22:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqınd

«Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ Q A N U N U

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:

I. «Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında» Naxçıvan Muxtar Respublikasının 1997-ci il 11 mart tarixli Qanununa aşağıdakı dəyişikliklər və əlavələr edilsin.

1.1. 30-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin orta aylıq əmək haqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı səlahiyyəti müddətində vəfat etdikdə onun ailə üzvləri- dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları həmin deputatın orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alırlar.

Pensiyaya çıxmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı vəfat etdikdə onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları onun pensiyasını alırlar.

Bu maddədə nəzərdə tutulan pensiyanın məbləği deputatın ailə üzvləri arasında bərabər bölünür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının orta aylıq əmək haqqı onun son on iki ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

1.2. Qanunun 24-cü maddəsi çıxarılsın, 25-33-cü maddələr müvafiq olaraq 24-32-ci maddələr hesab edilsin.

1.3. Qanuna aşağıdakı məzmunda altıncı fəsil əlavə edilsin:

«Altıncı fəsil»

DEPUTATIN HƏYAT YƏ SAĞLAMLIĞININ DÖVLƏT İCBARİ SIĞORTASI

Maddə 33. Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası haqqında qanunvericilik və sığortalılar.

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası bu Qanunla, «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bu Qanuna uyğun olaraq deputat sığortalı hesab edilir.

Maddə 34. Deputatın sığortaçısı

Deputatın sığortaçısı dövlət sığorta orqanıdır.

Maddə 35. Sığorta məbləği və sığorta haqqı

Bu Qanuna uyğun olaraq hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

Sığorta haqqı, sığorta işinin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.

Maddə 36. Sığorta hadisəsi və sığorta ödənişi

Sığortalının fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlil olması və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.

Sığorta hadisəsi baş verdikdə sığortalıya sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:

1) həlak olduqda - 100%

2) aldığı xəsarət nəticəsində əlillik qrupu təyin olunduqda:

- I qrup - 80%

- II qrup - 60%

- III qrup - 40%

3) əlillik qrupu təyin olunmadan ağır xəsarət aldıqda 20%;

 

4) yüngül xəsarət aldıqda -5%

Deputat olarkən aldığı xəsarət nəticəsində sığortalı deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində 3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci hissəsinə uyğun sığorta ödənişi verilir.

Maddə 37. Deputatın sığortasının təşkili qaydası

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası sığorta etdirən (Naxçıvan Muxtar Respublikasının Ali Məclisi) üçün hər il dövlət büdcəsində bundan ötrü nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Sığorta etdirən, deputatların həyat və sağlamlığının dövlət icbari sığortasını təmin etmək üçün deputatların siyahısını sığortaçıya təqdim etməklə, dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyir.

Sığortaçı hər rüb sığorta etdirənə əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Sığortaçı sığortalıya və ya onun vərəsələrinə bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 təqvim günü ərzində verir.

Sığorta ödənişi verilmiş bir sığorta hadisəsinin nəticəsi olan əlillık qrupu daha ağır əlillik qrupu ilə əvəz olunduqda və ya ölüm baş verdikdə, sığorta ödənişi verilərkən əvvəl ödənilmiş məbləğ çıxılır.

Maddə 38. Sığortaçının və sığortalının hüquq və vəzifələri

Sığortaçının və sığortalının qarşılıqlı hüquq və vəzifələri sığorta qanunvericiliyinə uyğun olaraq müqavilədə müəyyənləşdirilir.

Sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta haqlarının məbləğini aldığı gündən bu Qanuna və müqaviləyə uyğun olaraq sığortalıya sığorta ödənişini vermək öhdəliyini götürür.

Sığorta hadisəsi baş verdikdə sığortalı və ya onun vərəsəsi bu barədə sığortaçını xəbərdar etməlidir.

Sığortalının və ya onun vərəsələrinin sığorta ödənişini alması üçün sığorta hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığortaçıya və ya sığorta etdirənə müraciət etmək hüququ vardır.

Maddə 39. Sığorta ödənişini almaq üçün tələb olunan sənədlər

Sığorta ödənişini almaq üçün sığortalı və ya onun vərəsələri müəyyənləşdirilmiş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığortalının deputat olması barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədləri təqdim edir:

1) həlak olma halında:

- sığortalının ölümü haqqında şəhadətnamənin surəti;

- vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

- deputat olarkən aldığı xəsarət nəticəsində sığortalı deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra 3 il müddətində vəfat etmişdirsə, yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;

2) əlillik halında:

- əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin olunması tarixi göstərilməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiqlənmiş surəti;

3) xəsarət alma halında:

- ağır və ya yüngül xəsarətin alınması barədə tibbi arayış.

Maddə 40. Sığorta ödənişinin verilməsindən imtina

Sığortalıya və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

- sığorta hadisəsi sığortalının alkoqollu, narkotik və ya toksiki maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

- sığortalı özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda;

- sığortalının sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda.

Maddə 41. Sığorta ehtiyatları

Sığortaçı daxil olmuş sığorta haqlarının 10 faizini sığorta işlərinin aparılması xərclərinə ayırmaqla qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sığorta ehtiyatları yaradır.

Maddə 42. Deputatın icbari sığortasının aparılmasına nəzarət və deputatın icbari sığortası qaydalarının pozulmasına görə məsuliyyət

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortasının vaxtında və düzgün aparılmasına sığorta etdirən və dövlət sığorta orqanı nəzarət edirlər.
Bu Qanunun müddəalarının pozulmasına görə sığorta etdirənin, dövlət sığorta orqanının rəhbərləri və digər vəzifəli şəxsləri qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Maddə 43. Deputatın icbari sığortası ilə əlaqədar mübahisələrə baxılması qaydası

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası ilə bağlı mübahisələrə məhkəmə qaydasında baxılır».

 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri:  VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 09 iyul 2005 - ci il
¹ 5- QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).