4:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir.
 
Ötən illərdə olduğu kimi 2020-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq fevralın 5-də N saylı hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Nuca Əliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Azər Hacıyev və hərbi hissələrin əsgər və çavuş heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Azər Hacıyev açaraq hərbi qulluqçuların hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra Nuca Əliyev Naxçıvanın muxtariyyət statusu, Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqi və tarixi əsasları barədə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvanın muxtariyyət statusunun əsası ilk dəfə 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş, ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsinin 1924-cü ilin fevral ayına kimi uzadıldığını diqqətə çatdıran Ombudsmanın əməkdaşı vurğulamışdır ki, Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmiş, məhz bu müqavilələrlə Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verilmişdir. 
Nuca Əliyev bildirmişdir ki, Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Vurğulanmışdır ki, 1990-cı ilin noyabr ayında Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən 12-ci çağırış Naxçıvan MSSR Ali Məclisinin ilk sessiyasında tarixi qərarlar qəbul olunaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin adı isə dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cumhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayraq bərpa olunaraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir.
Məruzəçi qeyd etmişdir ki, 1995-ci ilin 12 noyabrında Azərbaycan və Naxçıvan parlamentlərinə ilk demokratik seçkilər keçirilmiş, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilmişdir. Bu tarixi sənəd ölkəmizdə başlanan quruculuq tədbirlərinə, siyasi və iqtisadi sistemin dəyişdirilməsinə, sanballı hüquqi baza yaratmış, müstəqil dövlətçiliyimizin gələcək inkişafını əsaslandırmış, Naxçıvan Muxtar Respublikasına isə Azərbaycanın tərkibində Muxtar Dövlət statusu verilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu Naxçıvan Muxtar Respublikasında yeni Konstitusiyanın qəbulunu zəruri etmişdir. Belə ki, həmin Konstitusiyada "Naxçıvan Muxtar Respublikası" başlıqlı VIII fəsil nəzərdə tutulmuş, həmin fəsil daxilindəki 134-cü maddədə muxtar respublikanın Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması təsbit edilmiş, bütün bunlar isə muxtar respublikanın Əsas Qanununun qəbul edilməsini şərtləndirmiş, nəticədə, 29 dekabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilmişdir.
Qeyd olunmuşdur ki, 1926, 1937, 1978 və 1998-ci illərdə qəbul edilmiş konstitusiyaların hər biri Naxçıvanın muxtariyyət statusundan irəli gələn normaları özündə ehtiva etməklə muxtar ərazi statusunun möhkəmləndirilməsində, sabit dövlət quruculuğunun formalaşmasında, idarəçiliyin təkmilləşdirilməsində başlıca amil kimi çıxış etmişdir.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
            05.02.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).