22:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyir, bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən edir.

 

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

Maddə 1 . Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. yetkinlik yaşına çatmayanlar - on səkkiz yaşınadək olan şəxslər;

1.0.2. baxımsız - təlim-tərbiyə vermək, yaxud saxlamaq vəzifəsinin valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində davranışına nəzarət olunmayan yetkinlik yaşına çatmayan;

1.0.3. kimsəsiz - müəyyən yaşayış və ya qalmağa yeri olmayan yetkinlik yaşına çatmayan;

1.0.4. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan - baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan, yaxud hüquq pozuntuları törədən yetkinlik yaşına çatmayan;

1.0.5. sosial təhlükəli vəziyyətdə olan ailə - uşaqları sosial təhlükəli vəziyyətdə olan ailə. Valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və (və ya) saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və (və ya) onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə;

1.0.6. fərdi profilaktik iş - sosial təhlükəli vəziyyətdə olan ailələrin və yetkinlik yaşına çatmayanların vaxtında aşkar edilməsi, habelə onların sosial-pedaqoji reabilitasiyası və (və ya) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması üzrə fəaliyyət;

1.0.7. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası - sosial təhlükəli vəziyyətdə olan ailələrlə və yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işlə birgə həyata keçirilən, yetkinlik yaşına çatmayanların baxımsızlığına, kimsəsizliyinə, habelə onlar tərəfindən hüquq pozuntularının törədilməsinə imkan yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sistemidir;

1.0.8. yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri - yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan başqa səbəblərdir. 

Maddə 2 . Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində qanunvericilik

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3 . Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasının əsas vəzifələri

3.0. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

3.0.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsizliyinin və hüquq pozuntularının qarşısını almaq. Bunların yaranmasına imkan verən səbəb və halları aradan qaldırmaq;

3.0.2. yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq;

3.0.3. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial-pedaqoji reabilitasiyasını təmin etmək;

3.0.4. yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq;

3.0.5. yetkinlik yaşına çatmayanlar tərəfindən alkoqollu içkilərin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq.

Maddə 4 . Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan orqan və müəssisələr

 

4.1. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələr sisteminə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, əhalinin sosial müdafiəsi, təhsil, qəyyumluq və himayə, daxili işlər orqanları, tibb müəssisələri, habelə gənclərin işləri üzrə orqanlar daxildir

4.2. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə fəaliyyətdə digər orqan, müəssisə və təşkilatların, cümlədən qeyri-hökumət təşkilatlarının iştirakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin orqanların səlahiyyətləri çərçivəsində həyata keçirilir.

Maddə 5 . Barəsində fərdi profilaktik iş aparılan şəxslər

5.1. Aşağıdakı yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik iş aparılır:

5.1.1. baxımsızlar və kimsəsizlər;

5.1.2. çətin tərbiyə olunanlar, avaralıqla, dilənçiliklə məşğul olanlar, əxlaqsız həyat tərzi sürənlər, müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayanlar və ümumi orta təhsildən qərəzli şəkildə yayınanlar;

5.1.3. alkoqollu içkilər, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və psixotrop maddələr qəbul edənlər;

5.1.4. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş on altı yaşı tamam olanlar;

5.1.5. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş, lakin inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar;

5.1.6. tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilərək islah olunması mümkün hesab olunmaqla cinayət məsuliyyətindən və ya cəzadan azad edilənlər;

5.1.7. cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar;

5.1.8. haqqında həbs istisna olmaqla, qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxslər;

5.1.9. amnistiya və ya əfvetmə aktı əsasında, yaxud şərti olaraq vaxtından əvvəl cəzadan azad edilənlər;

5.1.10. cəzaçəkmə müəssisələrindən buraxılanlar;

5.1.11. müəyyən müddətə azadlıqdan məhrumetmə istisna olmaqla, digər cəza növlərinə məhkum olunanlar.

5.2. Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirmədikdə və ya onların davranışına mənfi təsir göstərdikdə, yaxud onlarla qəddar rəftar etdikdə valideynlər və ya digər qanuni nümayəndələr barəsində də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələr fərdi profilaktik iş aparır.

Maddə 6 . Fərdi profilaktik işin aparılması üçün əsaslar

6.0. Bu Qanunun 5-ci maddəsində göstərilən şəxslər barəsində fərdi profilaktik işin aparılması üçün əsaslar aşağıdakılardır:

6.0.1. yetkinlik yaşına çatmayanın və ya onun valideynlərinin, yaxud digər qanuni nümayəndələrinin müraciəti;

6.0.2. məhkəmənin qərarı;

6.0.3. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı;

6.0.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar.

Maddə 7 . Fərdi profilaktik işin aparılması müddətləri

7.0. Yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik iş onlar on səkkiz yaşına çatanadək aparılır. Yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində fərdi profilaktik iş aşağıdakı müddətlərdə aparılır:

7.0.1. sosial və ya digər yardım göstərmək üçün tələb olunan müddətlərdə;

7.0.2. yetkinlik yaşına çatmayanların baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntularının törədilməsinə imkan yaradan səbəb və hallar aradan qaldırılanadək;

7.0.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

Maddə 8 . Barəsində fərdi profilaktik iş aparılan şəxslərin hüquqları

8.1. Barəsində fərdi profilaktik iş aparılan yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqları təmin edilir.

8.2. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisələrdə saxlanılan yetkinlik yaşına çatmayanlar aşağıdakı hüquqlara malikdirlər:

8.2.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisəyə yerləşdirilməsi barədə valideynlərinə və ya digər qanuni nümayəndələrinə məlumat vermək;

8.2.2. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisədə yerləşdirilməsinin məqsədləri, müəssisənin hüquq və vəzifələri, o cümlədən onun daxili intizam qaydaları haqqında məlumat almaq;

8.2.3. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisənin vəzifəli şəxsləri tərəfindən qəbul edilən qərarlardan bu sistemin yuxarı dövlət orqanlarına və ya məhkəməyə şikayət etmək;

8.2.4. sayı məhdudlaşdırılmadan telefon danışıqları və görüşlər vasitəsilə ailəsi ilə əlaqə saxlamaq;

8.2.5. sayı məhdudlaşdırılmadan məktub və teleqramlar almaq və göndərmək, bağlama və digər poçt göndərişlərini almaq;

8.2.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında pulsuz yeməklə, geyimlə və digər zəruri ləvazimatlarla təmin olunmaq;

8.2.7. vəkildən və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi yardım göstərmək hüququna malik olan digər şəxslərdən pulsuz hüquqi yardım almaq.

8.3. Bu Qanunun 8.2-ci maddəsində göstərilən hüquqların sadalanması yetkinlik yaşına çatmayanların digər hüquqlarının inkar edilməsi və ya məhdudlaşdırılması kimi təfsir edilə bilməz.

 

I I f ə s i l

YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BAXIMSIZLIĞININ VƏ HÜQUQ

POZUNTULARININ PROFİLAKTİKASINI HƏYATA KEÇİRƏN ORQAN

VƏ MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

 

Maddə 9 . Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

9.0. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində aşağıdakıları təmin edirlər:

9.0.1. yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunmasını, həmin şəxslərin baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntularının törədilməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini;

9.0.2. ümumtəhsil məktəblərində və digər təhsil müəssisələrində, habelə mülkiyyət formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisə, təşkilat və idarələrdə yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkilinin yoxlanılmasını;

9.0.3. yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini;

9.0.4. yetkinlik yaşına çatmayanların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanlarına müraciət edilməsini;

9.0.5. cəzaçəkmə müəssisəsindən, açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən edilməsini və onlara yardım göstərilməsini, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsini;

9.0.6. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların, habelə valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan, həmçinin müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktik qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanların açıq tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsini;

9.0.7. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırılmasını;

9.0.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh və intizam təsir tədbirlərinin tətbiq edilməsini;

9.0.9. yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası və sosial müdafiəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini.

Maddə 10 . Əhalinin sosial müdafiəsi orqanları və sosial xidmət müəssisələri

10.1. Əhalinin sosial müdafiəsi orqanları öz səlahiyyətləri daxilində:

10.1.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirir, həmin şəxslərin tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil edir;

10.1.2. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə nəzarət edir, eləcə də adı çəkilən müəssisələr şəbəkəsinin inkişafı üçün tədbirlər görür;

10.1.3. yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmətlər göstərən müəssisə və xidmətlərin fəaliyyətinə sosial reabilitasiyanın müasir metodikalarını və texnologiyalarını tətbiq edir.

10.2. Əhalinin sosial müdafiəsi orqanlarının sosial xidmət müəssisələri öz səlahiyyətləri daxilində:

10.2.1. yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin xahişi ilə, yaxud yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin vəzifəli şəxslərinin təşəbbüsü ilə sosial təhlükəli vəziyyətdə olan və ya digər çətin vəziyyətə düşmüş yetkinlik yaşına çatmayanlara ödənişsiz sosial xidmətlər göstərir;

10.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları, habelə sosial xidmətlərə ehtiyacı olan yetkinlik yaşına çatmayanların üzvü olduğu ailələri aşkar edir, onların sosial reabilitasiyasını həyata keçirir, fərdi sosial reabilitasiya proqramlarına uyğun olaraq onlara lazımi yardım göstərir;

10.2.3. yetkinlik yaşına çatmayanların asudə vaxtının təşkili, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi yolu ilə yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işin aparılmasında iştirak edir, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların sağlamlaşdırılmasına və istirahətinin təşkilinə yardım edir.

10.3. Əhalinin sosial müdafiəsi orqanlarının və sosial xidmət müəssisələrinin vəzifəli şəxsləri aşağıdakı hüquqlara malikdirlər:

10.3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yetkinlik yaşına çatmayanlara baş çəkmək, onlarla, onların valideynləri və ya digər qanuni nümayəndələri, o cümlədən digər şəxslərlə söhbətlər aparmaq;

10.3.2. səlahiyyətlərinə aid məsələlər üzrə dövlət orqanlarından və digər müəssisələrdən məlumatlar almaq.

Maddə 11 . Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri

11.1. Əhalinin sosial müdafiəsi orqanlarının yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə aşağıdakılar aiddir:

11.1.1. həyatda çətin vəziyyətə düşmüş yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasını və baxımsızlığının profilaktikasını həyata keçirən sosial reabilitasiya mərkəzləri;

11.1.2. həyatda çətin vəziyyətə düşmüş və təcili dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasını və müvəqqəti yaşayışını təmin edən sosial sığınacaqlar.

11.2. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşağıdakılar qəbul olunurlar:

11.2.1. valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən məhrum olunmuş yetkinlik yaşına çatmayanlar;

11.2.2. sosial təhlükəli vəziyyətdə olan ailədə yaşayan yetkinlik yaşına çatmayanlar;

11.2.3. itmiş və ya atılmış yetkinlik yaşına çatmayanlar;

11.2.4. evlərindən qaçmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təhsil müəssisələrini, digər uşaq müəssisələrini (qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrini icazəsiz tərk edənlərdən başqa) icazəsiz tərk etmiş yetkinlik yaşına çatmayanlar;

11.2.5. yaşayış yeri, yaxud yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına çatmayanlar;

11.2.6. həyatda digər çətin vəziyyətə düşmüş, sosial yardıma və reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanlar.

11.3. Sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların ixtisaslaşdırılmış müəssisələrə göndərilməsi üçün aşağıdakılar əsas götürülür:

11.3.1. yetkinlik yaşına çatmayanın şəxsi müraciəti;

11.3.2. yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, on yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, yetkinlik yaşına çatmayanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətləri;

11.3.3. yetkinlik yaşına çatmayanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin tutulması, həbs edilməsi və ya məhkum edilməsi haqqında məhkəmənin qərarı;

11.3.4. sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanın onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında daxili işlər orqanının qərarı. Həmin qərarın surəti 3 gün müddətində əhalinin sosial müdafiəsi orqanına göndərilir.

11.4. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə nəticəsində sərxoş halda olan, yaxud psixi xəstə olan şəxslərin yerləşdirilməsinə yol verilmir. 11.5. Sosial yardım göstərilməsi və sosial reabilitasiya məqsədləri üçün bu Qanunun 11.2-ci maddəsində göstərilən şəxslərə yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində xidmət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və lazım olan müddət ərzində göstərilir.

11.6. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə könüllü olaraq müraciət etmiş şəxs öz ərizəsi əsasında həmin müəssisəni tərk edə bilər.

11.7. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri öz səlahiyyətləri daxilində:

11.7.1. yetkinlik yaşına çatmayanların baxımsızlığına və kimsəsizliyinə imkan yaradan səbəb və halların aşkar edilməsində və aradan qaldırılmasında iştirak edir;

 

11.7.2. yetkinlik yaşına çatmayanların çətin həyat şəraitinin aradan qaldırılmasında, onların yaşayış yerində, təhsil müəssisələrində, iş yerlərində sosial statusunun bərpa edilməsində yetkinlik yaşına çatmayanlara, onların valideynlərinə və ya digər qanuni nümayəndələrinə "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, habelə sosial və digər kömək göstərir, yetkinlik yaşına çatmayanların ailələrinə qayıtması üçün tədbirlər görür;

11.7.3. bu Qanunun 11.2-ci maddəsində göstərilmiş yetkinlik yaşına çatmayanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tam dövlət təminatında saxlayır, onların sosial reabilitasiyasını həyata keçirir, hüquqlarını və qanuni mənafelərini müdafiə edir, tibbi xidmətlə təmin edir, müvafiq tədris proqramları üzrə yetkinlik yaşına çatmayanların təhsilini təşkil edir, onların peşə yönümünə və ixtisasa yiyələnməsinə şərait yaradır;

11.7.4. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanların yerləşdirilməsi barədə onların valideynlərini və ya digər qanuni nümayəndələrini xəbərdar edir.

11.8. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarla bərabər aşağıdakı hüquqlara da malikdirlər:

11.8.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədris müəssisələrinin və ya digər uşaq müəssisələrinin nümayəndələrini çağırıb həmin müəssisələri icazəsiz tərk etmiş uşaqları onlara qaytarmaq;

11.8.2. yetkinlik yaşına çatmayanların valideynlərini və ya digər qanuni nümayəndələrini çağırıb evdən qaçmış uşaqları onlara qaytarmaq;

11.8.3. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində saxlanması qadağan olunan predmetləri yetkinlik yaşına çatmayanlardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada götürmək.

11.9. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 12 . Təhsil orqanları və təhsil müəssisələri

12.1. Təhsil orqanları öz səlahiyyətləri daxilində:

12.1.1. yetkinlik yaşına çatmayanların təhsili sahəsində Azərbaycan Respublikası qanunvericiliyinə əməl olunmasına nəzarət edir;

12.1.2. açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri və internat məktəbləri şəbəkəsinin yaradılması, habelə inkişafında və ya davranışında qüsur olan yetkinlik yaşına çatmayanlara pedaqoji və digər yardım göstərən müəssisələrin inkişafı üçün tədbirlər görür;

12.1.3. yetkinlik yaşına çatmayanların yay istirahətinin, asudə vaxtının və məşğulluğunun təşkilində iştirak edir;

12.1.4. heç bir üzrlü səbəb olmadan dərslərdə iştirak etməyən və ya mütəmadi olaraq təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır;

12.1.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaları işləyib hazırlayır və onları təhsil müəssisələrinin işində tətbiq edir;

12.1.6. inkişafında qüsurlar olan yetkinlik yaşına çatmayanları aşkar edən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradır, belə uşaqların kompleks müayinəsini aparır və onlara psixoloji-tibbi-pedaqoji yardımın göstərilməsi və yetkinlik yaşına çatmayanların sonrakı təhsilinin və tərbiyəsinin formalarının müəyyən edilməsi üçün tövsiyələr hazırlayır.

12.2. Tədris prosesini həyata keçirən təhsil müəssisələri öz səlahiyyətləri daxilində:

12.2.1. inkişafında qüsurlar olan və ya təhsildə çətinlik çəkən yetkinlik yaşına çatmayanlara sosial-psixoloji və pedaqoji yardım göstərir;

12.2.2. sosial təhlükəli vəziyyətdə olan, heç bir üzrlü səbəb olmadan daima dərslərdə iştirak etməyən, habelə təhsildən yayınan yetkinlik yaşına çatmayanları aşkar edir, onların tərbiyəsi və ümumi əsas təhsil almaları üçün tədbirlər görür;

12.2.3. sosial təhlükəli vəziyyətdə olan ailələri aşkar edir və onlara uşaqlarının təhsil və tərbiyəsində kömək edir;

12.2.4. təhsil müəssisələrində idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır və oraya yetkinlik yaşına çatmayanların cəlb edilməsini təşkil edir;

12.2.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər görür.

Maddə 13 . Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri

13.1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakı şəxslər qəbul edilir:

13.1.1. on dörd yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə xüsusi pedaqoji yanaşma tələb olunan səkkiz yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar;

13.1.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar;

13.1.3. valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar;

13.1.4. müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan şəxslər.

13.2. Açıq tipli xüsusi təlim-tərbiyə müəssisələri həmçinin:

 

13.2.1. yetkinlik yaşına çatmayanların tibbi-pedaqoji reabilitasiyasını, habelə psixoloji reabilitasiyasını və psixoloji korreksiyasını təşkil edir və öz səlahiyyətləri daxilində onlarla fərdi profilaktik işin aparılmasında iştirak edir;

13.2.2. yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunmasını təşkil edir, dövlət təhsil standartlarına cavab verən təhsil almalarını, onlara tibbi xidmətin göstərilməsini təmin edir;

13.2.3. bu Qanunun 12.2.1-ci, 12.2.4-cü və 12.2.5-ci maddələri ilə nəzərdə tutulmuş funksiyaları həyata keçirir.

13.3. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on bir yaşından böyük olan aşağıdakı yetkinlik yaşına çatmayanlar göndərilirlər:

13.3.1. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar bu Qanunun III fəslində nəzərdə tutulmuş qaydada;

13.3.2. cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada.

 13.4. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məhkəmənin qərarına əsasən həyata keçirilir.

13.5. Yetkinlik yaşına çatmayanlar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on səkkiz yaşına çatana qədər, lakin 3 ildən artıq olmamaq şərtilə göndərilirlər.

13.6. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına və təhsilinə mane olan xəstəliyə tutulmuş yetkinlik yaşına çatmayanlar belə müəssisələrə göndərilə bilməzlər. Həmin şəxslər tibbi-tərbiyə müəssisələrinə göndərilir. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına yol verməyən xəstəliklərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.7. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti öz səlahiyyətləri daxilində:

13.7.1. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin ərazisinin qorunması da daxil olmaqla, yetkinlik yaşına çatmayanların saxlanılmasının xüsusi şəraitini, yetkinlik yaşına çatmayanların şəxsi təhlükəsizliyini və onların mənfi təsirlərdən maksimum qorunmasını, kənar şəxslərin göstərilən müəssisənin ərazisinə sərbəst daxil olmalarının məhdudlaşdırılmasını, yetkinlik yaşına çatmayanların göstərilən müəssisənin ərazisini icazəsiz tərk etməsini istisna edən təcridini, yuxu üçün ayrılmış vaxt da daxil olmaqla, yetkinlik yaşına çatmayanlara daimi nəzarəti, həmin şəxslərin şəxsi müayinəsini, onların əşyalarının, məktublarının, bağlamalarının və ya digər poçt göndərişlərinin (yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada nəzərdən keçirilməsini təmin edir;

13.7.2. müəssisəni icazəsiz tərketmə halları barədə müəssisənin yerləşdiyi ərazinin və yetkinlik yaşına çatmayanın yaşayış yeri üzrə daxili işlər orqanlarını xəbərdar edir və onlarla birlikdə yetkinlik yaşına çatmayanların aşkar edilib müəssisəyə qaytarılması üçün tədbirlər görür;

13.7.3. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmasına 2 ay qalmış bu müəssisədən buraxılması haqqında bildirişi, yetkinlik yaşına çatmayan barəsində xasiyyətnaməni, habelə gələcəkdə onunla fərdi profilaktik işin aparılması barədə tövsiyələrini yetkinlik yaşına çatmayanın yaşayış yeri üzrə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərir;

13.7.4. bu Qanunun 12.2.1-ci, 12.2.4-cü, 12.2.5-ci, 13.2.1-ci və 13.2.2-ci maddələrində göstərilən funksiyaları həyata keçirir.

13.8. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin müdiriyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə birlikdə göstərilən müəssisənin yerləşdiyi yerin məhkəməsinə aşağıdakı məsələlər üzrə təqdimatlar verir:

13.8.1. yaşının çatması və ya səhhəti ilə əlaqədar, habelə onların islah olunması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə yetkinlik yaşına çatmayanların digər xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi haqqında;

13.8.2. yetkinlik yaşına çatmayanların islah olmaları ilə əlaqədar intizam təsir tədbirinin tətbiqinə daha ehtiyac olmazsa, onların vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında;

13.8.3. yetkinlik yaşına çatmayanların təhsil pillələrindən birinin başa çatdırılması zərurəti yaranarsa, onların arzusu ilə göstərilən müəssisədə qalması vaxtının uzadılması haqqında.

13.9. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarla bərabər aşağıdakı hüquqlara da malikdirlər:

13.9.1. göstərilən müəssisələrdə saxlanılması qadağan edilən əşyaları aşkar etmək məqsədilə yetkinlik yaşına çatmayanları, onlara məxsus əşyaları, məktubları, bağlamaları və digər poçt göndərişlərini (yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla), müəssisənin ərazisini, yataq, məişət və digər otaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müayinə etmək və bununla bağlı müvafiq akt tərtib etmək; 

13.9.2. yetkinlik yaşına çatmayan tərəfindən ictimai təhlükəli əməllərin törədilməsinin, yaxud öz sağlamlığına zərər vurması, yaxud digər şəxslərin qanunla qorunan maraqlarına və ya dövlətin mənafeyinə yaranan təhlükənin qarşısının alınması məqsədilə müstəsna hallarda, zəruri olan qısa müddət ərzində insan ləyaqətinin alçaldılmaması şərtilə fiziki qüvvə tətbiq etmək.

13.10. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin işçiləri fiziki gücün və xüsusi vasitələrin tətbiq ediləcəyi barədə yetkinlik yaşına çatmayanı əvvəlcədən xəbərdar etməli, qanunazidd əməllərin törədilməsini dayandırmaq üçün ona möhlət verməlidirlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılan müayinə zamanı qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına icazə verilməyən əşyalar götürülür.

13.11. Yetkinlik yaşına çatmayanlar barəsində fiziki qüvvənin tətbiq edilərsə, bu barədə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti həmin müəssisənin yerləşdiyi yer üzrə prokurora 24 saat müddətində məlumat verir.

13.12. Yetkinlik yaşına çatmayanlara qarşı fiziki qüvvə yalnız digər vasitələr nəticə vermədikdə müstəsna hallarda tətbiq edilə bilər. Fiziki və ya psixi qüsurları olan yetkinlik yaşına çatmayanlara qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyat və sağlamlığına təhlükə yaradan qrup şəklində və ya hər hansı digər hücum istisna olmaqla) fiziki qüvvənin tətbiq edilməsi qadağandır.

13.13.   Fiziki qüvvənin müstəsna hallarda bu Qanunun tələblərinə uyğun olaraq tətbiqi yaranmış təhlükəyə mütənasib olmalı, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

13.14.   Fiziki qüvvənin cəza, fiziki və ya psixoloji iztirab verilməsi məqsədilə tətbiq edilməsi qadağandır.

13.15. Fiziki qüvvə tətbiq edilmiş yetkinlik yaşına çatmayan tibbi baxışdan keçirilir və sağlamlığına zərər vurulduğu halda tibbi yardımla təmin edilir. Tibbi yardıma ehtiyac olmadıqda yetkinlik yaşına çatmayan 24 saatadək müddətə xüsusi bərpa otağında yerləşdirilir. Burada onun psixoloji bərpası üçün psixoterapevt və psixoloq-pedaqoq tərəfindən müvafiq tədbirlər görülür.Yetkinlik yaşına çatmayanın bərpa otağında yerləşdirilməsi ilə bağlı bütün tədbirlər sənədləşdirilir və müvafiq qaydada qeydiyyatdan keçirilir.

13.16. Yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiq edildiyi hər bir hal barədə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti həmin müəssisənin yerləşdiyi yer üzrə prokurora 24 saat müddətində məlumat verməli və fiziki qüvvənin tətbiqinin qanunauyğun olub-olmaması barədə xidməti yoxlama apararaq müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy 3 gün müddətində prokurorluq orqanlarına təqdim olunur.

13.17. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiqi ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət olunmaması , habelə fiziki qüvvənin tətbiq edildiyi hər hansı bir halın gizlədilməsi və ya belə hal barədə qəsdən yanlış məlumat verilməsi, yaxud xidməti yoxlama aparılması qaydalarının pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Maddə 14 . Qəyyumluq və himayə orqanları

14.0. Qəyyumluq və himayə orqanları:

14.0.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, yaxud ümumi əsas təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə belə şəxslərin istənilən təhsil müəssisəsindən kənar edilməsinə razılıq verir;

14.0.2. valideynlərini itirmiş, valideyn, yaxud digər qanuni nümayəndələrinin himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlarla öz səlahiyyətləri daxilində fərdi profilaktik işin aparılmasında iştirak edir, habelə dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların şəxsi və əmlak hüquqlarının qorunması üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər.

Maddə 15 . Gənclərin işləri üzrə orqanlar və gənclərin işləri üzrə orqanların müəssisələri

15.1. Gənclərin işləri üzrə orqanlar öz səlahiyyətləri daxilində:

15.1.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə məqsədli proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edirlər;

15.1.2. tabeliklərində olan sosial müəssisələrin, klubların və digər müəssisələrin təşkilati-metodik təminatını və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə fəaliyyətinin əlaqələndirilməsini həyata keçirirlər;

15.1.3. fəaliyyəti yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası tədbirlərinin həyata keçirilməsi ilə bağlı olan qeyri-hökumət təşkilatları ilə birgə sosial müəssisələrə, fondlara, digər müəssisə və təşkilatlara yardım edirlər;

15.1.4. yetkinlik yaşına çatmayanların istirahətinin, asudə vaxtının və məşğulluğunun təşkilində iştirak edirlər.

15.2. Gənclərə sosial-psixoloji yardım mərkəzləri, gənclərin peşə yönümü və işədüzəltmə mərkəzləri, gənclərin işləri üzrə orqanların klubları və digər müəssisələri öz səlahiyyətləri daxilində:

15.2.1. yetkinlik yaşına çatmayanlara ödənişsiz sosial, hüquqi və digər xidmətlər göstərirlər;

15.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işin aparılmasında, o cümlədən onların asudə vaxtının və məşğulluğunun təşkilində, mədəni-maarif və digər tədbirlərin həyata keçirilməsində iştirak edirlər;

15.2.3. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası, onların sosial-hüquqi mənafelərinin müdafiəsi proqramlarını işləyib hazırlayır və həyata keçirirlər.

15.3. Gənclərin işləri üzrə orqanların müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

Maddə 16 . Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və tibb müəssisələri

 

16.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz səlahiyyətləri daxilində:
16.1.1. yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri arasında sanitar-gigiyenik biliklərin yayılmasını, habelə sağlam həyat tərzinin təbliğini təşkil edirlər;
16.1.2. tibbi-tərbiyə müəssisələri şəbəkələrinin inkişafını təmin edirlər;
16.1.3. dörd yaşınadək itmiş, atılmış, valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış uşaqların sutka ərzində qəbulunu və saxlanılmasını həyata keçirirlər;

16.1.4. valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayanların tibbi müayinəsini təmin edirlər, sağlamlıq vəziyyəti nəzərə alınmaqla onların yerləşdirilməsi üzrə tövsiyələrini hazırlayırlar;

16.1.5. valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış, yaxud valideynləri çətin həyat vəziyyətində olan dörd yaşınadək uşaqların saxlanılmasını və onların tərbiyəsini həyata keçirirlər, habelə həmin uşaqların yerləşdirilməsində qəyyumluq və himayə orqanlarına kömək göstərirlər;

16.1.6. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərmək üçün yetkinlik yaşına çatmayanlarda tibbi əks göstəricilərin olub-olmaması barədə arayış verirlər;

16.1.7. alkoqollu içkilər, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanları aşkar edirlər, onların uçotunu, müayinəsini, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların müalicəsini aparırlar, yetkinlik yaşına çatmayanlar arasında alkoqolizmin, narkomanlığın, toksikomanlığın və bununla bağlı onların davranışında yaranan pozuntuların profilaktikası üzrə öz səlahiyyətləri daxilində digər tədbirlər həyata keçirirlər;

16.1.8. cinsi yolla yayılan xəstəliklərin mənbəyinin aşkar edilməsini, bu xəstəliklərə düçar olmuş, habelə əxlaqsızlıqla məşğul olan yetkinlik yaşına çatmayanların müayinəsini və müalicəsini həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə həyata keçirirlər.

16.2. Səhiyyə orqanları yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaları həyata keçirən səhiyyə müəssisələri barədə məlumat verirlər.

16.3. Bu Qanunun 16.1-ci maddəsində göstərilən funksiyaları həyata keçirən səhiyyə orqanlarının və səhiyyə müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

Maddə 17 . Daxili işlər orqanları

17.1. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyətini daxili işlər orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Bu məqsədlə daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə xüsusi polis qurumu yaradılır.

17.2. Daxili işlər orqanları:

17.2.1. bu Qanunun 5.1-ci maddəsində göstərilmiş yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində profilaktik iş aparırlar;

17.2.2. yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər;

17.2.3. inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə baxırlar;

17.2.4. müvafiq dövlət orqanlarına və müəssisələrə yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəb və hallar barədə məlumat verirlər;

17.2.5. müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntusu törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması barədə təkliflər verirlər;

17.2.6. hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər verirlər.

Maddə 18 . Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri

18.1. Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri:

18.1.1. yetkinlik yaşına çatmayanların həyatının, sağlamlığının qorunması və təkrar hüquq pozuntusu törətməməsi üçün yetkinlik yaşına çatmayanların sutka ərzində qəbulunu və müvəqqəti saxlanılmasını təmin edir;

18.1.2. müvəqqəti təcridetmə mərkəzinə gətirilmiş yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik iş aparır, habelə qanunazidd əməllərin törədilməsinə imkan yaradan səbəb və halları müəyyən edir və bu barədə müvafiq dövlət orqanlarına məlumat verir;

18.1.3. yetkinlik yaşına çatmayanları qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə çatdırır və həmin müəssisələrdə saxlanan yetkinlik yaşına çatmayanların yerləşdirilməsi üzrə öz səlahiyyətləri daxilində digər tədbirləri görür.

18.2. Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinə aşağıdakı yetkinlik yaşına çatmayanlar yerləşdirilir:

18.2.1. məhkəmənin qərarı ilə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilənlər;

18.2.2. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi haqqında məsələyə məhkəmə tərəfindən baxılmasını gözləyənlər;

18.2.3. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrini icazəsiz tərk edənlər;

18.2.4. həyatının, sağlamlığının qorunması və təkrar ictimai təhlükəli əməlin törədilməsinin qarşısının alınması, o cümlədən yaşayış yerinin, yaxud şəxsiyyətinin müəyyən edilməsi zərurətinin olduğu hallarda cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar;

18.2.5. şəxsiyyətini və ya yaşayış yerini müəyyən etmək mümkün olmadıqda, inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş və inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar.

18.3. Bu Qanunun 18.2-ci maddəsində göstərilən hallarda yetkinlik yaşına çatmayanlar müvəqqəti təcridetmə mərkəzlərinə məhkəmənin qərarına əsasən yerləşdirilirlər.

Maddə 19 . Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasının maliyyə təminatı

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

III fəsil

YETKİNLİK YAŞINA ÇATMAYANLARIN QAPALI TİPLİ XÜSUSİ TƏLİM-TƏRBİYƏ MÜƏSSİSƏSİNƏ GÖNDƏRİLMƏSİ İLƏ BAĞLI MATERİALLAR ÜZRƏ İCRAAT

Maddə 20 . Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materialların hazırlanması qaydası

20.1. Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət  qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, yetkinlik yaşına çatmayanlar barəsində intizam təsir tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması və onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məqsədilə materiallar cinayət prosesini həyata keçirən orqan tərəfindən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir.

20.2. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi barədə materiallar üzrə icraat zamanı yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə lazımi sənədlərin təqdim edilməsi üçün sorğular göndərir. Bu sorğular 10 gün ərzində icra edilməlidir.

20.3. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi imkanının müəyyən edilməsi üçün onların tibbi, o cümlədən psixi müayinəsi keçirilir.

20.4. Yetkinlik yaşına çatmayanların tibbi müayinəsi zamanı onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsinə yol verməyən xəstəliklər aşkar edildikdə, onlar tibbi-tərbiyə müəssisələrində yerləşdirilir.

20.5. Barəsində qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmə haqqında icraat başlanan yetkinlik yaşına çatmayanlar - valideynlərinin və ya digər qanuni nümayəndələrinin nəzarəti altına, uşaq evlərində, internat məktəblərində və ya digər uşaq müəssisələrində saxlanan yetkinlik yaşına çatmayanlar isə həmin uşaq müəssisələrinin müdiriyyətinin nəzarəti altına verilirlər.

Məhkəməyə gəlməkdən yayınan 14 yaşına çatmış yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri hakimin qərarına əsasən daxili işlər orqanları tərəfindən məcburi gətirilə bilərlər.

20.6. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında vəsatətə məhkəmə tərəfindən baxılanadək yetkinlik yaşına çatmayan aşağıdakı hallarda məhkəmənin qərarı əsasında 30 günədək daxili işlər orqanının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinə göndərilə bilərlər:

20.6.1. yetkinlik yaşına çatmayanın həyat və sağlamlığına təhlükə olduqda;

20.6.2. ictimai təhlükəli əməlin təkrar törədilməsinin qarşısını almaq üçün;

20.6.3. yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya qaldığı yer olmadıqda;

 

20.6.4. yetkinlik yaşına çatmayan məhkəməyə gəlməkdən və ya tibbi müayinədən dəfələrlə yayındıqda. Yetkinlik yaşına çatmayanın məhkəməyə gəlməkdən və tibbi müayinədən yayınması dedikdə, onun üzrlü səbəblər olmadan təkrarən məhkəməyə və ya tibbi müayinə aparan dövlət tibb müəssisəsinə gəlməməsi, yaxud yaşayış yerindən qaçması başa düşülür.

Maddə 21 . Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi barədə materiallar

21.0. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsinin mümkünlüyü haqqında məsələlərə baxılması üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 20.1-ci maddədə nəzərdə tutulmuş materiallar daxil olduğu gündən 1 ay müddətində yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya olduğu yer üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır. Vəsatətə aşağıdakı sənədlər əlavə edilir: 

21.0.1. yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinə xitam verilməsi və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında materiallar;

21.0.2. yetkinlik yaşına çatmayanın təhsil (iş) yerindən xasiyyətnamə;

21.0.3. yetkinlik yaşına çatmayanın ailə-məişət şəraiti haqqında arayış;

21.0.4. yetkinlik yaşına çatmayan tərəfindən əvvəllər törədilmiş hüquq pozuntuları və bununla əlaqədar görülmüş tədbirlər haqqında arayış;

21.0.5. yetkinlik yaşına çatmayanın sağlamlığının vəziyyəti və onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü barədə dövlət tibb müəssisəsinin rəyi.

 

Maddə 22Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallara baxılması

22.1. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallara məhkəməyə daxil olandan sonra 10 gündən gec olmayaraq baxılır.

22.2. Məhkəməyə yetkinlik yaşına çatmayan, onun valideynləri və ya digər qanuni nümayəndələri, habelə hakimin mülahizəsinə əsasən digər şəxslər çağırılırlar.

Maddə 23 . Məhkəmənin qərarının məzmunu

23.1. Qərarda onun çıxarılma vaxtı və yeri, qərarı çıxaran məhkəmənin adı, hakim, yetkinlik yaşına çatmayan və materialların baxılmasında iştirak etmiş digər şəxslər haqqında məlumatlar, materiallara baxılması zamanı müəyyən edilmiş hallar göstərilir.

23.2. Qərarda aşağıdakı nəticələrdən biri öz əksini tapmalıdır:

23.2.1. intizam təsir tədbirinin tətbiq edilmə müddəti göstərilməklə, yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında;

23.2.2. məhkəmə tərəfindən yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən müəssisəyə göndərmədən tərbiyə etmək imkanı olduğunu sübut edən dəlillər aşkar edildiyi hallarda, göstərilən yetkinlik yaşına çatmayana qarşı digər intizam təsir tədbirlərinin tətbiqi üçün materialların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında;

23.2.3. materiallar üzrə icraata xitam verilməsi barədə.

23.3. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanma müddətinə yetkinlik yaşına çatmayanın daxili işlər orqanının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzində saxlandığı müddət daxil edilir.

Maddə 24 . Məhkəmənin qərarını icra edən orqan və müəssisələr

24.0. Məhkəmənin qərarının icrasını:

24.0.1. yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə çatdırılması hissəsini - daxili işlər orqanları;

24.0.2. bu Qanunun 23.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yetkinlik yaşına çatmayanlar barəsində intizam təsir tədbirlərinin tətbiqi hissəsini - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;

24.0.3. yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlandığı müddət ərzində onun islahının təmin edilməsi hissəsini - həmin müəssisənin müdiriyyəti təmin edirlər.

Maddə 25 . Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 26 . Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 may 2005-ci il

¹ 919-IIQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2, maddə 75)

2. 29 dekabr 2006-cı il tarixli 221-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 5)

3. 29 dekabr 2015-ci il tarixli 83-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 4 fevral 2016-cı il, ¹ 25)

4. 29 noyabr 2016-cı il tarixli 435-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2030)

5. 8 oktyabr 2019-cu il tarixli 1675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 15 noyabr 2019-cu il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 11, maddə 1684)

6. 4 may 2021-ci il tarixli 311-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 iyun 2021-ci il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, I kitab, maddə 547) 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).