2:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şərur rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Aprel ayının 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şərur rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şərur rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Abil Orucəliyev tədbirdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, o cümlədən muxtariyyətin tarixi və hüquqi əsasları barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Abil Orucəliyev bildirmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilmişdir. Moskva və Qars müqavilələrinin imzalanmasının böyük tarixi və hüquqi əhəmiyyəti vardır. Bu müqavilələr Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynamışdır.
Qeyd olunmuşdur ki, Moskva müqaviləsi 1921-ci il martın 20-də RSFSR MİK tərəfindən, 1921-ci il iyulun 21-də Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunmuş, onların mübadiləsi isə sentyabrın 22-də Türkiyənin Qars şəhərində həyata keçirilmişdir. 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında müqavilə imzalanmış, Naxçıvanın ərazisi və sərhədləri daha da dəqiqləşdirilmişdir. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.
Ombudsmanın nümayəndəsi Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyasının Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsisidir.
Müvəkkil aparatının əməkdaşı əlavə etmişdir ki, Muxtar respublikanın yeni Konstitusiyası demokratik tələblərə cavab verməklə Naxçıvanın muxtariyyətinin hüquqi əsaslarını özündə birbaşa əks etdirmişdir. Bu Konstitusiya sayca dördüncü (1926, 1937, 1978 və 1998) Konstitusiya olmaqla yanaşı, Naxçıvanın müstəqil Azərbaycanın tərkibində, sovet ideologiyasından kənar qəbul edilmiş ilk milli Konstitusiyasıdır. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilmişdir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
26/04/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).