3:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin
fəaliyyətinin təmin edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
F Ə R M A N I
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1."Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2."Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
Naxçıvan Muxtar Respublikası
      Ali Məclisinin Sədri                              VASİF TALIBOV

 
  Naxçıvan şəhəri, 09 oktyabr 2018-ci il
  ¹ 142-V FR

 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2018-ci il 09 oktyabr tarixli
142 -V FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında
ƏSASNAMƏ

 
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti (bundan sonra - Departament) muxtar respublikada turizm sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Departament öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Departamentin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.5. Departamentin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Departament Naxçıvan şəhərində yerləşir.
2. Departamentin fəaliyyət istiqamətləri
2.0. Departamentin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.0.2. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;
2.0.3. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;
2.0.4. muxtar respublikada turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə əlaqəli fəaliyyəti təmin etmək;
2.0.5. milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək.
3. Departamentin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Departamentin vəzifələri aşağıdakılardır:
3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
3.0.2. müvafiq sahəyə aid dövlət proqramlarını hazırlayaraq həyata keçirmək;
3.0.3. Azərbaycan Respublikasının müvafiq sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini təmin etmək;
3.0.4. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək;
3.0.5. gəlmə turizminin və daxili turizmin Naxçıvan Muxtar Respublikasında inkişafının məqsədli proqramlarını hazırlamaq, muxtar respublika ərazisində turizm infrastrukturunun və sənayesinin, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiya cəlb olunması üçün müvafiq tədbirlər görmək;
3.0.6. Naxçıvan Muxtar Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi məqsədi ilə müvafiq təşviqat işini aparmaq;
3.0.7. Naxçıvan Muxtar Respublikasının turizm brendini formalaşdırmaq və təşviq etmək;
3.0.8. turizm xidmətlərinin təkmilləşdirilməsini təmin etmək;
3.0.9. turizm sahəsində mövcud vəziyyətin, gələcək inkişaf istiqamətlərinin, həmçinin perspektivlərinin müəyyən edilməsi üçün araşdırmalar aparmaq;
3.0.10. turizm sahəsində mövcud vəziyyətin və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verən məlumatları toplamaq, həmin məlumatlardan istifadəni və onların qanuna uyğun olaraq mühafizəsini təşkil etmək;
3.0.11. turizmdə mövsümilik probleminin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və bu istiqamətdə zəruri xidmət infrastrukturunun təkmilləşdirilməsi barədə təkliflər vermək;
3.0.12. sağlamlıq, idman, dağ və qış turizmi, mədəni, ekstremal, işgüzar, ekoloji turizm, çimərlik və digər turizm növlərinin inkişafını təmin etmək;
3.0.13. aidiyyəti təşkilatlarla birlikdə turizm-istirahət zonalarının inkişaf istiqamətlərini və xarici turistlər üçün Naxçıvan Muxtar Respublikası ərazisində turizm marşrutlarını müəyyən etmək;
3.0.14. əsas turizm bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə bazar araşdırmaları aparmaq, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirləri həyata keçirmək;
3.0.15. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasını təmin etmək;
3.0.16. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının turizm potensialından tam faydalanmaq üçün müvafiq təbliğat-təşviqat tədbirləri görmək;
3.0.17. turizm infrastrukturunun, o cümlədən hava, avtomobil və dəmir yolları şəbəkəsində xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə aidiyyəti qurumlarla razılaşdırılmış təkliflər vermək;
3.0.18. turizm sahəsində peşə təhsili üzrə istiqamətlərin və ixtisasların müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
3.0.19. turizm xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə peşəkar kadrların hazırlanmasında iştirak etmək;
3.0.20. turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsində iştirak etmək;
3.0.21. muxtar respublikada turizm sahəsinin sürətli inkişafını təmin edəcək innovasiyaların tətbiqini təmin etmək;
3.0.22. turizm sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görmək;
3.0.23. muxtar respublika ərazisində təşkil olunan beynəlxalq elmi, mədəni, idman və digər tədbirlərdə muxtar respublikanın turizm potensialını təbliğ və təşviq etmək, bu istiqamətdə fəaliyyətini aidiyyəti qurumlarla koordinasiya etmək;
3.0.24. turizm və rekreasiya zonalarının yaradılması üçün təklif vermək və onların idarə olunmasını təmin etmək;
3.0.25. Naxçıvan Muxtar Respublikasında kulinariya nümunələrinin sistemləşdirilməsini, qorunmasını, təbliğini və milli mədəni irsə aid edilməsini təmin etmək;
3.0.26. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı işini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların, birliklərin, hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
3.0.27. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Departamentin hüquqları
4.0. Öz vəzifələrini həyata keçirmək üçün Departamentin aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.3. xarici dövlətlərin turizm sahəsində qabaqcıl təcrübəsini öyrənmək;
4.0.4. aidiyyəti qurumlarla statistik məlumatları mübadilə etmək, bazar araşdırması aparmaq, fəaliyyət istiqamətləri üzrə digər məqsədlərə çatmaq üçün qanuna uyğun olaraq məlumat toplamaq, həmin məlumatları təhlil etmək və onlardan istifadə etmək;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
4.0.6. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.7. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.0.8. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;
4.0.9. aidiyyəti dövlət qurumlarının və təşkilatların mütəxəssislərini cəlb etməklə, fəaliyyət istiqamətlərinə uyğun idarələrarası komissiyalar və işçi qruplar yaratmaq, müvafiq sahəyə dair metodik materiallar və tövsiyələr hazırlamaq;
4.0.10. turizm sahəsinin inkişafı üçün dövlət vəsaitinin, qrantların və kreditlərin ayrılmasına dair təkliflər vermək, onlardan təyinatı üzrə istifadəyə digər qurumlarla birlikdə səlahiyyətləri çərçivəsində nəzarət etmək;
4.0.11. mehmanxanalarda, mehmanxana tipli obyektlərdə və digər turizm obyektlərində monitorinqlər keçirmək;
4.0.12. turizm obyektlərində xidmət keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlər vermək;
4.0.13. dövlət-özəl sektor tərəfdaşlığı prinsipinə əsasən layihələr həyata keçirmək;
4.0.14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Departamentin fəaliyyətinin təşkili
5.1. Departamentin Aparatı və tabeliyindəki qurumlar Departamentin vahid sistemini təşkil edir. Departament öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Departamentin strukturunu, Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəyyən edir. Departamentin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Departamentə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Departamentin direktoru Departamentə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. Departamentin direktorunun Naxçıvan Muxtar Respublikas Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Departament direktorunun müavini direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.5. Departamentin direktoru :
5.5.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Departamenti təmsil edir;
5.5.3. Departamentin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələrini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi qurumlar istisna olmaqla), tabeliyindəki qurumların əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.9-cu bəndində Departamentin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərar formasında normativ hüquqi aktlar qəbul edir;
5.5.4. Departamentin tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Departamentin Aparatının və tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Departamentə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.7. Departamentin Aparatının işçilərini, Departamentin nomenklaturuna daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.8. dövlət büdcəsindən ayrılan vəsaitin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.5.9. Departamentin işçiləri üçün əmr və göstərişlər verir;
5.5.10. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Departamentdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.11. Departamentin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.12. Departamentdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
5.5.13. Departamentin fəaliyyəti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mütəmadi olaraq hesabat verir;
5.5.14. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.
5.6. Departamentdə direktordan (Kollegiyanın sədri), direktorun müavinindən və Departamentin rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Departamentin Kollegiyasının tərkibinə mütəxəssislər də daxil edilə bilərlər.
5.7. Departamentin Kollegiyası üzvlərinin sayını və Kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.8. Departamentin Kollegiyası öz iclaslarında Departamentin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
5.9. Departamentin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.9.1. Departamentlə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
5.9.2. qəbul edilməsini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Departamentə tapşırdığı konkret normativ hüquqi aktları;
5.9.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
5.9.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
5.9.5. direktorun təşəbbüsü ilə Departamentin Kollegiyasının müzakirəsinə çıxarılan, bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
5.9.6. Departamentin Kollegiyasının bu Əsasnamənin 5.9.1-5.9.5-ci yarımbəndlərinə uyğun olaraq qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.
5.10. Departamentin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici sayılır.
5.11. Departamentin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda sədr bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Departamentin Kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.12. Departamentin Kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2018-ci il 09 oktyabr tarixli 142 -V FR nömrəli
Fərmanı ilə təsdiq edilmişdir.
 
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin strukturu
 
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Aparatı













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).