8:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Seçkilər haqqında

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Seçkilər haqqında
 Naxçıvan Muxtar Respublikasının Qanunu
 
(Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
16 dekabr 2008-ci il və 24 iyun 2010-cu il tarixli Qanununa əsasən edilmiş
əlavələr və dəyişikliklər ilə)

 

Bu Qanun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

I  FƏSİL

ÜMUMİ  MÜDDƏALAR

                 Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar

             
1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

            
1.1.1. seçkilər - Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və bu Qanun əsasında keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi (bundan sonra Ali Məclis) deputatlarının seçkiləri;

           
1.1.2. seçici -  seçki hüququna malik şəxs;

1.1.3. seçki komissiyası - bu Qanunla nəzərdə tutulan qaydada formalaşdırılan, seçkilərin keçirilməsini təşkil edən və təmin edən kollegial orqan;

1.1.4 seçki dairəsi - qeydə alınmış seçicilərin Ali Məclisə deputat seçməsi üçün bu Qanuna uyğun olaraq təşkil edilmiş ərazi vahidi;

1.1.5. vətəndaş - Naxçıvan Muxtar Respublikasında daimi yaşayan aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları və bu Qanunun 13.2-ci maddəsində göstərilən şəxslər;

1.1.6. namizəd -Ali Məclisin deputatı seçilmək üçün bu Qanuna uyğun olaraq namizədliyi irəli sürülmüş şəxs;

1.1.7. seçki hüququ -Ali Məclisin deputatlarını seçmək və həmin orqana seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində,  seçkiqabağı təşviqatda, seçki komissiyalarının işində, seçkilərin keçirilməsinin müşahidəsində (seçkilərin nəticələrinin müəyyən edilməsi də daxil olmaqla),  səsvermədə, digər seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək;

1.1.8. seçici siyahıları -  müvafiq seçki dairəsinin seçki məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları;

1.1.9. imza vərəqələri - bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən seçicilərin imzaları olan siyahılar;

1.1.10. təşviqat materialları -  seçki kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı təşviqata həsr edilmiş çap və digər materiallar;

1.1.11. seçkiqabağı təşviqat - vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

1.1.12. namizədlərin irəli sürülməsi -Ali Məclisin deputatı  seçilməsi nəzərdə tutulan şəxslərin müəyyən edilməsinə dair təşəbbüs, həmçinin bu təşəbbüsün dəstəklənməsinə yönəldilmiş imzaların toplanması və ya bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən təşəbbüsün digər üsullarla həyata keçirilmə formaları;

1.1.13. qeydə alınmış namizəd - Ali Məclisin deputatı seçilmək üçün bu Qanuna uyğun olaraq qeydə alınmış şəxs;

1.1.14. müşahidə - məlumatların yığılması və  onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması;

1.1.15. müşahidəçi - seçkilərin keçirilməsi zamanı seçkiləri müşahidə etmək üçün siyasi partiyalar, ictimai təşkilatlar, namizədlər tərəfindən təyin edilən və bu Qanunla nəzərdə tutulmuş qaydada müvafiq seçki komissiyasında qeydə alınmış şəxs;

1.1.16. beynəlxalq (xarici) müşahidəçi -  seçkiləri müşahidə etmək hüququnu almış və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs;

1.1.17. seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər - müşahidəçilər, beynəlxalq (xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, kütləvi informasiya vasitələrinin nümayəndələri;

1.1.18. siyasi partiyalar - müvafiq qaydada qeydiyyatdan keçmiş siyasi partiyaların yerli təşkilatları;

1.1.19. siyasi partiyalar bloku - seçkilərdə birgə iştirak etmək üçün 2 və ya daha çox siyasi partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok;

1.1.20. seçki kampaniyası - seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərcinə qədər çəkən müddətdə həyata keçirilən seçki hərəkətləri;

1.1.21. seçki şikayəti - seçkilərlə əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləvğ edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciət;

1.1.22. şəxsiyyəti təsdiq edən sənəd -  şəxsiyyət vəsiqəsi və ya vətəndaşın adını, atasının adını, soyadını,  doğum tarixini, yaşayış ünvanını əks etdirən və həmçinin vətəndaşın fotoşəkli olan rəsmi sənəd (bu cür sənədlərin siyahısı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra Mərkəzi Seçki Komissiyası) tərəfindən təsdiq edilir);

1.1.23. dərc - seçki komissiyalarının seçkilərlə bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi;

1.1.24. uzaq və ya yolu çətin yerlər -  dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri;

1.1.25. səsvermənin nəticələri - məntəqə seçki komissiyasında seçkilər zamanı səslərin hesablanmasının nəticələri;

1.1.26. seçkilərin nəticələri - dairə seçki komissiyası tərəfindən Ali Məclis deputatlarının seçkiləri zamanı müəyyən edilmiş səsvermənin nəticələri;

1.1.27. seçkilərin yekunları - seçkilər zamanı Ali Məclisin deputatı seçilmiş namizədin müəyyən edilməsi;

1.1.28. seçkilərin ümumi yekunları - seçilmiş namizədlərin adlarını və onların lehinə verilən səslərin sayını əks etdirən Ali Məclisə seçkilərin yekunlarının ümumiləşdirilməsi.

Maddə 2. Ali Məclisə seçkilərdə iştirakın prinsipləri

2.1. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 13-cü maddəsinə uyğun olaraq Ali Məclisə seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə iştirak edirlər.

2.2. Vətəndaşların seçkilərdə iştirakı azad və könüllüdür. Seçkilərdə iştirak edib - etməməyə məcbur etmək məqsədi ilə heç kəsin vətəndaşa təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.

2.3 Seçkilərin hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir.

2.4. Seçkilərdə iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:

2.4.1. mətbuat azadlığına hörmət bəsləmək;

2.4.2. öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;

2.4.3. seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;

2.4.4. seçkiqabağı təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını  məhv etməmək və korlamamaq;

2.4.5. seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;

2.4.6. seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;

2.4.7. seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;

2.4.8. səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;

2.4.9. səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;

2.4.10. seçiciləri qeyri - qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;

2.4.11. seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və

ya səslərin hesablanması prosesini pozmamaq;

2.4.12. seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;

2.4.13. hədə - qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;

2.4.14. seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;

2.4.15. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;

2.4.16. dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Qanunla nəzərdə tutulmamış hallarda istifadə etməmək;

2.4.17.təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;

2.4.18. heç bir vəzifəli şəxsin namizədin dəstəklənməsinə  və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək;

2.4.19. Bu Qanunun 2.4.2-2.4.5, 2.4.7, 2.4.10, 2.4.11, 2.4.13-2.4.18-ci maddələrinin tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya Inzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.

Maddə 3. Ümumi seçki hüququ

İrqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq vətəndaşların seçmək və seçilmək hüququ vardır.

Maddə 4. Bərabər  seçki hüququ

4.1. Vətəndaşlar seçkilərdə bərabər əsaslarla iştirak edirlər.

4.2. Səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır.

4.3. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.

Maddə 5. Birbaşa seçki hüququ

5.1. Vətəndaşlar seçkilərdə namizədin lehinə və ya əleyhinə şəxsən səs verirlər.

5.2. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya  Inzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Maddə 6. Səsvermənin gizliliyi

Seçkilər zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsinə hər cür nəzarəti istisna etməlidir.

Maddə 7. Ali Məclisə seçkilərin keçirilməsinin məcburiliyi

7.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasında və bu Qanunda göstərilən müddətdə Ali Məclisə seçkilərin keçirilməsi məcburidir.

7.2. Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində Ali Məclisə seçkilər keçirilə bilməz.

Maddə 8. Ali Məclisə seçkilərin təyin edilməsi

8.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 14-cü maddəsinin II hissəsinə, 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi təyin edir. Seçkilər səsvermə gününə azı 60 gün qalmış elan edilir. Yeni seçilmiş Ali Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır.

8.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 17-ci maddəsinin III hissəsinə uyğun olaraq Ali Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdığı gün hesab edilir. Seçkilərin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

8.3. Səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Maddə 9. Seçki hüququnun həyata keçirildiyi yer

9.1. Aktiv seçki hüququ seçkilərin təyin edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir.

9.2. Müharibə, hərbi münaqişələr, iğtişaşlar və ya təbii fəlakətlər nəticəsində öz daimi yaşayış yerlərini tərk edən vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada həyata keçirirlər.

Maddə 10. Seçkilər zamanı səsvermə

Seçkilərdə iştirak edərkən  Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər.

Maddə 10-1. Seçkilərin gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi

10-1.1. Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

10-1.2. Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 11. Ali Məclisə seçkilərin əsasları

Ali Məclisə birmandatlı seçki dairələri üzrə 45 deputat (bir dairədən bir deputat) seçilir.

Maddə 12. Ali Məclisə seçkilər haqqında qanunvericilik

Ali Məclisə seçkilər haqqında qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və bu Qanun təşkil edir.


II   F Ə S İ L

SEÇKİ HÜQUQUNUN TƏMİNATLARI.
MƏHDUDİYYƏTLƏR

Maddə 13. Aktiv seçki hüququnun mənsubiyyəti

13.1. Naxçıvan Muxtar Respublikası  Konstitusiyasının 8-ci maddəsində və bu Qanunun 15-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Ali Məclisə seçkilərin keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək,  bu Qanunla nəzərdə tutulmuş seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ - aktiv seçki hüququ vardır.

13.2. Bu Qanunun 13.1-ci maddəsində göstərilən tələbə cavab verən Naxçıvan Muxtar Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxslər Ali Məclisə seçkilər zamanı səsvermədə iştirak edə bilərlər.

13.3. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə iştirak etmək hüququndan-aktiv seçki hüququndan məhrumdurlar.

Maddə 14. Passiv seçki hüququnun mənsubiyyəti

14.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsində və bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada Ali Məclisə deputat seçilmək hüququ - passiv seçki hüququ vardır.

14.2. Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci, 15-ci maddələri və bu Qanunla müəyyən edilir.

14.3. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin üçüncü hissəsinə və 15-ci maddəsinə uyğun olaraq aşağıdakı şəxslərin Ali Məclisə deputat seçilmək hüququ - passiv seçki hüququ yoxdur:

14.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

14.3.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4- 15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;

14.3.3. ikili vətəndaşlığı olan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları (ikili vətəndaşlığı qalanadək);

14.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.

Maddə 15. Vəzifələrin uzlaşmaması

15.1. Vəzifələrin uzlaşmaması halları Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin III hissəsi, 15-ci maddəsi və bu Qanunla müəyyən edilir.

15.2.  Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər tutduqları vəzifələrə görə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı ola bilməzlər:

15.2.1. hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

15.2.2. hakimlər (hakim olduqları müddətdə);

15.2.3. dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

15.2.4. din xadimləri (peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə).

Maddə 16. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin seçkilərdə iştirakına yol verilməməsi

16.1. Vətəndaşlığı olmayan şəxslər Naxçıvan Muxtar Respublikasında passiv seçki hüququna, eləcə də bu Qanunun 13.2-ci maddəsində göstərilən hal istisna olmaqla aktiv seçki hüququna malik deyildirlər.

16.2. Əcnəbilər Naxçıvan Muxtar Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər.

16.3. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra - xarici hüquqi şəxslər) deputatlığa namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər.

16.4. Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Maddə 17. Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar

17.1. Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar  həmin vaxt səsvermədə iştirak etmirlər.

17.2. Səsvermə günü xarici dövlətlərdə olan Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları üçün Ali Məclisin deputatlarının seçkiləri üzrə  səsvermə keçirilmir.

III   F Ə S I L

SEÇKI ORQANLARI

 

Maddə 18. Seçki orqanlarının fəaliyyət prinsipləri

18.1. Naxçıvan Muxtar Respublikasında seçkilər seçki komissiyaları tərəfindən təşkil edilir və keçirilir.

18.2. Bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki orqanları - seçki komissiyaları seçkilərin hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin, seçkilərin nəticələrinin və seçkilərin yekunlarının, ümumi yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər.

18.3. Bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki komissiyaları seçkilərin hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyətinə cəlb edilirlər.

18.4. Bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki komissiyalarının qəbul etdiyi qərarlar və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bələdiyyə qurumları, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, digər ictimai təşkilatlar, vəzifəli şəxslər və seçicilər üçün məcburidir. Yuxarı seçki komissiyalarının qərarları aşağı seçki komissiyaları üçün məcburidir.

18.5. Seçkilərin təşkili və  keçirilməsi zamanı seçki komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə əməl etməlidirlər:

18.5.1. seçkilərin təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar; qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;

18.5.2. qanun çərçivəsində hər bir siyasi partiyaya, namizədə, seçiciyə və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər;

18.5.3. namizədə, siyasi partiyalara, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar;

18.5.4. hər hansı bir namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

18.5.5. seçkilərin təşkilatçısı kimi xidməti və şəxsi mənafelər arasında ziddiyyətlərə yol verməməlidirlər;

18.5.6. seçki kampaniyasında iştirak edənlərdən heç bir hədiyyə və digər bəxşişlər almamalıdırlar;

18.5.7. qanunsuz, onların vəzifələri ilə ziddiyyət təşkil edən göstərişləri icra etməməlidirlər;

18.5.8. onların vəzifələri ilə ziddiyyət təşkil edən heç bir hərəkətdə (aksiyada) iştirak etməməlidirlər;

18.5.9. hər hansı bir namizədə, siyasi partiyaya qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər;

18.5.10.  seçkilərlə əlaqəsi olan heç bir siyasi mübahisə zamanı mövqe bildirməməlidirlər;

18.5.11. siyasi mahiyyət daşıyan seçki məsələləri ilə əlaqədar heç bir seçici ilə münasibətdə olmamalıdırlar;

18.5.12. heç bir siyasi partiyanın rəmzlərini gəzdirməməlidirlər, yaymamalıdırlar, heç bir siyasi partiyaya hansısa başqa yolla münasibət bildirməməlidirlər;

18.5.13. seçki komissiyalarının iclasları istisna olmaqla, qəbul olunan qərarları öz mülahizələri üzrə şərh etməməlidirlər;

18.5.14. hər bir qərarın qəbul edilməsinə təsir göstərə bilən məlumatın əldə edilməsini mümkün etməlidirlər;

18.5.15. qanun əsasında seçicilərə, seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmalıdırlar;

18.5.16. məlumatların yığılmasına, araşdırılmasına, birmənalı və aydın anlaşılmaqla müntəzəm dərc edilməsinə şərait yaratmalıdırlar;

18.5.17. seçicilərin seçkilərdə iştirakı üçün imkan dairəsində bütün tədbirləri görməlidirlər;

18.5.18. seçicilər tərəfindən seçki kampaniyasının düzgün başa düşülməsi üçün tədbirlər görməlidirlər;

18.5.19. səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlil və ya digər fiziki qüsuru olan, uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə iştirakı üçün bütün imkanları yaratmalıdırlar.

Maddə 19. Seçki komissiyaları sistemi

19.1. Naxçıvan Muxtar Respublikasında seçki komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir:

19.1.1. Mərkəzi Seçki Komissiyası;

19.1.2. dairə seçki komissiyaları;

19.1.3. məntəqə seçki komissiyaları.

19.2. Seçki komissiyalarının işinə daimi fəaliyyət göstərən dövlət orqanı olan Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.

Maddə 20. Seçki komissiyalarının fəaliyyətinin təşkilinin ümumi qaydaları

20.1.Seçki komissiyaları kollegial formada fəaliyyət göstərirlər.

20.2. Müvafiq seçki komissiyası onun üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

20.3. Seçki komissiyasının sədri (Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini) və katibi komissiyanın birinci iclasında gizli və ya açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv (Mərkəzi Seçki Komissiyasında sədr olmadıqda-müavin) sədrlik edir.

20.4. Seçki komissiyaları öz səlahiyyətləri daxilində qərarlar qəbul edirlər.

20.5. Seçki komissiyasının iclası sədr tərəfindən, habelə komissiya üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə çağırılır.

20.6. Seçki komissiyasının üzvü, xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.

20.7. Seçki komissiyasının iclası haqqında və həmin iclasda baxılan məsələlər haqqında seçki komissiyasının üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Iclasın vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.

20.8. Seçki komissiyası iclasının səlahiyyətli olması üçün onun üzvlərinin azı 2/3 hissəsi seçilməlidir.

20.9. Seçki komissiyasının iclası komissiyanın üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli hesab edilir.

20.10. Seçki komissiyası üzvünün, habelə iclasda yuxarı seçki komissiyasının rəsmi iştirak edən üzvünün tələbi ilə  komissiyanın səlahiyyətinə aid olan və təsdiq edilmiş gündəliyə uyğun gələn hər hansı məsələyə dair səsvermə keçirilməlidir.

20.11. Seçki komissiyası üzvlərinin azı 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ seçki komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında seçki komissiyası iclasının gündəliyinə daxil edilməlidir.

20.12. Seçki komissiyasının bütün iclasları haqqında protokol tərtib edilir, komissiyaya daxil olan bütün sənədlər qeydə alınır.

20.13. Seçki komissiyasının qərarları və iclasının protokolları komissiyanın sədri və katibi tərəfindən imzalanır. Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayırlar. Seçki komissiyalarının iclasının protokolları təsdiq olunmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya üzvlərinə paylanır və komissiyanın növbəti iclaslarının birində qərarla təsdiq edilir (bu məsələ seçki komissiyası iclasının gündəliyinə birinci məsələ kimi salınır).

20.14. Seçki komissiyasının qəbul edilmiş qərarı ilə razılaşmayan üzvlər yazılı formada xüsusi rəy bildirə bilərlər və həmin rəy komissiyanın iclasının protokoluna əlavə edilir. Xüsusi rəy ən geci 3 gün müddətində komissiyanın sədri tərəfindən yuxarı seçki komissiyasına çatdırılmalı,  səsvermə günü və səsvermənin ertəsi günü isə onun haqqında təxirə salınmadan məlumat verilməlidir.

20.15. Seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün büdcədən ayrılan vəsait həddində əmək müqaviləsi və mülki müqavilə əsasında ştatdankənar işçilər götürə bilər.

20.16. Seçki komissiyasının sədri komissiyanın üzvləri arasında vəzifə bölgüsü aparır.

Maddə 21. Seçki komissiyalarına kütləvi informasiya vasitələrində yer ayrılması

21.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatları seçkilərin hazırlanması və keçirilməsi dövründə hər həftə seçki qanunvericiliyini izah etmək, vacib seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddətləri, habelə seçki kampaniyasının gedişi haqqında məlumat yaymaq, seçicilərin suallarına cavab vermək üçün Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq 15 dəqiqədən, dairə seçki komissiyalarına 10 dəqiqədən az olmayaraq əvəzsiz efir vaxtı verirlər.

21.2. Bu Qanunun 64.1-ci maddəsində göstərilən, həftədə azı bir dəfə nəşr edilən dövri mətbu nəşrlərin redaksiyaları seçkilərin hazırlanması və keçirilməsi dövründə Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq həftəlik nəşr həcminin bir səhifəsindən az olmayan yer ayırırlar.

21.3. Seçki komissiyaları dövri nəşrlərdə ayrılan yerdən seçki qanunvericiliyini izah etmək, seçki hərəkətlərinin qaydası və müddəti, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar (siyasi partiyalar blokları) haqqında, seçki kampaniyasının gedişi haqqında seçicilərin suallarına cavab vermək üçün istifadə edirlər.

Maddə 22. Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası

22.1. Mərkəzi Seçki Komissiyası 7 üzvdən ibarətdir.

22.2. Mərkəzi Seçki Komissiyasının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Mərkəzi Seçki Komissiyasının üzvləri Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin təklifi ilə Ali Məclis tərəfindən 5 il müddətinə seçilirlər.

22.3. Mərkəzi Seçki Komissiyasının sədrini, müavinini və katibini Mərkəzi Seçki Komissiyasının üzvləri komissiyanın birinci iclasında seçirlər.

22.4. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli, aktiv seçki hüququna malik,  Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.

22.5. Mərkəzi Seçki Komissiyasının sədri, vəzifəsinə görə Mərkəzi Seçki Komissiyası aparatının rəhbəri hesab olunur.

Maddə 23. Mərkəzi Seçki Komissiyasının vəzifələri

23.1. Mərkəzi Seçki Komissiyası Ali Məclis deputatlarının seçkilərinin hazırlanmasını və keçirilməsini təmin edir.

23.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı vəzifələri həyata keçirir:

23.2.1. seçkilərin hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, seçkilərin maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, bu Qanunun müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir;

23.2.2. bu Qanunun qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;

23.2.3. dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir;

23.2.4. seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır,  həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;

23.2.5. seçki bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin dairə seçki komissiyalarına çatdırılmasını təmin edir;

23.2.6. seçkilərin hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlər keçirir, seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;

23.2.7. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə şərait yaradır; qeydə alınmış namizədlər, siyasi  partiyalar və siyasi partiyaların blokları arasında efir vaxtının bölüşdürülməsinin vahid qaydalarını təsdiq edir, səsvermənin nəticələrinin dərc olunma qaydalarını müəyyən edir;

23.2.8. dövlət büdcəsindən seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir;

23.2.9. seçki bülletenlərinin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə  protokollarını və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edir;

23.2.10. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir;

23.2.11. seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir və hazırlanmasını təmin edir;

23.2.12. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir;

23.2.13. seçiciləri seçici hərəkətlərinin həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin gedişi haqqında məlumatla təmin edir;

23.2.14. seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına nəzarət edir və seçkilərin maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir;

23.2.15. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin siyahısını tərtib edir;

23.2.16. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı  məsələlərə aid məlumatlar alır.

23.2.17. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəçiklər verir;

23.2.18. bu Qanuna uyğun olaraq öz iş qaydasını müəyyən edir;

23.2.19. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki komissiyalarının sədri və katibi haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir;

23.2.20. bu Qanuna uyğun olaraq digər vəzifələri həyata keçirir.

23.3. Mərkəzi Seçki Komissiyasının qərarları açıq səvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.

23.4. Mərkəzi Seçki Komissiyasının qərarları ən geci 24 saat ərzində rəsmi dərc edilməlidir və onlar dərc edildiyi gündən qüvvəyə minir.

23.5. Mərkəzi Seçki Komissiyasının öz blankı, ştampı və möhürü vardır.

23.6. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qanunun həyata keçirilməsinə dair reqlamentlər, təlimatlar, metodiki vəsaitlər, yaddaşlar, izahatlar hazırlayır və onları dərc etdirir.

23.7. Mərkəzi Seçki Komissiyası bu Qanunun həyata keçirilməsi ilə bağlı qəbul edilən təlimatların, metodiki vəsaitlərin, yaddaşların və izahatların aşağı seçki komissiyalarına çatdırılmasını təmin etməlidir. Aşağı komissiyalar həmin təlimatları, metodiki vəsaitləri, yaddaşları və izahatları Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada onların asan oxunmasını təmin edən məlumat lövhələrində yerləşdirməlidir.

Maddə 24. Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri

24.1. Ali Məclisə seçkilərin keçirilməsi zamanı Mərkəzi Seçki Komissiyası bu Qanunun 23-cü maddəsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

24.1.1.  Ali Məclisə seçkilərin bu Qanuna uyğun keçirilməsinə nəzarət edir;

24.1.2. bu Qanunla müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin edir;

24.1.3. seçkiqabağı təşviqat üçün siyasi partiyalar və siyasi partiyaların blokları, qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

24.1.4. deputatlığa namizədlərin (siyasi partiyaların) seçki fondlarına daxil olmuş vəsaitdən istifadə olunmasına nəzarəti təmin edir;

24.1.5. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

24.1.6. seçki dairələri üzrə qeydə alınmış namizədlər arasından seçilmiş deputatları müəyyən edir, onlara müvafiq vəsiqə verir;

24.1.7. Ali Məclisə seçkilərin nəticələrini, dairə seçki komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla, rəsmi dərc edir;

24.1.8. seçilmiş deputatların siyahısını tərtib edir, bu siyahıları və lazımi sənədləri Ali Məclisə təqdim edir;

24.1.9. təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir;

24.1.10. bu Qanunda nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Maddə 25. Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları

25.1. Mərkəzi Seçki Komissiyasının üzvü komissiyada öz səlahiyyəti dövründə dövlət büdcəsi hesabına əmək haqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs təqaüdə çıxdıqda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası üzvünün əmək haqqının 80 faiz məbləğində pensiya alır.

25.2. Mərkəzi Seçki Komissiyasının üzvü Naxçıvan Muxtar Respublikası prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Naxçıvan Muxtar Respublikası prokuroruna xəbər verməlidir.

25.3. Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər dövründə ölkə ərazisində gediş-gəliş üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.

Maddə 26. Seçki komissiyası üzvünün statusu

26.1. Namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədi irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının üzvü kimi fəaliyyət göstərə bilməzlər. Bu maddədə nəzərdə tutulmuş qohumluqla əlaqədar (yaxın qohumlar istisna olunmaqla) qadağalar seçicilərin sayı 100-dən az,  lakin 50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvlərinə şamil edilmir.

26.2. Bir seçki komissiyasının üzvü eyni zamanda digər seçki komissiyasının üzvü ola bilməz.

26.3. Aşağıdakı hallarda seçki komissiyasının üzvü bir ay müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 3 gün müddətində müvafiq seçki komissiyasının qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir:

26.3.1. vəzifəsindən azad edilməsi haqqında yazılı ərizə verdikdə və bu ərizə seçki komissiyasının sədri tərəfindən təsdiqləndikdə;

26.3.2. bu Qanunun 26.1-ci və 26.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda;

26.3.3. siyasi partiyanın üzvü olduqda.

26.4. Seçki komissiyası üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda dərhal xitam verilir:

26.4.1. Azərbaycan Respublikası vətəndaşlığını itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda;

26.4.2. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə;

26.4.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;

26.4.4. öz vəzifələrini müntəzəm icra etməməsi haqqında və ya bu Qanunun 18.5-ci maddəsinin tələblərini pozmaqla icra etməsi haqqında müvafiq seçki komissiyasının qərarı məhkəmə qərarı ilə təsdiq olunduqda;

26.4.5. seçki qanunvericiliyinin tələblərinin pozulması müvafiq məhkəmə qərarı ilə təsdiq olunduqda.

26.5. Bu Qanunun 26.3-cü və 26.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, seçki komissiyasının üzvü onu seçən orqan tərəfindən vəzifəsindən azad edilə bilməz və onun səlahiyyətlərinə xitam verilə bilməz.

26.6. Bu Qanunun 26.3-cü və 26.4-cü maddələrində göstərilən hallarda seçki komissiyasının tərkibindən çıxmış üzvün yerinə, onu əvvəl seçmiş orqan tərəfindən bu Qanunla müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 25 gün müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 5 gün müddətində yeni üzv seçilir.

26.7. Statusundan asılı olmayaraq seçki komissiyalarının üzvləri bu Qanunun tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya Inzibati Xətalar Məcəlləsi ilə vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

26.8. Seçki komissiyasının dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı olmadan işə götürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.

26.9. Seçki komissiyasının üzvləri:

26.9.1. müvafiq seçki komissiyasının iclasları, həmin iclasda baxılan məsələlər, onlara aid qərar layihələri və digər sənədlər barədə vaxtında məlumatlandırılırlar;

26.9.2. müvafiq seçki komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə təkliflər verə, seçki komissiyasının iclasında çıxış edə və bu məsələlər üzrə səsvermə keçirilməsini təklif edə bilərlər;

26.9.3. seçki komissiyası iclasının digər iştirakçılarına gündəlikdəki məsələlərə aid suallar verə və mahiyyəti üzrə cavablar ala bilərlər;

26.9.4. hər bir seçki sənədi (o cümlədən seçici siyahıları, seçki bülletenləri) ilə, aşağı seçki komissiyasının seçki sənədləri ilə tanış ola, sənədlərin (seçici siyahıları, imza vərəqələri, seçki bülletenləri istisna olmaqla) surətlərini ala bilər, qanunla dövlət, kommersiya sirri və ya başqa sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə tanış ola bilərlər;

26.9.5. seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) bu Qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.

Maddə 27. Seçki dairələri

27.1. Seçki dairələri üzrə seçkilərin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən 45 seçki dairəsi yaradılır.

27.2. Seçki dairələri aşağıdakı tələblərə riayət edilməklə yaradılır:

27.2.1. seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 45-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində bir qayda olaraq orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə onların ərazisində qeydə alınmış seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır.

27.3. Seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Qanunun 27.2-ci və 27.4-cü maddələrinə cavab verməsinin təmin edilməsidir. Seçki dairələri seçkilərin keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri seçkilər gününə ən azı 58 gün qalmış təsdiq edilməli və seçki gününə azı 57 gün qalmış dərc edilməlidir. 

27.4. Seçki dairələrinin yaradılması sxemində aşağıdakılar göstərilməlidir:

27.4.1. hər seçki dairəsinin adı və nömrəsi;

27.4.2. hər seçki dairəsinə daxil olan inzibati ərazi vahidlərinin, yaxud şəhər, rayon üzrə bələdiyyə qurumlarının siyahısı (seçki dairəsinin tərkibinə inzibati ərazi vahidinin, bələdiyyə qurumunun, yaşayış məntəqəsi ərazisinin bir hissəsi daxildirsə, göstərilən sxemdə bu inzibati ərazi vahidinin, bələdiyyə qurumunun və yaşayış məntəqəsinin həmin hissəsinin sərhədləri qeyd edilməlidir. Bir inzibati ərazi vahidində bir seçki dairəsi yaradıldıqda həmin seçki dairəsinə daxil olan bələdiyyə qurumlarının siyahısı seçki dairəsinin yaradılması sxeminə daxil edilmir);

27.4.3. hər seçki dairəsinin mərkəzi;

27.4.4. hər seçki dairəsində qeydə alınmış seçicilərin sayı, inzibati ərazi vahidində birdən çox seçki dairəsi yaradıldıqda, seçki dairəsinin tərkibinə daxil olan hər bir bələdiyyə qurumunda qeydə alınmış seçicilərin sayı.

Maddə 28. Dairə seçki komissiyalarının təşkili

28.1. Dairə seçki komissiyaları səsvermə gününə ən azı 55 gün qalmış 7 üzvdən ibarət tərkibdə aktiv seçki hüququ olan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarından təşkil edilir.

28.2. Dairə seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.

28.3. Dairə seçki komissiyasının sədri və katibi onun ilk iclasında komissiyanın üzvləri sırasından gizli və ya açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə seçilirlər.

28.4. Dairə seçki komissiyasının tərkibi müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların  və yaşayış yeri üzrə seçicilərin yığıncağının göstərdikləri namizədlər arasında Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada keçirilən püşkatma yolu ilə müəyyən edilir. Dairə seçki komissiyaları tərkibinin formalaşdırılması üçün püşkatmanı keçirmək məqsədi ilə 3 nəfərdən ibarət tərkibdə rayon, şəhər püşkatma komissiyaları təşkil edilir. Püşkatma komissiyalarının təşkili qaydalarını Mərkəzi Seçki Komissiyası müəyyən edir.

28.5. Ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının irəli sürdükləri namizədlər arasında püşkatma o vaxt keçirilə bilər ki, həmin namizədlərin sayı 9 nəfərdən az olmasın. Müstəsna hallarda püşkatmanın keçirilməsi üçün zəruri olan sayda qalan namizədlər püşkatma komissiyası tərəfindən göstərilir. Ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqları tərəfindən dairə seçki komissiyasının üzvlüyünə namizədlər göstərilməsi haqqında sənədlərin nümunələrini Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 58 gün qalmış təsdiq edir.

28.6. Dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş formada vəsiqə alırlar.

Maddə 29. Dairə seçki komissiyasının vəzifələri

29.1. Dairə seçki komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:

29.1.1. seçki dairəsinin ərazisində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir;

29.1.2. bu Qanunun qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;

29.1.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı fəaliyyətinə şərait yaradır;

29.1.4. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına ad verir və seçki məntəqələrinin vahid qaydada nömrələnməsini təmin edir;

29.1.5. seçki bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir;

29.1.6. seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitini məntəqə seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti təmin edir;

29.1.7. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə qurumlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;

29.1.8. seçkilərin gedişində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizədlərə dair məlumatları, seçkilərin (səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edir;

29.1.9. məntəqə seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edilməsinə, seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir;

29.1.10. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi işində təşkilati-texniki kömək göstərir;

29.1.11. məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir;

29.1.12. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq seçki sənədlərinin saxlanmasını təmin edir;

           29.1.13. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin, o cümlədən səsvermənin (seçkilərin) nəticələri haqqında protokolların Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir;

           29.1.14. məntəqə seçki komissiyalarının üzvlərini təlimatlandırır;

           29.1.15. məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir.

           29.2. Dairə seçki komissiyası Ali Məclisin deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı səlahiyyətləri həyata keçirir:

          29.2.1. müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir və dərc olunması üçün Mərkəzi Seçki Komissiyasına göndərir;

          29.2.2. seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə verir;

          29.2.3. seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları üçün bu Qanunla müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasına nəzarət edir;

          29.2.4. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

          29.2.5. seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyənləşdirir;

          29.2.6. təkrar və əlavə seçkilərin keçirilməsində iştirak edir;

          29.2.7. bu Qanuna uyğun digər səlahiyyətləri həyata keçirir. 

Maddə 30. Dairə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları

30.1. Seçkilər dövründə  dairə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz (bu maddədə «rayon prokuroru» dedikdə, seçki dairəsi ərazisinin çox hissəsinin əhatə etdiyi rayonun (şəhərin) prokuroru başa düşülür). Dairə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, dairə seçki komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Mərkəzi Seçki Komissiyasına və müvafiq rayon  prokuroruna xəbər verir.

30.2. Dairə seçki komissiyasının sədri, katibi və üzvləri dairə seçki komissiyaları formalaşdığı gündən seçki  gününədək olan müddətdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə seçilən dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

30.3. Dairə seçki komissiyası üzvünün seçkilər dövründə seçki dairəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir.

Maddə 31. Dairə seçki komissiyasının işinin təşkili

31.1. Dairə Seçki Komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə seçki komissiyasının reqlamenti, təlimatlar, metodiki göstərişlər və bu Qanun əsasında qurur.

31.2. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında iştirak edən üzvlərin 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilir.

Maddə 32. Seçki məntəqələrinin yaradılması

32.1. Səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə alınmış seçicilərin sayı nəzərə alınmaqla hər 5 ildən bir seçki məntəqələri yaradılır. Bu Qanunun 32.3.1-ci maddəsinin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədilə ayrı-ayrı seçki məntəqələri yuxarıda göstərilən müddət keçmədən yenidən təşkil edilə bilər.

32.2. Seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu  ilə razılaşdırılmaqla,  seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri səsvermə gününə azı 35 gün qalmış yaradılmalıdır.

32.3. Seçki məntəqələri yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır:

32.3.1. hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500, ən azı 50 seçici qeydə alınmalıdır;

32.3.2. seçki məntəqələrinin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır.

32.4. Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olub, Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə xidmət edən Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getməsi) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Qanunun 32.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Qanunla müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.

32.5. Seçki məntəqələri seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda və s.), yolu çətin və ucqar yerlərdə, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bu Qanunun 32.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda isə səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər.

32.6. Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısı (seçki məntəqəsi yaşayış məntəqəsi  ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısı (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri və məntəqə seçki komissiyalarının telefon nömrələri dairə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 25 gün qalmış, bu Qanunun 32.5-ci maddəsində göstərilmiş müddətdə yaradılan seçki məntəqələri haqqında məlumat isə onların yaradılması günündən ən geci 2 gün keçənədək dərc edilir.

Maddə 33. Məntəqə seçki komissiyalarının təşkili

33.1. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən seçki gününə ən  azı 30 gün qalmış 5 üzvdən ibarət tərkibdə təşkil edilir.

33.2. Məntəqə seçki komisiyalarının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.

33.3. Məntəqə seçki komissiyalarının tərkibi müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və həmin dairə seçicilərinin yığıncaqlarının göstərdikləri namizədlər arasında Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada keçirilən püşkatma yolu ilə müəyyən edilir. Püşkatmanı dairə seçki komissiyası həyata keçirir. Ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının göstərdikləri namizədlər arasında  püşkatma o vaxt keçirilə bilər ki, həmin namizədlərin sayı 7 nəfərdən az olmasın. Müstəsna hallarda püşkatmanın keçirilməsi üçün zəruri olan sayda qalan namizədlər müvafiq dairə seçki komissiyası tərəfindən göstərilir. Ictimai birliklər, siyasi partiyaların yerli təşkilatları və seçicilərin yaşayış yeri üzrə yığıncaqları tərəfindən məntəqə seçki komissiyasının üzvlüyünə namizədlərin göstərilməsi haqqında sənədlərin nümunələrini Mərkəzi Seçki Komissiyası seçki gününə ən azı 35 gün qalmış təsdiq edir.

33.4. Məntəqə seçki komissiyasının sədri və katibi komissiyanın üzvləri sırasından onun ilk iclasında gizli və ya açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə seçilirlər.

33.5. Məntəqə seçki komissiyasının üzvlərinə dairə seçki komissiyası müvafiq formada vəsiqələr verir.

Maddə 34. Məntəqə seçki komissiyasının vəzifələri

34.1. Məntəqə seçki komissiyası Ali Məclis deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

34.1.1. təşkil edildiyi vaxtdan ən azı 3 gün müddətində əhaliyə məntəqə seçki komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri barədə məlumat verir;

34.1.2. seçici siyahılarını təsdiq edir və dəqiqləşdirir; seçiciləri bu siyahılarla tanış edir; seçici siyahılarındakı səhvlər və yanlışlıqlar barədə ərizələrə baxır və siyahılarda müvafiq dəyişikliklər edir;

34.1.3. səsvermə yerinin, habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını təmin edir;

34.1.4. seçki məntəqəsi ərazisində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət edir;

34.1.5. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verir;

34.1.6. səsvermə günü seçki məntəqəsində səsverməni təşkil edir;

34.1.7. seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır;

34.1.8. bu Qanunun tələblərinin pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərarlar qəbul edir;

34.1.9. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq qaydada təhvil verilməsini təmin edir;

34.1.10. bu Qanuna uyğun digər vəzifələri həyata keçirir.

Maddə 35. Məntəqə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları

35.1. Məntəqə seçki komissiyasının sədri, katibi və üzvləri məntəqə seçki komissiyaları formalaşdığı gündən seçki  gününədək olan müddətdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

35.2. Səsvermə gününə 30 gün qalmış müddətdə məntəqə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Məntəqə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda məntəqə seçki komissiyasının üzvünü tutan orqan dərhal müvafiq rayon prokuroruna və dairə seçki komissiyasına xəbər verir.

Maddə 36. Məntəqə seçki komissiyasının işinin təşkili

36.1. Məntəqə seçki komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş məntəqə seçki komissiyasının reqlamenti əsasında qurur.

36.2. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında iştirak edən üzvlərin 2/3 səs çoxluğu ilə qəbul edilir.

 

IV   F Ə S İ L

SEÇKİLƏRİN HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ ZAMANI AŞKARLIQ

          Maddə 37. Seçki komissiyalarının fəaliyyətində aşkarlıq

37.1. Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

37.2. Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını,  məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

37.3. Müvafiq seçki komissiyalarının iclaslarında iştirak etmək və adı çəkilən sənədlərlə tanış olmaq üçün bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslərin seçki komissiyalarından əlavə icazə almaları və ya müşahidəçi qismində qeydiyyatdan keçmələri tələb olunmur. Müvafiq seçki komissiyası onların seçki sənədləri ilə iş aparılan və ya səslər hesablanan yerə sərbəst daxil olmasını təmin edir.

37.4. Naxçıvan Muxtar Respublikasında aktiv seçki hüququna malik olan vətəndaşlar, o cümlədən bu Qanunun 41-ci maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər.

37.5. Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya  qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun təşəbbüsü əsasında apara bilər.

37.6. Naxçıvan Muxtar Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin  ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,  zərurət olduqda isə həm də maraqları təmsil olunacaq siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə 2 fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul olunmalıdır. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə Mərkəzi Seçki Komissiyası tərəfindən icazə verilmədikdə Mərkəzi Seçki Komissiyasının bu qərarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.

37.7. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə dairə seçki komissiyalarının formalaşdığı gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə maraqları təmsil olunacaq namizədin soyadı, adı, atasının adı göstərilməlidir. Ərizəyə 2 fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir.

37.8. Seçki komissiyalarının iclaslarında seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etmək hüququ vardır.

37.9. Müvafiq seçki komissiyası yuxarı seçki komissiyalarını, qeydə alınmış hər bir namizədi və ya onun səlahiyyətli nümayəndəsini, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxslərini, komissiyanın iclasında iştirak etmək hüququ olan müşahidəçiləri seçki sənədləri ilə işin və komissiyanın iclaslarının vaxtı haqqında məlumatlandırır.

37.10. Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır.

37.11. Seçki komissiyaları vətəndaşlara bu Qanuna uyğun olaraq qeydə alınmış namizədlərin hər birinin tərcümeyi-halı, qeydiyyatının nəticələri, namizədlərin siyahısı haqqında və seçki komissiyasına onların barəsində daxil olmuş digər məlumatlar, namizədlə əlaqədar səsvermənin nəticələri haqqında məlumat verirlər.

37.12. Bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslər, müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən hesablanmasını müşahidə edə bilərlər.

37.13. Səsvermə gününədək seçki komissiyasının iclasını  müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər. Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir. Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası püşkatma yolu ilə müəyyən edir, o şərtlə ki, bu Qanunun 37.5-ci maddəsində göstərilən subyektlərin hər birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki komissiyası üçün ayrı-ayrılıqda) və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin sayı 5-dən artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün  xüsusi icazə tələb olunmur.

37.14. Seçki komissiyasının bütün üzvlərinin, bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslərin və müşahidəçilərin hərbi hissələrdə, xəstəxanalarda, sanatoriyalarda və istirahət evlərində yaradılmış seçki məntəqələri də daxil olmaqla, istənilən seçki məntəqəsinin səsvermə otağına maneəsiz buraxılışı təmin edilməlidir.

37.15. Səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin, bu Qanunun 37.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəciyi olmalıdır.

37.16. Müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, habelə onun göndərildiyi seçki komissiyası (komissiyaları) göstərilmiş, eləcə də maraqlarını təmsil etdiyi qeydə alınmış namizədin, siyasi partiyanın və siyasi partiyalar blokunun adı göstərilən lövhəciyi olmalıdır. Lövhəcik şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə etibarlı sayılır. Müşahidəçinin göndərilməsi haqqında qabaqcadan xəbər vermək tələb edilmir.

37.17. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.

Maddə 38. Müşahidə aparılmasının prinsipləri

38.1. Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır:

38.1.1. seçki prosesinə namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir;

38.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;

38.1.3. müşahidə açıq aparılmalıdır;

38.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır.

38.2. Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir.

38.3. Müşahidə seçkilər elan olunduğu gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələr baxıldıqdan sonra seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.

Maddə 39. Müşahidəçilərin  hüquq və vəzifələri

39.1. Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.

39.2. Müşahidəçinin, o cümlədən beynəlxalq müşahidəçinin bu Qanunun 37.12 və 37.13-cü maddələrində göstərilən hüquqlarla yanaşı aşağıdakı hüquqları vardır:

39.2.1. seçici siyahıları ilə tanış olmaq;

39.2.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;

39.2.3. seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;

39.2.4. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;

39.2.5. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;

39.2.6. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;

39.2.7. müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq;

39.2.8. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;

39.2.9. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası  tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;

39.2.10. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;

39.2.11. seçki sənədlərinin dairə seçki komissiyasına  və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.

39.3. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir:

39.3.1. seçicilərə seçki bülletenləri vermək;

39.3.2. seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;

39.3.3. seçicinin xahişi ilə  onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;

39.3.4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;

39.3.5. seçki komissiyalarının üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;

39.3.6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;

39.3.7. seçicilər arasında təşviqat aparmaq;

39.3.8. bu və ya digər namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;

39.3.9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;

39.3.10. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).

39.4. Bu Qanunun 39.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.

39.5. Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi Seçki Komissiyasının sədrinə, dairə və ya məntəqə seçki komissiyalarının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.

Maddə 40. Kütləvi informasiya vasitələrinin nümayəndələri

40.1. Kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollar və qərarlarla tanış ola bilər, habelə müvafiq seçki komissiyasının qərarının, protokolunun və onlara qoşulan digər sənədlərin surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxara və ya ala bilər, əlavə nüsxələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala bilərlər.

40.2. Kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə seçki komissiyası qərarlarının, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollarının surətləri seçki komissiyası tərəfindən təsdiq olunmalıdır.

Maddə 41. Beynəlxalq (xarici) müşahidəçilər

41.1. Beynəlxalq (xarici) müşahidəçilər (bundan sonra-beynəlxalq müşahidəçilər) qanunla müəyyənləşdirilmiş qaydada və müvafiq dəvət əsasında Naxçıvan Muxtar Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər.

41.2. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Ali Məclis, müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər.

41.3. İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan ictimai təşkilatlar da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Ali Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.

41.4. Beynəlxalq müşahidəçi qeydə alınmaq üçün bu Qanunun 37.7-ci maddəsində göstərilən sənədləri təqdim edir. Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçiyə dövlət dilində və xarici dillərin birində onun təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş vəsiqə-lövhəcik verir. Yalnız belə lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin hazırlanması və keçirilməsi dövründə bu Qanunun 37-39-cu maddələrinə uyğun olaraq fəaliyyət göstərmək imkanı verir.

41.5. Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün tamam olur.

41.6. Beynəlxalq müşahidəçi öz fəaliyyətini müstəqil və sərbəst həyata keçirir, onun fəaliyyəti müşahidəçini göndərən tərəfin hesabına və ya onun öz şəxsi vəsaiti hesabına maliyyələşdirilir.

41.7. Beynəlxalq müşahidəçi Naxçıvan Muxtar Respublikasının ərazisində olduğu müddətdə dövlətin mühafizəsi altına alınır. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları ona zəruri yardım göstərməyə borcludurlar.

41.8. Beynəlxalq müşahidəçilər səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və kütləvi informasiya vasitələrinə müraciət edə bilərlər.

41.9. Beynəlxalq müşahidəçilərin seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri ilə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri ilə, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ vardır.

41.10. Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər.

41.11. Beynəlxalq müşahidəçi qanunları, beynəlxalq hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki Komissiyası onun qeydiyyatını ləğv edə bilər.

 

V   F Ə S İ L

SEÇİCİ  SİYAHILARI

Maddə 42. Seçici siyahılarının tərtib edilməsi

42.1. Seçici siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki  komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada səsvermə gününə azı 20 gün qalmış təsdiq edilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər.

42.2. Seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

42.3. Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.

42.4. Seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində) səsvermə günü yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları müvafiq məntəqə seçki komissiyası tərəfindən seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərəfindən yoxlanılmış məlumatlar əsasında səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.

42.5. Seçici siyahıları 2 nüsxə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün-əlavə olaraq, doğulduğu ay və gün), daimi və ya daha çox yaşadığı yerin ünvanı və seçki məntəqəsinin nömrəsi göstərilir.

42.6. Bu Qanunun 42.2-ci maddəsinə uyğun olaraq tərtib olunmuş seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır,  ikinci nüsxəsinin hər bir vərəqi səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır, möhürlə təsdiq edildikdən sonra dairə seçki komissiyasına verilir.

42.7. Bu Qanunun 32.5 -cı maddəsinə uyğun olaraq  yaradılmış seçki məntəqəsi üzrə seçici siyahıları məntəqə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır, komissiyanın möhürü ilə təsdiq edilir.

42.8. Məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri bu Qanuna uyğun olaraq yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırırlar.

42.9. Seçicilər haqqında məlumatları təqdim edən icra orqanının rəhbəri müvafiq məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Maddə 43. Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası

43.1. Naxçıvan Muxtar Respublikasında daimi yaşayan, aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.

43.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

43.3. Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər. Hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, onların ailə üzvlərinin və hərbi hissələrin hüdudlarında yaşayan digər seçicilərin seçici siyahılarına daxil edilməsi üçün Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların, ya da hərbi hissələrin, yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissənin ştat cədvəlinə daxil eldilməsi barədə hərbi hissə komandirinin əmri ilə təsdiqlənən daimi və ya daha çox yaşama faktı əsas götürülür.

43.4. Səsvermə günü xəstəxanalarda və s. yerlərdə olan seçicilər orada yaradılan seçki məntəqələrində şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər.

43.4-1. İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.

43.5. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qətimkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda bu cür şəxslərin şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir.

43.6. Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.

43.7. Hərəkət edə bilməyən vətəndaşlar yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.

43.8. Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb seçicinin bir siyahıda saxlanılmasını təmin etməlidir. Seçici bilərəkdən birdən çox seçici siyahısına daxil edilibsə, o, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər.

43.9. Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında, habelə bu Qanunun 87.12-ci maddəsinə uyğun olaraq seçiciyə verilmiş səsvermə vəsiqəsi əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyasının sədrinin və katibinin imzası ilə təsdiq edilir, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verildikdə isə vəsiqə onu vermiş seçki komissiyası üzvlərinin imzaları ilə təsdiq edilir.

Maddə 44. Seçicilərin seçici siyahıları ilə tanış edilməsi

44.1. Məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 25 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir.

44.2. Vətəndaş seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat verə bilər. Seçicinin müraciəti ilə əlaqədar məntəqə seçki komissiyası müraciət etmə günündən başlayaraq bir gün müddətində, səsvermə günü isə dərhal, lakin səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı, yaxud müraciət etmiş seçiciyə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə yazılı cavab verməlidir.

 

VI  F Ə S İ L

Sİyasİ partİyalarIn və sİyasİ partİyalar bloklarInIn
seçkİlərdə İştİrakInIn əsaslarI

Maddə 45. Siyasi partiyanın (siyasi partiyalar blokunun) seçkilərdə iştirakının şərtləri

 

45.1. Seçkilərdə iştirak edən siyasi partiya (siyasi partiyalar bloku) bu Qanunun 2.4-cü maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı şərtlərə riayət etməlidir:

45.1.1. digər siyasi partiyanın (siyasi partiyalar blokunun) seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;

45.1.2. digər siyasi partiyaların (siyasi partiyalar bloklarının), seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;

45.1.3. seçicilərlə azad ünsiyyətin yaradılması üçün digər siyasi partiyalara (siyasi partiyaların bloklarına) mane olmamaq;

45.1.4. siyasi fəaliyyətdə iştirak etmək istəyən seçicilərə həmin fəaliyyətin azad və sərbəst həyata keçirilməsi üçün təminatlar yaratmaq.

Maddə 46. Siyasi partiyalar bloku

46.1. Siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər. Siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə bilməz və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilir. Göstərilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.

46.2. Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi blokun qeydə alınması məqsədi ilə Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim edir:

46.2.1. bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;

46.2.2. siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;

46.2.3. blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar.

46.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına müvafiq sənədləri təqdim etdiyi gündən ən geci  5 gün müddətində qeydə alınmalıdır.

46.4. Bu Qanunun 46.2-ci maddəsində göstərilən sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya bu Qanunun tələblərinə uyğun gəlmədikdə siyasi partiyalar blokunun qeydə alınmasından imtina edilə bilər.

46.5. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasında qeydə alındıqdan sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə bilməz.

Maddə 47. Siyasi  partiyalar blokunun adı və emblemi

47.1. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat təqdim edir.

47.2. Siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir. Blokun adlandırılmasında həmin bloka daxil olmayan siyasi partiyaların (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Fiziki şəxsin adından və ya soyadından siyasi partiyaların bloku tərəfindən yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edilə bilər.

47.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasının təsdiqinə özünün emblemini də təqdim edə bilər. Siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və ya siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla (bu Qanunun 47.2-ci maddəsi nəzərə alınmaqla) istənilən emblemi təqdim edə bilər. Siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq  normalarını pozmamalıdır.

47.4. Siyasi partiyalar blokunun adının və embleminin seçkilərin gedişində dəyişdirilməsinə icazə verilmir.

Maddə 48. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri

48.1. Səlahiyyətli nümayəndələr, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların konfransı və ya rəhbər orqanın  iclasının qərarı ilə təyin edilirlər.

48.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını, onun səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda - fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə maliyyə sənədlərini və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan qərar əsasında həyata keçirir.

48.3. Siyasi partiyaların, siyasi partiyalar bloklarının təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri istisna olmaqla, digər səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki komissiyalarına da təqdim edilir.

48.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş yeri    vəzifəsi (bu olmadıqda-fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktubu əlavə edilməlidir.

48.5. Siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir.

48.6. Siyasi partiyaların, siyasi partiyalar bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə edə bilməzlər.

48.7. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin namizədlik statusunun itirilməsi vaxtı başa çatır.

VII  F Ə S İ L

SEÇKİLƏR ZAMANI NAMİZƏDLƏRİN İRƏLİ
SÜRÜLMƏSİ VƏ QEYDIYYATI

 

Maddə 49. Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi

49.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.

49.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin  əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir.

49.3. Bu Qanunun 49.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda-fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.

49.4. Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.

49.5. Müvafiq seçki komissiyası bu Qanunun 49.4-cü maddəsinin tələblərinə uyğun olaraq təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir.

49.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

49.7. Namizədin irəli sürülməsini təsdiq edən qərarın surətini verməkdən imtina edilməsi üçün əsas yalnız bu Qanunun 49.2 və 49.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Qanunla müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə  aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Qanunun 49.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

Maddə 50. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi

50.1. Namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir.

50.2. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları  tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların konfransında (rəhbər orqanının iclasında) müəyyənləşdirilir.

50.3. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:

50.3.1. iclasda (konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;

50.3.2. siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;

50.3.3. namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;

50.3.4. qərarın qəbul edilməsi tarixi.

50.4. Siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər.

50.5. Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri də təqdim edir:

50.5.1. siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

50.5.2. siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;

50.5.3. namizədin irəli sürülməsi barədə siyasi partiyanın konfransının (rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu;

50.5.4. siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini.

50.6. Namizədin adı ilə birlikdə siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim edir:

50.6.1. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların konfranslarının (rəhbər orqanının iclasının) namizəd irəli sürülmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;

50.6.2. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;

50.6.3. siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri.

50.7. Müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Namizədlərin adları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir, çap üsulu ilə və ya maşınla oxunmasına imkan verən başqa üsulla tərtib olunur.

50.8. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi bu Qanunun 50.1-50.7-ci maddələrində göstərilən sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir.

50.9. Seçki komissiyası təqdim edilmiş sənədlərə 5  gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın,  siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

50.10. Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız bu Qanunun 50.1.-50.7-ci maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin bu Qanun ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi bu Qanunun 50.9-cu maddəsində göstərilən müddətdə bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

50.11. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları irəli sürülmüş müvafiq namizədlər barədə məlumat alınmasına şərait yaratmalıdırlar.

Maddə 51.  Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməsi

51.1. Bütun namizədlər bərabər hüquqa malikdirlər və  bərabər öhdəliklər daşıyırlar.

51.2. Bu Qanunda aşağıdakılar vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması kimi başa düşülür:

51.2.1. tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək;

51.2.2. bütün namizədlər və ya qeydə alınmış namizədlər dövlət orqanlarının, yaxud bələdiyyə orqanlarının yerləşdiyi binalardan eyni şərtlərlə istifadə edə bilmədikləri halda, bu binalardan namizəd irəli sürməyə və ya seçilməyə kömək göstərən fəaliyyətlə məşğul olmaq üçün istifadə etmək;

51.2.3. dövlət orqanlarının, təşkilatlarının, bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə, informasiya, telefon vasitələrindən imzaların toplanması və  seçkiqabağı təşviqat üçün istifadə etmək;

51.2.4. namizəd irəli sürülməyə və ya seçilməyə kömək üçün dövlət və ya bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz və ya güzəştli şərtlərlə istifadə etmək (yuxarıda göstərilən hallar dövlət mühafizəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitələrindən istifadə edən şəxslərə aid edilmir);

51.2.5. dövlət və ya bələdiyyə qulluqçularını xidməti ezamiyyət zamanı imza yığılmasına və ya seçkiqabağı təşviqata cəlb etmək;

51.2.6. bu Qanunun  64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrindən güzəştli şərtlərlə imza toplanması və ya seçkiqabağı təşviqat məqsədi ilə istifadə etmək.

51.3. Namizədlər, namizədi irəli sürmüş siyasi partiyalar, siyasi partiyaların blokları və onların səlahiyyətli nümayəndələri, habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri göstərilən şəxslər və təşkilatlar olan hüquqi şəxslər və onların xahişi və ya tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların digər fiziki və hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və ya təşkilatlara maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Fiziki və hüquqi şəxslərin siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və ya  namizədlər adından, yaxud onların müdafiəsi məqsədi ilə xeyriyyə fəaliyyəti ilə  məşğul olması qadağandır.

Maddə 52. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri

52.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Qanunun 49.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Qanunun 50.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır.

52.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində  seçicilərin azı 300 imzası toplanmalıdır.

52.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı,  irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.

52.4. Imza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi partiyanın adı göstərilə bilər.

52.5. Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər.

Maddə 53. Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası

 

53.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. Imza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.

53.2. Seçici imzalarını 18 yaşına çatmış  aktiv seçki hüququ olan vətəndaş toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.

53.3. Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

53.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. Imza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

53.5. İmza vərəqələri  bu Qanunun 1və 2 saylı əlavələrinə  uyğun hazırlanır.

53.6. Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və  təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.

53.7. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

53.8. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. Imza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl  soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin  seriyasını və nömrəsini, verilmə tarixini göstərir.

53.9. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə,  imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Imzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə  soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

53.10. Namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir.

53.11. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır,  seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.

53.12. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələrindəki seçici imzalarının sayı bu Qanunla müəyyənləşdirilmiş qeydiyyat üçün lazımi imzaların sayından 15 faiz  artıq ola bilər.

53.13. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və ardıcıl tikilməlidir.

Maddə 54. Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi

54.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 45 və ən azı 25 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

54.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

54.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

54.1.3. bu Qanunun  49.3-cü və 50.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

54.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

54.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

54.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

54.2. Bu Qanunun 54.1.2-54.1.6 -cı maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir.

54.3. Namizədin gəlirlərinin miqdarı və  mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.

54.4. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan  hər bir vərəqi möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və  vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş imza vərəqələrinin sayını,  oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Qanunun 54.1-ci və 54.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.

54.5. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 55. İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması

55.1. Müvafiq seçki komissiyası bu Qanunla müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Qanunun tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun, seçicilərin bu Qanuna  uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır.

55.2. Müvafiq seçki komissiyası bu Qanuna uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 30 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər,  müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən ixtisaslaşdırılmış orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.

55.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır.

55.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya  qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir.

55.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın.

55.6. İmza vərəqələri yoxlanılarkən eyni  adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı,  digər imzalar isə qeyri-düzgün sayılır.

55.7. Bu Qanunun 55.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir:

55.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud bu Qanunun 55.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları;

55.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları;

55.7.3. bu Qanunun 53.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar;

55.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar;

55.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar.

55.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar.

55.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri- düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.

55.10. Bu Qanunun 55.7-55.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Qanunun tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır.

55.11. Bu Qanunun 55.6-55.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz.

55.12. Bu Qanunun 55.6-55.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.

55.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. Imzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə, namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq vərəqənin nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.

Maddə 56.  Namizədin qeydə alınması

56.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və  namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.

56.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul  edildiyi gündən etibarən bir gün müddətində namizədə,  namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. Imtina üçün aşağıdakılar əsas ola bilər:

56.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 53.1-ci maddəsinin tələblərinin pozulması;

56.2.2. bu Qanunun 53-cü və 54-cü maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

56.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarının bu Qanunun 53-cü və 54-cü maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən məlumatlardakı qeyri-düzgünlüklər namizədin günahı ucbatından buraxılsın);

56.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması;

56.2.5. namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun);

56.2.6. bu Qanunun 51-ci maddəsinin tələblərinin siyasi partiyanın,  siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyaların bloku və ya namizəd tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin - bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa).

56.3. Bu Qanunun 56.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır.

56.4. Bu Qanunun 56.2.2 və 56.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır.

56.5. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

56.6. Namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Qanunun pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və  materialları hüquq mühafizə orqanlarına göndərir.

56.7. Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vəsitələrinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Qanunun 85.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir.

56.8. Bir şəxsin birdən çox  seçki dairəsi üzrə namizəd kimi qeydə alınmasına yol verilmir.

56.9. Bu Qanunun 56.8-ci maddəsində göstərilən qayda pozulduqda namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq seçki komissiyasının qərarı ilə ləğv edilir (qeydə alınmış keçmiş namizəd əvvəlki qeydiyyatdan imtina haqqında ərizə verməzsə).

56.10. Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 14 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.

 

VIII  F  Ə  S  İ  L

QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN STATUSU

Maddə 57. Qeydə alınmış namizədlərin bərabərliyi

57.1. Qeydə alınmış bütün namizədlər onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

57.2. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Ali Məclisin deputatlarına şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətinin qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər.

57.3. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər.

57.4. Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları bu Qanunun 51.2-ci maddəsi ilə müəyyənləşdirilir.

57.5. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı təşviqat aparmaq hüququ vardır.

57.6. Vəzifəli şəxslər,  teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və ya  səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.

57.7. Bu Qanunun 57.3-57.5-ci maddələri ilə müəyyənləşdirilmiş məhdudiyyətlərə əməl edilməsi Ali Məclisin deputatlarına seçicilər qarşısında səlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.

57.8. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının müvafiq qaydada vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

Maddə 58. Qeydə alınmış namizədin fəaliyyətinin təminatları və seçkilərdə iştirakının şərtləri

58.1. Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir.

58.2. Bu Qanunun 58.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının, onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.

58.3. Qeydə alınmış namizəd bu Qanunun 58.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə  cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

58.4. Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.

58.5. Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının, seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

58.6. Seçkilərdə iştirak edən qeydə alınmış namizəd bu Qanunun 2.4-cü maddəsində göstərilən şərtlərlə yanaşı,  aşağıdakı şərtlərə riayət etməlidir:

58.6.1. qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;

58.6.2. qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;

58.6.3. seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq.   

Maddə 59. Vəkil edilmiş şəxslər

59.1. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər namizədi qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri,  tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü),  yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və  verilmə tarixi göstərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının müvafiq təqdimatlarına bu Qanunun 48-ci maddəsində müəyyən edilən qaydalar şamil edilir.

59.2. Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.

59.3. Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə bağlı təşviqat aparır və  digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

59.4. Seçki dairəsi üzrə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınır.

59.5. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.

59.6. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə bu Qanunun pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, bu Qanunun 59.5-ci maddəsində göstərilən hallar istisna edilməklə, təmsil etdikləri namizədlərin statusunun itirilməsi ilə başa çatır.

Maddə 60. Namizədin namizədlik statusundan imtina etməsi

60.1. Irəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

60.2. Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə bir gün müddətində qərar qəbul edir.

60.3. Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.

60.4. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının bu Qanunun 85.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

60.5. Bu Qanunun 60.1-60.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə istənilən seçki dairəsi üzrə seçkilərdə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır.

Maddə 61. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçkilərdə iştirakdan imtina etməsi

61.1. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

61.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

61.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Qanunla müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

61.4. Siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqdan sonra bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

61.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi, ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Qanuna uyğun olaraq namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

 

IX   F  Ə  S  İ  L

SEÇKİQABAĞI TƏŞVİQAT

Maddə 62. Seçkiqabağı təşviqatın aparılması

62.1. Seçkiqabağı təşviqat aparmaq hüququna aşağıdakılar malikdirlər:

62.1.1. Ali Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;

62.1.2. Ali Məclisə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları.

62.2. Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:

62.2.1. kütləvi informasiya vasitələri ilə;

62.2.2. kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;

62.2.3. qanunla qadağan edilməyən digər üsullarla.

62.3. Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

62.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:

62.4.1. bu Qanunun 77.6-cı maddəsində  göstərilən subyektlərə (bu Qanunun 13.2-ci maddəsi nəzərə alınmaqla);

62.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;

62.4.3. seçki komissiyalarına, seçki komissiyasının üzvlərinə və digər vəzifəli şəxslərinə.

62.5. Bu Qanunla seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyası həyata keçirir.

Maddə 63. Seçkiqabağı təşviqatın aparılması müddəti

63.1. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

63.2. Seçkiqabağı təşviqat səsvermə gününə 12 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

63.3. Bu Qanunla müəyyənləşdirilmiş qaydada seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü  yığışdırılır.

Maddə 64. Seçkiqabağı təşviqat zamanı kütləvi informasiya vasitələrinin əsas vəzifələri. İctimai rəy sorğusu

64.1. Teleradio verilişləri təşkilatlarının və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilirsə, bu teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü bərabər şərait yaradırlar.

64.2. Teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları təşviqat fəaliyyətində tamamilə iştirak etmədikdə, formasından asılı olmayaraq hər hansı materialın nəşrindən və ya efir vaxtının verilməsindən imtina edə bilərlər.

64.3. Kütləvi informasiya vasitələri seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini dərc etdikdə rəy sorğusu keçirən təşkilatları, onun keçirilməsi vaxtını, dəqiq ifadə edilmiş sualları, sorğuda iştirak edənlərin sayını bildirməlidir.

64.4. Səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların kütləvi informasiya vasitələrində dərc edilməsinə yol verilmir.

Maddə 65. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılmasının ümumi  şərtləri

65.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna  malikdirlər.

65.2. Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır.

65.3. Müvafiq teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları efir vaxtı verilməsinin və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyasına göndərilən bildirişlə yanaşı, ödənişin məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən ən geci 30 gün ərzində dərc etməlidirlər.

Maddə 66. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqata ayrılan efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatı

Müvafiq seçki komissiyasının sorğusu əsasında qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları ödənişli efir vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri təqdim etməyə borcludurlar.

Maddə 67. Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri

67.1. Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri pulsuz efir vaxtı qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları arasında bərabər şərtlərlə və bərabər həcmdə Mərkəzi Seçki Komissiyası tərəfindən bölünür.

67.2. Teleradio verilişləri təşkilatlarının namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna pulsuz efir vaxtının verilməsi ilə əlaqədar çəkdikləri xərclər həmin teleradio verilişləri təşkilatlarına dövlət büdcəsindən ödənilir.

Maddə 68. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtının verilməsi şərtləri

68.1. Bu Qanunla nəzərdə tutulan teleradio verilişləri təşkilatları seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdırlar. Bütün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün ödəniş həcmi və şərtləri eyni olmalı və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq ən geci 30 gün ərzində bu barədə müvafiq məlumat dərc edilməlidir. Hər bir teleradio verilişləri təşkilatının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir vaxtının ümumi həcmi bu Qanunun 67.1-ci maddəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz.

68.2. Qeydə alınmış hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

68.3. Ödənişli efir vaxtı verilməsi haqqında müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır:

68.3.1. seçkiqabağı təşviqatın forması;

68.3.2. efirə çıxma vaxtı və tarixi;

68.3.3. verilən efir vaxtının müddəti, onun ödənilməsi qaydası və ödənişin həcmi;

68.3.4. aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirakı forması və şərtləri qeyd olunmaqla, müqavilə şərtləri yerinə yetirildikdən sonra verilişlərin proqramları, verilişin adı və efirə çıxma vaxtı göstərilməklə, efir vaxtından istifadə edildiyi barədə akt bağlanır.

68.4. Efir vaxtı dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku efir vaxtının verilməsi gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Müvafiq bank ödəniş tapşırığını aldıqdan sonra pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin həyata keçirilməsi müddəti iki bank günündən çox olmamalıdır.

68.5. Efir vaxtı dəyərinin ödənişi qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu (bundan sonra - seçki fondu) vəsaitləri hesabına həyata keçirilməlidir

68.6. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dəyəri ödənilmiş efir vaxtından istifadə zamanı bu Qanunla müəyyənləşdirilmiş şərtləri pozduqda, teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi haqqında müqavilənin ləğvi üçün məhkəməyə müraciət edə bilərlər. Müqavilə ləğv edildikdə teleradio verilişləri təşkilatlarının sərbəstləşmiş efir vaxtından seçkiqabağı təşviqat məqsədləri üçün istifadə etmək hüququ yoxdur.

68.7. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.

Maddə 69. Televiziya və radioda seçkiqabağı təşviqat materiallarının verilməsinə dair tələblər

69.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçkiqabağı təşviqat materiallarının verilməsini malların, islərin və xidmələrin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq qadağan edilir.

69.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçkiqabağı təşviqat materiallarının bu Qanunun 64.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq qadağandır.

69.3. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı tədbirlərinin keçirilməsi haqqında məlumatlar, bir qayda olaraq, teleradio proqramlarında məlumatların şərhsiz göstərildiyi proqramların başlanğıcında verilməlidir. Belə məlumatlara sərf edilən efir vaxtının dəyərini qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları ödəmirlər. Bu halda seçkiqabağı təşviqatın işıqlandırılmasında hər hansı bir qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna üstünlük verilməməlidir.

69.4. Seçkiqabağı təşviqata aid teleradio proqramlarının yazısı aparılır, həmin yazılar efirə çıxdığı gündən 12 ay müddətində müvafiq teleradio verilişləri təşkilatları tərəfindən qorunub saxlanılır. Teleradio verilişləri təşkilatları pulsuz və ödənişli efir vaxtının verilməsinə aid hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdırlar.

Maddə 70. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın pulsuz əsaslarla aparılması şərtləri

70.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq səhifələr ayırırlar.

70.2. Bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyalarının hər birinin qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına pulsuz ayırdığı nəşr səhifələrinin həftəlik ümumi həcmi bu Qanunun 63-cü maddəsi ilə müəyyənləşdirilmiş dövrdə həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 5 faizini təşkil etməlidir.

Maddə 71. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması şərtləri

71.1. Bu Qanunun 64.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparılması məqsədi ilə öz səhifələrində ödənişli əsaslarla yer ayırmağa borcludurlar. Nəşr səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi əsasları, şərtləri və məbləği qeydə alınmış bütün namizədə, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır və seçkilərin təyin edilməsi barədə qərarın rəsmi dərcindən ən geci 30 gün keçənədək dövri nəşrlərin redaksiyaları tərəfindən dərc edilməlidir. Nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi bu Qanunun 70.2-ci maddəsinə əsasən ayrılan pulsuz nəşr səhifələrindən az olmamalıdır.

71.2. Qeydə alınmış hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku müvafiq ödəniş müqabilində ehtiyat üçün nəşr səhifəsində ayrılan yerin ümumi həcminin müvafiq olaraq qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilən hissəsi qədər yer ala bilər.

71.3. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları dövri nəşrlərin səhifələrində ayrılmış yerin dəyərini püşkatmadan sonra dövri nəşrlərin redaksiyaları ilə bağladıqları müqavilə əsasında ödəyirlər.

71.4. Dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilir.

71.5. Bu Qanunun 71.2-ci maddəsində göstərilən dövri nəşrlərin səhifələrində ayrılan yer bu Qanunun 63-cü maddəsində göstərilmiş dövrdə təqdim edilməlidir.

Maddə 72. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın aparılmasına dair tələblər

Bu maddəyə uyğun olaraq seçkiqabağı təşviqat materialları dərc edilərkən namizədlər, siyasi partiya, siyasi partiyaların bloku ilə razılaşdırmadan heç bir redaksiya şərhi verilə bilməz.

Maddə 73. Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması şərtləri

73.1. Dovlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər.

73.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır.

73.3. Seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar.

73.4. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.

73.5. Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat məqsədləri üçün istifadə edilə bilməz.

73.6. Hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bolku, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər. Bu görüşlərin keçirilməsində yuxarıda göstərilən şəxslərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına bərabər şərait və həmin görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.

73.7. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyi və ictimai asayişi qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları təmin edirlər.

Maddə 74.  Seçkiqabağı təşviqat materiallarının buraxılışı və yayılması şərtləri

74.1. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları qanunla müəyyənləşdirilmiş qaydada seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər.

74.2. Seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günədək təsisçiləri (həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları və idarələri olan, reklam xidmətləri göstərən təşkilatlar müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün bərabər şərait yaratmalıdırlar.

74.3. Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir.

74.4. Seçkiqabağı təşviqat materiallarının bu Qanunun 74.3-cü maddəsinin tələblərini pozmaqla yayılması qadağandır.

74.5. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasının təklifi ilə səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirilməlidir. Belə yerlər seçicilərin gəlməsi üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir ki, orada yerləşdirilən məlumatları oxumaq mümkün olsun. Qeydə alınmış namizədlər, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını dairə seçki komissiyasından ala bilərlər.

74.6. Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır.

74.7. Seçkiqabağı təşviqat materialları dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və ya mədəniyyət abidələri sayılan binalarda, qurğularda və otaqlarda, habelə seçki komissiyalarının otaqlarında, o cümlədən bu Qanunun 85.3-cü maddəsində nəzərdə tutulmuş məlumat lövhələrində səsvermə üçün ayrılmış otaqlarda və ya onların girişlərində yerləşdirilə bilməz.

74.8. Saxta seçkiqabağı təşviqat materiallarının və ya bu Qanunun 74.3-cü, 74.4-cü, 74.6-cı, 74.7-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat materiallarının yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına və digər orqanlara qanunazidd təşviqatın dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat materiallarının götürülməsi barədə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə və ya Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.

Maddə 75. Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi

75.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Inzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı proqramlarında, yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır.

75.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.

75.3. Əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat qadağandır.

75.4. Seçkiqabağı təşviqatda bilavasitə, yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:

75.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);

75.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;

75.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;

75.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;

75.4.5. seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.

75.5. Seçki kampaniyasının gedişində qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri və rəhbər orqanlarının üzvləri göstərilən şəxslər və təşkilatlar olan hüquqi şəxslərin kommersiya və digər fəaliyyətinin reklamı (o şərtlə ki, həmin reklam namizədlə və ya siyasi partiya ilə əlaqələri aydın şəkildə ortaya çıxarır) bu Qanunun  68-ci və 71-ci maddələri ilə nəzərdə tutulmuş əsaslarla yalnız müvafiq seçki fondu hesabına həyata keçirilə bilər. Səsvermənin başlanmasına 24 saat qalmış belə reklam dayandırılmalıdır.

75.6. Bu Qanunun 64.1-ci və 64.2-ci maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarının teleradio proqramları və dövri nəşrlərin redaksiyaları namizədin ləyaqətinə, şərəfinə zərər vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi ləyaqətini, şərəfini bu Qanunun  64.1-ci və 64.2-ci maddələrində göstərilən teleradio verilişləri təşkilatlarını, dövri nəşrlərin redaksiyalarını və onların vəzifəli şəxslərini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb etmək üçün əsas ola bilər.

75.7. Qeydə alınmış namizəd bu Qanunun 75.1-75.3-cü maddələrinin tələblərini pozduqda, müvafiq seçki komissiyası hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçkiqabağı təşviqatın aparılmasının bu Qanunla müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür. Seçki komissiyasının müvafiq qərarı kütləvi informasiya vasitələrində dərc olunur.

75.8. Bu Qanunda müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarını teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları pozduqda, Mərkəzi Seçki Komissiyası qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və teleradio verilişləri təşkilatlarının, dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq mühafizə orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüququna malikdir.

X    F Ə S İ L

SEÇKİLƏRİN  MALİYYƏLƏŞDİRİLMƏSİ

Maddə 76. Seçkilərin hazırlanmasının və keçirilməsinin maliyyə təminatı

76.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. Göstərilən xərclər Naxçıvan Muxtar Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.

76.2. Dövlət büdcəsindən seçkilərin hazılanması və keçirilməsi üçün ayrılmış vəsait seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülür.

Maddə 77. Ali Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları

77.1. Namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondları yaradılır.

77.2. Namizədin seçki fondu vəsaitinin yuxarı həddi 100 min manatdan çox ola bilməz.

77.3. Seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

77.3.1. 30 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;

77.3.2. vətəndaş üçün 600 manatdan və hüquqi şəxs üçün 10 min manatdan çox olmayan könüllü ianələr.

77.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

77.4.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının 100 min manatdan çox olmamaq şərti ilə xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

77.4.2. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 600 manatdan, hüquqi şəxs üçün isə 10 min manatdan çox ola bilməz.

77.5. Siyasi partiyanın, siyasi partiyalar blokunın seçki fondu vəsaitinin yuxarı həddi bu Qanunun 77.2-ci maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulmaqla müəyyən edilir. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Qanunun 77.2-ci maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.

77.6. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:

77.6.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

77.6.2. xarici vətəndaşlara;

77.6.3. vətəndaşlığı olmayan şəxslərə;

77.6.4. 18 yaşına çatmamış vətəndaşlara;

77.6.5. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

77.6.6. dövlət hakimiyyəti orqanlarına, bələdiyyə qurumlarına və onların idarə və təşkilatlarına;

77.6.7. hərbi hissələrə;

77.6.8. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

77.6.9. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün - vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).

77.7. Seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna məxsusdur. Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır.  Bu vəsaitdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

77.7.1. namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;

77.7.2. seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya xidmətlərinin dəyərinin ödənilməsi;

77.7.3. seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.

77.8. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları səsvermə gününədək bu Qanunla müəyyənləşdirilmiş qaydada seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə edirlər. Namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən istifadə etmək qadağandır.

77.9. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyası partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.

Maddə 78. Xüsusi seçki hesabları

78.1. Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı (bundan sonra-seçki hesabı) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin hesab namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku yalnız bir xüsusi hesab aça bilər.

78.2. Bu Qanunla müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna 3 gün müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla köçürülür.

78.3. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının  bütün maliyyə əməliyyatları səsvermə günündən sonra 3 gün müddətində dayandırılır.

78.4. Bu Qanunla müəyyənləşdirilmiş qaydada qeydiyyat üçün zəruri olan sənədlər müvafiq seçki komissiyasına təqdim edilmədikdə və ya qeydiyyatdan imtina edildikdə, namizəd olmaq istəyən şəxs verdiyi razılıq ərizəsini və ya öz namizədliyini geri götürdükdə, siyasi partiya, siyasi partiyaların bloku namizədi geri çağırdıqda müvafiq seçki komissiyasına müraciət etdikdə müvafiq seçki komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.

78.5. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 45 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.

Maddə 79. Seçki fonduna könüllü ianələr

79.1. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partityalar blokunun seçki fonduna könüllü ianələr rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi,  yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında yalnız Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşlarından qəbul edilir.

79.2. Hüquqi şəxslərin könüllü ianələri müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə, pul vəsaitinin namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fonduna nağdsız köçürülməsi yolu ilə qəbul edilir.

79.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsi ilə müvafiq ödəniş sənədi alındıqdan sonra növbəti bank günündən gec olmayaraq köçürülür. Bu halda nağdsız ödənişin həyata keçirilməsinin ümumi müddəti 2 gündən artıq ola bilməz.

79.4. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku anonim köçürülən ianələr istisna olmaqla, hər hansı ianəni onu verən şəxsə qaytarmaq hüququna malikdir.

79.5. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına ianələr buna hüququ olmayan vətəndaşlardan və ya hüquqi şəxslərdən daxil olubsa, yaxud bu Qanunda nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi hesaba daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsini, geri qaytarılma səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır.

79.6. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku ianəçilərin ianəni köçürdüyü halda bu Qanunun 79.1 və 79.2-ci maddələrində nəzərdə tutulmuş göstəricilər düzgün göstərilmədiyi üçün ianənin qəbul edilməməsinə görə o halda məsuliyyət daşımır ki, bu ianələrə dair sənədlərin səhv tərtib edilməsi barədə vaxtında məlumat almasın.

79.7. Anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dövlət büdcəsinə köçürülür.

79.8. Vətəndaşlar və hüquqi şəxslər namizədin, qeydə alınmış namizədin irəli sürülməsinə və seçilməsinə yalnız müvafiq seçki fondlarına ianə köçürmək yolu ilə yardım edə bilərlər.

79.9. Namizədin, qeydə alınmış namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun üzvlərinin və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin rəsmi razılığı yoxdursa, seçkilərlə əlaqədar pullu xidmətlərin göstərilməsi, malların satılması və onların dəyərinin müvafiq seçki fondundan ödənilməsi qadağandır. Hüquqi şəxslərin, onların filiallarının, nümayəndəliklərinin və digər qurumlarının seçkilərlə əlaqədar pulsuz və ya əsassız aşağı salınmış qiymətlərlə xidmətlər göstərməsi qadağandır.

Maddə 80. Seçki fondlarının vəsaitlərinə dair hesabat

80.1. Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika Idarəsi  ilə razılaşdırılmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 55 gün qalmış müəyyənləşdirilir.

80.2. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz seçki vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur.

80.3. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını aşağıdakı növbəliklə təqdim edirlər:

80.3.1. birinci ilkin maliyyə hesabatı bu Qanunla müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmış, ondan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

80.3.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmış, ondan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

80.3.3. yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.

80.4. Namizəd, qeydə alınmış namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların bloku tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli nümayəndə olmadıqda, siyasi partiyanın və yaxud siyasi partiyalar blokunun tərkibində seçki kampaniyasında iştirak etmiş siyasi partiyanı təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat verə bilər.

Maddə 81. Seçki fondları vəsaitlərinin istifadəsində aşkarlıq

81.1. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir.

81.2. Müvafiq bank həftədə bir dəfədən az olmamaq şərti ilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günündə bir dəfədən az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına daxil olan və xərclənən vəsaitlər barədə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada məlumatlar verir. Bu cür məlumatların yayılmasına yol verilmir. Mərkəzi Seçki Komissiyası səsvermə gününədək iki həftədə bir dəfədən az olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları dərc edilmək üçün kütləvi informasiya vasitələrinə təqdim edir. Müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını onların rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.

81.3. Seçki dairəsi üzrə irəli sürülmüş və qeydiyyatdan keçmiş namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

81.3.1. seçki fondu vəsaitinin məbləği siyasi partiya, siyasi partiyaların bloku üçün 2 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

81.3.2. seçki fonduna siyasi partiya, siyasi partiyaların bloku üçün 1 min  manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

81.3.3. seçki fonduna 50 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

81.3.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

81.3.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

81.4. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

81.4.1. seçki fondu vəsaitinin məbləği 2 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

81.4.2. seçki fonduna 1 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

81.4.3. seçki fonduna 50 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

81.4.4. ianəçilərə qaytarılan vəsaitlər barədə geri qaytarmanın əsası haqqında;

81.4.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

81.5. Müvafiq icra hakimiyyəti orqanları müvafiq seçki komissiyalarından namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına könüllü ianə verən hüquqi şəxslərin siyahısının daxil olduğu gündən sonrakı 5 gün müddətində hüquqi şəxslərin təsisçiləri barədə, hüquqi şəxslərin nizamnamə kapitalında dövlət, bələdiyyə və xarici kapital payının olması barədə və yaxud belə payın olmaması barədə, habelə hüquqi şəxsin adı və qeydiyyat tarixi barədə məlumat təqdim edirlər. Məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir. Bu cür məlumatların yayılmasına yol verilmir.

81.6. Müvafiq seçki komissiyası namizədləri, qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını onların sorğusu əsasında komissiyaya daxil olmuş məlumatlarla təxirəsalmadan tanış edir.

Maddə 82. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları  pul vəsaitlərinin geri qaytarılması

82.1. Namizədin, qeydə alınmış namizədin seçki fonduna namizədi irəli sürən siyasi partiyanın (siyasi partiyalar bloklarının) vəsaiti, ianə şəklində vətəndaşlar və hüquqi şəxslərdən daxil olmuş vəsait və namizədin xüsusi vəsaitinin xərclənməmiş hissəsi səsvermə günündən 30 gün sonra proporsional qaydada geri qaytarılır.

82.2. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların (siyasi partiyalar bloklarının)  pul vəsaitinin geri qaytarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 83.  Seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatı

83.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının işinin təmin edilməsinə ayrılan vəsait seçki komissiyaları tərəfindən bu Qanunun müəyyənləşdirdiyi məqsədlər üçün müstəqil istifadə edilir.

83.2. Dövlət büdcəsinin vəsaiti hesabına seçki komissiyalarının aşağıdakı fəaliyyət istiqamətləri maliyyələşdirilir:

83.2.1. Mərkəzi Seçki Komissiyası üzvlərinin və aparat işçilərinin, mülki müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərin əmək haqqlarının ödənilməsi;

83.2.2. möhürlərin, seçki dairələrinin və seçki məntəqələrinin adını bildirən lövhələrin hazırlanması və nəşriyyat fəaliyyətinin həyata keçirilməsi, texnoloji avadanlığın əldə edilməsi və qurulması;

83.2.3. nəqliyyat xərcləri, habelə ucqar və yolu çətin yerlərdə nəqliyyat xərcləri;

83.2.4. seçki sənədlərinin çatdırılması və mühafizəsi;

83.2.5. seçkilərin keçirilməsi ilə bağlı ezamiyyət xərclərinin və digər xərclərin,  habelə seçki komissiyalarının səlahiyyətləri və fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsi.

83.3. Müvafiq seçki komissiyasının təqdimatı ilə seçkilərin hazırlanması və keçirilməsi dövründə dövlət vəzifələrindən azad edilmiş müvafiq seçki komissiyasının üzvünün işlədiyi müəssisənin  (təşkilatın) mülkiyyət formasından asılı olmayaraq, əsas iş yerində orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən əlavə pul təminatı ödənilir

83.4. Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarına ayırdığı pul vəsaitinin  verilməsi, hesabatı, qeydiyyatı qaydasını Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası Idarəsi ilə razılaşdırmaqla səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirir. Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinin maliyyə uçotunu aparır.

83.5. Məntəqə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində maliyyə hesabatı təqdim edir.

83.6. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində maliyyə hesabatı təqdim edir.

83.7. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərci günündən başlayaraq 10 gün müddətində namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında Mərkəzi Seçki Komissiyasına məlumatları təqdim edir.

Maddə 84. Seçki komissiyalarında nəzarət-təftiş xidməti

84.1. Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında nəzarət-təftiş xidməti yaradılır.

84.2. Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

84.2.1. nəzarət-təftiş xidmətinin rəhbəri;

84.2.2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası Idarəsindən, digər təşkilat və  idarələrdən cəlb edilmiş mütəxəssislər.

84.3. Nəzarət-təftiş xidməti namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə, habelə aşağı seçki komissiyalarına ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etmək hüququna malikdir. Bu məqsədlər üçün Mərkəzi Seçki Komissiyasının tapşırığı ilə nəzarət-təftiş xidməti:

84.3.1. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, aşağı seçki komissiyalarının maliyyə hesabatlarını yoxlayır;

84.3.2. namizədlərdən, qeydə alınmış namizədlərdən, seçki komissiyalarından öz səlahiyyətinə aid bütün məsələlər üzrə məlumat alır;

84.3.3. seçkilərin maliyyələşdirilməsində yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;

84.3.4. seçkilərin maliyyələşdirilməsində buraxdıqları pozuntulara görə  vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış namizədlərə qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyası qarşısında məsələ qaldırır.

 

XI  F  Ə  S  İ  L

SEÇKİLƏRİN KEÇİRİLMƏSİ.
SƏSVERMƏNİN TƏŞKİLİ

Maddə 85. Səsvermə otağı və seçki qutuları

85.1. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır.

85.2. Səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır (qurulmalıdır). Səsvermə qutuları, kabinəsi və digər xüsusi avadanlıq elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın.

85.3. Səsvermə otağında namizədlər haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatların göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər.  Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin (siyasi partiyaların, siyasi partiyalar bloklarının) adlarından istifadə edilə bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir.

85.4. Səsvermə başlandığı andan səsvermə otağında səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədi ilə səsvermənin yekununa aid böyüdülmüş protokol nümünələri asılmalıdır.

85.5. Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, səsvermə qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin.

85.6. Seçki qutuları:

85.6.1. seçki qutuları şəffaf olmalıdır. Onların şəffaflığının dərəcəsi onların dolu olub-olmamasını müəyyən etməyə imkan verməlidir;

85.6.2. seçki qutularının ölçüləri (daşınan seçki qutuları üçün ayrıca, daşınmaz seçki qutuları üçün ayrıca) Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir;

85.6.3. seçki qutusuna seçki bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni salınmasına imkan verməməlidir;

85.6.4. səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada möhürlənir. Möhürlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

Maddə 86. Seçki bülletenləri

86.1. Seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 25 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

86.2. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.

86.3. Hər bir seçki bülleteni Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.

86.4. Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz  artıq ola bilər.

86.5. Poliqrafiya müəssisəsi yararsız seçki bülletenlərinin seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə bülletenləri onların sayı, buraxılma tarixi, nömrələri və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Seçki bülletenlərini sifarişə uyğun olaraq təhvil verdikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş bülletenləri məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Həmin hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvləri və bu Qanunun 37.2-ci və 37.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə seçki bülletenlərinin buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

86.6. Mərkəzi Seçki Komissiyası poliqrafiya  müəssisəsində seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış  müvafiq dairə seçki komissiyasının sədrinin və katibinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib,  seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə  azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən artıq ola bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir.

86.7. Seçki bülletenlərinin verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.

86.8. Səsvermə günü səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş seçki bülletenləri ləğv edilir və bu barədə dairə seçki komissiyası akt tərtib edir. Seçki bülletenləri ləğv edildikdə bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslər iştirak edə bilərlər. Ləğv edilmiş seçki bülletenləri komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.

86.9. Seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatları çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.

86.10. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 87. Seçki komissiyalarının səsvermə protokolları və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi

87.1. Seçki komissiyalarının səsvermə protokollarının (bundan sonra-protokollar) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 25 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

87.2. Hər bir protokola aşağıdakı məlumatlar daxil edilir:

87.2.1. seçicilər siyahısındakı seçicilərin ümumi sayı;

87.2.2. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı;

87.2.3. məntəqə seçki komissiyasına dairə seçki komissiyasından (dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı;

87.2.4. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır);

87.2.5. seçki bülletenləri almış seçicilərin sayı;

87.2.6. səsvermə otağından kənarda səs verən seçicilərə verilmiş seçki bülletenlərinin sayı;

87.2.7. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı;

87.2.8. istifadə edilməmiş seçki bülletenlərinin sayı;

87.2.9. ləğv edilmiş seçki bülletenlərinin sayı;

87.2.10. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır);

87.2.11. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır);

87.2.12. daşınan seçki qutularında aşkar edilmiş seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);

87.2.13. daşınmaz seçki qutularında aşkar edilmiş seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);

87.2.14. etibarlı sayılmış səslərin sayı;

87.2.15. etibarsız sayılmış səslərin sayı (eləcə də ayrıca sətirlərdə-müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);

87.2.16. korlanmış seçki bülletenlərinin sayı;

87.2.17. protokolun tərtib edilmə tarixi və vaxtı.

87.3. Protokol 3 nüsxədən ibarət olaraq hazırlanır.

87.4. Hər bir protokol Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və seçki dairələrinin sayına uyğun olaraq onların seriyaları göstərilməlidir (Mərkəzi Seçki Komissiyasının protokolu istisna olmaqla).

87.5. Protokollar dövlət dilində çap edilir.

87.6. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun üzvlərinin müşahidəsi altında poliqrafiya müəssisəsində səsvermə gününə ən geci 10 gün qalmış hazırlanır.

87.7 Poliqrafiya müəssisəsi yararsız protokolların seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının üzvünə protokolları onların sayı, buraxılma tarixi və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Protokollar sifarişə uyğun olaraq təhvil verildikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş protokolları məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Bu hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri  və bu Qanunun 37.2-ci və 37.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə protokolların buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

87.8. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən protokolları  aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyası sədrinin və katibinin iştirakı ilə protokolların sayını, seriya və nömrələrini, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla dairə seçki komissiyasının sədrinə verir. Dairə seçki komissiyası səsvermə gününə ən azı 3 gün qalmış protokolları göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.

87.9. Protokolların verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.

87.10. Seçki protokolları ilə eyni müddətdə seçki protokollarının surətləri hazırlanır və seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 10 surəti verilir. Protokolların surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti doldurulduqda müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərə verilən seçki komissiyalarının protokollarının və digər sənədlərinin surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda həmin şəxs təsdiq olunan sənədin surətinə «Əsli ilə düzdür» sözlərini yazdıqdan sonra onu imzalayır, komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə bu Qanunun 39.2.9-cu maddəsi nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı ödədikdən sonra alırlar.

87.11. Protokollar seçki komissiyasının üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini bu Qanunun 37.2-ci və 37.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Protokolun karandaşla yazılmasına və ona hər hansı düzəliş edilməsinə icazə verilmir.

87.12. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi:

87.12.1. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra-səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 40 gün qalmış təsdiq edilir. Səsvermə vəsiqələri bu Qanunun 86.2-86.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından aşağı seçki komissiyasına bu Qanunun 86.6-cı maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanılması üçün müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar;

87.12.2. səsvermə günü seçicilər siyahısına daxil edilmiş seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 30-10 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 10-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda müvafiq seçki dairəsinin ərazisində tətbiq edilir;

87.12.3. səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsini almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq 2 gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır;

87.12.4. məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir.

87.12.5. səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır;

87.12.6. səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə seçicilər siyahısına əlavə edilir. Seçici seçkilər günü səsvermə bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir və onu imzalamalıdır.

87.12.7. səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin akt əsasında səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı məntəqə seçki komissiyasının protokolunda göstərilir.

Maddə 88. Səsvermə qaydası

88.1. Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya məlumat lövhələri vasitəsi ilə  seçiciləri xəbərdar etməlidirlər.

88.2. Yaşayış məntəqəsində seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə çatdırılması üçün içtimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür istifadənin xərcləri dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılan vəsait hesabına ödənilir.

88.3. Bu Qanunun 32.4-cü və 32.5-ci maddələrinə uyğun yaradılmış seçki məntəqələrinin məntəqə seçki komissiyaları, seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə, səsvermənin vaxtından qabaq qurtarması haqqında məlumat verə bilərlər.

88.4. Seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir.

88.5. Seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.

88.6. Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri  yoxlayır və içəri daxil olmağa icazə verir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir.

88.7. Seçiciyə seçki bülleteni şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını, adını və atasının adını  göstərməklə seçici siyahısında «seçicinin seçki bülletenini  alması haqqında imza» qrafasında imza etməlidir.

88.8. Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən  kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.

88.9. Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyası üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı, adı və atasının adı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

88.10. Seçici seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadrata işarə qoyur. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.

88.11. Seçici doldurulmuş seçki bülletenini səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.

88.12. Seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır.

88.13. Məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir.

88.14. Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən  və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır.

88.15. Seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Qanunun 37.2 və 37.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır.  Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk  etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır.

88.16. Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü  korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.

88.17. Məntəqə seçki komissiyası bütün seçicilərə,  o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.

88.18. Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını  ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.

88.19. Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar. Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir.

88.20. Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.

Maddə 89.  Seçki məntəqəsində səslərin hesablanması

89.1. Səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmazdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri  səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca  seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.

89.2. Seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur.

89.3. Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına bu seçki məntəqəsində səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur.

89.4. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

89.5. Səsin etibarlığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilərsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katibinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır.

89.6. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

89.7. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur.

89.8. Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Qanunun pozulması ilə  əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Qanunun 88.16-cı maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt bu Qanunun 88.19-cu maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin, iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

89.9. Protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri səsverməni və səslərin hesablanmasını müşahidə edən, bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.

89.10. Seçkilərin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası səsverməni baş tutmamış hesab edir.

89.11. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır.

Maddə 90. Dairə seçki komissiyası protokolunun tərtib edilməsi

90.1. Bu Qanunun 89.8-ci maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edilir. Dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvü (üzvləri) təqdim olunan sənədlərin bu Qanunun 89.8-ci maddəsinin  tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır (yoxlayırlar). Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir. Məntəqə seçki komissiyasının sənədlərinin qəbul edilməsi haqqında məntəqə seçki komissiyasının sədrinə dairə seçki komissiyasının sədri tərəfindən imzalanmış və möhürlənmiş qəbz verilir.

90.2. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

90.3. Dairə seçki komissiyasının protokolunda bu Qanunun 87.2-ci maddəsində göstərilənlərlə yanaşı, məntəqə seçki komissiyalarının sayı və həmin komissiyalar tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyasının protokolunun tərtib edilməsi üçün əsas götürülmüş protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin sayı, dairə üzrə səsvermədə iştirak edən seçicilərin sayı göstərilməlidir.

90.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Qanunun  pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə  başa çatdıqdan sonra 2 gün müddətində dairə seçki komissiyası sədrinin və üzvlərindən birinin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

90.5. Protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səslərin hesablanmasını müşahidə edən,  bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.

90.6. Dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (protokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki komissiyasının üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

90.7. Dairə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.

Maddə 91. Mərkəzi Seçki Komissiyasının  protokolunun tərtib edilməsi

91.1. Dairə seçki komissiyasından seçki sənədləri Mərkəzi Seçki Komissiyasına verilərkən bu Qanunun 92.1-ci maddəsinin qaydaları tətbiq olunur.

91.2. Mərkəzi Seçki Komissiyası tərəfindən Ali Məclisə seçkilərin ümumi yekunları haqqında protokol tərtib edilir. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

91.3. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolunun 1-ci nüsxəsinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilir. Göstərilən aktlar Mərkəzi Seçki Komissiyasının sədri və katibi tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), Mərkəzi Seçki Komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

91.4. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının üzvlərinin iştirakı ilə aparılır. Səslərin təkrar hesablanması haqqında bu Qanunun 37.2 və 37.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və  həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

91.5. Mərkəzi Seçki Komissiyasının protokolunun 3-cü nüsxəsi və dairə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 15 gün saxlanılır.

Maddə 92. Seçkilər zamanı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyən edilməsi

92.1. Səslərin hesablanması bu Qanunun 90-cı maddəsinə uyğun aparılır.

92.2. Səsvermə günündən ən geci 24 saat keçənədək dairə seçki komissiyası seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

92.3. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

92.4. Dairə seçki komissiyasının protokolunda deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin etibarsız sayıldığı seçki məntəqələrinin sayı göstərilir.

92.5. Dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.

92.6. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

92.6.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

92.6.2. seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;

92.6.3. məhkəmənin qərarı əsasında.

Maddə 93. Seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi

93.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yoxlayır və təsdiq edir.

93.2. Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 10 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Qanuna uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayıb seçkilərin yekunlarının müəyyənləşdirilməsinə dair öz qərarını və Mərkəzi Seçki Komissiyasının protokolunu Ali Məhkəməyə təqdim edir.

93.3. Ali Məhkəmə göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Qanuna uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Ali Məhkəmə öz qərarı ilə bu müddəti artıra bilər.

93.4. Dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən sənədlər, Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu bu Qanunun tələblərinə cavab verdikdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Ali Məhkəmənin bu qərarı qətidir.

93.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, bu Qanunun 8-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.

Maddə 94. Ali Məclisə təkrar seçkilər

Bu Qanunun 92.6-cı maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Qanunun 93.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Qanunla müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.

Maddə 95. Seçilmiş deputatların qeydə alınması

95.1. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 25 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

95.2. Seçki dairəsi üzrə seçilmiş namizəd bu Qanunun 95.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası  həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.

95.3. Bu Qanunun 95.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Qanunun 60.3-cü maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir.

95.4. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Maddə 96. Seçkilərin yekunlarının və səsvermənin nəticələrinin dərc edilməsi

96.1. Seçkilərin ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər.

96.2. Mərkəzi Seçki Komissiyası 30 gün müddətində bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir.

96.3. Dairə üzrə seçkilərin ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyasına, kütləvi informasiya vasitələrinə təqdim edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir.

96.4. Məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunda olan məlumatlar seçkilərin keçirilməsindən 5 gündən gec olmayaraq, dairə seçki komissiyasının protokolunda seçkinin yekunu (səsvermənin nəticələri) haqqında məlumatlar isə seçki günündən 10 gündən gec olmayaraq  bu Qanunun 64.1-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində rəsmi dərc olunur.

96.5. Seçki günündən sonra 6 ay müddətində Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatları öz  bülletenində tam şəkildə dərc etməlidir.

Maddə 97. Seçki sənədlərinin mühafizəsi

97.1. Məntəqə və dairə seçki komissiyalarının seçkilərin keçirilməsi ilə bağlı sənədləri mühafizə edilən yerlərdə saxlanılır və məntəqə, dairə seçki komissiyalarının səlahiyyətlərinin qurtarmasından əvvəl Mərkəzi Seçki Komissiyasına aktla təhvil verilir.

97.2. Seçki bülletenləri və səsvermə vəsiqələri seçkilərin yekunlarının rəsmi dərci günündən başlayaraq azı 6 ay müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçki komissiyalarının səsvermənin nəticələri barədə protokolları növbəti seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən başlayaraq azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının yekun maliyyə sənədləri növbəti seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən sonra azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçici siyahıları 5 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır.

97.3. Seçki bülletenləri, səsvermə vəsiqələri, seçicilərin siyahıları, səsvermənin nəticələri haqqında seçki komissiyalarının protokolları və onlara əlavə edilmiş sənədlər, seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının yekun maliyyə hesabatları rəsmi sənədlər sayılır. Seçki sənədlərinin mühafizəsinə və saxlanmasına görə müvafiq seçki komissiyasının sədri bu sənədlər yuxarı seçki komissiyasına və ya dövlət arxivinə təhvil verilənədək məsuliyyət daşıyır.

 

XII   F Ə S İ L

VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN
ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 98. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi

98.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

98.2. Bu Qanunun 98.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.

98.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsiziliyindən) isə bu Qanunun 98.1-ci maddəsində göstərilən şəxslər Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət edə bilərlər.

98.4. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmamazlıqların və qanun pozuntularının aradan qaldırılmasına dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu haqda prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.

98.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:

98.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;

98.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;

98.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;

98.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;

98.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;

98.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;

98.5.7. şikayət üçün əsas bu Qanunun, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;

98.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;

98.5.9. şikayətçinin tələbi;

98.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.

98.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.

98.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.

98.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Qanunun pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Qanunla seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (qanunvericilikdə göstərilən hallar istisna olunmaqla).

98.8. Qeydə alınmış namizədin qeydiyyatının ləğv edilməsi barədə və namizədi qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.

98.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

98.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində,  səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

98.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Qanunla daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Maddə 98-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması

98-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 5 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

98-1.2. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

98-1.3. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır.

98-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır:

98-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək;

98-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək;

98-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;

98-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.);

98-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.

98-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:

98-1.5.1. şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır;

98-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;

98-1.5.3. şikayət bu Qanun ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;

98-1.5.4. şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir;

98-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Qanunun 98-1.4-cü və 98-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir);

98-1.5.6. ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Qanun ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;

98-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir.

98-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 98-1.5-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:

98-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Qanunun 56.6-cı, 75.7-ci, 75.8-ci, 99-cu, 101-ci və 102-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;

98-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Qanuna uyğun olaraq şikayət edilə bilər;

98-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir;

98-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır;

98-1.6.5. ekspert bu Qanunun 98-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir;

98-1.6.6. daxil olmuş şikayətdə bu Qanunun 98-1.6.4-cü maddəsində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur;

98-1.6.7. 98.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.

98-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.

98-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.

98-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.

98-1.10. Şikayəti araşdıran ekspert bu Qanunun 98.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir.

98-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:

98-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;

98-1.11.2. bu Qanunun 99.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə;

98-1.11.3. bu Qanunun 99.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;

98-1.11.4. bu Qanunun 99.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;

98-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında.

98-1.12. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.

98-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 24 saatdan gec olmayaraq dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.

98-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:

98-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;

98-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (bu Qanunun 98.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.

Maddə 99. Qeydə alınmış namizədin qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi

99.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların  bloku bu Qanunun tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası  namizədi qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin bu Qanunun 60-cı maddəsində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Qanunun 98.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir.

99.1.1. Seçki komissiyası namizədin qeydiyyata alınmasından onlar tərəfindən bu Qanuna uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Qanunun 56.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

99.2. Namizədin qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur:

99.2.1. (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16.12.2008-ci il tarixli Qanunu ilə çıxarılmışdır);

99.2.2. namizəd qeydə alınanadək, bu Qanunun 63-cü maddəsində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə (bu müddəa söz və fikir azadlığının məhdudlalşdırılması üçün əsas ola bilməz);

99.2.3. seçicilərin ələ alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri tərəfindən bu Qanunun 75.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərin edilməsi müəyyənləşdirildikdə;

99.2.4. mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;

99.2.5. müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Qanunla namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;

99.2.6. siyasi partiya, siyasi partiyaların bloku öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Qanunla onlar üçün müəyyənləşdirilmiş seçki fondlarının məsrəflərinin yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;

99.2.7. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, habelə siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsi müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda, fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı, yaxud seçicilərə xidmət göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə və ya bu haqda təklif verdikdə, yaxud göstərilən şəxslər onların adından xidmətlər göstərilməsinə razılıq verdikdə;

99.2.8. namizəd, siyasi partiyalar, siyasi partiyaların  bloku ilkin maliyyə hesabatını təqdim etmədikdə;

99.2.9. namizəd, siyasi partiyanın, siyasi partiyalar  blokunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə;

99.2.10. namizəd, siyasi partiya, siyasi partiyaların  bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən bu Qanunun 75.2-75.4-cü maddələrinin tələblərini pozmaqla seçkiqabağı təşviqat materiallarının buraxılması, yayılması;

99.2.11. qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya vəkil edilmiş şəxsi hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda və ya hərbi idarələrdə təşviqat apardıqda;

99.2.12. dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmadıqda;

99.2.13. qeydə alınmış namizəd, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların seçki fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə.

99.3. Namizədin qeydiyyatı məhkəmə tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu Qanunun 99.2.3, 99.2.4, 99.2.7, 99.2.9, 99.2.11-ci maddələrində göstərilən hallar namizədin qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər.

99.4. Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu haqda məlumat seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.

Maddə 100. Səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi

100.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun bu Qanunun 75.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edilməsinədək namizədin seçilməsinin etibarsız sayılması haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.

100.2. Məhkəmə bu Qanunun 99.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir.

100.3. Seçki dairəsində seçiçilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması, səsvermə, səslərin hesablanması və ya seçkilərin yekunlarının müəyyənləşdirilməsi qaydaları pozulduqda, bu Qanun ilə nəzərdə tutulan digər pozuntular olduqda və bu hərəkətlər (hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında seçki komissiyasının qərarını ləğv edə bilər.

100.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Qanun ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.

100.5. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz.

100.6. Seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.

Maddə 101. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət

101.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər:

101.1.1. zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;

101.1.2. seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər;

101.1.3. namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;

101.1.4. seçiciləri ələ alanlar, yəni bu Qanunun 75.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;

101.1.5. qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqləşdirməyənlər;

101.1.6. namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ya ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);

101.1.7. seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozanlar;

101.1.8. seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər;

101.1.9. bu Qanunun müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlayanlar və yayanlar, yaxud xeyriyyə xidmətləri göstərənlər;

101.1.10. seçki kampaniyasının maliyyələşdirilməsinin bu Qanun ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;

101.1.11. seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;

101.1.12. seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə qeyri-qanuni müdaxilə edənlər;

101.1.13. seçki məntəqələrində səsverməyə mane olanlar;

101.1.14. səsvermənin gizliliyini pozanlar;

101.1.15. seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;

101.1.16. seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;

101.1.17. vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;

101.1.18. vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;

101.1.19. seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;

101.1.20. bu Qanunda nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;

101.1.21. seçki komissiyalarının bu Qanunun pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri;

101.1.22. seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;

101.1.23. seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.  

Maddə 102. Cərimələrin tətbiq edilməsi

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Qanunda nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tətəbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

 

XIII   F Ə S İ L

ALİ MƏCLİSİN DEPUTATINI MANDATDAN  MƏHRUMETMƏ 
ALİ MƏCLİSƏ ƏLAVƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ

Maddə 103. Ali Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi

103.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.

103.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.

103.3. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü və 5-ci bəndlərində göstərilən əsaslar olduqda və digər hallarda deputatın mandatdan məhrum edilməsi haqqında qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilir.

Maddə 104. Ali Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi

104.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 2-ci və 4-cü bəndləri ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Qanunun 103.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qərarı müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir.

104.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 2-ci və 4-cü bəndlərində göstərilən hallarda qərarın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilməsi günündən seçki dairəsi üzrə seçilmiş deputat, mandatından məhrum edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat, mandatından məhrum edilmiş sayılır.

104.3. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Qanunun 8-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir.

104.4. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz.

104.5. Əlavə seçkilər keçirilərkən seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

Maddə 105. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun imzalandığı  gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri      VASİF  TALIBOV

Naxçıvan şəhəri, 09 iyul 2005-ci il













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).