16:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların növbəti hüquqi maarifləndirilmə tədbiri 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunub.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2019-cu ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq sentyabr ayının 18-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavasında növbəti hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev və müvafiq zastavanın çavuş və əsgər heyəti iştirak etmişdir.
 
 
 
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır.
Daha sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev "Sülh mədəniyyəti və insan hüquqları" mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, bəşəriyyət daim əbədi sülh axtarışında olmuş, sülh, dinclik, əmin-amanlıq uğrunda mübarizə aparmışdır. Beləliklə, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesində sülh mədəniyyəti formalaşmışdır.
Məruzəçi vurğulamışdır ki, 1998-ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə 2000-ci il rəsmən Sülh Mədəniyyəti İli elan edilmiş, bununla əlaqədar olaraq, Nobel mükafatları laureatlarının təşəbbüsü ilə 2000-ci il sülh manifesti hazırlanmış və Azərbaycan Respublikası Sülh Manifestini imzalayan ilk dövlətlərdən biri olmuşdur.
Qeyd olunmuşdur ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirlimişdir. Xalqımız müharibə dəhşətlərini öz taleyində yaşamış, əzəli torpaqlarından qovulmuş yüz minlərlə soydaşımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınmış, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə müşahidə olunmuşdur. Ombudmanın əməkdaşı vurğulamışdır ki, atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, münaqişədən əziyyət çəkir.
A.Orucəliyev diqqətə çatdırmışdır ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkməzidə ictimai-siyasi sabitlik bərqərar edilmiş, müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alınmış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Ümummilli liderin Azərbaycana qayıdışı dövlətimizin sülh arzusunun ifadəsi, həqiqi sülhün bərqərar olması və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı olmuşdur. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra Ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. 
Belə ki, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı Ümummilli Liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdur.
Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sülh siyasəti Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 28 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir. Ötən dövr ərzində muxtar respublikada iqtisadiyyatın və sənayenin bütün sahələrinin inkişaf etdirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli məşğulluq təmin edilməklə əhalinin maddi rifah halının yaxşılaşdırılması, bir sözlə, muxtar respublikada bütün sahələrin dinamik inkişafının təmin edilməsi Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
             18.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).