3:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Ünvanlı dövlət sosial yardımı haqqında

Ünvanlı dövlət sosial yardımı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;

1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;

1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu;

1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi;

1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;

1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra - sosial yardım) - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

 

Maddə 2. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr

 

 

Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

 

Maddə 4. Sosial yardımın məqsədi və prinsipləri

 

4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.

4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:

4.2.1.  ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;

4.2.2.  ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;

4.2.3.  bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.

 

Maddə 5. Sosial yardımın maliyyə mənbəyi

 

Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi

 

6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

 

6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

 

Maddə 7. Sosial yardımın məbləği

 

7.1.   Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

7.2.   Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır;

7.3.   Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 8. Sosial yardımın təyin olunması müddəti

 

8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

 

Maddə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər

 

9.0.Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);

9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

9.0.4. axtarışda olan şəxslər;

9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;

9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

 

Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması

 

10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.
10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
10.5. Aztəminatlı ailənin üzvü "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.
10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

 

Maddə 11. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 12. Qanunun qüvvəyə minməsi

 

Bu Qanım 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2005-ci il

¹ 1039-IIQ

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 474)

2.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə 602)

3.       24 fevral 2015-ci il tarixli 1204-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 17 mart 2015-ci il, ¹ 60)

4.       24 aprel 2018-ci il tarixli 1084-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 20 may 2018-ci il, ¹ 113) 

5.       1 fevral 2019-cu il tarixli 1482-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 14 mart 2019-cu il, ¹ 59) 

6. 19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 18 iyul 2020-ci il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 829)

7. 2 iyun 2020-ci il tarixli 125-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 19 iyul 2020-ci il, ¹ 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 840) 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).