12:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Onkoloji yardım haqqında

Onkoloji yardım haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu Qanun onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edir.
 
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
 
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. onkoloji yardım - bədxassəli şişlərin vaxtında aşkar olunmasına, profilaktikasına, müayinəsinə və müalicəsinə yönəldilmiş elmi-tibbi tədbirlər;
1.0.2. onkoloji xəstə - tam müayinə olunmuş və morfoloji üsullarla bədxassəli şiş diaqnozu təsdiq edilmiş şəxs;
1.0.3. onkologiya - bədxassəli şişlərin əmələ gəlmə səbəblərini, inkişaf mexanizmlərini, klinikasını, diaqnostikasını, müalicəsini və profilaktikasını öyrənən tibb və biologiya sahəsi;
1.0.4. bədxassəli şiş - infiltrativ surətdə böyüyən, ətraf toxumalara sirayət edərək onları dağıdan, metastaz verməyə qadir olan törəmə;
1.0.5. həkim-onkoloq - onkologiya ixtisası üzrə hazırlıq keçmiş həkim-mütəxəssis;
1.0.6. terminal mərhələ - onkoloji xəstənin bioloji ölümündən əvvəl orqanizminin funksiyalarının tükənməsi;
1.0.7. sitoloji müayinə - orqan və toxumalardan alınmış preparatlarda olan hüceyrə elementlərinin mikroskopik üsullarla tədqiqi.
 
Maddə 2. Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
 
Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
 
Maddə 3. Qanunun tətbiq dairəsi
 
Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, habelə təşkilati-hüquqi formasından asılı olmayaraq onkoloji xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə şamil edilir.
 
Maddə 4. Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicəprofilaktika tədbirləri və onların həyata keçirilməsi prinsipləri
 
4.1. Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri özündə profilaktika, diaqnostika, müalicə və reabilitasiya tədbirlərini nəzərdə tutur.
4.2. Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
4.3. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
4.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə dövlət büdcəsi vəsaiti hesabına göstərilir.
 
I I  f ə s i l
ONKOLOJİ XƏSTƏLƏRƏ DÖVLƏT TƏMİNATLI YARDIM TƏDBİRLƏRİ
 
Maddə 5. Onkoloji xəstələrə dövlət təminatlı yardım tədbirlərinin növləri
5.0. Dövlət onkoloji xəstələrə yardım məqsədilə aşağıdakılara təminat verir:
5.0.1. onkoloji xəstəliklərin azaldılması üzrə məqsədli dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsinə;
5.0.2. onkoloji xəstələrə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;
5.0.3. onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə;
5.0.4. onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş profilaktik tədbirlərin həyata keçirilməsinə;
5.0.5. onkoloji xəstəliklərlə əlaqədar ekspertizaların aparılmasına;
5.0.6. müalicə-diaqnostika təchizatına və yüksək effektli dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam təmin edilməsinə;
5.0.7. dərman vasitələrinin təyinatı üzrə istifadəsinə və bu sahədə şəffaflığın təmin edilməsinə;
5.0.8. onkoloji xəstəliklərlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına;
5.0.9. onkoloji xəstəliklərlə bağlı hüquqi məsləhətlərin verilməsinə;
5.0.10. onkologiya sahəsində elmi tədqiqatların aparılmasına, bu sahədə fiziki və hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsinə və metodiki tədbirlərin həyata keçirilməsinə;
5.0.11. onkoloji xəstəliklərin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasına;
5.0.12. onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələrin ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılmasına.
 
Maddə 6. Onkoloji xəstələrə tibbi yardımın göstərilməsi
6.1. Onkoloji xəstələr həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.
6.2. Onkoloji xəstələrə ambulator-poliklinika tibbi yardım tədbirləri, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
6.3. Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir.
6.4. Onkoloji xəstələrin müalicəsi onların özlərinin və ya ailə üzvlərinin yazılı razılığı əsasında həyata keçirilir.
6.5. 18 yaşına çatmamış onkoloji xəstələrin müalicəsi onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı əsasında həyata keçirilir.
6.6. Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan da aparıla bilər.
6.7. Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
6.8. Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 7. Onkoloji xəstəliklərin profilaktikası
7.0. Onkoloji xəstəliklərin profilaktikası aşağıdakı yollarla həyata keçirilir:
7.0.1. ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçirilməsi;
7.0.2. xərçəngönü xəstəlikləri və xərçəngin erkən formaları olan şəxslərin aşkar edilməsi, qeydiyyata götürülməsi və müalicə məqsədilə dispanserizasiyası;
7.0.3. Bədxassəli şiş əmələ gətirən amillərin orqanizmə təsirini aradan qaldırmağa və ya əhəmiyyətli dərəcədə azaltmağa, orqanizmin müqavimətini artırmağa doğru yönəldilmiş sosial- gigiyenik tədbirlərin aparılması;
7.0.4. əhali arasında sanitar-maarifləndirmə işlərinin aparılması;
7.0.5. əhalinin həyatına və sağlamlığına mənfi təsiri olan kimyəvi maddələrin, radioaktiv maddə və tullantıların, sənaye texnologiyalarının müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
7.0.6. ətraf mühitin insan həyatına potensial təhlükə yaradan vəziyyəti barədə əhaliyə tam və dəqiq informasiyanın verilməsi.
 
Maddə 8. Onkoloji xəstələrin hüquqları
8.0. Onkoloji xəstələr onlara tibbi yardım göstərilərkən aşağıdakı hüquqlara malikdirlər:
8.0.1. tibbi göstərişlər əsasında ambulator və stasionar şəraitində tam həcmdə mümkün olan müalicə növlərini almaq;
8.0.2. sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və müntəzəm məlumat almaq;
8.0.3. onkoloji yardım göstərmək hüququ olan hər hansı mütəxəssisi və tibb müəssisəsini seçmək, konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;
8.0.4. müayinə və müalicə üçün zəruri müddətdə stasionarda qalmaq;
8.0.5. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dərman vasitələri ilə təmin olunmaq;
8.0.6. tibbi göstərişlər əsasında həkim resepti ilə zəruri miqdarda narkotik və qeyri-narkotik ağrıkəsici preparatları almaq;
8.0.7. pozulmuş hüquqları barədə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək.
 
Maddə 9. Onkoloji xəstələrin sosial müdafiəsi
9.1. Əmək qabiliyyətini itirmiş onkoloji xəstələr qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırlar.
9.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ vardır.
9.3. Onkoloji xəstəliklə əlaqədar işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.
 
I I I  f ə s i l
ONKOLOJİ XƏSTƏLİKLƏRİN AZALDILMASINA YÖNƏLDİLMİŞ TƏDBİRLƏRİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ
 
Maddə 1 0. Onkoloji müəssisələrin hüquq və vəzifələri
10.1. Onkoloji müəssisələrin aşağıdakı hüquqları vardır:
10.1.1. mülkiyyət formasından asılı olmayaraq ümumi təyinatlı müalicəprofilaktika müəssisələrindən aşkar olunmuş onkoloji xəstələrin sayı haqqında dəqiq məlumat almaq;
10.1.2. onkologiya sahəsində əldə olunmuş müasir elmi-praktik nailiyyətləri tətbiq etmək;
10.1.3. onkoloji xəstəliklər haqqında hesabatların düzgün aparılmasını tələb etmək.
10.2. Onkoloji müəssisələrin vəzifələri aşağıdakılardır:
10.2.1. ümumi təyinatlı müalicə-profilaktika müəssisələrinə profilaktik tədbirlərin planlaşdırılması və keçirilməsi üçün təşkilati-metodik yardım göstərmək;
10.2.2. bədxassəli şişə şübhəli bilinən şəxslərin hərtərəfli müayinəsini aparmaq, ehtiyac olduqda konsilium keçirmək;
10.2.3. onkoloji xəstələri stasionara yerləşdirmək və uyğun müalicəni aparmaq;
10.2.4. onkoloji xəstələrin dispanser müşahidəsini və ambulator müalicəsini təşkil etmək;
10.2.5. sanitar-maarifləndirmə işini aparmaq;
10.2.6. həkimlərin və orta tibb işçilərinin hazırlanması, onkoloji xəstəliklərin profilaktika, diaqnostika və müalicəsi üzrə onların ixtisaslarının artırılmasını təmin etmək.
10.3. Ümumi təyinatlı müalicə-profilaktika müəssisələrinin onkoloji yardıma dair vəzifələri aşağıdakılardır:
10.3.1. 25 yaşından yuxarı qadınların sitoloji müayinəsini təşkil etmək və aparmaq;
10.3.2. bədxassəli şiş əlamətləri aşkar olunmuş xəstələri əlavə müayinə üçün onkoloji müəssisəyə göndərmək;
10.3.3. onkoloji xəstəliklərin törənməsi ilə bağlı risk qrupuna daxil olan şəxslərin dispanser müşahidəsini aparmaq;
10.3.4. sağlam həyat tərzinin vacibliyi haqqında sanitar-maarifləndirmə işlərini həyata keçirmək.
 
Maddə 1 1. Onkoloji yardım göstərən hüquqi və fiziki şəxslər
11.1. Onkoloji yardım ali tibb təhsili almış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən həkim-onkoloqlar və ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən göstərilir.
11.2. Onkoloji xəstələrə tibbi yardım göstərən həkim-onkoloqun və tibbi heyətin fəaliyyəti peşə etikası əsasında qurulur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
11.3. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
 
Maddə 1 2. Onkoloji yardım üzrə tədbirlərin maliyyələşdirilməsi
12.1. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
12.2. Onkoloji yardım üzrə tədbirlər hələdiyyələrin vəsaitləri, Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına həyata keçirilə bilər.
 
Maddə 1 3. Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardım göstərilməsi
13.1. Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardım müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada göstərilir.
13.2. Onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər cəzaçəkmə müəssisələrindən azad olunurlar.
 
I V f ə s i l
YEKUN MÜDDƏALAR
 
Maddə 1 4. Onkoloji xəstələrə yardım göstərən şəxslərin fəaliyyətinə nəzarət
Onkoloji xəstələrə yardım göstərən şəxslərin fəaliyyətinə nəzarəti müvafiQ icra hakimiyyəti orqanı həyata keçirir.
 
Maddə 1 5. Beynəlxalq əməkdaşlıq
Onkoloji xəstəliklərin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
 
Maddə 1 6. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
 
Maddə 1 7. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 23 may 2006-cı il
¹ 113-IIIQ
 
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
1.13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602)
2. 19 may 2020-ci il tarixli 112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 830)
3. 20 noyabr 2020-ci il tarixli 200-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).