7:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1 . Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasında, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir;

1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır;

1.0.3. prekursorlar - narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan kimyəvi maddələr və onların duzlarıdır;

1.0.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır;

1.0.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir;

1.0.6. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır;

1.0.7. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir;

1.0.8. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir;

1.0.9. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir;

1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir;

1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir;

1.0.12. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq orqanizmə yeridilməsi - narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxsin orqanizminə onun iradəsinə zidd olaraq hər hansı üsulla yeridilməsidir;

1.0.13. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əlavə edilməsi - narkotik vasitələrin və psixotrop maddələrin ərzaq məhsullarına, içkilərə və ya qidaya istehlakçının xəbəri olmadan əlavə edilməsidir;

1.0.14. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir;

1.0.15. narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxs tərəfindən qanunsuz istehlakına yardım edilməsi - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı üçün başqa şəxslərə hər hansı bir şəxs tərəfindən vəsait, avadanlıq və ya yer verilməsi, yaxud da belə istehlaka bilavasitə köməklik göstərilməsidir;

1.0.16. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına təhrik etmə - bədii, audio, video və sair materialların, o cümlədən kompüterləşdirilmiş informasiya və digər vasitələr ilə düzünə və ya dolayı yolla narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhriketmədir;

1.0.17. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına cəlb etmə - nəticəsindən asılı olmayaraq düzünə və ya dolayı yolla digər şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına cəlb edilməsidir (təklif etmə, qonaq etmə və sair);

1.0.18. narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığa gətirə biləcək şəkildə onların qəbul edilməsidir;

1.0.19. narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyətidir;

1.0.20. narkomanlıq xəstəliyinə düçar olan şəxs - narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji-tibb müəssisəsi tərəfindən "narkomanlıq" diaqnozu təyin edilmiş şəxsdir;

1.0.21. könüllü müalicə - özünün və ya onun qanuni nümayəndəsinin razılığı ilə xəstənin narkomanlıqdan narkoloji-tibb müəssisəsində müalicəsidir;

1.0.22. məcburi müalicə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilən narkomanlıq xəstəliyinə düçar olan şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsidir.

 

Maddə 2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında qanunvericilik

 

2.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

2.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.

 

II fəsil

NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN VƏ ONLARIN PREKURSORLARININ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR FƏALİYYƏT

 

Maddə 3 . Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar fəaliyyətin məqsədi

 

Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədilə yol verilir.

 

Maddə 4 . Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinin əsasları və qaydaları

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu Qanunla və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir.

 

Maddə 5 . Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi

 

5.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinin tənzimlənməsi məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair siyahıların layihəsini tərtib edir və qərarlar qəbul edir.

5.2. Dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır.

5.3. Tibbi məqsədlərlə istifadə edilən narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi yalnız dövlət orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ölkə daxilində narkotik vasitələrə olan illik tələbatı müəyyən edir və narkotik vasitələrin dövriyyəsi yalnız həmin tələbat həcmində həyata keçirilir. Azərbaycan Respublikasının ərazisinə göstərilən miqdardan artıq narkotik vasitələrin gətirilməsinə yalnız müharibə, fövqəladə vəziyyət və ya təbii fəlakət şəraitində yol verilir.

5.4. Narkotik vasitələrin və psixotrop maddələrin reklamına yol verilmir. 

 

Maddə 6. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi, onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar fəaliyyət növlərinə icazənin və ya lisenziyanın (xüsusi razılığın) verilməsi

 

6.1. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən icazə və ya lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir.

6.2. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərə verilmiş hər bir icazə və yalisenziya (xüsusi razılıq) barədə bildiriş dərhal narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankına daxil edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin bildirişdə hüquqi və fiziki şəxsin tam adı, fəaliyyət növü, ünvanı, onlar barədə məlumatlar, lisenziyanın (xüsusi razılığın) müddəti, istifadə olunan narkotik vasitələrin və psixotrop maddənin, onların prekursorlarının adı (azərbaycanca və latınca), saxlanılma yeri, istifadə üçün yararlıq müddəti və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər məlumatlar əks olunur.

6.3. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmək səlahiyyətinə malik olan şəxslər həmin dövriyyə çərçivəsində hər hansı əməliyyatları yalnız müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün icazəsi və ya lisenziyası (xüsusi razılığı) olan əks tərəflə aparmalıdırlar. Bu tələbin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

6.4. Narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması yalnız dövlət orqanları tərəfindən həyata keçirilir. Alınmış hər bir yeni narkotik vasitə və psixotrop maddə barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verilir. Həmin məlumat 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq beynəlxalq təşkilatlara göndərilir.

 

Maddə 7 . Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində dövlət orqanlarının vəzifələri

 

7.1. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinin və onların prekursorlarının idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:

7.1.1. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının layihələrini tərtib edir;

7.1.2. bu Qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi qaydasını müəyyən edir;

7.1.2-1. Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarını müəyyən edir;  

7.1.3. narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması qaydasını və bu fəaliyyətlə məşğul olan dövlət orqanlarının dairəsini müəyyən edir;

7.1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi, habelə məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması qaydasını müəyyən edir;

7.1.5. narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzini yaradır;

7.1.6. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankını təşkil edir, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydasını müəyyən edir;

7.1.7. narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərini, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını müəyyən edir; 7.1.8. qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi qaydasını müəyyən edir;

7.1.9. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı, habelə narkomanlığın yayılması ilə mübarizə üzrə məqsədləri, vəzifələri və fəaliyyət istiqamətləri, o cümlədən tələb olunan maliyyə vəsaitləri və onların mənbələri göstərilməklə dövlət proqramının layihəsini hazırlayır.

7.2. Bu Qanunun 7.1. 1-ci maddəsində göstərilən siyahılarAzərbaycan Respublikasının qanunu ilə təsdiq edilir.

 

Maddə 8 . Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankının yaradılması

 

8.1. Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankı yaradılır və bununla bağlı məlumatlar daxil edilir.

8.2. Ümummilli məlumat bankı dörd bölmədən ibarətdir:

8.2.1. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

8.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

8.2.3. narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi;

8.2.4. qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə dair məlumat bölməsi. 

8.3. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin qeydiyyatını aparan narkoloji - tibb müəssisəsi həmin şəxslər, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən digər şəxslər barəsində yalnız kəmiyyət göstəricilərini əks etdirən məlumatları ümummilli məlumat bankına daxil edir.

 

Maddə 9 . Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsinə dair Milli İnformasiya Mərkəzinin yaradılması

 

9.1. Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzi yaradılır.

9.2. Milli İnformasiya Mərkəzinin əsas məqsədi narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan və obyektiv məlumatların məcmusunu təşkil etməkdir.

9.3. Milli İnformasiya Mərkəzi aşağıdakı məlumatları özündə əks etdirir:

9.3.1. narkotik vasitələrin və psixotrop maddələrin qeyri-tibbi və tibbi istifadəsi, onların tibbi, iqtisadi və digər nəticələri haqqında;

9.3.2. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və onun nəticələri haqqında;

9.3.3. narkotik vasitələrə və psixotrop maddələrə olan tibbi və qeyri-tibbi tələbat haqqında;

9.3.4. narkotik vasitələrin və psixotrop maddələrin insanlara və cəmiyyətə vura biləcəyi zərərin və onlara olan qeyri-tibbi məqsədlərlə təklifin azaldılmasına yönəlmiş tədbirlər haqqında;

9.3.5. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası ilə bağlı şəxsi həyat sirri olmayan məlumatlar;

9.3.6. narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri tədbirlər haqqında;

9.3.7. narkotik vasitələrə və psixotrop maddələrə dair ölkədə aparılan epidemioloji tədqiqatların yekunları və ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi haqqında;

9.3.8. narkotik vasitələrə dair dövlət siyasətini və normativ hüquqi tənzimlənmə məsələləri əhatə edən məlumatlar.

 

III fəsil

NARKOTİK VASİTƏLƏRDƏN, PSİXOTROP MADDƏLƏRDƏN VƏ ONLARIN PREKURSORLARINDAN İSTİFADƏ

 

Maddə 10 . Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından tibbi məqsədlərlə istifadə

 

10.1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin yalnız dövlət narkoloji-tibb müəssisələrində tətbiqinə icazə verilir.

10.2. Bir yaşayış məntəqəsində iki paralel əvəzedici müalicə proqramlarının tətbiqinə və stasionar bölməsi olmayan narkoloji-tibb müəssisələrində əvəzedici müalicə proqramlarının tətbiqinə yol verilmir.

10.3. Əvəzedici müalicə proqramlarına qəbul olunmuş hər bir xəstə barəsində 3 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

10.4. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 11 . Tranzit sərnişinlərin müalicəsi məqsədilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə

 

11.1. Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə müalicə məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və istifadə miqdarı həddində narkotik vasitələr və psixotrop maddələr apara bilər.

11.2. Əgər müalicəsini davam etdirmək üçün bu Qanunun 11. 1-ci maddəsində nəzərdə tutulmuş şəxsin narkotik vasitələrə və psixotrop maddələrə əlavə tələbatı yaranarsa, həmin tələbatın ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 12 . Baytarlıq məqsədləri ilə narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə

 

Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 13 . Elmi məqsədlərlə , tədris və təlim məqsədləri ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə

 

13.1. Elmi məqsədlərlə və tədris məqsədləri ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə hüquqi şəxslər tərəfindən yalnızicazə əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

13.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Maddə 14 . Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından ekspert fəaliyyətində istifadə

 

Ekspertizanın aparılması məqsədilə narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 15 . Əməliyyat-axtarış fəaliyyətində narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə

 

Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadəƏməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 16 . Fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması

 

Tibbi məqsədlərlə fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması belə fəaliyyət növünə lisenziyası (xüsusi razılığı) olan apteklərdən və müalicə-profilaktika müəssisələri tərəfindən həyata keçirilir.

 

Maddə 17Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı faəliyyət haqqında hesabat

 

Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə icazə və ya lisenziya (xüsusi razılıq) almış şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada buna səlahiyyəti olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına öz fəaliyyəti haqqında hesabat verirlər.

 

Maddə 18 . Narkotik vasitələrin və psixotrop maddələrin inventarlaşdırılması

 

18.1. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə icazə almış şəxslər hər ay onların sərəncamında olan narkotik vasitələrin və psixotrop maddələrin inventarlaşdırılmasını aparmalı, malların və digər maddi dəyərlərin balansını tərtib etməlidirlər.

18.2. Balansda üzə çıxan fərqlər, yaxud balansda olan rəqəmlərlə aparılan inventarlaşdırılmanın nəticələri arasında uyğunsuzluqlar aşkar edildikdə, bu barədə 3 gün müddətində icazə almış şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

18.3. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında bütün dəyişikliklər operativ şəkildə xüsusi jurnalda qeyd olunur. Belə jurnalların aparılması və saxlanılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

IV fəsil

NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ VƏ ONLARIN PREKURSORLARININ QANUNSUZ İDXALI, İXRACI, TRANZİT NƏQL EDİLMƏSİ VƏ İSTEHSALI İLƏ ƏLAQƏDAR MÜBARİZƏ TƏDBİRLƏRİ

 

Maddə 19 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar mübarizə tədbirləri

 

19.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı narkomanlığın əleyhinə təbliğata və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı hüquq pozuntularının profilaktikasına yönəlmiş fəaliyyətə üstünlük verilir.

19.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinin və onların prekursorlarının qanunsuz idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının qarşısının alınması məqsədilə:

19.2.1. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı yolları və üsulları aşkar edilir və onların qarşısı alınır;

19.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslər aşkar edilir və məsuliyyətə cəlb olunur;

19.2.3. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixtisaslaşdırılmış bölmələr yaradıla bilər;

19.2.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz hazırlanması, təchiz edilməsi və saxlanılması faktları aşkar edilir və bununla əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir;

19.2.5. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz əkinləri aşkar və məhv edilir;

19.2.6. narkomanlığın profilaktikası, narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və onların reabilitasiyası, narkomanlığın yayılmasına təkan verən səbəblərin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir;

19.2.7. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində görülən tədbirlər və onların nəticəsi barədə məlumatlar dərc edilməsi üçün kütləvi informasiya vasitələrinə verilir;

19.2.8. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair tədbirlər həyata keçirilir.

 

Maddə 20 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmiş şəxslər barəsində tətbiq olunan məhdudiyyətlər

 

20.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinə aşağıdakı hallarda yol verilir:

20.1.1. şəxs narkomanlıq xəstəliyinə düçar olduqda;

20.1.2. şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadəyə yol verdikdə;

20.1.3. şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etdikdə.

20.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmiş və bununla əlaqədar məhkum olunmuş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi, onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı peşə növlərinə buraxılmırlar və mülkiyyət formasından asılı olmayaraq narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsində və onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən idarə, müəssisə və təşkilatlarda işə qəbul edilə bilməzlər.

20.3. Vətəndaşların hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkomanlıq xəstəliyinə düçar olan şəxslər, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin istehlakı ilə məşğul olan və ya onlardan sui-istifadə edən şəxslər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.4. Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olunduqda, işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji-tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirlər. Belə şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 21 . Narkotik vasitələrin, psixotrop maddələrin, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarı

 

21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.

21.2. Qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir.

21.3. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.

 

Maddə 22 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar qanun pozuntularına qarşı inzibati-hüquq tədbirləri

 

22.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar inzibati məsuliyyət Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yaranır.

22.2. Prekursorlarla və onların hazırlanması üçün nəzərdə tutulmuş avadanlıqla bağlı törədilən hüquq pozuntularına görə inzibati məsuliyyət yalnız onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində istifadə edildiyi və ya belə istifadə üçün nəzərdə tutulduğu hallarda yaranır.

22.3. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi və ya narkomanlıq xəstəliyinə düçar olması ilə əlaqədar müalicə olunmuş şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və prekursorların qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar inzibati məsuliyyətə cəlb edildikdə onun müalicə olunduğu narkoloji-tibb müəssisəsi bu barədə məlumatlandırılır.

 

Maddə 23 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirləri

 

23.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır.

23.2. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi və ya narkomanlıq xəstəliyinə düçar olması ilə əlaqədar müalicə olunmuş şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildikdə onun müalicə olunduğu narkolojitibb müəssisəsi bu barədə məlumatlandırılır.

 

V fəsil

NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ VƏ ONLARIN PREKURSORLARININ QANUNSUZ İDXALI, İXRACI, TRANZİT NƏQL EDİLMƏSİ VƏ İSTEHSALI İLƏ ƏLAQƏDAR HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR

 

Maddə 24 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar həyata keçirilən tədbirlər

 

Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizəni həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək hüququna malikdirlər.

 

Maddə 25 . Tibbi müayinə

25.1. Tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir.

25.2. Tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.

25.3. Şəxsin tibbi müayinədən keçməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 26 . Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi

26.1. Cinayət törətmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirləri, həmin şəxsə cinayət törətdiyinə görə cəza verməklə yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən tətbiq edilir. Məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır. Məcburi müalicəyə cəlb edilmiş xəstələrin cəzaçəkmə yerlərində saxlama və müalicə rejimləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.

26.2. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar.

 

26.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.
26.3-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.
26.4. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir.[26]
26.5. Əlilliyi olan şəxslər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən tətbiq olunur.
26.6. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicəyə göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

 

Maddə 27 . Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi

27.1. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər:

27.1.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda;

27.1.2. narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda.

27.2. Məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla yerli məhkəmənin qərarı əsasında həyata keçirilir.

 

Maddə 28 . Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicə müddətinin uzadılması

Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər mütəmadi olaraq müalicə rejimini pozduqda və bununla əlaqədar həyata keçirilən müalicə tədbirləri müsbət nəticə vermədikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı əsasında belə şəxslərin məcburi müalicə müddəti uzadıla bilər.

 

Maddə 29 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar əməliyyat-axtarış fəaliyyəti

Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar hüquq pozuntularının aşkar edilməsi məqsədilə bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Maddə 30 . Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi

30.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi - narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisində qanunsuz hesab edilən və ya şübhə doğuran narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınması, göndərilməsi və ya digər üsulla yerinin dəyişdirilməsidir.

30.2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin həyata keçirilməsinə yalnız mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması, həmin cinayətləri törədən şəxslərin vaxtında aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə yol verilir.

30.3. Nəzarətli göndərişin keçirilməsinə dair qərar yalnız narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.

Həmin qərarda istifadə edilən narkotik vasitənin, psixotrop maddənin və ya onların prekursorlarının əldə edilməsinin mənbəyi və miqdarı barədə məlumatlar mütləq göstərilməlidir.

30.4. Nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarı qəbul etmək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları həmin əməliyyatın Azərbaycan Respublikasının ərazisində aparılmasına bilavasitə rəhbərlik edirlər.

 

Maddə 31 . Nəzarət qaydasında qanunsuz hesab edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınması

Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayətkar fəaliyyət haqqında sübut əldə etmək məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət qaydasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını almaq hüququna malikdirlər.

 

Maddə 32 . Müsadirə

32.1. Qanunsuz dövriyyədə olan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, eləcə də onların qanunsuz hazırlanması üçün istifadə edilən alət və avadanlıq, habelə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında istifadə edilən və bunun nəticəsində əldə olunan əmlak və maliyyə vəsaitləri aşkar edildikdə onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görülür.

32.2. Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi yalnız Azərbaycan Respublikasının məhkəmə, prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tərkibdə yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

32.3. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak, yalnız narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf edilir.

 

VI fəsil

YEKUN MÜDDƏALAR

 

Maddə 33 . Qanunun qüvvəyə minməsi qaydası

 

33.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

33.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 1999-cu il 18 iyun tarixli Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 iyun 2005-ci il

 ¹ 959-IIQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2007-ci il tarixli 316-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 437)

2.       1 oktyabr 2007-ci il tarixli 418-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 932)

3.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938)

4.    13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602)

5.   30 dekabr 2008-ci il tarixli 753-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 16 yanvar 2009-cu il, ¹ 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹01, maddə 6)

6.     28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 2 dekabr 2014-cü il, ¹ 263)

7.     6 oktyabr 2015-ci il tarixli 1366-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250) 

8.   17 may 2016-cı il tarixli 249-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 9 iyul 2016-cı il, ¹ 145)

9. 29 noyabr 2016-cı il tarixli 420-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 29 yanvar 2017-ci il, ¹ 20) 

10. 17 noyabr 2017-ci il tarixli 879-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 2 dekabr 2017-ci il, ¹ 266)

11. 1 may 2018-ci il tarixli 1118-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 iyun 2018-ci il, ¹ 122) 

12. 22 oktyabr 2019-cu il tarixli 1684-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 23 noyabr 2019-cu il, ¹ 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹11, maddə 1690)

13. 19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 18 iyul 2020-ci il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 829) 

14. 22 iyun 2021-ci il tarixli 352-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 avqust 2021-ci il, ¹ 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 8, maddə 898) (Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.) 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).