14:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 


I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:
qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir;
məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər.
 
Maddə 2. Qaçqın statusunun verilmədiyi hallar
Aşağıdakılara qaçqın statusu verilmir:
beynəlxalq hüquqda təyin edildiyi kimi, sülhə qarşı cinayət, hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə;
Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsə;[1]
Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə.
 
Maddə 3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin birinci hissəsinə və 109-cu maddəsinin 21-ci bəndinə uyğun olaraq verilir.
 
Maddə 4. Qaçqın Statusu almaq istəyən şəxsin Azərbaycan Respublikasının ərazisinə buraxılması
Qaçqın statusu almaq istəyən şəxs Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sərhəd-nəzarət məntəqələrindən buraxılır.
 
Maddə 5. Qanunsuz gəlməyə görə məsuliyyətin tətbiq edilməməsi. Qaçqınların gəldikləri ölkəyə göndərilməməsi və ya məcburi qaytarılmaması
Bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş səbəblərə görə başqa dövlətdən qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmiş və mümkün qədər tez müvafiq səlahiyyətli orqana müraciət etmiş şəxs həmin orqanın əsaslandırılmış qərarı ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan məsuliyyətdən azad edilir.
Qaçqın bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş səbəblərə görə onun həyat və ya azadlığını təhlükə gözləyən ölkəyə heç bir halda göndərilmir və ya məcburi qaytarılmır.

 

II fəsil

QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN (ÖLKƏ DAXİLİNDƏ KÖÇÜRÜLMÜŞ ŞƏXSLƏRİN) HÜQUQİ STATUSU

 

Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri
Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar.
Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:
iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə, lakin ən çoxu üç ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşamaq;[2]
haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq;
müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi pulsuz dərman və tibb yardımı almaq;[3]
uşaqların məktəbəqədər tərbiyə ocaqlarında, yeniyetmələrin və gənclərin müvafiq təhsil müəssisələrində təhsil almaq;
yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq;
dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq;
tək pensiyaçıların və əmək qabiliyyəti olmayan əlillərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi;
Bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq;
dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq;
pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək;
əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ.
Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən "Yol sənədi" əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər.[4]
Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır.
Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər.[5]
 
Maddə 7. Qaçqınların yerli şəraitə uyğunlaşması və təbəəliyə keçməsi, onlara humanitar yardım verilməsi
Qaçqınların yerli şəraitə uyğunlaşması, təbəəliyə keçməsi, dili öyrənməsi, öz hüquq və vəzifələri ilə tanış olması üçün şərait yaradılır.
Qaçqın humanitar yardımdan istifadə edə bilər.
Qaçqın Azərbaycan Respublikasının vətəndaşlığını "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə əldə edir.
 
Maddə 8. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə göndərilməsi
Bu Qanuna müvafiq surətdə qaçqın statusu və sığınacaq verilə bilməyən şəxs "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasından başqa ölkəyə göndərilə bilər. [6]

 

III fəsil

QAÇQIN VƏ YA MƏCBURİ KÖÇKÜN (ÖLKƏ DAXİLİNDƏ KÖÇÜRÜLMÜŞ ŞƏXSİN) STATUSUNUN ƏLDƏ EDİLMƏSİ. QAÇQIN STATUSUNUN İTİRİLMƏSİ

 

Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar
Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.
 
Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası
Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.
Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
 
Maddə 11. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsin hüquq və vəzifələri
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxsə aşağıdakı hüquqlar verilir:
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq;
tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
müvəqqəti işə düzəlmək;
tibb yardımı almaq;
qaçqın statusu verilməsi məsələsi həll edilənədək onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq;[7]
öz dininə sərbəst etiqad etmək;
BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının nümayəndəsi ilə əlaqə saxlamaq.
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxs;
qaçqın statusu verilməsi məsələsinin həlli üçün zəruri məlumatı Azərbaycan Respublikasının müvafiq orqanına təqdim etməli;
Azərbaycan Respublikasının ərazisində olmağın mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydasını gözləməli;
məcburi dövlət daktiloskopik qeydiyyatından keçməli;[8]
səhiyyə orqanlarının tələbi ilə tibbi müayinədən keçməlidir.
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat verməkdən imtina edən və ya qaçqın statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə qaçqın statusu verməkdə imtina edilir.
 
Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası
Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.
Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.[9]
Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. [10]
 
Maddə 13. Qaçqın statusu verməkdən imtina edilməsi
Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.[11]
Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.[12]
Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.[13]
 
Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi
Qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir:
vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;
öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;
Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;
təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;
qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla);
müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla).
Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.
Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:
əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
 
Maddə 15. Qaçqın statusundan məhrum etmə və qaçqınların başqa ölkəyə göndərilməsinin, verilməsinin və ya məcburən qaytarılmasının qadağan edilməsi
Qaçqın statusundan şəxs aşağıdakı hallarda məhrum edilir:
dövlət təhlükəsizliyi və ya ictimai qayda üçün qorxu törətdikdə;
Qaçqın statusunu bilərəkdən yalan məlumat və ya saxta sənədlər təqdim etmək nəticəsində əldə etmiş olduqda;
ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş müddətə azadlıqdan məhrum edildikdə və ya ömürlük azadlıqdan məhrum edildikdə. [14]
Qaçqın statusu almaq üçün ərizə vermiş şəxs onun məsələsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilənədək başqa ölkəyə göndərilə bilməz, verilə və ya məcburən qaytarıla bilməz.
Qaçqın statusundan məhrum etmək, qaçqını, eləcə də qaçqın statusu istəyən şəxsi başqa ölkəyə göndərmək, vermək və ya məcburən qaytarmaq barəsində qərarı məhkəmə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında qəbul edir. Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.[15]
 
Maddə 16. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) işə düzəlməsi
Müvafiq icra hakimiyyəti orqanları qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) iş yeri seçməkdə kömək göstərirlər.
Fasiləsiz iş stajının bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni iş yerində həyata keçirilir.
Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) ixtisasını artırması və ya yeni peşə öyrənilməsi ilə əlaqədar istehsalatdan ayrıldığı dövrdə ona yeni iş yerində yeni ixtisası üzrə orta əmək haqqı ödənilir. İstehsalatdan ayrılmadan ixtisasını dəyişməklə əlaqədar bütün istehsal dövrü üçün əmək haqqındakı fərqi qaçqına və ya məcburi köçkünə (ölkə daxilində köçürürmüş şəxsə) onunla əmək müqaviləsi bağlamış idarə, müəssisə və təşkilat ödəyir.
Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur.[16]
 
Maddə 17. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) yaşayış sahəsi ilə təmin edilməsi
Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.
Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) arzusu ilə ona on il müddətinə məqsədli faizsiz ssuda, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə və qaydada istifadəsi üçün torpaq sahəsi verilir.
Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) mənzil və ya ev satın-alarkən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir.
 
Maddə 18. Qaçqınlardan vergi tutulması
Qaçqınlar yalnız Azərbaycan Respublikasının vətəndaşlarından tutulan vergi və rüsumlara cəlb olunurlar.
Bu maddənin birinci hissəsi müvafiq inzibati sənədlərin verilməsi ilə əlaqədar tutulan rüsumlara şamil edilmir.

 

IV fəsil

YEKUN MÜDDƏALARI

 

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
Maddə 20. Qaçqın problemlərinə dair beynəlxalq əməkdaşlıq
Qaçqınlar və məcburi köçkünlər (ölkə daxilində köçürülmüş şəxslər) probleminin yaranması səbəblərinin aradan qaldırılması, onların maddi vəziyyətinin yaxşılaşdırılması və hüquqi statusunun təkmilləşdirilməsi, habelə qaçqınların daimi yaşadıqları ölkəyə könüllü surətdə qaytarılması məqsədilə Azərbaycan Respublikası başqa dövlətlərlə, beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı idarəsi ilə əməkdaşlıq edir.
 
Maddə 21. Bu Qanunun qüvvəyə minməsi qaydası
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 21 may 1999-cu il
668-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 676)

 

2. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 731)

3. 12 oktyabr 2001-ci il tarixli 207-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 699)

4. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1053)

5. 2 aprel 2010-cu il tarixli 984-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 aprel 2010-cu il, 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 280)

6. 10 iyun 2011-ci il tarixli 160-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 30 iyul 2011-ci il, 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 602)

7. 17 oktyabr 2014-cü il tarixli 1060-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 23 noyabr 2014-cü il, 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1340)

8. 6 oktyabr 2015-ci il tarixli 1345-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 23 oktyabr 2015-ci il, 231; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1104)

9. 30 dekabr 2016-cı il tarixli 484-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 yanvar 2017-ci il, 14)
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).