15:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Publik hüquqi şəxslər haqqında

Publik hüquqi şəxslər haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
Q A N U N U
 
Maddə 1. Bu Qanunun tətbiq dairəsi
Bu Qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir.
 
Maddə 2. Bu Qanunda istifadə edilən anlayışlar
2.1. Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.
2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
 
Maddə 3. Publik hüquqi şəxsin fəaliyyəti
3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
3.2. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
3.3. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.
3.4. Publik hüquqi şəxs "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.
 
Maddə 4. Publik hüquqi şəxsin yaradılması
4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər.
4.3. Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
4.4. Publik hüquqi şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.
 
Maddə 5. Publik hüquqi şəxsin hüquq qabiliyyəti
5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
5.2. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər.
5.3. Publik hüquqi şəxs müflis elan oluna bilməz.
 
Maddə 6. Publik hüquqi şəxsin nizamnaməsi
6.1. Müxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər.
6.2. Publik hüquqi şəxsin nizamnaməsində aşağıdakılar göstərilir:
6.2.1. adı, olduğu yer və publik hüquqi şəxs olduğu;
6.2.2. nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası;
6.2.3. fəaliyyətin məqsədi və istiqamətləri;
6.2.4. idarə olunma qaydası;
6.2.5. publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;
6.2.6. nizamnamə fondu;
6.2.7. əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması;
6.2.8. təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda);
6.2.9. bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa;
6.2.10. publik hüquqi şəxsin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası;
6.2.11. ləğvi və yenidən təşkili qaydası.
6.3. Dövlətin adından yaradılan publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin nizamnaməsi isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir.
6.4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.
 
Maddə 7. Publik hüquqi şəxsin əmlakı, idarə olunması
Publik hüquqi şəxsin əmlakı və idarə olunması ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
 
Maddə 8. Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi
Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                                                VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 25 iyul 2017-ci il
¹ 14 - V QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).