19:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Sosial müavinətlər haqqında

 

Sosial müavinətlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;
1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları

Maddə 2. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi
2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.
2.3. Bu Qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Müavinət almaq hüququ olan şəxslər
3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Maddə 4. Müavinətlərin növləri
4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:
4.0.1. aylıq müavinətlər:
4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;
4.0.1.2. yaşa görə müavinət;
4.0.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət;
4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;
4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət;
4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;
4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
4.0.1.11. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinətil
4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;
4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət;
4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət. 
4.0.2. Birdəfəlik müavinətlər:
4.0.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
4.0.2.2. uşağın anadan olmasına görə müavinət:
4.0.2.3. dəfn üçün müavinət.

Maddə 5. Müavinət seçmək hüququ

5.1-1. Bu Qanunun 4.0.1.1 - 4.0.1.3-cü və 4.0.1.5 - 4.0.1.6-cı maddələrində nəzərdə tutulan müavinətlərdən birini almaq hüququ olan şəxslərin bu Qanunun 4.0.1.14-cü maddəsində nəzərdə tutulan müavinəti almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin edilir.5.1. Bu Qanunun 4.0.1.1-4.0.1.3-cü, 4.0.1.5-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.
5.2. Bu Qanunun 4.0.1.4-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir.
5.3. Bu Qanunun 5.2-ci maddəsi həmin maddədə göstərilən müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə tətbiq edilmir.

Maddə 6. Müavinətlərin maliyyə mənbəyi

6.1. Bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
6.2. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər və işsizlik müavinəti məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir.

Maddə 7. Müavinətlərin təyin olunması şərtləri

7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:
7.0.1. dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda;
7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
7.0.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə  (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;
7.0.5. ailə başçısını itirməyə görə müavinət:
7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla);
7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.
7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;
7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;
7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;
7.0.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda;
7.0.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda; 
7.0.10-1. işsizlik müavinəti - şəxs "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda;
7.0.10-2. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət - "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda;
7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;
7.0.10-4. övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) 
7.0.11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə;
7.0.12. uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;
7.0.13. dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci və 4.0.1.11-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə.

Maddə 8. Müavinətlərin məbləği

Müavinətlərin (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ildə bir dəfədən az olmamaq şərtilə indeksləşdirilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinətin məbləği isə "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq müəyyən edilir.

Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti

9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:
9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük;
9.1.2. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət-əlillik müddətinə;
9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə;
9.1.4. ailə başçısını itirməyə görə müavinət:
9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə;
9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;
9.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;
9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;
9.1.7.1. uşağın 16 yaşı tamam olan ayın sonunadək;
9.1.7.2. ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla).
9.1.8. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;
9.1.9. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın sonunadək;
9.1.10. beşdən çox uşağı olan qadınlara müavinət - uşağın 18 yaşı tamam olan ayın sonunadək;
9.1.11. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. 
9.1-1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində nəzərdə tutulan şəxslərə ailə başçısını itirməyə görə sosial müavinətin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsinə (yenidən hesablanmasına) yol verilmir. 
9.1-2. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. 
9.2. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.
9.3. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
9.4. İşsizlik müavinətinin ödənilməsi müddəti "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
9.5. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi müddəti "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. 

Maddə 10. Müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları

10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
10.1-1. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
10.2. Bu Qanunun 4.0.1.14-cü, 7.0.12-ci, 9.1.4.1-ci, 9.1.4.2-ci, 9.1.6-cı, 9.1.7:ci, 9.1.9-cu və 9.1.10-cu maddələrində nəzərdə tutulmuş müavinətlər hər bir uşaq üçün təyin edilir.
10.2-1. Bu Qanunun 4.0.1.14-cü maddəsində nəzərdə tutulan müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. 
10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
10.4. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.
10.5. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir.
10.6. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
10.7. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
10.8. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinət məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir.

Maddə 10-1. Müavinətlərin ödənilməsi qaydaları

10-1.1. Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.
10-1.2. Müavinət alan şəxsin müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə müavinəti ona tam məbləğdə ödənilir.
10-1.3. Sosial xidmət müəssisələrində yaşayan şəxslərə təyin olunmuş müavinət onlara tam məbləğdə ödənilir. Sosial xidmət müəssisələrində yaşayan məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayəçilərinə ödənilir. Qəyyumlar və himayəçilər müavinətin üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun sərəncam verirlər.
10-1.4. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir.
10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.
10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
10-1.7. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.

Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması

11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:
11.1.1. dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə;
11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;
11.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;
11.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;
11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;
11.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;
11.1.6-1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə; 
11.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə;
11.1.8. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda 
11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. 
11.3. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması və ya ona xitam verilməsi halları "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi

12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 
12.2. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2006-cı il
¹ 55-IIIQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 1 oktyabr 2007-ci il tarixli 419-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 933)
2. 13 iyun 2008-ci il tarixli 642-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 475)
3. 2 iyun 2008-ci il tarixli 621-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 464)
4. 11 dekabr 2012-ci il tarixli 502-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 19 yanvar 2013-cü il, ¹ 12; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 01, maddə 19)
5. 31 may 2013-cü il tarixli 670-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 13 iyun 2013-cü il, ¹ 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 618)
6. 30 sentyabr 2013-cü il tarixli 720-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 27 noyabr 2013-cü il, ¹ 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11, maddə 1240)
7. 29 oktyabr 2013-cü il tarixli 791-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 29 noyabr 2013-cü il, ¹ 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11, maddə 1306)
8. 13 iyun 2017-ci il tarixli 719-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2017-ci il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1278)
9. 6 mart 2018-ci il tarixli 1033-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 29 mart 2018-ci il, ¹ 96)
10. 24 aprel 2018-ci il tarixli 1082-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 18 may 2018-ci il, ¹ 111)
11. 1 fevral 2019-cu il tarixli 1482-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 14 mart 2019-cu il, ¹ 59) 
12. 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 17 dekabr 2019-cu il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1893)
13. 19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 18 iyul 2020-ci il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 829)
14. 6 oktyabr 2020-ci il tarixli 181-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 26 noyabr 2020-ci il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1331)
15. 29 dekabr 2020-ci il tarixli 241-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 6 yanvar 2021-ci il, ¹ 1) 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).