13:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi

"Dövlət qeydiyyatına alınmışdır."

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat ¹-3043

"07" aprel 2004-cü il

Nazir ____________ F.F.Məmmədov

"Təsdiq edirəm"

Azərbaycan Respublikasının

Ədliyyə Naziri

F.F.Məmmədov

Əmr ¹-12-T

"12" mart 2004-cü il

 

 

"Razılaşdırılmışdır"

Azərbaycan Respublikasının

Təhsil Naziri

______M.C.Mərdanov

¹-198

"12" mart 2004-cü il

 

 

 

Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 104.5.-ci maddəsinə uyğun olaraq hazırlanmış və müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən məktəblərdə ümumi orta təhsilinin həyata keçirilməsini tənzimləyir.

1.2. Cəzaçəkmə müəssisələrində məhkumların islah edilməsi və müstəqil həyata hazırlanması məqsədilə onlarda qanuna itaətin həvəsləndirilməsinə, əməyə və təhsilə vicdanlı münasibətin formalaşmasına, onların mədəni səviyyəsinin artırılmasına yönəldilmiş, vahid islah işinin ayrılmaz hissəsi olan tədris prosesi həyata keçirilir.

1.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Təhsil Qanununa, Cəzaların İcrası Məcəlləsinə və bu Qaydaya uyğun olaraq həyata keçirilir.

1.4. Cəzaçəkmə müəssisələrində təşkil edilən ümumi orta təhsil məktəbləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxildir.

1.5. Ümumi orta təhsilə orta təhsili olmayan qırx yaşınadək məhkumlar cəlb edilirlər. Yaşı qırxdan çox olan məhkumlar, birinci və ikinci qrup əlilliyi olan məhkumlar ümumi orta təhsilə öz arzularına görə cəlb edilirlər. Cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan və ya səhhəti ilə əlaqədar hamilə məhkum qadınlara orta təhsil alması üçün əlavə şərait (səhhətləri ilə əlaqədar həkimin rəyinə əsasən tədrisdən azad edilmiş və  ya uşaq evlərindəki uşaqlarını qidalandırmaları üçün dərsdən azad edilmiş məhkum qadınlar üçün əlavə dərs saatları təşkil edilə bilər və ya onlar qanunvericiliyə uyğun olaraq sərbəst formada təhsil ala bilərlər) yaradılmalıdır.

1.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi orta təhsilə cəlb olunmurlar. Onların öz-özünə təhsil alması üçün cəzanın icrası və çəkilməsi qaydasına və şərtlərinə zidd olmayan şərait (dərsliklər və dərs vəsaitləri ilə təmin edilmələri) yaradılır.

1.7. Məktəblər metodik təminatı Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbəsindən alırlar.

1.8. Məktəblərdə kargüzarlığın aparılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

1.9. Cəzaçəkmə müəssisələrinin nəzdində ümumi təhsil məktəblərinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

2. Tədris prosesinin təşkili və məktəbə qəbul

 

2.1. Cəzaçəkmə müəssisələrində təşkil edilən məktəblərdə tədris axşam, tərbiyə müəssisələrində isə əyani formada həyata keçirilir.

2.2. Məktəblərdə siniflər, hər birində məhkum-şagirdlərin sayı 50 nəfərdən çox və 15 nəfərdən  az olmamaqla  təşkil edilir (müstəsna hallarda siniflər 15 nəfərdən az olduqda da təşkil edilir).

2.3. Məktəbdə dərslər Azərbaycan dilində   aparılır (müstəsna hallarda məşğələlər rus dilində də aparıla bilər).

2.4. Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən məktəblərdə təhsil prosesinin məzmunu və təşkili Təhsil Nazirliyinin tərtib və təsdiq etdiyi planlara, proqramlara, digər metodik tədris sənədlərinə müvafiq olaraq müəyyənləşdirilir.

2.5. Ümumtəhsil məktəblərinə məhkumlar, təhsil haqqında müvafiq sənədlər (təhsil haqqında sənəd, məktəbdən verilən arayış və ya məhkəmənin hökmü) və müəssisə rəisinin və ya onun islah işləri və sosial müdafiə üzrə müavininin təqdimatı əsasında məktəb direktorunun əmri ilə məktəbə qəbul olunurlar. Təhsil haqqında sənəd təqdim etməyən, noyabr ayından sonra müəssisəyə gətirilmiş məhkumlar, onların barəsində çıxarılmiş hökmdə təhsil səviyyəsinə dair göstərilən məlumat əsasında ümumi təhsilin müvafiq sinfinə (ibtidai, əsas və ya orta ümumi təhsil) qəbul edilirlər. Belə məhkum-şagirdlər barədə onların oxuduqları məktəbin direktorlarına və ya müvafiq təhsil şöbələrinə (idarələrinə) sorğular göndərilir və onların təhsili haqqında sənədlərinin əldə edilməsi üçün tədbirlər görülür. Siniflər dərs ilinin başlanmasına qədər komplektləşdirilməlidir. Ümumtəhsil məktəblərini gündüz təhsili formasında oxumuş, sentyabr və ya oktyabr ayında cəzaçəkmə müəssisəsinə daxil olmuş məhkumlar, məhkəmənin hökmündə göstərilmiş sinifdən bir pillə yuxarı sinfə qəbul edilirlər. Bu məhkumların da təhsil sənədlərini əldə etmək üçün müvafiq təhsil şöbələrinə  (idarələrinə) sorğular göndərilir.

2.6. Orta təhsil alan məhkumların vəzifələri və hüquqları Cəzaların İcrası Məcəlləsi, Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

2.7. Məktəblərdə təhsil alan, işləyən məhkumlara imtahan vermək üçün əmək qanunvericiliyinə uyğun olaraq ödənişli təhsil məzuniyyəti verilir.

2.8. Dərslər bütün məktəblərdə, bir qayda olaraq, sentyabrın 15-də başlayır və mayın 31-də başa çatır. Məktəblərdə dərs ilinin müddəti 34 həftə olmaqla, iki yarım ilə bölünür: birinci yarım il 16 həftə (sentyabrın 15-dən dekabrın 30-dək), ikinci yarım il - 18 həftə (yanvarın 6-dan mayın 31-dək). Qış tətili dekabrın 30-dan yanvarın 6-dək davam edir. Dərslərin başlanması və qurtarması vaxtları, dərslərarası fasilə cəzaçəkmə müəssisəsinin rəisi ilə razılaşdırılmaqla məktəb direktorunun əmri ilə müəyyənləşdirilir.[1]

2.9. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda, bir nəfərlik kameralarda və intizam təcridxanalarında saxlanılan məhkumlar dərslərə buraxılmırlar. Dərslərə davamiyyət jurnallarında məhkumun dərsdə olmadığı barədə müvafiq qeydlər aparılır və onlara dərsləri davam etdirmək üçün şərait yaradılır.

2.10. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən məktəbdə əsas təhsil almış məhkum-şagirdlərə şəhadətnamə, orta təhsil almış məhkum-şagirdlərə isə attestat verilir. Şəhadətnamə və ya attestat məhkumun şəxsi işində saxlanılır və azad olunarkən digər şəxsi sənədləri ilə birgə ona qaytarılır.

 

3. Cəzaçəkmə müəssisələrinin nəzdindəki ümumi orta təhsil məktəbinin müəssisə müdiriyyəti ilə birgə fəaliyyəti

 

3.1. Cəzaçəkmə müəssisəsi müdiriyyətinin vəzifələri:

3.1.1. Ümumi orta təhsili olmayan məhkumların qeydiyyatını aparmaq;

3.1.2. Təlim-tərbiyə işinin aparılması üçün şərait yaratmaq. Məktəb binasını, sinifləri təmir etmək, yaranmış zərurətlə əlaqədar cəzaçəkmə müəssisəsində məktəb binasını inşa etmək, məktəbin sinif otaqlarını müvafiq mebel ilə təmin etmək, təhsil nazirliyi orqanları tərəfindən ayrılan vəsait hesabına sinif və fənn kabinetlərini tədris vəsaitləri və avadanlıqları ilə təmin etmək;

3.1.3. Məktəbin pedaqoji kollektivinə cəzaçəkmə müəssisəsində məhkumların təhsil alması məsələlərini tənzimləyən hüquqi və metodiki  sənədlərin öyrənilməsində köməklik etmək;

3.1.4. Məhkumların islah prosesinin həyata keçirilməsində məktəbin pedaqoji işçiləri ilə müəssisənin müvafiq xidmət sahəsinin əməkdaşlarının birgə fəaliyyətini təmin etmək;

3.1.5. Cəzaçəkmə müəssisəsinin ərazisində olduqları müddətdə məktəb işçilərinin təhlükəsizliyini təmin etmək;

3.1.6. Təhsil prosesində istifadə olunacaq reaktiv maddələrin, optik cihazların, radio və fotoaparatların, cəzaçəkmə yerlərində qadağan olunmuş başqa ləvazimatların cəzaçəkmə  müəssisəsindən kənarda saxlanılmasına  və onlardan düzgün istifadə olunmasına nəzarəti təmin etmək.

3.2 Cəzaçəkmə müəssisəsi müdiriyyətinin hüquqları:

3.2.1. Məktəbdə keçirilən dərslərdə və məşğələlərdə iştirak etmək, məktəbin müəllimlərini məhkumların tərbiyə və islah olunması işinə cəlb etmək;

3.2.2 . Məktəbin pedaqoji şuralarının iclaslarında iştirak etmək;

3.2.3. Cəzaçəkmə müəssisəsində qanunvericiliklə müəyyən edilmiş qaydaları pozan müəllimlərin müəssisənin ərazisinə daxil olmasını qadağan etmək və təhsil orqanları qarşısında həmin şəxsin başqası ilə əvəz edilməsi məsələsini qaldırmaq.

3.3. Dərs ili müddətində Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 65.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla məhkum-şagirdlərin bir müəssisədən başqa müəssisəyə keçirilməsinə icazə verilmir. Məhkumların bir müəssisədən digərinə keçirilməsi barədə müəssisənin xüsusi hissəsi məktəbin rəhbərliyini vaxtında xəbərdar etməlidir. Dərslərin keçirildiyi günlərdə məhkumların dərsə mane olan əlavə işlərə cəlb olunmaları qadağandır.

3.4 Məktəb rəhbərliyinin və müəllimlərinin vəzifələri:

3.4.1. Ümumi orta təhsil almalı olan məhkumların təhsilə cəlb edilməsini təmin etmək üçün müvafiq işlər aparmaq, məhkumların təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək;

3.4.2. Məhkumların məşğələlərə və dərslərə müstəqil hazırlanmasına köməklik göstərmək;

3.4.3. Azadlıqdan məhrum  edilmiş şəxslərlə aparılan  tərbiyə işində iştirak etmək;

3.4.4. Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş məhkumlarla davranış qaydalarına ciddi riayət etmək. Müəssisələrin müdiriyyətinə məhkumlar arasında nizam - intizamın və rejim qaydalarına riayət  olunmasının  möhkəmləndirilməsinə müntəzəm olaraq köməklik göstərmək;

3.4.5. Təhsil prosesində istifadə olunan əyani vəsaitlərin, avadanlığın və başqa əmlakın qorunub saxlanılmasını təmin etmək; 

3.4.6. Müəssisənin əməkdaşları ilə tərbiyə işinin metodikası, onun psixoloji və pedaqoji əsasları barədə məşğələlər aparmaq.

3.5. Təhsil Nazirliyinin yerli orqanları  məhkumların məktəbdə təlim-tərbiyə prosesinin təşkilinə, biliklərin səviyyəsinə müntəzəm olaraq nəzarət edir və qabaqcıl pedaqoji təcrübəni təhsil prosesində təbliğ edirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi təlim-tərbiyə prossesinin təşkilinə köməklik göstərirlər.[2]

3.6. Məhkum-şagirdlərlə aparılan tərbiyə prosesində pedaqoji işçilərlə cəzaçəkmə müəssisələrinin əməkdaşları birgə fəaliyyət göstərirlər.

3.7. Məktəbin rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Təhsil Qanunu ilə, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydaları, digər normativ hüquqi aktlarla, habelə məktəbin nizamnaməsi ilə müəyyən olunur.

3.8. Məktəbin rəhbərliyi və pedaqoji işçiləri cəzaçəkmə müəssisəsinin rəisi ilə razılaşdırılmaqla mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əsasən təyin edilirlər.

 

4. Təlim-tərbiyə işi

 

4.1. Məktəblərdə təlim-tərbiyə işləri müəyyən edilmiş qaydada müəssisə rəisi və ya onun islah işləri və sosial müdafiə üzrə müavini ilə razılaşdırıldıqdan sonra Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları və proqramına müvafiq aparılır.

4.2. Məktəbin müəllimləri cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə birlikdə  məhkum-şagirdlərin lazımi səviyyədə təhsil almasını və onlara yüksək əxlaqi keyfiyyətlərin aşılanmasını təmin edirlər.

4.3. Məktəbin müəllimləri cazaçəkmə müəssisələrinin əməkdaşları ilə birlikdə məhkumlarla keçirilən informasiya saatlarının,  tərbiyəvi tədbirlərin və mühazirələrin keçirilməsini təşkil edirlər.

4.4. Məktəbin pedaqoji şurası və pedaqoji kollektivi Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin təklif və tövsiyələrini nəzərə alaraq, məktəbin qarşısında duran məqsəd və vəzifələrin həyata keçirilməsi üçün zəruri tədbirləri müəyyənləşdirərək onların icrasını təmin edirlər.

4.5. Məhkumların ümumi orta təhsili həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır. Məktəbdə təhsil alan məhkumlara Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 105-ci və 107-ci maddələrində nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edilir.

4.6. Məktəbin sinif rəhbərləri məhkumlar arasında məqsədyönlü tərbiyə işi aparmaqla ətraf mühitə, dövlət bayrağına, gerbinə və sair dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət hissləri  aşılayırlar.

4.7. Məktəbin pedaqoji kollektivi cəzaçəkmə müəssisəsinin Dəstə Tərbiyəçilər Şuralarının işində iştirak edir.

 

5. Orta ümumtəhsil məktəbinin maliyyələşdirilməsi və maddi-texniki bazası

 

5.1. Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi yerli təhsil xərcləri hesabına həyata keçirilir.

5.2. Məktəbin kommunal-məişət təminatı, təmiri, avadanlığın alınması cəzaçəkmə müəssisəsinin saxlanılmasına ayrılmış müvafiq smeta xərclərinə əsasən təşkil edilir. Məktəblər tədris vəsaitləri, əyani tədris vasitələri və dərsliklərlə Təhsil Nazirliyi tərəfindən təmin olunurlar.

5.3. Müəssisənin müvafiq təhsil və məktəb sənədləri mövcud təlimata əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyindən alınır.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 iyun 2007-ci il tarixli 3324 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, ¹ 05-06)














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).