9:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Məhkumları özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət Qaydası

"Dövlət qeydiyyatına alınmışdır"

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyində

Qeydiyyat ¹ 2875

18 iyul 2002-ci il

Nazir____________F. Məmmədov

 

"Təsdiq edirəm"

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Əmr ¹ 22-T

8 iyul 2002-ci il

Nazir_______________F. Məmmədov

 

 

                                                                                                     

Məhkumları özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət

 

 

QAYDASI

 

IÜmumi müddəalar

 

1.1   Bu qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 103-cü maddəsinə əsasən hazırlanmış və cəzaçəkmə müəssisələrində,ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, digər məhkumların özfəaliyyət təşkilatlarının yaradılması və fəaliyyəti məsələlərini tənzimləyir.

1.2   Məhkumlarda müsbət vərdişləri inkişaf etdirmək, onların faydalı təşəbbüskarlığını həvəsləndirmək, habelə məhkumların islah olunmasında və yenidən tərbiyələnməsində kollektivin təsirindən istifadə etmək məqsədi ilə əmək fəaliyyətində, təhsildə, davranışında, özünü müsbət göstərən və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına düzgün riayət edən məhkumların özfəaliyyət təşkilatları yaradılır.

1.3   Özfəaliyyət təşkilatlarının fəaliyyətində məhkumların iştirakı həvəsləndirilir, bu təşkilatlarda göstərilən fəaliyyət onlara verilən xasiyyətnamələrdə öz əksini tapır, onların islah olunmalarının dərəcəsi müəyyən edildikdə nəzərə alınır.

1.4   Özfəaliyyət təşkilatlarının tərkibinə daxil olan məhkumlar əlavə güzəşt və hüquqlardan istifadə etmirlər, istehsalatda əsas işdən və müəssisədə keçirilən tədbirlərdə iştirak etməkdən azad olunmurlar.

1.5   Özfəaliyyət təşkilatlarının məqsədi məhkumların islah edilməsinə, tərbiyəsinə, onların mənəvi və fiziki inkişafına köməklik göstərmək, məhkumlarda müsbət vərdişləri inkişaf etdirmək və onların faydalı təşəbbüskarlığını həvəsləndirmək. cəzaçəkmə müəssisəsində əməyin, məişətşəraitinin və asudə vaxtın səmərəli keçməsinin təşkili məsələlərinin həllində iştirak etmək məhkumlar arasında intizamı möhkəmləndirmək və onların bir-birinə qarşılıqlı müsbət münasibətlərini formalaşdırmaq, məhkumlara və onların ailələrinə yardım göstərməkdir.

 

IIÖzfəaliyyət təşkilatlarının funksiyaları

 

2.1 Özfəaliyyət təşkilatları müəssisə müdiriyyətinə:

-   məhkumların islah və tərbiyə olunmaları üçün müvafiq şəraitin yaradılmasında;

-   məhkumların kollektivlərində müsbət ictimai fikrin formalaşdırılmasında;

-   məhkumlar arasında ictimai fəallığın və faydalı maraqların inkişaf etdirilməsində;

-   əmək yarışlarının təşkilində, istehsalat tapşırıqlarının yerinə yetirilməsində, əmək məhsuldarlığının artırılmasında və məhsulun keyfiyyətli istehsal olunmasında;

-   məhkumlar arasında nizam-intizamın möhkəmləndirilməsində və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməsində;

-   kütləvi və mədəni-tərbiyəvi tədbirlərin keçirilməsində;

-   məhkumlar arasında ümumi orta və texniki-peşə təhsilinin təşkil edilməsində köməklik göstərirlər.

 

IIIÖzfəaliyyət təşkilatlarının strukturu

 

3.1   Cəzaçəkmə müəssisələrində məhkumların özfəaliyyət təşkilatları müəssisə kollektiv şurasından, dəstə kollektiv şurasından və onların bölmələrindən ibarətdir.

3.2   Müəssisə kollektiv şurasının tərkibində aşağıdakı bölmələr təşkil edilir:

-   ictimai iaşə;

-   məhkumlar üçün mətbuat orqanının ictimai müxbirlər bölməsi.

3.3. Dəstə kollektiv şurasında aşağıdakı bölmələr yaradılır:

-   hüquqpozmaların profilaktikası;

-   istehsal işi;

-   ümumtəhsil tədris;

-   texniki-peşə tədris;

-   mədəni-kütləvi iş;

-   bədən tərbiyəsi və idman işi;

-   sanitariya-məişət.

3.4.   Bütün bölmələr kollektiv şurasının struktur hissəsidir və eyni hüquqlara malikdirlər.

3.5.   Müəssisənin özfəaliyyət təşkilatlarının tərkibində divar qəzetinin redaksiya heyəti yaradılır, bundan əlavə bölmə hüquqlarına malik olan briqadirlər şurası, klub və kitabxana şuraları da təşkil oluna bilər.

 

IV. Özfəaliyyət təşkilatlarının təşkil olunma qaydaları

 

4.1. Müəssisənin və dəstələrin kollektiv şuraları ümumi, ciddi rejimli və məntəqə tipli cəzaçəkmə müəssisələrində, habelə tərbiyə müəssisələrində yaradılır. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində kamera tipli otaqlardan adi yaşayış binalarına keçirilmiş, istintaq təcridxanalarında, həbsxanalarda və müalicə müəssisələrində təsərrüfat və məişət xidməti işi üçün saxlanılmış məhkumlar arasında dəstələrin kollektiv şuraları yaradılır. Müəssisənin kollektiv şurası - müəssisə rəisinin, dəstələrin kollektiv şuraları - dəstə rəislərinin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərirlər. Müəssisə kollektivşurasının bölmələrinin işinə ümumi rəhbərliyi cəzaçəkmə müəssisəsi rəisinin sosial müdafiə və islah işləri üzrə müavini həyata keçirir.

4.2.    Müəssisəsi kollektiv şurası açıq səsvermə yolu ilə məhkumların ümumi yığıncağında (və ya məhkumların dəstə nümayəndələrinin ümumi yığıncağında) tərkibi 11 nəfərdən az olmayaraq 1 il müddətinə seçilir. Onun tərkibinə dəstə kollektiv şuralarının sədrləri də daxil olur.

4.3.    Dəstə kollektiv şurasının tərkibi 7 nəfərdən az olmayaraq dəstənin ümumi yığıncağında 1 il müddətinə seçilir.

4.4.    Yığıncaqda iştirak edənlərin səs verməsi nəticəsində sadə səs çoxluğu qazanmış şəxslər müəssisə (dəstə) kollektiv şurasına seçilmiş hesab olunurlar. Seçkilərdən sonra müəssisə və dəstə kollektiv şuralarının tərkibi müəssisənin rəisi tərəfindən təsdiq olunur. Müəssisə rəisi seçilmiş kollektivşurasının tərkibini və yaxud ayrı-ayn üzvlərini təsdiq etmədikdə bunun səbəbləri və dəlilləri məhkumlara izah edilir və bu Qaydanın 4.2.-ci və 4.3.-cübəndlərinə əsasən yeni seçkilərin keçirilməsini və ya yeni namizədlərin təqdim edilməsini təklif edir.

4.5.    Müəssisə (dəstə) kollektiv şurasının bölmələrinin tərkibi müəssisənin (dəstənin) məhkumlarının ümumi yığıncağında seçilir və müəssisə (dəstə) kollektiv şurasının iclasında təsdiq edilir.

4.6.    Bölmələrin say tərkibi üç nəfərdən az olmayaraq təşkil edilir.

4.7.    Məntəqə tipli cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müalicə müəssisələrində, həbsxanalarda təsərrüfat və məişət xidməti işləri üçün saxlanılmış məhkumların habelə xüsusi rejimli cəzaçəkmə müəssisələrində kamera tipli otaqlardan adi yaşayış binalarına keçirilmişməhkumların dəstə kollektiv şuralarının tərkibində bölmələrin yaradılması müəssisə müdiriyyətinin təşəbbüsü ilə həll edilir.

4.8.    Bölmələrin sədrləri açıq səsvermə yolu ilə bölmələrin iclasında seçilərək müəssisə (dəstə) kollektiv şurasında təsdiq olunur.

4.9.    Müəssisə kollektiv şurasının ictimai iaşə, məhkumlar üçün mətbuat orqanının ictimai müxbirləri bölmələrinin, klub və kitabxana şuralarının tərkibi, həmçinin divar qəzetlərinin redaksiya heyəti müəssisə rəisi ilə razılaşdırıldıqdan sonra, müəssisə kollektiv şurasında təsdiq olunur.

4.10. Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarını pozan və ya göstərilmiş etimadı doğrultmayan müəssisə (dəstə) kollektiv şurasının, bölmələrin üzvlərini özfəaliyyət təşkilatlarının tərkibindən çıxarılması məsələlərinə müəssisə rəisinin təklifi ilə özfəaliyyət təşkilatlarının yığıncağında baxılır.

4.11. Zəruri hallarda müəssisənin müdiriyyəti kollektiv şuralarının fəaliyyətini dayandırmaq və yeni seçkilərin keçirilməsini təyin etmək hüququna malikdir.

Müəssisə (dəstə) kollektiv şurasının tərkibini vaxtından əvvəl üzvlərin üçdə bir hissəsindən çoxu tərk edərsə, bu Qaydanın 4.2-ci və 4.3-cübəndlərinə uyğun seçkilər keçirir.

 

V. Kollektiv şuralarının və onların bölmələrinin işinin təşkili

 

5.1.   Müəssisə (dəstə) kollektiv şurasının, briqadirlər şurasının, klub və kitabxana şuralarının sədrləri, sədr müavinləri və şuraların katibləri açıq səsvermə yolu ilə həmin şuraların tərkibindən seçilirlər, Sədrlərə - şuralar üzərində ümumi rəhbərlik, katibə isə karkuzarlıq işi tapşırılır.

5.2.   Müəssisə kollektiv şurasının işi şuranın iclasında qəbul edilmiş və müəssisə rəisi tərəfindən təsdiq olunmuş rüblük plana əsasən təşkil olunur.

5.3.   Müəssisə kollektiv şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və müvafiq qaydada protokollaşdırılır. Şuranın iclasında müzakirə edilən məsələlərin məzmunundan asılı olmayaraq, müəssisənin rəisi və ya onun müavinlərindən biri iştirak edir.

5.4.   Müəssisə kollektiv şurasının bölmələrinin işi rüblük plan əsasında təşkil edilir. Rüblük plan müvafiq bölməyə rəhbərlik edən əməkdaşla razılaşdırıldıqdan sonra cəzaçəkmə müəssisəsi rəisinin sosial müdafiə və İslah işləri üzrə müavini tərəfindən təsdiq olunur.

5.5.   Dəstə kollektiv şurasının işi, şuranın iclasında qəbul edilmiş və dəstə rəisi tərəfindən təsdiq edilmiş aylıq plan əsasında təşkil edilir.

5.6.   Dəstə kollektiv şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və protokollaşdırılır. Dəstə kollektiv şurasının iclasında dəstə rəisi iştirak edir.

5.7.   Dəstə kollektiv şurasının bölmələrinin işi müvafiq bölmələrə rəhbərlik edən əməkdaşlarla razılaşdırıldıqdan sonra dəstə rəisi tərəfindən təsdiq olunmuş aylıq plan əsasında aparılır.

5.8.   Müəssisə (dəstə) kollektiv şurası müzakirə etdiyi məsələlər üzrə təkliflər hazırlayaraq, baxılmaq üçün müəssisə müdiriyyətinə təqdim edir.

5.9.   Müəssisə kollektiv şurası öz fəaliyyəti barədə yarım ildə bir dəfədən az olmayaraq məhkumların ümumi iclasında və ya dəstə nümayəndələrinin iclasında hesabat verir. Hesabat iclasında müəssisənin rəisi və ya onun müavinlərindən biri iştirak edir.

5.10. Dəstə kollektiv şurası yarım ildə-bir dəfə dəstə məhkumlarının ümumi iclasında hesabat verir. Hesabat iclaslarında müəssisənin rəis müavinlərindən biri və dəstə rəisi iştirak edir.

5.11. Dəstə kollektiv şuraları, briqadirlər və kitabxana şuraları gördükləri işlər barədə müəssisənin kollektiv şurasına rüblük məlumat verir.

5.12. Bölmə iclasları ayda bir dəfədən az olmamaq şərti ilə bölməyə rəhbərlik edən dəstə tərbiyəçilər şurasının üzvlərinin iştirakı ilə keçirilir.

5.13. Kollektiv şuralarının bölmələri gördükləri işlər barədə müvafiq kollektiv şuralarına rüblük məlumat təqdim edirlər.

 

VI. Müəssisə kollektiv şurası

 

6.1. Müəssisə kollektiv şurası:

6.1.1.    bölmə və dəstələrin kollektiv şuralarının fəaliyyətlərini təsdiq edilmiş tədbirlər planlarının icra edilməsinə istiqamətləndirir;

6.1.2.    məhkumların ictimai fəallığını inkişaf etdirir, onlara verilmiş tapşırıqların yerinə yetirilməsini təşkil edir;

6.1.3.    müəssisə kollektiv şurasının üzvlərinin, dəstə kollektiv şuralarının bölmələrin, briqadirlər, klub, kitabxana şuralarının sədrlərinin, divar qəzeti redaksiya heyətinin üzvlərinin gördükləri işlər barədə hesabatlarını, məhkumları isə onların islah və tərbiyə olunmaları məsələləri ilə əlaqədar dinləyir;

6.1.4.    məhkumların kollektivlərinə "Nümunəvi dəstə" adı verilməsi barədə materiallara baxır və müvafiq təkliflərlə müəssisə rəisinə müraciət edir.

6.2. Müəssisə kollektiv şurası əməkdə, intizamda, davranışda, təhsildə və ictimai işdə müsbət nəticələr göstərmiş məhkumlar barədə aşağıdakıhüquqlara malikdir:

6.2.1.    müəssisənin müdiriyyəti qarşısında onlara həvəsləndirmə tədbirlərini tətbiq etmək barədə vəsatət qaldırmaq;

6.2.2.    bu məhkumları kollektiv şurasının iclas protokolunda, divar qəzeti və ya təşviqatın, başqa şifahi formalarında qeyd etmək.

6.3 Müəssisə kollektiv şuraları cəzaçəkmə müəssisələrində Daxili İntizam Qaydalarını pozmuş məhkumlar barədə aşağıdakı hüquqlara malikdir:

6.3.1.    məhkumların əməllərini kollektiv şuralarının iclaslarında müzakirə etmək;

6.3.2.    cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının pozulmasının və əməyə laqeyd yanaşmağın yolverilməz olması barədə xəbərdarlıq etmək;

6.3.3.    kollektiv şuraların iclas protokollarında divar qəzeti və ya təşviqatın başqa şifahi forması vasitəsi ilə ictimai məzəmmət elan etmək;

6.3.4.    davranış qaydalarını pozmuş məhkumların hərəkətlərini ümumi iclaslarda və dəstə kollektiv şuralarının iclaslarında müzakirə etmək barədə müəssisə müdiriyyətinə təkliflər vermək;

6.3.5.    məhkumlara tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar müəssisə müdiriyyətinin qarşısında vəsatət qaldırmaq.

 

VII. Dəstə kollektiv şurası

 

7.1. Dəstə kollektiv şurası:

7.1.1. bölmələrin fəaliyyətlərini iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə istiqamətləndirir;

7.1.2.    məhkumların ictimai fəallığını inkişaf etdirir, onlara verilən tapşırıqların yerinə yetirilməsini təşkil edir;

7.1.3.    dəstə kollektiv şurasının üzvlərinin, bölmələrin sədrlərinin, divar qəzetinin redaksiya heyətinin, briqadirlərin görülmüş işlər barədə hesabatlarını, məhkumları isə onların islah və tərbiyə olunmaları məsələləri ilə əlaqədar dinləyir;

7.1.4.    "Nümunəvi briqada", "Əmək qabaqcılı", "Peşə əlaçısı" adlarına layiq görülməsinə və başqa növ həvəsləndirilməyə dair materiallara baxır, bu barədə dəstə rəisi qarşısında müvafiq təkliflər irəli sürür,

7.2. Əməkdə, davranışda, təhsil və ictimai işdə müsbət nəticələr göstərən məhkumlar barədə dəstə kollektiv şurası aşağıdakı hüquqlara malikdir:

7.2.1.    dəstə rəisi qarşısında məhkumlara müəyyən olunmuş qaydada həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi barədə vəsatət qaldırmaq;

7.2.2.    əməkdə və davranışda fərqlənmiş məhkumları divar qəzetində qeyd etmək.

7.3 cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarını pozmuş məhkumlar barədə dəstə kollektiv şurası aşağıdakı hüquqlara malikdir:

7.3.1   kollektiv şurasının iclasında davranış qaydalarını pozan məhkumların hərəkətlərini müzakirə etmək;

7.3.2   cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının pozulmasının və əməyə laqeyd yanaşmağın yolverilməz olması barədə xəbərdarlıq etmək;

7.3.3   davranış qaydalarını pozmuş məhkumların hərəkətlərini dəstə kollektiv şuralarının ümumi iclaslarında müzakirə etmək barədə dəstə rəisinə təkliflər vermək;

7.3.4   məhkumlara müəyyən olunmuş qaydada tənbeh tədbirlərinin tətbiq edilməsi barədə dəstə rəisi qarşısında vəsatət qaldırmaq.

 

VIII. Kollektiv şuralarının bölmələri

 

8.1. Hüquqpozmaların profilaktikası bölməsi:

- məhkumlar tərəfindən cəzaçəkmə müəssisənin Daxili İntizam Qaydalarına və müvafiq qanunlara riayət edilməsində, onlarda sabit vərdişlərin formalaşmasında, hüquqi biliklərə yiyələnməsində;

- mənfi xarakterizə olunan, konfliktli şərait yaradan, cəzaçəkmə müəssisənin Daxili İntizam Qaydalarını pozan məhkumlarla tərbiyəvi söhbətlər aparmaqla cəza çəkmə rejiminin möhkəmləndirilməsi işində;

- məhkumlarla keçirilən kütləvi qaydalara riayət edilməsində;

- müəssisəyə yeni daxil olmuş məhkumların mənfi xarakterizə olunan məhkumların təsiri altına düşməsini istisna edən şəraitin yaradılmasında müəssisə müdiriyyətinə köməklik göstərir.

Bölmənin işinə rəhbərliyi - tərbiyəçilər şurasının üzvlərindən biri olan əməliyyat və ya rejim xidmətinin əməkdaşı həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.2. İstehsalat bölməsi:

-     məhkumlarda əməyə vicdanla və məsuliyyətlə yanaşmaq hisslərinin aşılanmasında, əmək tapşırıqlarının və istehsalat normalarının yerinə yetirilməsində, əmək məhsuldarlığının və istehsal olunan məhsulun keyfiyyətinin artırılmasında, əmək və istehsalat intizamının möhkəmləndirilməsində;

-     məhkumlar arasında əmək yarışının keçirilməsində və onun yekunlarının müəyyən edilməsində, "Qabaqcıl kollektiv", "Nümunəvi briqada", "İstehsalat qabaqcılı", "Peşə əlaçısı" adlarına layiq görülməyə dair təkliflərin və materialların hazırlanmasında;

-     avadanlığın qorunmasında, xammallara, materiallara və elektrik enerjisinə qənaət edilməsində;

-     məhkumların əməyə münasibətlərini, gördükləri işin keyfiyyətini, təhlükəsizlik texnikası qaydalarına, əmək intizamına və istehsalatda təmizliyə riayət etmələrini yoxlamaq məqsədi ilə müvafiq reydlərin keçirilməsində;

-     qabaqcıl təcrübənin məhkumlar arasında yayılmasında, texniki yaradıcı dəməklərin, istehsalat qabaqcıllarının iclaslarının, keyfiyyət günlərinin və sənət ustalığı müsabiqələrinin keçirilməsində;

-     səmərələşdiricilik və yaradıcılıq işinin genişləndirilməsində, istehsalatda yeni texnikanın və qabaqcıl texnologiyanın tətbiq edilməsində;

-     məhkumların kollektivlərinin istehsalat fəaliyyətlərini, səmərələşdirici və yaradıcılıq işlərini əks etdirən stendlərin, istehsalat-iqtisadi mövzular üzrə plakatların düzəldilməsində və yerləşdirilməsində müəssisə müdiriyyətinə köməklik göstərir.

Bölmənin işinə rəhbərliyi - dəstə rəisi və ya dəstə tərbiyəçilər şurasının üzvü olan, istehsalatda çalışan əməkdaş həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.3. Ümumtəhsil tədris bölməsi:

- ümumtəhsil tədris işinin təmin edilməsində gənc məhkumların müəssisələrdə fəaliyyət göstərən orta məktəblərdə təhsil almağa maksimum cəlb edilməsində, məhkumlarda biliklərə yiyələnməyə maraq oyadılmasında, onların dünya görüşlərinin artırılmasında və pedaqoji kollektivə, təhsilə hörmətlə yanaşmalarının formalaşmasında;

-     məhkumların dərsə davamiyyətinə nəzarət edilməsində, onların dərs tapşırıqlarının yerinə yetirilməsində, dərslərdə geridə qalanlara köməklik göstərilməsində;

-     məktəb sahəsində, binalarda və siniflərdə lazımi səliqənin və qaydanın saxlanılmasında;

-     əyani tədris vasitələrinin hazırlanmasında məktəb otaqlarının, məktəb avadanlıqlarının təmirinə məhkumların cəlb edilməsində;

-     müəllimlər tərəfindən məhkumlarla sinifdənkənar aparılan işin təşkilində və tərbiyəvi tədbirlərin hazırlanmasında müəssisə müdriyyətinə və orta ümumtəhsil məktəbinin pedaqoji kollektivinə köməklik göstərir.

Bölmənin işinə rəhbərliyi - tərbiyəçilər şurasının üzvü olan müəllimlərdən biri həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.4. Texniki - peşə tədris bölməsi:

-   ixtisası olmayan məhkumların texniki - peşə tədrisinə cəlb olunmasında;

-   texniki - peşə tədrisində məhkum - şagirdlərin dərsə davamiyyətlərinə, onların briqada və fərdi tədris üsullarının təşkilinə nəzarət edilməsində;

-   cəzaçəkmə müəssisəsinə aid olan sənaye istehsal sahələrindəki elmi və texniki nailiyyətlərin təbliğ edilməsində;

-   əyani tədris vasitələrinin hazırlamasında, avadanlıqların təmir edilməsinə məhkumların cəlb edilməsində müəssisə müdiriyyətinə köməklik göstərir.

Bölmənin işinə rəhbərliyi - məhkumların texniki - peşə tədrisi üzrə rəhbəri həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.5. Mədəni - kütləvi iş bölməsi:

- məhkumların mənəvi və estetik tərbiyəsinin formalaşmasında və mədəni səviyyələrinin artırılmasında;

- məhkumların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilində, mədəni - kütləvi tədbirlərin hazırlanması və onların keçirilməsi zamanı bu qaydaya riayət edilməsində;

- məhkumların bədii özfəaliyyətinin, tətbiqi və texniki yaradıcılığının inkişaf etdirilməsində;

- oxucu konfranslarının, disputların, sual və cavablara həsr olunmuş görüşlərin, bədii ədəbi gecələrin təşkili və keçirilməsində;

- kitabxananın, klubun, tərbiyə işi üzrə otaqların fəaliyyətinin genişləndirilməsində, televiziya verilişlərinə baxılmasının və radio verilişlərinindinlənilməsinin təşkil edilməsində.

- əyani təbliğat vasitələrinin hazırlanıb yerləşdirilməsində, müvafiq mövzular üzrə yerli radioqəzetlərin buraxılmasında müəssisə müdiriyyətinə köməklik edir.

Bölmənin işinə rəhbərliyi - dəstə rəisi həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.6. İdman və bədən tərbiyəsi işi üzrə bölmə:

-    məhkumlarla bədən tərbiyəsi, istehsalat gimnastikası və idman yarışlarının keçirilməsinin təşkilində;

-    məhkumlar arasında bədən tərbiyəsinin və idmanın təbliğ edilməsində, idman komandalarının və bölmələrinin yaradılmasında;

-    idman meydançalarının quraşdırılması və təmiri işlərinə məhkumların könüllülük əsasında cəlb olunmasında;

-    bədən tərbiyəsi və kütləvi-idman tədbirlərinin keçirilməsi zamanı müvafiq qaydalara riayət edilməsində müəssisə müdiriyyətinə köməklik edir.

Bölmənin işinə rəhbərliyi - tərbiyəçilər şurasının üzvü həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.7. Sanitariya-məişət bölməsi:

-   məhkumlar arasında sanitariya və profilaktika işinin aparılmasında;

-   məhkumlar tərəfindən şəxsi gigiyena qaydalarına və istehsalat sanitariyasına əməl olunmasının təmin edilməsində;

-   müəssisə ərazisinin və dəstələrin yaşayış, kommunal-məişət otaqlarının sanitariya vəziyyətlərinin yoxlanılması ilə əlaqədar reydlərin təşkil edilməsində;

-   sanitariya vəziyyətini əks etdirən bülletenlərin hazırlanmasında, divar qəzetlərinin buraxılması və radioverilişlərin verilməsində;

-   müəssisə ərazisində, yaşayış və kommunal-məişət otaqlarında görüləcək abadlaşdırma işlərinə məhkumların cəlb olunmasında müəssisə müdiriyyətinə köməklik edir.

Bölmənin işinə rəhbərliyi - tərbiyəçilər şurasının üzvü olan kommunal - məişət, tibb-sanitariya hissəsi və ya digər xidmət sahələrinin əməkdaşlarından biri həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.8. İctimai iaşə bölməsi:

-            istehsalat və yaşayış sahəsində yerləşən yeməkxanalarda işin normal təşkilinin təmin edilməsində;

-            məhkumlara ayrılan və verilən ərzaqların normalara uyğun olmasına mütəmadi nəzarət edilməsində:

-            ilkin tələbat mallarının və ərzaqların satılması zamanı müəssisənin köşklərində, məhkumların qida qəbul etdiyi zaman yeməkxanalarda lazımi asayişin təmin olunmasında;

-            məhkumlar tərəfindən ərzaq məhsullarının lazımi qaydada saxlanılmasını və bu məqsədlə dəstələrdə xüsusi otaqların təşkil edilməsində müəssisə müdiriyyətinə köməklik edir.

Bölmənin işinə rəhbərliyi - cəzaçəkmə müəssisəsi rəisinin sosial müdafiə və islah işləri üzrə müavini və müəssisənin tibb-sanitariya hissəsinin rəisi həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyırlar.

 

8.9. Məhkumlar üçün mətbuat orqanının ictimai müxbirlər bölməsi:

-    müəssisənin, dəstələrin, bölmələrin, briqadaların fəaliyyətini əks etdirən materialların toplanması və hazırlanmasında;

-    məhkumlar üçün mətbuat orqanın səhifələrində istehsalat qabaqcıllarının iş təcrübəsinin təbliğ edilməsində;

-    məhkumların islah olunmaları, onların tərbiyə tədbirlərində iştiraklarını, ümumtəhsil və texniki - peşə tədrisində, mədəni - kütləvi, bədən tərbiyəsi və idman işlərində fərqlənmiş şəxslər, habelə istehsalat və mədəni-məişət otaqlarının sanitariya vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlər barədə materialların hazırlanmasında;

-    məhkumların özfəaliyyət təşkilatlarının işinin işıqlandırılmasında;

-    məhkumlar tərəfindən cəzanın çəkilməsi qaydalarının pozulması hallarının, istehsalat və əmək intizamının yerinə yetirilməsində yol verilmişnöqsanların işıqlandırılmasında müəssisə müdiriyyətinə köməklik göstərir.

Bölmənin işinə rəhbərliyi - cəzaçəkmə müəssisəsinin rəisinin sosial müdafiə və islah işləri üzrə müavini həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.10. divar qəzetinin redaksiya heyəti:

- divar qəzeti vasitəsi ilə məhkumların həyat və məişətlərinə aid məsələlərin, onların cəzaçəkmə müəssisəsində müəyyən edilmiş qaydalara riayət etmələrinin, yoldaşlıq yardımını və ictimai - faydalı fəallıqlarının işıqlandırılmasında;

-    nümunəvi davranışı ilə fərqlənən məhkumların əməyə və təhsilə vicdanla yanaşmalarnın, cəzaçəkmə müəssisəsində Daxili İntizam Qaydalarının və müəssisə müdiriyyətinin tələblərinin yerinə yetirilməsinin vacibliyini daimi olaraq divar qəzetində əks etdirilməsində;

-    məhkumların ümumi və fərdi tapşırıqları yerinə yetirmələrinin və məhsulun keyfiyyətli istehsal olunmasının, materiallara və istehsalat vasitələrinə qənaət edilməsinin qəzetdə işıqlandırılmasında;

-    ən yaxşı briqada, növbə, sex kollektivlərinin, əmək qabaqcıllarının işinin və məhkumların faydalı təşəbbüskarlığının geniş təbliğ edilməsində;

-    məhkumların ümumtəhsil və texniki-peşə tədrisinə, mədəni-kütləvi tədbirlərdə və bədən tərbiyəsi idman yarışlarında iştiraklarına, cəzaçəkmə müəssisəsinin ərazisinin, yaşayış, istehsalat binalarının və mədəni məişət otaqlarının abadlaşdırılması işinə aid məsələlərin işıqlandırılmasında;

-    cəzaçəkmə müəssisəsində məhkumların Daxili İntizam Qaydalarına, müəssisə müdiriyyətinin tələblərinə riayət edilməsində və özfəaliyyət təşkilatlarının işində yol verilmiş nöqsanların işıqlandırılmasında müəssisə müdiriyyətinə köməklik edir.

Redaksiya heyətinin işinə rəhbərliyi - cəzaçəkmə müəssisəsi rəisinin sosial müdafiə və islah işləri üzrə müavini (dəstələrdə - dəstə rəisi) həyata keçirir və onun fəaliyyətinə görə cavabdehlik daşıyır.

 

8.11. Briqadirlər şurası:

- briqadalarda əməyin və əmək yarışlarının təşkilinin təkmilləşdirilməsində, istehsalat tapşırıqlarının yerinə yetirilməsində, istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsində, xammallara və materiallara qənaət edilməsində;

- məhkumların əmək və istehsalat intizamının yüksəldilməsində, kollektivçiliyin inkişafında, yaradıcı əməyin böyük vüsət almasında;

- cəzaçəkmə müəssisəsinə yeni daxil olan məhkumların ictimai - faydalı əməyə uyğunlaşması onlarda sənət vərdişlərinin formalaşması ilə əlaqədar aparılan işlərdə müəssisə müdiriyyətinə köməklik edir.

Briqadalar şurasının işinə müəssisənin istehsalat üzrə rəis müavini və ya cəzaçəkmə müəssisəsinin istehsalat sahəsinin müdiri rəhbərlik edir.

 

8.12. Klub şurası :

- klubda keçirilən tədbirlərdə məhkumların iştirak etmələrinə cəlb edilməsində;

-   məhkumların bədii özfəaliyyət, rəssamlıq və tətbiqi incəsənət dəməklərində iştirak etmələrinə cəlb edilməsində;

-   kinolektoriyaların hazırlanmasında, kinofilmlərin müzakirəsində;

-   məşhur şəxslərlə, əmək və hami kollektivlərin nümayəndələri, incəsənət xadimləri ilə görüşlərin keçirilməsində;

-   məhkumlar arasından bədii özfəaliyyət kollektivlərinin, dəməklərin rəhbərlərinin seçilməsində;            

-   klub otaqlarının lazımi qaydada saxlanılmasında, avadanlığın, mebelin və inventarın hazırlanmasında və təmirinə məhkumların cəlb edilməsində müəssisə müdiriyyətinə köməklik edir.

Klub şurasının işinə cəzaçəkmə müəssisəsi rəisinin sosial müdafiə və islah işləri üzrə müavini rəhbərlik edir.

 

8.13. kitabxana şurası:

-      məhkumların kitaba olan bədii zövqlərinin və oxucu vərdişlərinin formalaşmasında, oxuculuq mədəniyyətinin yüksəlməsində, kitabın təbliğində;

-      kitabxana oxucularının sayının çoxaldılmasında, dəstə kitabxanalarının ictimai əsaslar əsasında yaradılmasında və ya təkmilləşdirilməsində;

-      oxucu konfranslarının, bədii axşamların, disputların, incəsənət və mədəniyyət xadimləri ilə görüşlərin hazırlanmasında və keçirilməsində;

-      kitabxana bülletenlərinin buraxılmasında, kitab sərgilərinin hazırlanmasında, mövzu üzrə sərgi və stendlərin tərtib edilməsində, kitabların bərpasında, qəzet və jurnalların cəmləşdirilməsində, kitabxanada lazımi qaydaların yaradılmasında;

-      gündəlik mətbuata könüllü abunə yazılışının təşkilində;

-      kitab fondunun siyahıya alınmasında müəssisə müdiriyyətinə köməklik edir.

Kitabxana şurasının işinə cəzaçəkmə müəssisəsinin rəisinin sosial müdafiə və islah işləri üzrə müavini rəhbərlik edir.

 

IXÖzfəaliyyət təşkilatlarının işləri barədə qeydiyyat

 

9.1.   Məhkumların bütün özfəaliyyət təşkilatları - müəssisə və dəstə kollektiv şuraları, onların bölmələri, briqadirlər, klub, kitabxana şuraları öz işləri barədə müvafiq qeydiyyat kitabları aparır;

9.2.   Qeydiyyat kitablarında şura və bölmələrin üzvləri haqqında məlumat, iş planları, iclas protokolları qeyd olunur. Bundan əlavə həmin təşkilatların fəaliyyətlərinin müəssisə müdiriyyəti tərəfindən yoxlanılması barədə qeydlər göstərilir.

9.3.   Müəssisə kollektiv şurasının işi barədə qeydiyyat kitabında məhkumların ümumi iclas protokollarının qeydiyyatı aparılır.

9.4.   Müəssisə kollektiv şurası həm öz işini, həm də dəstə kollektiv şuralarının və onların bölmələrinin işini ümumiləşdirir və təhlil edir.

9.5.   Özfəaliyyət təşkilatlarının qeydiyyat kitablarının saxlanma müddəti - iki ildir.

 

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).