək;

6) yetkinlik yaşına çatmayanların komissiyanın iclasına gəlməsinin təmin edilməsi məqsədi ilə bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş tədbirləri tətbiq etmək.

Komissiyanın iclası başlamazdan əvvəl yetkinlik yaşına çatmayanın, onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin yaxud vəkilin işlə və ya materiallarla tanış olmaq hüququ vardır.

Yuxarıda göstərilən şəxslərin işlə və ya materiallarla tanış olmaq hüququ komissiyanın iclasına çağırış vərəqəsində göstərilir.

Komissiyaya daxil olduğu gündən işlərə və ya materiallara bir ay müddətində baxılır.

Maddə 13. Komissiyanın iclasında iştirak edən şəxslərin gəlməsinin təmin olunması

Üzrlü səbəblər olmadan komissiyanın iclasına gəlməkdən boyun qaçırması barədə dürüst məlumatlar olduqda valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə yetkinlik yaşına çatmayan şəxs onların nəzarəti altına, uşaq müəssisələrində tərbiyə olunan yetkinlik yaşına çatmayanlar isə həmin müəssisənin müdiriyyətinin nəzarəti altına verilir. Yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri, uşaq tərbiyə müəssisəsinin rəhbəri komissiyanın iclasında yetkinlik yaşına çatmayanın iştirakının təmin edilməsi haqqında yazılı öhdəlik götürür.

Cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış, yaxud inzibati xəta törətmiş, lakin inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların işləri və ya materialları ilə əlaqədar komissiyanın iclasında iştirak etmək üçün çağırış üzrə üzrlü səbəblər olmadan komissiyanın iclasına gəlmədikdə on altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan, onun valideynləri və ya digər qanuni nümayəndələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gətirilə bilərlər.

Maddə 14. Komissiya iclasının aparılması qaydası

Bir qayda olaraq, komissiyanın iclası açıq aparılır.

Baxılan işlərin və ya materialların xarakterindən asılı olaraq yetkinlik yaşına çatmayan, onun valideynləri və ya digər qanuni nümayəndələri barəsində məlumatların məxfiliyinin təmin olunması məqsədi ilə komissiya iclasın qapalı aparılması haqqında əsaslandırılmış qərar qəbul edə bilər.

Komissiyanın iclası o zaman tam səlahiyyətli olur ki, iclasda onun tərkibinin yarısından çoxu iştirak etsin.

Komissiyanın sədri və ya onun tapşırığı ilə komissiyanın üzvü komissiyanın iclasına sədrlik edir.

Cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yaxud inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar barəsində işlərə və ya materiallara komissiya öz iclasında yalnız yetkinlik yaşına çatmayanın, onun valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakı ilə baxır.

İşlərə və ya materiallara baxılmasının başqa vaxta keçirilməsi haqqında komissiyaya vəsatət daxil olmadıqda, yetkinlik yaşına çatmayan, onun valideynləri və ya digər qanuni nümayəndələri barəsində bütün digər işlərə və ya materiallara həmin şəxslərin iştirakı olmadan komissiyanın iclasında baxıla bilər.

İşlərin və ya materialların komissiyanın iclasına hazırlandığı vaxtdan yetkinlik yaşına çatmayan şəxsin vəkili komissiyanın işində iştirak etməyə buraxılır.

İclasın əvvəlində komissiyaya sədrlik edən hansı işə və ya materiala baxılmasını elan edir və komissiyanın iclasında iştirak edənləri təqdim edir. Bundan sonra sənədlər elan olunur, əsaslandırılmış qərarın qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, işlər və ya materiallar tədqiq edilir, habelə vəsatətlərə baxılır, iclasda iştirak edənlərin çıxışları dinlənilir.

Komissiyada baxılan işlərin və ya materialların mahiyyəti üzrə vəsatətlər  yetkinlik yaşına çatmayanın valideynləri və ya digər qanuni nümayəndələri, vəkil və işlərə və ya materialların baxılmasında iştirak edən mütəxəssislər tərəfindən verilə bilər.

Verilən vəsatətlərin baxılmasının nəticələri haqqında qeydlər komissiyanın iclas protokoluna yazılır.

Yetkinlik yaşına çatmayana mənfi təsir edən hallar komissiyanın iclasında tədqiq edildiyi zaman komissiya yetkinlik yaşına çatmayanı iclas zalından çıxara bilər. Bu barədə komissiyanın iclas protokolunda müvafiq qeyd aparılır.

Maddə 15. Komissiyanın qərarı

Komissiya işə və ya materiala dair aşağıdakı qərarlardan birini qəbul edir:

1) bu Əsasnamənin 9-cu, 10-cu və 13-cü maddələrində nəzərdə tutulmuş təsir tədbirlərini tətbiq etmək;

2) işlərin və ya materialların baxılmasına xitam vermək;

3) işlərin və ya materialların baxılmasını təxirə salmaq və onların əlavə yoxlanılmasını təmin etmək;

4) işlərin və ya materialların baxılmasını dayandırmaq;

5) işləri və ya materialları baxılması üçün müvafiq dövlət orqanlarına və ya prokurorluğa göndərmək.

Qərarda aşağıdakılar göstərilir:

1) komissiyanın adı və tərkibi;

2) komissiya iclasının  tarixi və yeri;

3) işinə və ya materialına baxılan şəxs barəsində məlumat;

4) işə və ya materiala baxılarkәn müəyyən edilmiş hallar;

5) qərarın qəbul edilməsinə əsas olmuş sübutlar;

6) hüquqpozmaya görə məsuliyyət nəzərdə tutan və ya yetkinlik yaşına çatmayanın hüquqlarına təminat verən normativ hüquqi akt;

7) qərardan şikayət verilməsi qaydası və müddəti haqqında məlumat.

Qərar komissiyanın iclasında sədrlik edən şəxs və məsul katib tərəfindən imzalanır.

Komissiyalar onların səlahiyyətinə aid edilən məsələlərə öz üzvlərinin azı yarısından çoxunun iştirakı ilə baxırlar və bu barədə sadə səs çoxluğu ilə qərar qəbul edirlər. Qərarın icrası bütün dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün məcburidir.

Dövlət orqanları, müəssisələr, idarələr və təşkilatlar, habelə vəzifəli şəxslər komissiyanın qərarını yerinə yetirmək üçün görülən tədbirlər haqqında komissiyaya 15 gün müddətində məlumat verirlər.

Maddə 16. Qərarın elan olunması və qüvvəyə minməsi

İşə və ya materiala dair qərar onun baxılmasından dərhal sonra elan olunur və qüvvəyə minir.

Qərarın surəti 3 günədək müddətdə barəsində qərar qəbul edilmiş yetkinlik yaşına çatmayana, habelə bu haqda müraciəti olduqda, zərərçəkmiş şəxsə təqdim edilir və ya göndərilir.

Maddə 17. Komissiya iclasının protokolu

Komissiyanın iclası zamanı komissiyanın məsul katibi protokol tərtib edir. Protokolda aşağıdakılar göstərilir:

1) komissiyanın adı və tərkibi;

2) komissiya iclasının tarixi və yeri;

3) baxılan işin və ya materialın məzmunu;

4) barəsində işlər və ya materiallara baxılan şəxs haqqında məlumatlar;

5) komissiyanın iclasına şəxslərin gəlməsi, habelə onlara hüquqlarının və vəzifələrinin izah edilməsi haqqında məlumatlar;

6) komissiyanın iclasında iştirak edən şəxslərin izahatları;

7) etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri;

8) işlərə və ya materiallara baxılarkən tədqiq edilən sənədlər və maddi sübutlar;

9) qərarın elan olunduğu, ondan şikayət vermək qaydasının və müddətlərinin izah edildiyi haqqında məlumatlar.

Komissiya iclasının protokolu sədrlik edən və məsul katib tərəfindən imzalanır.

Maddə 18. Qərardan şikayətin (protestin) verilməsi

Surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan barəsində qərar qəbul edilmiş şəxs, onun qanuni nümayəndələri, vəkil, zərər çəkmiş şəxs komissiyanın olduğu yerin məhkəməsinə şikayət, prokuror isə protest verə bilər.

Komissiya 3 gün müddətində şikayəti (protesti) işə və ya materiala dair bütün sənədlərlə birlikdə komissiyanın olduğu yerin məhkəməsinə göndərir.

Bu maddənin birinci hissəsində göstərilən müddət ərzində şikayətin (protestin) verilməsi komissiyanın qərarının icrasını dayandırır.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 24 yanvar  2006-cı il)

2.       30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 75)

3.       30 dekabr 2005-ci il tarixli 51-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 1, maddə 3)

4.       17 aprel 2007-ci il tarixli 313-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 6, maddə 560)

5.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 462)

6.       16 oktyabr 2012-ci il tarixli 450-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 17 noyabr 2012-ci il, 256, "Azərbaycan" qəzeti, 20 noyabr 2012-ci il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 11, maddə 1058)

7.     29 dekabr 2015-ci il tarixli 84-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 4 fevral 2016-cı il, 25) 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).