9:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Toxumçuluq haqqında

Toxumçuluq haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
Q A N U N U
 
Bu Qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir.
 
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
 
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. toxumçuluq - kənd təsərrüfatı, meşə, dərman və bəzək bitkilərinin çoxaldılması məqsədilə istifadə edilən toxumların istehsalı, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi;
1.0.2. toxum - sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı;
1.0.3. orijinal toxum - ilkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya yolu ilə originatorun nəzarəti altında seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxum;
1.0.4. super elit toxum - orijinal toxumun çoxaldılmasından alınmış toxum;
1.0.5. elit toxum - super elit toxumun çoxaldılmasından alınmış toxum;
1.0.6. reproduksiyalı toxum - elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum;
1.0.7. sort - eyni genotip, genotiplər qrupu və fenotiplərin əlamətlərini səciyyələndirən, həmin botaniki taksona aid digər bitki qruplarından ən azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu;
1.0.8. sortdəyişmə - bitki sortlarının yeni, daha məhsuldar və keyfiyyətli sortlarla əvəz olunması;
1.0.9. sorttəzələmə - sorttəmizliyi və bioloji keyfiyyətləri pisləşmiş toxumların həmin sortun yüksək reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi;
1.0.10. aprobasiya - toxumluq əkinlərin sorttəmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini;
1.0.11. sortluq və səpin keyfiyyətləri - toxumun sorta məxsus genetik təmizliyi və səpinə yararlılığının kompleks göstəriciləri;
1.0.12. ticarət dövriyyəsinə daxil olma - satış məqsədilə tədarük olunan, saxlanılan və mübadilə üçün istifadə edilən toxumlar;
1.0.13. dövlət reyestri - müəlliflik və patent hüququ mühafizə olunan bitki sortlarının dövlət qeydiyyat siyahısı;
1.0.14. toxum istehsalçılarının reyestri - toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət toxumçuluq xidmətində attestasiyadan keçmiş fiziki və hüquqi şəxslərin uçotu siyahısı;
1.0.15. toxum partiyası - mənşəyinə və keyfiyyətinə görə eyni olan toxum kütləsi;
1.0.16 originator - mühafizə olunan sortun əlamətlərinin qorunmasını təmin edən hüquqi və ya fiziki şəxs;
1.0.17. aprobator - bitkilərin sortluq və toxumluq əkinlərində aprobasiya aparmaq hüququ olan fiziki şəxs;
1.0.18. toxum istehsalçıları - dövlət reyestrinə daxil edilmiş sortların toxumunun istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər;
1.0.19. qrunt nəzarəti - bitkilərin və onların toxumlarının konkret sorta mənsub olmasını müəyyənləşdirmək üçün xüsusi sahələrdə toxum səpməklə bitkilərin sortluq təmizliyinin müqayisəli təyini;
1.0.20. laboratoriya üsulu ilə sortluq nəzarəti - laboratoriya müayinələrinin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və onun müəyyən sorta mənsub olmasının təyin edilməsi.
 
Maddə 2. Toxumçuluq haqqında Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi
Toxumçuluq haqqında Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
 
Maddə 3. Toxumçuluğun məqsəd və vəzifələri
3.1. Toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir.
3.2. Toxumçuluğun vəzifəsi dövlət reyestrinə daxil edilmiş bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi artırılmasıdır.
 
Maddə 4. Toxumçuluğun obyektləri və subyektləri
4.1. Toxumçuluqda istifadə edilən bitki materialları, onların hibridləri, populyasiyaları, klonları, xətləri, toxumçuluğun obyektləridir.
4.2. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada toxum istehsalı, tədarükü, ticarəti və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər toxumçuluğun subyektləridir.
 
Maddə 5. Toxumçuluq subyektlərinin uçotu və qeydiyyatı
Toxumçuluqla məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
 
Maddə 6. Toxumçuluğun əsas prinsipləri
6.0. Toxumçuluq fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir:
6.0.1. sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq, sabitlik və digər əlamətlərin qorunub saxlanması;
6.0.2. toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə riayət olunması;
6.0.3. istifadə olunan sort üzərində müəllifin və patent sahibinin hüquqlarının qorunması;
6.0.4. istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcburiliyi;
6.0.5. sortun rayonlaşma qaydalarına əməl edilməsi.
 
2-ci fəsil
TOXUMÇULUĞUN DÖVLƏT İDARƏÇİLİYİ
 
Maddə 7. Dövlət toxumçuluq xidməti
7.1. Naxçıvan Muxtar Respublikasında dövlət toxumçuluq xidməti toxumçuluğun idarə edilməsindən və toxumçuluğa dövlət nəzarətindən ibarətdir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
7.2. Dövlət toxumçuluq xidmətinin fəaliyyəti və vəzifəli şəxslərin səlahiyyətləri müvafiq qaydada təsdiq olunmuş əsasnamələr və təlimatlarla müəyyən olunur.
 
Maddə 8. Dövlət toxumçuluq xidmətinin hüquqları
8.0. Dövlət toxumçuluq xidməti aşağıdakı hüquqlara malikdir:
8.0.1. toxumçuluq subyektlərinin müvafiq qanunvericiliyə riayət etmələrinə nəzarəti həyata keçirmək;
8.0.2. toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları vermək;
8.0.3. sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və bitki mənşəli məhsullardan nümunələr götürmək və onları təhlil etmək;
8.0.4. dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları çıxdaş etmək və onların toxumluq məqsədilə satılmasını qadağan etmək;
8.0.5. toxumçuluq subyektlərini attestasiyadan keçirmək və uçota almaq;
8.0.6. qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxumçuluq subyektlərindən sortun patent sahibi ilə lisenziya müqaviləsi bağlanmasını tələb etmək;
8.0.7. toxumçuluq haqqında qanunvericiliyin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına göndərmək;
8.0.8. toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən etmək;
8.0.9. müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələr, idarələr və təşkilatlar yaradılması üçün təkliflər vermək;
8.0.10. aprobatorların hazırlanmasını, onların ixtisasının artırılmasını və attestasiya edilməsini təşkil etmək;
8.0.11. dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumları ilə qrunt nəzarəti aparmaq;
8.0.12. muxtar respublika ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini aparmaq;
8.0.13. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
 
Maddə 9. Dövlət toxumçuluq xidmətinin vəzifələri
9.0. Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır:
9.0.1. toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək;
9.0.2. tələb və təkliflər nəzərə alınmaqla, dövlət, yerli və sığorta toxum fondlarının yaradılması üçün təkliflər hazırlamaq;
9.0.3. toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və təlimatlar hazırlamaq, təsdiq etmək və ya onları səlahiyyətli orqanların təsdiqinə vermək;
9.0.4. toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların, uçot-hesabat formalarının nəşrini təşkil etmək;
9.0.5. toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək;
9.0.6. toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək;
9.0.7. toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək;
9.0.8. toxum istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin etmək;
9.0.9. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
3-cü fəsil
TOXUMÇULUĞUN TƏŞKİLİ
 
Maddə 10. Toxumçuluq sistemi
10.1. Toxumçuluq sistemi orijinal, super elit, elit və reproduksiyalı toxumlar istehsalından, sığorta fondunun və dövlət toxum ehtiyatlarının yaradılmasından ibarətdir.
10.2. Müxtəlif bitki sortlarının toxum istehsalının xüsusiyyətləri toxumçuluq sisteminin yaradılması zamanı nəzərə alınır və müvafiq icra hakimiyyəti orqanının normativ aktları ilə tənzimlənir.
 
Maddə 11. Toxum istehsalı
11.1. Mühafizə olunan sortların toxumlarının istehsalı toxumçuluğun əsas prinsiplərinə riayət edilməsi şərtilə həyata keçirilir.
11.2. Orijinal, super elit və elit toxumların istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, reproduksiyalı toxumların istehsalı dövlət və bu fəaliyyət növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Sort müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi qaydada super elit və elit toxumların istehsalı ilə məşğul ola bilərlər.
11.3. Xəstəliklərə və zərərvericilərə davamlı calaqaltı və calaqüstü əkin materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik təsərrüfatında istehsal olunur.
 
Maddə 12. Toxumçuluq subyektlərinin attestasiyası
12.1. Toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslər müvafiq qaydada təsdiq edilmiş əsasnaməyə uyğun olaraq dövlət toxumçuluq xidmətində attestasiyadan keçirlər və toxum istehsalçılarının reyestrinə daxil edilirlər.
12.2. Toxum istehsalçılarının reyestrinə daxil edilməmiş hüquqi və fiziki şəxslərin istehsal etdikləri toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilmir.
 
Maddə 13. Toxum fondları, onların yaradılması və istifadəsi
13.1. Məhsul istehsalçılarını təmin etmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək məqsədilə dövlət, sığorta və yerli toxum fondları yaradılır.
13.2. Toxum fondlarına dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən toxumları tədarük edilir.
13.3. Toxum fondlarının həcmi, tədarük, saxlanma və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
13.4. Toxum fondlarına toxum tədarükü müvafiq icra hakimiyyəti orqanları ilə toxumçuluq subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
13.5. Dövlət, sığorta və yerli toxum fondlarına sifariş müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
13.6. Dövlət, sığorta və yerli toxum fondları müvafiq icra hakimiyyəti orqanlarının sərəncamında olur.
13.7. Sığorta toxum fondu hər il təzələnir.
13.8. Sığorta toxum fondunun müəyyən edilmiş müddətdə başqa məqsədlər üçün istifadəsi qadağandır.
13.9. Toxum fondlarının əmtəəlik məhsuldan yaradılmasına bir qayda olaraq yol verilmir. Müstəsna hallarda toxum fondlarının əmtəəlik məhsuldan yaradılması müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilə bilər.
 
4-cü fəsil
TOXUMÇULUQ MÜƏSSİSƏLƏRİ VƏ TOXUMÇULUQDA
SAHİBKARLIQ FƏALİYYƏTİ
 
Maddə 14. Dövlət toxumçuluq müəssisələri
14.1. Dövlət toxumçuluq müəssisələri öz fəaliyyətlərini təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipi ilə həyata keçirirlər. Toxumçuluğun inkişafını dəstəkləmək üçün dövlət büdcəsindən bu sahəyə məqsədli vəsaitlər ayrıla bilər. Dövlət toxumçuluq xidməti belə müəssisələrə yalnız onların əsas fəaliyyət istiqamətlərinə aid məhsullara sifariş müəyyən edir, digər məhsullara müəssisə sərbəst sərəncam verir.
14.2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət toxumçuluq müəssisələrinin fəaliyyətinə və idarə edilməsinə dövlət və yerli özünüidarə orqanlarının müdaxiləsinə yol verilmir.
 
Maddə 15. Özəl toxumçuluq müəssisələri
Özəl toxumçuluq müəssisələrinin təşkilati-hüquqi formalarını təsisçilər müstəqil müəyyən edir, onların yaradılması və fəaliyyəti qanunvericiliklə tənzimlənir.
 
Maddə 16. Fərdi toxumçuluq fəaliyyəti
Fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslər bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, yalnız reproduksiyalı toxumların istehsalı və satışı ilə məşğul ola bilərlər.
 
Maddə 17. Toxumçuluq subyektlərinin hüquqları
17.0. Mülkiyyət formasından asılı olmayaraq toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:
17.0.1. sahibkarlıq fəaliyyətini müstəqil qurmaq;
17.0.2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, istehsal edilən məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək;
17.0.3. dövlət toxumçuluq xidmətindən güzəştli şərtlərlə toxum, uçot-hesabat sənədləri almaq, istehsal etdikləri məhsullara keyfiyyət sənədləri verilməsini tələb etmək;
17.0.4. toxumçuluq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə və hərraclarda iştirak etmək;
17.0.5. toxumçuluqda tətbiq edilən maliyyə-kredit, gömrük və başqa güzəştlərdən istifadə etmək;
17.0.6. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
 
Maddə 18. Toxumçuluq subyektlərinin vəzifələri
18.0. Toxumçuluq subyektlərinin vəzifələri aşağıdakılardır:
18.0.1. toxumçuluğa dair qanunvericiliyə əməl etmək;
18.0.2. toxumçuluğun əsas prinsiplərinə riayət etmək;
18.0.3. patent sahibi ilə müəyyən edilmiş qaydada bitki sortlarının toxumlarından istifadəyə görə haqq ödənilməsini nəzərdə tutan lisenziya müqaviləsi bağlamaq;
18.0.4. ticarət dövriyyəsinə daxil edilən toxumların sənədlərində göstərilmiş sortluq və səpin keyfiyyətlərinə təminat vermək;
18.0.5. dövlət standartları ilə müəyyən edilmiş müddətdə toxum nümunələrini saxlamaq;
18.0.6. hər bir sort üzrə, müəyyən edilmiş formada, toxumların sortluq və səpin keyfiyyətlərinin sənədləşdirilməsini aparmaq və onları bir il müddətində saxlamaq;
18.0.7. bitki karantini tələblərinə əməl etmək;
18.0.8.müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara məlumat vermək;
18.0.9. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
5-ci fəsil
TOXUMLARIN DÖVRİYYƏSİ
 
Maddə 19. Toxumların dövriyyəyə daxil edilməsi
Naxçıvan Muxtar Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, sortluq və səpin keyfiyyətləri dövlət standartlarının tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə daxil edilir.
 
Maddə 20. Toxumların sortluq və səpin keyfiyyətlərinin sertifikatlaşdırılması
20.1. Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları müvafiq dövlət standartları ilə müəyyən edilir.
20.2. Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum nümunələrinin təhlili müvafiq qaydada təsdiq edilmiş təlimatlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır.
20.3. Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin akkreditasiya edilmiş sınaq laboratoriyalarında və ya akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparılır.
20.4. Dövlət standartlarının tələblərinə cavab verən toxumlara akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
20.5. Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin nəticəsini əks etdirən vəsiqələr verilir.
 
Maddə 21. Toxumların qablaşdırılması və etiketləşdirilməsi
21.1. Ticarət dövriyyəsinə daxil edilmiş toxumlar müvafiq qaydada qablaşdırılır və etiketləşdirilir.
21.2. Etiketdə toxumun keyfiyyəti haqqında tam məlumatlar verilir.
21.3. Kimyəvi və bioloji preparatlarla işlənmiş toxumların qablarında müvafiq xəbərdarlıq yazıları olur.
21.4. Etiketdə və ya müşayiətedici sənədlərdə toxumların istifadəsi üzrə təhlükəsizlik qaydaları haqqında məlumatlar olur.
 
Maddə 22. Toxumların ticarət dövriyyəsinə daxil edilməsi
22.1. Naxçıvan Muxtar Respublikasında rayonlaşmış, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan bitki sortlarının toxumları ticarət dövriyyəsinə daxil edilir.
22.2. Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir:
22.2.1. rayonlaşmamış sortların;
22.2.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların;
22.2.3. qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların;
22.2.4. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumların;
22.2.5. sort qarışığı olan toxumların.
 
Maddə 23. Toxumların karantin mühafizəsi
Toxumların karantin obyektlərindən mühafizəsi fitosanitar nəzarət haqqında qanunvericiliyə uyğun həyata keçirilir.
 
Maddə 24. Toxumların əldə edilməsi, istifadəsi və satışı
24.1. Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə olunan sortun patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilir.
24.2. Bitki sortlarının toxumlarından istifadəyə görə patent sahibi ilə bağlanmış lisenziya müqaviləsində patent sahibinə ödəniləcək haqqın miqdarı, müqavilənin şərtləri və tərəflərin məsuliyyəti göstərilməlidir. Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət reyestrinə daxil edilməmiş bitki sortlarının toxumları aşağıdakı hallarda istifadə oluna bilər:
24.2.2. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən;
24.2.3. seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə.
24.3. Toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.
 
Maddə 25. Toxumların idxal və ixracı
25.1. Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Naxçıvan Muxtar Respublikasına idxal oluna bilər.
25.2. Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər.
25.3. Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasına idxalına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yol verilə bilər.
25.4. Toxumların karantin icazəsi olmayan vasitələrlə idxal və ixracına yol verilmir.
25.5. Müqavilələrdə başqa şərtlər nəzərdə tutulmamışdırsa, toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.
 
6-cı fəsil
Toxumçuluğun stimullaşdırılması və qanunvericiliyin
pozulmasına görə məsuliyyət
 
Maddə 26. Toxumçuluğun stimullaşdırılması
26.1. Toxumçuluğun təşviq edilməsi güzəştli investisiya, qiymət, kredit və vergi siyasəti vasitəsilə həyata keçirilir.
26.2. Toxum fondlarının yaradılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi maliyyə ehtiyatları ayrılır.
26.3. Toxum fondlarının dəyərinin 50 faizi istehsalçılara qabaqcadan ödənilə bilər.
26.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota əsasında elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, super elit və elit toxumların istehsalına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
26.5. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir. Subsidiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.6. Toxumluq bitkilər qanunvericiliyə uyğun olaraq sığortalanır.
26.7. Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclər qanunvericiliyə uyğun olaraq kompensasiya edilir.
 
Maddə 27. Toxumçuluğun elmi təminatı
Naxçıvan Muxtar Respublikasında toxumçuluğun elmi təminatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında maliyyələşdirilir.
 
Maddə 28. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
28.1. Toxumçuluq haqqında qanunvericiliyin pozulması aşağıdakı hallarda məsuliyyətə səbəb olur:
28.1.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkini, səpini, tədarükü və satışı;
28.1.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalı, ixracı və ticarət dövriyyəsinə daxil edilməsi;
28.1.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsi, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunması;
28.1.4. lisenziya müqaviləsi bağlanmadan bitki sortlarının toxumlarından istifadə edilməsi;
28.1.5. toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsi;
28.1.6. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərinin aparılmasında saxtakarlığa yol verilməsi;
28.1.7. qanunvericilikdə nəzərdə tutulan digər hallar.
28.2. Bu Qanunun tələblərinin pozulmasına görə məsul şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                                          VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 25 iyul 2017-ci il
¹ 13 - V QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).