19:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkil tərəfindən hərbi hissələrdə tədbirlər həyata keçirilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissələrində növbəti hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşları Vüsal Abdullayev, Elşən Quliyev və müvafiq hərbi hissələrin zabit, gizir, çavuş və əsgər heyəti iştirak etmişdir.
Abil Orucəliyev tədbirdə hərbi xidmət keçməkdən boyunqaçırma, hərbi hissəni və ya xidmət yerini öz başına tərk etmə cinayətləri barədə danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməni isə vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyən edir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən edilmiş hərbi intizama ciddi riayət etməyə borcludurlar.
Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn cinayətlərinin hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunduğunu diqqətə çatdıran Ombudsmanın nümayəndəsi bildirmişdir ki, hərbi xidmətdən boyun qacırma cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsində öz əksini tapmışdır. 
Qeyd olunmuşdur ki, hərbi xidmət əleyhinə olan cinayətlər içərisində hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayəti daha çox üstünlük təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə, o cümlədən, üzrlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 
 
 
Məruzəçi əlavə etmişdir ki, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu öz hərbi hissəsini və ya xidmət yerini 3 gündən az müddətdə ilk dəfə özbaşına tərk etdikdə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədikdə ona Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən müvafiq cəza verilə bilər.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
22/05/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).