21:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Naxçıvan Muxtar Respublikasının qanunu

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ DEPUTATININ STATUSU HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ Q A N U N U
 
BİRİNCİ FƏSİL
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusunun Konstitusiya əsasları
Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının (bundan sonra deputat adlanacaq) statusunun əsasları Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə müəyyən edilir.
Deputatın statusu Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə, bu Qanunla və Naxçıvan Muxtar Respublikasının digər qanunları ilə müəyyən edilir.
Maddə 2. Qanunun tətbiq sahəsi
Bu Qanun deputatın səlahiyyətlərini və vəzifələrini müəyyən edir, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.
Maddə 3. Deputatın statusunun təminatı
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında, bu Qanunda və Naxçıvan Muxtar Respublikasının başqa qanunlarında təsbit edilmiş deputatın səlahiyyətlərinin maneəsiz həyata keçirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminat verilir.
Deputat öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, bu Qanunu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsini və Naxçıvan Muxtar Respublikasının başqa qanunlarını rəhbər tutmalıdır.
Maddə 4. Deputatın səlahiyyətləri
Deputatın aşağıdakı səlahiyyətləri vardır:
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclasında iştirak etmək;
- Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin orqanlarına seçmək və seçilmək;
- qanunvericilik təşəbbüsünü həyata keçirmək;
- deputat sorğusu vermək;
- məlumat almaq və yaymaq;
- toxunulmaz olmaq;
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;
- vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Maddə 5. Deputatlıq fəaliyyətinin formaları
Deputat aşağıdakı formalarda fəaliyyət göstərir:
- Ali Məclisin iclaslarında iştirak edir;
- Ali Məclisin komissiyalarının işində iştirak edir;
- Ali Məclisin, Ali Məclisin Sədrinin, Ali Məclisin komissiyalarının tapşırıqlarını yerinə yetirir;
- deputat sorğuları verir;
- seçicilərlə iş aparır.
Maddə 6. Deputatın vəsiqəsi və döş nişanı
Hər bir deputata Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.
Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Ali Məclisin Qərarı ilə təsdiq edilir.

İKİNCİ FƏSİL
DEPUTATIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 7. Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardır.
Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bütün iclaslarında həlledici səs hüququ vardır.
Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin razılığı ilə müraciətlər və bəyanatlar ilə çıxış edə bilər.
Maddə 8. Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyətləri
Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, sədr müavinlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyları sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.
Maddə 9. Deputatın qanunvericilik təşəbbüsü hüququ
Deputatın Naxçıvan Muxtar Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilən qanunvericilik təşəbbüsü vardır.
Deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
- yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
- qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında təklif edə bilər;
- qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında təkliflər irəli sürə bilər.
Deputatın qanunvericilik təşəbbüsü hüququ onun təqdim etdiyi qanun və ya qərar layihələrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyalarında baxılması və bu barədə müvafiq qərar qəbul edilməsi ilə qanunvericilik təşəbbüsü irəli sürən deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarında çıxış etməsinə şəarit yaradılması ilə təmin olunur.
Maddə10. Deputat sorğusu
Deputat öz səlahiyyətləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasının prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Naxçıvan Muxtar Respublikasının Milli Bangının idarə heyətinə sorğu verə bilər.
Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.
Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidir.
Maddə 11. Deputatın məlumat almaq və ya yaymaq hüququ
Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ vardır.
Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi sənədlərlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fərman və sərəncamları ilə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə təmin olunur.
Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına, dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər. Həmin orqanlar tələb olunan materialları və sənədləri "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini gözləməklə, on gün müddətində deputata təqdim etməlidirlər.
Maddə 12. Deputatın toxunulmazlığı
Naxçıvan Muxtar Respublikası Konstitusiyasına görə deputatın şəxsiyyəti toxunulmazdır.
Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.
Deputatın toxunulmazlığına Naxçıvan Muxtar Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hallarda və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.
Maddə 13. Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ
Deputat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada şahid qismində ifadə verməkdən imtina etmək hüququna malikdir.
Maddə 14. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ
Deputat Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.
Maddə 15. Deputatın çıxışlarının dərc edilməsi
Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin açıq iclaslarında etdiyi çıxışlar "Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları"nda rəsmən dərc edilir. "Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları" dərc edilməzdən əvvəl deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ var.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında iştirak etmiş, lakin çıxış etməyə imkanı olmamış deputat öz çıxışının mətnini, habelə müzakirə olunan məsələ barəsində yazılı təkliflərini və qeydlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasına sədrlik edənə verə bilər. Çıxışın, habelə təklif və qeydlərin mətni iclasın stenoqramına daxil edilir və "Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protkolları və stenoqramları"nda dərc olunur.
Maddə 16. Deputatın vəzifələri
Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikası Konstitusiyasını və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qərarlarını rəhbər tutmalı, deputat etikasını gözləməlidir.
Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında və üzv olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyalarının iclaslarında iştirak etməlidir.
Üzürsüz səbəbdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarını buraxan deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada parlamentdaxili məsuliyyətə cəlb oluna bilərlər.
Maddə 17. Deputat etikası
Deputat qanuna zidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkət etməyə çağırmamalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.
ÜÇÜNCÜ FƏSİL
DEPUTATIN SEÇİCİLƏRLƏ İŞ APARMASI
Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması
Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.
Deputat seçiciləri qəbul etmək üçün Naxçıvan Muxtar Respublikasının hər şəhərində və rayon mərkəzində ( Naxçıvan şəhərində isə hər seçki dairəsində ) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.
Maddə 19. Seçicilərin hüquqlarının, azadlıqlarının və mənafelərinin təmin edilməsi üçün deputatın fəaliyyəti
Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər.
Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.
Maddə 20. Deputatın icra və məhkəmə hakimiyyəti orqanlarına, prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciətləri
Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına ( məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərtilə ) prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər.
Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

 

DÖRDÜNCÜ FƏSİL
DEPUTATLIQ FƏALİYYƏTİNİN TƏMİNATLARI

Maddə 21. Deputatın maddi təminatları

Deputat deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.
Deputatların pul təminatının məbləği hər il üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə müəyyənləşdirilir.
Maddə 22. Deputatın hərbi çağırışdan və hərbi toplanışdan azad olunması
Deputat səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.
Maddə 23. Deputatın təhlükəsizliyi
Deputatın təhlükəsizliyinə dövlət təminat verir.
Maddə 24. Deputatın dövlət sığortası
Deputatın həyatı və sağlamlığı Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına onun 5 illik əmək haqqı məbləğində sığorta edilir.
Deputatlıq fəaliyyəti ilə bağlı deputatın ölümü, yaxud xəsarət alması ilə əlaqədar sığorta məbləğini dövlət sığorta orqanları verirlər.
Maddə 25. Deputatın nəqliyyatdan istifadə etmək hüququ
Deputat Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət mülkiyyətində olan dəmiryolu, hava, avtomobil, şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş- gəliş sənədlərinin növbədənkənar əldə etmək hüququndan istifadə edir.
Deputatlıq fəaliyyəti ilə bağlı Naxçıvan şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsilə təmin edilir.
Maddə 26. Deputatın mənzil təminatı və daimi yaşadığı yerin rabitə vasitələri ilə təchiz olunması
Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.
Maddə 27. Deputatın xidməti pasportu
Deputata xidməti pasport verilir.
Maddə 28. Deputatın iş stajının hesablanması
Deputatın səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.
Maddə 29. Deputatın müalicə olunması üçün pul təminatı
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Ali Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 30. Deputatın səlahiyyət müddətləri qurtardıqdan sonra təminatları
Səlahiyyət müddəti dövründə baş vermiş hallarla əlaqədar sabiq deputata qarşı irəli sürülmüş ittihama görə səlahiyyət müddəti qurtarmış deputat yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin razılığı ilə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilə bilər.
 
BEŞİNCİ FƏSİL
DEPUTATIN STATUSUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT
 
Maddə 31. Deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri və başqa işçiləri, vətəndaşlar deputat səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törədərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.
Həmin orqanlar və şəxslər deputata bilərəkdən yalan məlumatlar verərlərsə, bu məlumatların yalan olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.
Maddə 32. Deputata qeyri-qanuni təsir göstərilməsinə görə məsuliyyət
Deputata qeyri-qanuni təsir göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.
Maddə 33. Deputatın səlahiyyətlərinin, toxunulmazlığının və təhlükəsizliyinin pozulmasına görə məsuliyyət
Deputatın səlahiyyətlərini, toxunulmazlığını və təhlükəsizliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri:   VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 11 mart 1997- ci il.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).