20:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi;

1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər;

1.0.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi.

 

Maddə 2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında AzərbaycanRespublikasının qanunvericiliyi

 

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Qanunun tətbiq dairəsi

 

3.1. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

3.2. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər.

 

Maddə 4. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının əsas prinsipləri

 

 Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır.

 

Maddə 5. Sosial adaptasiya tədbirlərini həyata keçirən orqan və müəssisələr

 

5.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

5.2. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları, habelə digər müəssisə və təşkilatlar cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunun və digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.

5.3. Sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllülük əsasında iştirak edə bilərlər.

5.4. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfındən əlaqələndirilir.

 

Maddə 6. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər

 

6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır:

6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq;

6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq;

6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək;

6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək;

6.1.5. təhsil almalarına şərait yaratmaq;

6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək;

6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;

6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək.

6.2. Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir.

 

Maddə 7. Sosial adaptasiyaya ehtiyacı olan şəxslərin qeydiyyata alınması və onlarla hazırlıq işlərinin aparılması

 

7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur.

7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar.

 

Maddə 8. Sosial adaptasiya müddəti

 

8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər.

8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır.

 

Maddə 9. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri

 

9.1. Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər.

9.2. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər.

9.3. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər.

 

Maddə 10. Cəza çəkməkdən azad edilmiş şəxslərin yaşayış yeri ilə təmin olunması

 

10.1. Cəza çəkməkdən azad edilmiş şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfındən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.

10.2. Qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10.3. Yaşayış sahəsi olmayan və himayəsində 14 yaşadək uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirəsalınmadan həyata keçirilir.

10.4. Cəza çəkməkdən azad edilmiş birinci və ikinci qrup əlillər, altmış iki yaşına çatmış kişilər və əlli yeddi yaşına çatmış qadınlar öz ərizələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evlərinə göndərilirlər.

10.5. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.

 

Maddə 11. Cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması

 

11.1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində (o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə) tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

11.2. Cəza çəkməkdən azad edilmiş himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir.

 

Maddə 12. Cəza çəkməkdən azad edilmiş şəxslərə tibbi yardım

 

12.1. Cəza çəkməkdən azad edilmiş tibbi yardıma ehtiyacı olan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüquqları vardır.

12.2. Cəza çəkməkdən azad edilmiş vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınırlar.

12.3. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.

 

Maddə 13. Cəza çəkməkdən azad edilmiş şəxslərin təhsilinin və peşə hazırlığının təşkili

 

13.1. Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaradır.

13.2. Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Maddə 14. Cəza çəkməkdən azad edilmiş şəxslərə sosial, hüquqi, psixoloji və informasiya yardımının göstərilməsi

 

14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.

14.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər.

 

Maddə 15. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi

 

15.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

15.2. Sosial adaptasiya tədbirləri bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

 

Maddə 16. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 17. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2007-ci il

           353-IIIQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 noyabr  2011-ci il tarixli 232-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 14 dekabr 2011-ci il, 270, "Azərbaycan" qəzeti 15 dekabr 2011-ci il, 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1088)
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).