16:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi işi cari ildə də davam etdirilir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2018-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq martın 12-də Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissələrində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Vüsal Abdullayev və müvafiq hərbi hissələrin əsgər və çavuş heyəti iştirak etmişdir.
Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev tədbirdə hərbi qulluqçular arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsindən irəli gələn qarşılıqlı münasibətlərin düzgün qurulması, onlar arasında hərbi nəzakət və hərbi etiket qaydalarının düzgün yerinə yetirilməsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozma cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332-ci maddəsində təsbit olunduğunu diqqətə çatdıran Abil Orucəliyev qeyd etmişdir ki, hərbi qulluqçuların qarşılıqlı münasibətləri, həmin münasibətləri tənzim edən qaydalar hərbi nizamnamələrdə səhih şəkildə müəyyən edilir. Bu qaydanın əsas tələbləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət və İntizam Nizamnamələrində təsbit edilir. Hərbi intizam hər bir hərbi qulluqçudan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qulluq etdiyi hərbi hissənin (gəminin) və öz hərbi rütbəsinin şöhrətini şərəflə qorumağı tələb edir.
Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində keçirilmiş digər tədbirdə isə Ombudsmanın nümayəndəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və Preventiv Mexanizm funksiyalarının həyata keçirilməsi qaydasından danışmışdır.
Ombudsman aparatının əməkdaşı vurğulamışdır ki, insan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. 
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) seçilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa müvafiq olaraq Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir və O, işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
13/02/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).