14:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri davam etdirilmişdir.

Aprel ayının 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşları Asiman Abbasov və Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"nın sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması sahəsində rolu və əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən dövlət onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
Həmçinin, Asiman Abbasov "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"nın qəbul olunmasında əsas məqsədin muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarını təmin etmək, cəmiyyətə inteqrasiyasına nail olmaq, sosial reabilitasiyasını gücləndirmək, müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq və məktəb mühitinə uyğunlaşmalarını təmin etmək üçün müvafiq pedaqoji kadr hazırlığı aparmaqdan ibarət olduğunu diqqətə çatdırmışdır.
Ümumtəhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təhsil alması şəbəkəsinin genişləndirilməsinin və onların inklüziv təhsilə cəlb edilməsinin bütün uşaqların erkən yaşda bir-birlərini dərk etmələrinə gətirib çıxaracağını vurğulayan A.Abbasov ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi onların gələcəkdə bu və ya digər sənət sahibi olaraq peşələrinə uyğun fəaliyyətlə məşğul olmalarına zəmin yaradacağını nəzərə çatdırmışdır.
Məruzəçi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli sərəncamı ilə təsdiq etdiyi "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı", həmçinin, Təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov Müvəkkil aparatı ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

08/04/2015















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).