5:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sərhəd zastavalarında keçirilən hüquqi maarifləndirmə tədbirləri cari ildə də davam etdirilir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2018-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə tədbirlər planına uyğun olaraq martın 7-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Fuad Heydərov, müvafiq zastavaların əsgər və zabit heyəti iştirak etmişdir.
Tədbirdə Abil Orucəliyev öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma əməlinə görə cinayət məsuliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 335-ci maddəsində təsbit edilən bu cinayətin ictimai təhlükəliliyi hərbi qulluqçunun şəxsi intizamsızlıq göstərərək, hərbi hissənin döyüş hazırlığına və döyüş qabiliyyətinə, ordunun (donanmanın) şəxsi heyətinin komplektləşdirilməsinə ciddi zərərin vurulmasından ibarətdir. 
A.Orucəliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 335.1-ci maddəsinə görə hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi, bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. Eyni əməllərin müharibə vaxtı və ya döyüş şəraitində törədilməsi isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. 
Daha sonra Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavasında keçirilən digər tədbirdə Ombudsmanın nümayəndəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi kimi fəaliyyəti barədə danışaraq qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanimzləri sırasında dünyada bugün ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Dünyada klassik Ombudsman modeli kimi tanınan bu qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır. 
A.Orucəliyev bildirmişdir ki, Ombudsmanı digər hüquq müdafiə mexanizmlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, o insanların maneəsiz, heç bir rüsmum ödəmədən, biləvasitə və tez bir zamanda müraciə edə bildiyi, bürokratik maneələrdən uzaq olan, hüquq pozuntusuna qısa müddətdə reaksiya verən, şikayətlərə operativ baxan hüquq müdafiə mexanizmidir.
İnsan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. 
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) seçilmişdir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
09/03/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).