8:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.

Maddə 1. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı

1.1. Bu Qanunun məqsədləri üçün "xaricdə yaşayan azərbaycanlılar" dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür:

1.1.1. Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;

1.1.2. əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və onların övladları;

1.2. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı həmçinin bu Qanunun 1.1.1 və 1.1.2-ci maddələrində göstərilmiş kateqoriyalara aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslərə və onların övladlarına da şamil olunur.

Maddə 2. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri

2.0. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri aşağıdakılardan ibarətdir:

2.0.1. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgünlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərmək;

2.0.2. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmaq;

2.0.3. xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etmək;

2.0.4. beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərmək.

Maddə 3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prinsipləri

3.1. Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini həyata keçirərkən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə, o cümlədən insan hüquq və azadlıqlarına hörmət və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.

3.2. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.

Maddə 4. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin əsasları

4.1. Azərbaycan Respublikası onun vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

4.2. Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar.

4.3. Azərbaycan Respublikası digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərir, onların əsas hüqüq və azadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görür.

4.4. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsinə uyğun olaraq, digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq miiqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Maddə 5. Xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələləri

5.1. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.

5.2. Digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi və Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi qaydası "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

5.3. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 6. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial siyasəti

6.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı iqtisadi sahədə dövlət siyasətinin reallaşması məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı tədbirləri həyata keçirir:

6.1.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən kommersiya təşkilatları ilə xaricdə yaşayan azərbaycanlıların kommersiya təşkilatları arasında əməkdaşlığı təşviq edir;

6.1.2. xaricdə yaşayan azərbaycanlıların iştirak etdiyi birgə müəssisələrin yaradılmasına kömək göstərir;

6.1.3. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya qoymaları və Azərbaycan Respublikasının ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaradır.

6.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər.

6.3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsədləri üçün, xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı edən fiziki və hiiquqi şəxslərə  vergi, gömrük güzəştləri və digər güzəştlər qanunla müəyyən edilir.

6.4. Təbii fəlakətlər, ekoloji və digər qəzalar baş vermiş yerlərdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada humanitar yardım göstərilir.

Maddə 7. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının mədəniyyət, dil və təhsil siyasəti

7.1. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərir və bu məqsədlə tədbirlər görür.

7.2. Azərbaycan Respublikasının dövlət orqanları digər dövlətlərdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətləri ilə hərtərəfli əməkdaşlıq həyata keçirir.

7.3. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni, elmi və informasiya tələbatını ödəmək üçün Azərbaycan Respublikasının digər dövlətlərdə olan elm və mədəniyyət mərkəzlərindən istifadə etmək imkanı verilir.

7.4. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin qorunub saxlanmasında və inkişaf etdirilməsində yardım məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı tədbirləri həyata keçirir:

7.4.1. xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə yardım göstərir;

7.4.2. xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım göstərir;

7.4.3. xaricdə yaşayan azərbaycanlıların mədəni irsinin öyrənilməsinə kömək göstərir;

7.4.4. xaricdə yaşayan azərbaycanlılara öz ana dilini qoruyub saxlamaqda, ana dilinin öyrənilməsinə, təhsil almaq və informasiya əldə etmək üçün bu dildən istifadəyə şərait yaradılmasında kömək göstərir;

7.4.5. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənməsinə şərait yaradılmasında onlara kömək göstərir;

7.4.6. xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsil almaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli şərtlərlə yardım göstərir.

Maddə 8. İnformasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara kömək göstərilməsi

8.0. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara informasiya sahəsində kömək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirir:

8.0.1. xaricdə yaşayan azərbaycanlılara ana dilində informasiya almaqda və yaymaqda, informasiya vasitələri yaratmaqda, müvafiq xarici dövlətlərlə Azərbaycan Respublikası arasında informasiya əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində yardım göstərir;

8.0.2. xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasəti haqqında və yaşadıqları dövlətlərdə azərbaycanlıların vəziyyəti haqqında informasiyanın yayılmasını təmin edir;

8.0.3. Azərbaycan Respublikasından ana dilində televiziya, radio, dövri mətbuat, internet və digər vasitələrlə informasiyanın yayılması üçün şərait yaradır;

8.0.4. xaricdə yaşayan azərbaycanlıların məlumatlandırılmasını həyata keçirən Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, maliyyə və maddi-texniki vəsaitlər verir;

8.0.5. xaricdə yaşayan azərbaycanlılara məxsus olan kütləvi informasiya vasitələrinə yardım göstərir;

8.0.6. diaspor ilə işin təşkil olunması və aparılması sahəsində digər ölkələrin təcrübəsinin öyrənilməsinə və tətbiq olunmasına yardım göstərir.

Maddə 9. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi

9.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirililir. Bu vəsaitlərdən istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.2. Azərbaycan Respublikasının yerli özünüidarə orqanları xaricdə yaşayan azərbaycanlılarla bağlı həyata keçirdikləri tədbirlərin maliyyələşdirilməsi üçün zəruri olan vəsaitlərin həcmini və onlardan istifadə qaydalarını müstəqil müəyyən edir.

9.3. Xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardım edilməsi məqsədi ilə dövlətin, fiziki və hüquqi şəxslərin ödəmələri hesabına təşkil olunan dövlət fondları və ya ictimai fondlar yaradıla bilər. Dövlət fondlarının vəsaitlərindən istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının və digər dövlətlərin fiziki və hüquqi şəxslərinin xeyriyyəçilik fəaliyyəti həvəsləndirilir.

Maddə 10. Xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması

Azərbaycan Respublikasınıın müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini və qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir.

Maddə 11. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələri

Azərbaycan Respublikasının dövlət orqanları bu Qanunda göstərilmiş tədbirləri həyata keçirirlər.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikası
nın  Prezidenti

Bakı şəhəri, 27 dekabr 2002-ci il
                413-IIQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 29 noyabr 2016-cı il tarixli 426-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 yanvar 2017-ci il, 7) 

 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).