11:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında

İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
Q A N U N U
 
Bu Qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və ya toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.
 
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
 
Maddə 1.Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. insan orqan və ya toxumalarının transplantasiyası (bundan sonra - transplantasiya) - insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və ya toxumaların donorun və ya insan meyitinin orqan və ya toxumaları ilə əvəz edilməsi;
1.0.2. insan orqan və ya toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;
1.0.3. donor - öz orqan və və ya toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;
1.0.4. resipiyent - müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxs.
 
Maddə 2.Transplantasiya obyekti olan orqan və ya toxumaların siyahısı
2.1. Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və ya toxumalar transplantasiyanın obyekti ola bilərlər.
2.2. Bu Qanun reproduksiya vəzifələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və ya toxumalara, eləcə də qan və onun komponentlərinə şamil edilmir.
 
Maddə 3. Transplantasiya haqqında qanunvericilik
Transplantasiya haqqında Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
 
Maddə 4.Transplantasiyanın qaydaları və şərtləri
  4.1. Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.
4.2. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 5.Donor həddinin müəyyən edilməsi
5.1. Digər tibbi üsullarla və meyitdən götürülmüş orqan və ya toxumalar vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və ya toxumaların transplantasiyasına yol verilir.
5.2. Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi qadağandır.
5.3. Donorun ölümünə mütləq səbəb ola bilən və ya sağlamlığına təhlükə törədən orqan və ya toxumaların götürülməsi qadağandır.
5.4. Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və ya toxumaların götürülməsi qadağandır.
5.5. Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yolverilməzdir.
5.6. Donordan orqan və ya toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.
5.7. Hər hansı şəxsi orqan və ya toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
Maddə 6. Orqan və ya toxumaların götürülməsini, hazırlanmasını (konservasiyasını) və saxlanılmasını həyata keçirən tibb müəssisələri
6.1. Orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.
6.2. Orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 7.Transplantasiya barədə tibbi qərar
Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və zərurət olduqda digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir.
 
Maddə 8.Transplantasiyaya resipiyentin razılığı
8.1. Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir.
8.2. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.
8.3. Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.
 
2-ci fəsil
TRANSPLANTASİYA MƏQSƏDİ İLƏ MEYİTDƏN ORQAN
VƏ YA TOXUMALARIN GÖTÜRÜLMƏSİ
 
Maddə 9.Transplantasiya məqsədi ilə meyitdən orqan və ya toxumaların götürülməsi
9.1. Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və ya toxumalarından istifadə oluna bilər.
9.2. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və ya toxumalarının götürülməsinə yol verilir.
 
Maddə 10.Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi
10.1. Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yalnız mütəxəssis-həkimlərdən ibarət konsilium tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünü") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər.
10.2. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən digər maraqlı şəxslərin iştirakı qadağandır.
 
Maddə 11.Meyitdən orqan və ya toxumaların götürülməsinə icazə verilməsi
11.1. Meyitdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsinə bu Qanunun 9-cu və 10-cu maddələrinin tələbləri əsasında icazə verilir.
11.2. Meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, məhkəmə-tibb eksperti meyitdən orqan və ya toxumaların götürülməsinə icazə verməyə bilər.
 
3-cü fəsil
TRANSPLANTASİYA MƏQSƏDİ İLƏ DONORDAN ORQAN
VƏ YA TOXUMALARIN GÖTÜRÜLMƏSİ
 
Maddə 12.Donordan orqan və ya toxumaların götürülməsi şərtləri
12.0. Donordan orqan və ya toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
12.0.1. donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti, mümkün psixoloji və sosial nəticələri barədə məlumatlandırılmalıdır;
12.0.2. donor kənar təsirlər olmadan orqan və ya toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir;
12.0.3. donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və ya toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır;
12.0.4. orqan və ya toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır.
 
Maddə 13.Donorun hüquq və vəzifələri
13.1. Donorun hüquqları aşağıdakılardır:
13.1.1. orqan və ya toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyata bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;
13.1.2. bu əməliyyatla bağlı tibb müəssisələrində pulsuz müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq;
13.1.3. donorluqla əlaqədar əlil və ya sağlamlıq imkanları məhdud olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq.
13.2. Orqan və ya toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.
 
Maddə 14.Donordan orqan və toxumaların götürülməsinə məhdudiyyət
Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın.
 
4-cü fəsil
TİBB MÜƏSSİSƏLƏRİNİN VƏ TİBB
İŞÇİLƏRİNİN MƏSULİYYƏTİ
 
Maddə 15.Donor və resipiyent haqqında məlumatların yayılmasına görə məsuliyyət
15.1. Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır.
15.2. Bu məlumatları yayan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
Maddə 16.Transplantasiya ilə bağlı maarifləndirmə
16.1. Transplantasiyaya aid məlumatlandırmaya tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında, tibb işçiləri və əczaçılar üçün keçirilən yığıncaqlarda yol verilir.
16.2. Elmi, statistik və xəbər xarakterli məlumat verilməsi halları istisna olmaqla, orqan və ya toxuma götürülməsi və transplantasiyası ilə bağlı reklam qadağandır.
 
Maddə 17.İnsan orqan və ya toxumalarının alqı-satqısının yolverilməzliyi
17.1. İnsan orqan və ya toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
17.2. Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir.
 
Maddə 18.Tibb müəssisələrinin məsuliyyəti
Transplantasiya zamanı orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması qaydaları pozularsa, bununla əlaqədar donorun və resipiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Maddə 19.Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                                                      VASİF TALIBOV 
 
Naxçıvan şəhəri,07 yanvar 2017-ci il
¹ 7 - V QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).