1:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Azərbaycan 2020 gələcəyə baxış İnkişaf Konsepsiyası

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 
Ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli Sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanmışdır. Konsepsiya demokratik prinsiplər gözlənilməklə açıq müzakirəyə verilmiş və yekun sənəd maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilmişdir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş İnkişaf Konsepsiyasının həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. İnkişaf Konsepsiyası ilə bağlı dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin;
3.2 İnkişaf Konsepsiyasının həyata keçirilməsini təmin etmək üçün qəbul ediləcək dövlət proqramlarının, strategiyaların, digər sənəd və tədbirlərin siyahısını (onların hazırlanması və icra müddətləri, məsuliyyətli dövlət orqanları haqqında təkliflər də daxil olmaqla) iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin;
3.3. İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə aparılan işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görsünlər.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 29 dekabr 2012-ci il
¹ 800
 
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
 
"AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ" İNKİŞAF KONSEPSİYASI
 
MÜNDƏRİCAT
 
1.Mövcud vəziyyət
2.Müasir çağırışlar
3.Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər
4. Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru
4.1.Səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması
4.2.İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı
4.3.Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi
5.Nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi. Bölgələrin tarazlı inkişafı
6.İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi
7.İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması
7.1.Əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr
7.2.Müasir təhsil sisteminin formalaşdırılması
7.3.Sosial müdafiə sisteminin təkmilləşdirilməsi
7.4.Gender bərabərliyinin təmin olunması və ailənin inkişafı
7.5.Gənclərin potensialının və idmanın inkişafı
8.Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi
9.Vətəndaş cəmiyyətinin inkişafı
10.Mədəni irsin qorunması və səmərəli idarə edilməsi
11.Ətraf mühitin qorunması və ekologiya məsələləri
 
1. Mövcud vəziyyət
 
Müasir Azərbaycan öz müstəqilliyinin 20 ili ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir.
XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz qalması - erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu.
Bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı. İlk növbədə, dövlət müstəqilliyimizin dayanıqlığına nail olmaq üçün ölkə daxilində siyasi sabitliyin bərqərar olması təmin edildi.
Eyni zamanda, makroiqtisadi tarazlığın bərqərar edilməsi və o zaman mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində təsirli tədbirlər görüldü, böyük əzmlə sosial məsələlərin həllinə başlanıldı.
Azərbaycanın karbohidrogen ehtiyatlarının xalqın maraqlarına sərf olunmasının əsası məhz bu dövrdə "əsrin müqaviləsi"nin bağlanılması ilə qoyulmuş, eyni zamanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə start verilmişdir. Sovet dönəmindən qalmış inzibati amirlik idarə üsulunun yeni sərbəst rəqabət münasibətləri ilə əvəzlənməsi sahəsində köklü institusional dəyişikliklərin, bazar iqtisadi sistemini formalaşdırmaq istiqamətində məqsədyönlü siyasət aparılmasının, dövlət mülkiyyətinin özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin formalaşdırılması, torpaq islahatları kimi vacib dəyişikliklərin özülü məhz sözügedən illərdə qoyulmuşdur.
XXI əsrin ilk illərində ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.
Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilmiş, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Karbohidrogen ehtiyatlarının hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır.
Təbii resursların geniş miqyasda hasilatına və ixracına nail olmaqla yeni impuls qazanan iqtisadi artım dinamikası, 2009-cu ildə qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında artımın qeydə alınması seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür. 2011-ci ildə real ÜDM 2003-cü illə müqayisədə 3 dəfə artmış, 2011-ci ilin yekunlarına əsasən Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir.
Son 8 ildə ölkənin strateji valyuta ehtiyatları 22 dəfədən çox artaraq, 2011-ci ilin yekunlarına əsasən 41 milyard ABŞ dollarına çatmışdır ki, bu da xarici dövlət borcunu, təxminən, 10 dəfə üstələyir.
Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmış, son on ildə qeyri-neft sektorunun orta illik artım tempi 11 faiz olmuşdur. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası sözügedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir.
Xüsusən qeyd olunmalıdır ki, bu illərdə Azərbaycanda sosial problemlərin səmərəli həllində böyük irəliləyişə nail olunmuş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulmuşdur. Yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər sistemi təsbit olunmuş və inkişaf etdirilmişdir. Uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 2000-ci ildəki 49 faizdən 2011-ci ildə 7,6 faizə enmiş, əməkhaqqı və pensiyalar dəfələrlə artırılmışdır.
Respublikanın iqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmağa başlamışdır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artaraq hazırda 650 milyon manatı keçmişdir. Sözügedən dövrdə böyük əksəriyyəti respublikanın bölgələrində olan 400-dən artıq tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təchiz edilmişdir.
Respublika əhalisinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra zəruri tədbirlər görülmüşdür. Yoluxucu xəstəliklərə qarşı mübarizə işində əhəmiyyətli nailiyyətlər qazanılmışdır və bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır.
Son illərdə təhsil sahəsində nəzərəçarpan nailiyyətlərin əldə olunması da bilavasitə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə bağlıdır. Təkcə onu demək kifayətdir ki, təhsil sahəsinə ayrılan büdcə vəsaitinin ümumi həcmi 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq, 2011-ci ildə 1,5 milyard manat olmuşdur. ötən dövrdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli addımlar atılmış, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Təhsilin məzmunca yenilənməsinə istiqamətlənmiş islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla bərabər, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində indiyədək 1204 nəfər Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə, xaricdə təhsil almağa göndərilmişdir. Ümumilikdə isə, Proqram, digər mənbələr və şəxsi təşəbbüslər hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır.
Təhsilin informasiyalaşdırılması sahəsindəki nailiyyətlər də ürəkaçandır. 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur. "Xalq kompyuteri" layihəsi çərçivəsində 10 mindən çox müəllim kompyuterlə təmin olunmuş, 1200 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla, 75 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Müxtəlif fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə "elektron məktəb" layihəsi həyata keçirilməyə başlanmışdır.
Sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin ("Fitch Ratings", "Moody"s", "Standard & Poor's") Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycan mövqeyini yaxşılaşdırmış, Dünya iqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlmişdir.
Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupuna [1] digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuş və bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, "orta insan inkişafı" ölkələri qrupunu tərk edərək, "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmişdir.
Müstəqillik illərində Azərbaycanda demokratik cəmiyyətin, şəffaf ictimai münasibətlər sisteminin formalaşdırılması dövlət siyasətinin başlıca istiqaməti olmuş, ölkədə siyasi plüralizm ictimai tərəqqinin zəruri əsası kimi öz yerini tutmuşdur. Hazırda Azərbaycanda siyasi partiyaların sərbəst fəaliyyəti üçün zəruri hüquqi və demokratik siyasi şərait mövcuddur. Bu günədək 55 siyasi partiya dövlət qeydiyyatından keçmişdir ki, onlardan 11-i parlamentdə təmsil olunur. Siyasi partiyalar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, seçkili və digər hakimiyyət orqanlarında təmsil olunurlar. Siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkənin siyasi sisteminin və vətəndaş cəmiyyətinin inkişafında onların rolunun daha da artırılması üçün əlavə imkanlar yaradılmışdır.
Demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sisteminin formalaşması cəmiyyətin strukturunda mühüm dəyişikliyə səbəb olmuş, vətəndaşların ictimai-siyasi proseslərdə daha fəal rol oynamasına şərait yaratmışdır. Hazırda ölkədə vətəndaş cəmiyyəti coşqun inkişaf dövrünü yaşayır. Azərbaycanda insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər, ekologiya, gender və digər sahələrə aid 2700-dən artıq QHT dövlət qeydiyyatından keçmişdir və onların sayı durmadan artır. Son 10 il ərzində QHT-lərin yaradılması və onların imkanlarından səmərəli istifadə edilməsini nəzərdə tutan qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, QHT-lərin maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edilmişdir. Bununla yanaşı, bu gün Azərbaycan Respublikasında qabaqcıl dünya standartlarına uyğun azad, plüralist mətbuat formalaşmaqdadır.
Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. ölkə rəhbərliyi səviyyəsində qəbul edilən dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icrası bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Təkcə onu demək kifayətdir ki, hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.
Tam əminliklə demək olar ki, Azərbaycanda keçid dövrü artıq başa çatmışdır. Sərbəst bazar münasibətlərinə və siyasi plüralizmə söykənən, öz qanunauyğunluqlarına malik yeni sosial-iqtisadi sistem bərqərar olmuşdur. Səmərəli iqtisadiyyatın fəaliyyət göstərməsi üçün zəruri infrastrukturun formalaşdırılması başa çatmaq üzrədir. Əhalinin etibarlı sosial müdafiə sistemi qurulmuşdur və bu sistem daha da təkmilləşdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti öz Sərəncamı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə tapşırıq vermişdir. Belə bir konsepsiyanın hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin.
 
2. Müasir çağırışlar
 
XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Bu mənada Azərbaycan da istisna deyildir. Qlobal, planetar xarakterli amillər ölkə həyatının, demək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mədəni və s. sahələrdə gedən proseslərə nüfuz edir. Bununla yanaşı, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da öz mənşəyinə və təsir dairəsinə görə regional (region ölkələrinə xas olan), yaxud ölkədaxili amillər mövcuddur ki, ölkənin ictimai həyatının müxtəlif sahələrinin idarə edilməsində onların da nəzərə alınması səmərəli siyasətin formalaşdırılması baxımından vacibdir.
Müasir dövrümüzün əsas çağırışları şərti olaraq aşağıdakı kimi qruplaşdırıla bilər.
1. Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, əslində qloballaşmanın "müsbət yüklü" effektidir və getdikcə daha çox ölkənin innovasiya sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir. Proqnozlara görə, yaxın və nisbətən uzaq gələcəkdə dünya iqtisadiyyatında artım məhz bu amilin təsiri nəticəsində baş verəcəkdir.
Növbəti illərdə dünya üzrə ticarətin nisbətən daha yüksək sürətlə artacağı, qloballaşma ilə birlikdə regional inteqrasiyaların da genişlənəcəyi gözlənilir. Beynəlxalq ticarət, rəqabət, əqli mülkiyyət və ətraf mühitlə bağlı yeni standartların müəyyənləşəcəyi və bu istiqamətdə beynəlxalq təşkilatların rolunun güclənəcəyi ehtimal olunur. Beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq edən ölkələrin qlobal və regional səviyyədə rəqabətə davamlılığının artacağı gözlənilir. Sənayenin innovasiyalar əsasında inkişafı elm və texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacaqdır. İnkişaf etməkdə olan ölkələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaları və müqayisəli üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaları zəruridir.
2. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməməkdir. Bu isə ilk növbədə iqtisadiyyatda karbohidrogen ehtiyatların ixracından mövcud asılılığı aradan qaldırmaqla orta və uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının xammal əlavəsinə və texnoloji "autsayderə" çevrilmək təhlükəsinin qarşısını almaq kimi mühüm məsələnin daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Karbohidrogen ixracı amili son onillikdə iqtisadi artımın əsas aparıcı qüvvəsi olsa da, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Başqa sözlə, artıq indidən ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına" keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir.
Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əlavə təhsil, həyat boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırılmasına gətirib çıxarır, həmçinin İKT və virtual tədrisin, kompyuter-şəbəkə biliklərinin rolunun artırılmasını nəzərdə tutur. Eyni zamanda, əsas missiyası yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və bazarın tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyəti də yüksələcəkdir.
3. Geniş imkanlarla yanaşı, özü ilə böyük riskləri də gətirən qloballaşma beynəlxalq miqyasda istehsalın, ticarətin, kapital axınının və əmək miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırmışdır. Dünya ölkələrində inkişafın qeyri-müəyyən xarakteri daha da güclənmiş, dünyada iqtisadi dinamikanın müəyyənləşməsində həlledici rola malik güc mərkəzləri sayılan ölkələr sırasına yeniləri - Çin, Hindistan, Braziliya və s. kimi ölkələr qoşulmuşlar. Bu isə öz növbəsində iqtisadi və ticari əlaqələrə təsir edir, resursların yenidən bölüşdürülməsinə, həmçinin beynəlxalq rəqabətin güclənməsinə gətirib çıxarır.
Növbəti dövr dünya iqtisadiyyatının əsas mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar onun strukturca yenidən qurulması, regional iqtisadi birliklərin rolunun güclənməsi ilə səciyyələnəcəkdir. Azərbaycan üçün bu həm xarici iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır, həm də sosial-iqtisadi inkişafın istiqamətlərində ümumdünya kontekstini üstün tutmağı, lokal regional dairə ilə məhdudlaşmamağı, müxtəlif iqtisadi məkanların təsərrüfat əlaqələrində və bazarlarında iştirakdan yararlanmağı zəruri edir. Hazırda birbaşa xarici investisiyaların həm təyinat yeri, həm də mənbəyi kimi inkişaf etməkdə olan iqtisadiyyatların xüsusi çəkisi artmaqdadır. Böhrandan sonrakı dövrdə yüksək gəlirli ölkələrin iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələrdən təqribən iki dəfə aşağı olacağı proqnozlaşdırılır. Nəticədə, inkişaf etməkdə olan ölkələr qlobal iqtisadi artımın əsas lokomotivini təşkil edəcəkdir.
4. Qloballaşmanın səciyyəvi xüsusiyyətlərindən biri də yeni texnologiyaların, innovasiyaların yayılması kimi müsbət təsirli amillə yanaşı, mənfi yüklü iqtisadi proseslərin də yayılması, bu proseslərin ümumdünya təsərrüfat inteqrasiyasına cəlb olunmuş ölkələri öz cənginə almaq bacarığıdır. Bu mənada 2008-ci ildə başlayan və indi də yeni dalğada davam edən qlobal iqtisadi böhran tarixdə öz əhatə dairəsinin genişliyi ilə seçilir. Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazırlıqlı qarşılamış, böhran dövründə investisiya risklərinin yüksək olmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının təsirinə baxmayaraq, beynəlxalq investisiya mövqeyindəki xalis profisit və manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Bu, böhrandan öncəki dövrdə ölkədə həyata keçirilmiş rasional makroiqtisadi və monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsi sayəsində mümkün olmuşdur.
Bununla belə, qlobal böhran və onun fəsadları müasir iqtisadi arxitekturada mütləq depressiv ssenarilərə qarşı qoruyucu mexanizmlərin yaradılmasını və gücləndirilməsini gündəmə gətirir. Ənənəvi xilas təyinatlı maliyyə fondları ilə yanaşı, bu sırada iqtisadiyyatın dövlət tənzimləməsində istifadə olunacaq antiböhran xarakterli xüsusi tədbirlər, həmçinin milli iqtisadiyyatın strukturunun şaxələndirilmiş olması və yeni şəraitə çevik uyğunlaşmaq qabiliyyəti xüsusi əhəmiyyət kəsb edir.
5. Hazırkı mərhələdə bəşəriyyətin üzləşdiyi və hər bir ölkənin ictimai və iqtisadi həyatına güclü təsir göstərən məsələlərdən biri də bütövlükdə dünya miqyasında illər boyu sürətlənən sənayeləşmə nəticəsində ekoloji tarazlığın pozulmasıdır.
Yerli və regional kontekstdə Azərbaycan üçün ekoloji problemlər, əsasən, Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı ilə bağlıdır. Bundan əlavə, ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu ərazilərdə törədilən genişmiqyaslı yanğınlar ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir. Azərbaycanın şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır. Bundan əlavə, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası bütövlükdə region üçün təhlükə mənbəyidir.
Planetar miqyasda ekoloji tarazlığın pozulmasının təzahürü kimi iqlimin dəyişməsi və qlobal istiləşmə öz nəticələrinə görə təbii fəlakətlər yarada biləcək proseslərlə bağlıdır (çayların öz məcrasından çıxması, bütöv kəndlərin və şəhərlərin su altında qalması, təbii normadan qat-qat artıq olan yağıntılar, sellər və s.). Bütün bunlar isə ölkənin iqtisadi və sosial həyatına birbaşa təsir edən və bu səbəbdən müvafiq siyasət tədbirlərinin işlənilib hazırlanmasında nəzərə alınması zəruri olan amillərdir. Son illərin təcrübəsi göstərir ki, təbii fəlakətlərə qarşı səmərəli mübarizə aparmaq və onların nəticələrini aradan qaldırmaq üçün dövlətin fövqəladə hallar üzrə müvafiq fəaliyyəti gücləndirilməli və belə hallarda əhalinin sosial müdafiəsi ilə bağlı çevik mexanizmlərin qurulması ön plana çəkilməlidir. Eyni zamanda, ölkənin bölgələrində infrastruktur layihələrinin tərtibi və həyata keçirilməsi zamanı başvermə ehtimalı yüksək olan təbii fəlakətlər, həmçinin həyati vacib infrastruktur obyektlərinin fövqəladə vəziyyətdə öz funksionallığını zəruri həcmdə saxlaması üçün onların layihələndirilməsi və inşasında müvafiq tələblər nəzərə alınmalıdır.
 
3. Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər
 
Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.
2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir.
Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çataqdır.
2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin inkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir.
Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə ölkənin əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.
Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaqdır. Konsepsiya çərçivəsində istehsal amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və innovasiyaların üstünlüyü ilə səciyyələndirilən mərhələyə keçidin təmin olunması hədəflənir.
İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur.
Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyəti növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur.
Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.
Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi, nəticədə bölgələr üzrə əhalinin yaşayış səviyyəsinin tarazlaşdırılmasına nail olunması nəzərdə tutulur.
İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibaılı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "elektron hökumət" xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanda müasir idarəetmənin formalaşmasının əsas prioritetlərindən biri kimi diqqət mərkəzində olacaqdır.
İstənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsidir. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı Konsepsiyanın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir.
Konsepsiya çərçivəsində yoxsulluq məsələsi insan inkişafı konsepsiyası ilə bağlı müasir yanaşmalara uyğun olaraq "çoxfaktorlu yoxsulluq" anlayışı müstəvisində dəyərləndirilir. Azərbaycanda son on ildə yoxsulluğun azaldılması istiqamətində danılmaz nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə "mütləq yoxsulluq" probleminin həll edilməsi, yəni qəbul edilmiş meyarlara əsasən yoxsulluq kateqoriyasına düşən insanların və ailələrin sayının kəskin azaldılması aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bu Konsepsiya çərçivəsində Azərbaycanda "mütləq yoxsulluq" problemi yenə də daim diqqət mərkəzində olacaqdır. Bununla yanaşı, ölkədə əhalinin orta təbəqəsinin genişlənməsi, həmin təbəqənin rolunun gücləndirilməsi başlıca məqsədlərdən biridir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına malik olurlar.
Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii ki, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfərə çatacağı gözlənilir.
Konsepsiyada nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Mədəni irsin qorunub saxlanılması, səmərəli idarə olunması, yeni yaradıcılıq nəticələrinin qorunması və zənginləşdirilməsi, ətraf mühit və ekologiya problemləri də Konsepsiya çərçivəsində əsas prioritet kimi qəbul edilmiş və bu sahələrdə müvafiq siyasət tədbirlərinin həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.
 
4. Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru
 
4.1. Səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması
 
Konsepsiya çərçivəsində qarşıya qoyulan sosial-iqtisadi hədəflər yüksək səmərə ilə fəaliyyət göstərən, dünya miqyasında rəqabətə qadir olan iqtisadi sistemin formalaşmasını şərtləndirir. Tarixi və müasir təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində yer ala bilər. Bununla bərabər, iqtisadi və sosial sahələrdə davamlı yüksək artım sürətinin təmin olunması bazar iqtisadiyyatı şəraitində dövlət tənzimləməsinin adekvat şəkildə qurulmasını, qlobal dünya iqtisadiyyatındakı son meyilləri və istiqamətləri nəzərə almaqla, bu tənzimləmənin daha da təkmilləşdirilməsini tələb edir.
Azərbaycanda keçid dövrünün başa çatması və yetkin bazar münasibətlərinin formalaşması şəraitində dövlət tənzimləməsi və idarəetməsi funksiyaları, əsasən, makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə işgüzar mühitin təkmilləşdirilməsi və sərbəst rəqabətin təmin olunması, yerli və xarici investisiyalar üçün əlverişli şərait yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi yönündə tənzimləmə tədbirləri, investisiya qoyuluşları və iri miqyaslı infrastruktur layihələrinin reallaşdırılması, əhalinin sosial müdafiəsinin səmərəli təşkili istiqamətlərində həyata keçiriləcəkdir.
Makroiqtisadi siyasətin koordinasiyası gücləndiriləcək, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılacaq və adekvat pul siyasəti aparılacaqdır. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və bunlara uyğun tənzimləmə vasitələri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda fəallığı və riskləri idarə edəcək vasitələr yer alacaqdır. İnflyasiya hədəfinə uyğun olaraq iqtisadiyyatın pula tələbatının ödənilməsinə xüsusi diqqət yetiriləcək, monetar idarəetmənin institusional bazası təkmilləşdiriləcəkdir.
Büdcə vəsaitlərinin formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcəkdir. Müxtəlif büdcə riskləri (xarici, maliyyə, kənarlaşma, əməliyyat riskləri və s.) üzrə çevik qiymətləndirmə aparılacaqdır.
İqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmasına kömək edəcəkdir.
Neft və qaz gəlirlərindən istifadə mexanizmi təkmilləşdiriləcəkdir. Karbohidrogenlərin satışından əldə edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiya olunmasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçiriləcək və bu sahədə hazırda aparılan işlər intensivləşdiriləcəkdir.
Ölkənin tədiyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi, daha çevik məzənnə siyasəti həyata keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaqdır.
Biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdiriləcəkdir. Qanunların davamlı və ədalətli tətbiqi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.
Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünün artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldiləcək, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq təcrübədə qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir.
Eyni zamanda gömrük və miqrasiya prosedurlarının təkmilləşdirilməsi, həmçinin investorları yerli bazarlara daxil olmaqdan çəkindirən amillərin aradan qaldırılması üçün səylər səfərbər ediləcəkdir. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların həyata keçirilməsi, qanunların dünya ticarət sistemində tətbiq edilən praktikaya uyğunlaşdırılması son nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır.
Bununla yanaşı, vergi dərəcələrinin və məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələr), həmçinin gömrük rüsumlarının optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmasına kömək edəcəkdir.
Ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlər davam etdiriləcəkdir. Antiinhisar qanunvericiliyi və praktikası təkmilləşdiriləcək, ticarətdə tətbiq edilən qeyri-tarif əngəllərinin aradan qaldırılması üçün əməli tədbirlər görüləcəkdir.
İstehlakçıların hüquqlarının müdafiəsi işi gücləndiriləcək, məhsulların keyfiyyətinə səmərəli nəzarət mexanizmləri yaradılacaq, keyfiyyətə nəzarət üzrə milli standartlar hazırlanacaq və sertifikatlaşdırma sistemi təkmilləşdiriləcəkdir. Sahibkarların ictimai birliklərinin, o cümlədən peşə assosiasiyalarının yaradılması və inkişafı dəstəklənəcək, sahibkarlığın inkişafını əngəlləyən amillərin aşkar edilməsi və aradan qaldırılması məqsədi ilə müntəzəm monitorinqlər aparılacaqdır.
Konsepsiyanın əhatə etdiyi dövrdə görüləcək tədbirlər Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafını təmin edəcəkdir. Bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin olunması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bank sisteminin kapitallaşması davam etdiriləcək, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunacaq, tikinti-əmanət banklarının yaradılması dəstəklənəcək, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdiriləcəkdir. Elektron ödəniş, poçt-əmanət sistemləri inkişaf etdiriləcək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndiriləcəkdir.
Sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin və sığorta məhsullarının çeşidinin artırılması, təkrar sığortanın, həmçinin həyat sığortasının və tibbi sığortanın tətbiqinin genişləndirilməsi ölkədə sığorta bazarının inkişafına yol açacaqdır. Kənd təsərrüfatı istehsalının sığortalanmasını stimullaşdırmaq məqsədi ilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. lizinq xidmətlərinin göstərilməsi üçün qanunvericilik bazasının və institusional mühitin inkişaf etdirilməsi lizinq təşkilatlarının inkişafına və onların bazara daha asan daxil olmasına imkan yaradacaqdır ki, bu da lizinq təşkilatlarının infrastruktur və investisiya layihələrinin icrasında, kənd təsərrüfatının texnika ilə təminatının yaxşılaşdırılmasında mühüm maliyyə mənbəyi kimi lizinqin payını artıracaqdır.
Müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılması istiqamətində mühüm addımlar atılacaq, qiymətli kağızlar üzrə qeyri-mütəşəkkil bazarın məhdudlaşdırılması, bazarın investorlar üçün cəlbediciliyinin artırılması məqsədi ilə sistemli tədbirlər həyata keçiriləcək, bazarın peşəkar iştirakçılarının fəaliyyətini və onlara nəzarət mexanizmlərini tənzimləyən qanunvericilik təkmilləşdiriləcəkdir.
Qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması və iqtisadi layihələrin maliyyələşdirilməsində fond bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi məqsədi ilə tədbirlər də nəzərdə tutulmuşdur. Eyni zamanda, iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün və ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması məqsədi ilə müvafiq şərait yaradılması daim diqqət mərkəzində olacaqdır.
 
4.2. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı
 
Konsepsiyanın əhatə etdiyi dövr ərzində neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin inşası, yenidən qurulması və modernləşdirilməsi nəzərdə tutulur. "Şahdəniz-2" layihəsinin gerçəkləşdirilməsi və Trans-Anadolu qaz kəmərinin (TANAP) çəkilişi yaxın gələcəkdə Avropanın qazla təminatında Azərbaycanın statusunu daha da yüksəldəcəkdir.
İqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində neft, qaz emalı və neft-kimya zavodlarından ibarət kompleksin inşası planlaşdırılır. Kompleksin təşkili zəruri investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına, son məhsulun istehsalına qədər olan texnoloji zəncirin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə, bu sahədə ixracın həcminin və çeşidinin genişlənməsinə imkan yaradacaqdır. Bununla bərabər, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin investisiya fəallığı daha da artırılacaq, onun şaxələndirilməsi istiqamətində zəruri addımlar atılacaq, o cümlədən xarici ölkələrdə sərmayə qoyuluşlarına mühüm yer ayrılacaqdır. Bu isə ölkənin enerji siyasətində etibarlılıq amilinin rolunun artırılmasına və dünya enerji bazarları ilə inteqrasiya əlaqələrinin gücləndirilməsinə xidmət edəcəkdir.
Eyni zamanda, qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.
Konsepsiyanın əhatə etdiyi dövr ərzində alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, institusional mühitin inkişaf etdirilməsi, elmi-texniki potensialın gücləndirilməsi, mütəxəssis hazırlığının davam etdirilməsi və enerji istehlakçılarının maarifləndirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır. Bu sahədə dövlət tərəfindən həyata keçirilən layihələrlə yanaşı, özəl sektorun da bu prosesdə yaxından iştirakı təşviq ediləcək, alternativ enerji tariflərinin çevik tənzimlənməsi təmin ediləcəkdir.
Qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsi yaradılacaq, təsərrüfatçılığın və idarəçiliyin mütərəqqi formalarından istifadə genişləndiriləcəkdir.
Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə, gəmiqayırma və sement zavodları inşa ediləcəkdir. Alüminium sənayesi inkişaf etdiriləcək, ilkin alüminium istehsalı artırılacaq, özəl sektorun iştirakı ilə son məhsulun istehsalına qədər texnoloji zəncir qurulacaq, bu sahənin ixrac potensialı genişləndiriləcəkdir.
Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır. Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla xüsusi iqtisadi zonalarının yaradılması və sənaye şəhərciklərinin (o cümlədən Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri) qurulması mühüm addımlardır.
Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənəcəkdir. ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdiriləcəkdir.
Əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli şərait yaradılması və əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı, ölkənin ÜDM-ində onun payının artırılması üçün tədbirlər həyata keçiriləcəkdir.
Konsepsiya çərçivəsində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi, bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi və ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair qanunvericilik və standartlar təkmilləşdiriləcək, Xəzər dənizinin turizm potensialından tam şəkildə istifadə edilməsi üçün zəruri tədbirlər görüləcək, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq, informasiya-təbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm marşrutları yaradılmaqla təşviq ediləcəkdir.
Qeyri-neft sənayesinin inkişafı və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və yeni belə müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir. Aqrar sektorun intensiv və səmərəli inkişafının stimullaşdırılması üçün dövlət dəstəyi tədbirləri beynəlxalq təcrübəyə uyğun olaraq davam etdiriləcəkdir. özəl bankları və kredit təşkilatlarını bu sektora vəsait (kredit) ayırmağa daha da təşviq edən bir mühit yaratmaq üçün əlavə tədbirlər görüləcək, kənd təsərrüfatının sığortalanması mexanizmi təkmilləşdiriləcəkdir. Nəticədə kənd təsərrüfatında məhsuldarlıq artacaq və kənd əhalisi qabaqcıl beynəlxalq təcrübə ilə daha yaxından tanış olacaqdır.
Növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaqdır. Meliorasiya və irriqasiya tədbirləri gücləndiriləcək, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndiriləcəkdir.
Ölkədə ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı stimullaşdırılacaq, genetik ehtiyatların və bioloji müxtəlifliyin qorunması, tingçilik, toxumçuluq və damazlıq işlərinin, mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
Kənd təsərrüfatı istehsalçılarının müasir texnika, texnoloji avadanlıq, gübrə, toxum və ting ilə təminatı yaxşılaşdırılacaqdır. Aqrar sahədə elmi təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması nəzərdə tutulur. Kənd təsərrüfatının müxtəlif sahələrinin intensiv inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlər görüləcək, iri taxılçılıq təsərrüfatlarının yaradılması təşəbbüsləri dəstəklənəcəkdir.
Kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması baxımından bölgələrdə ən müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılmasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə ardıcıl tədbirlər davam etdiriləcəkdir. Sahibkarların vərdiş və biliklərinin artırılması üçün informasiya və məsləhət xidmətlərinin əhatə dairəsi genişləndiriləcək, baytarlıq və fitosanitar sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da inkişaf etdiriləcəkdir.
 
4.3. Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi
 
Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, "bilik iqtisadiyyatını formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcəkdir. Elmi infrastruktur təkmilləşdiriləcək, elmin maddi-texniki bazası müasirləşdiriləcək və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin ediləcəkdir.
Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da, son nəticədə, elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək və "beyin axını"nın qarşısını alacaqdır.
Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsal arasındakı əlaqələr gücləndiriləcək, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılacaqdır.
İnnovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri reallaşdırılacaq və müvafiq qanunvericilik bazası yaradılacaqdır.
İnnovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılması da nəzərdə tutulur. Bu baxımdan, müvafiq normativ hüquqi baza hazırlanaraq qəbul ediləcək, innovativ sahibkarlığın və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını təmin etməkdən ötrü İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili nəzərdə tutulur.
İqtisadi məqsəd və resurslar, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasındakı əlaqələrin müəyyənləşdirilməsi uzunmüddətli dövr üçün əqli mülkiyyətə dair Milli Strategiyada və ondan irəli gələn Dövlət Proqramında əksini tapan innovasiya potensialının inkişafına kömək edəcəkdir.
Qabaqcıl dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması prosesi qarşıdakı illərdə tamamlanacaqdır.
 
5. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi. Bölgələrin tarazlı inkişafı
 
Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar eyni zamanda istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaqdır.
Yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndiriləcək, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılacaq, sərnişindaşıma sahəsində gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyaların tətbiqi reallaşdırılacaqdır. Bununla əlaqədar avtomobil, dəmir yolu, su, hava nəqliyyatı və yeraltı nəqliyyat (metro) sahəsində vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ölkə ərazisində Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün tədbirlər görüləcəkdir.
Yaxın illərdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi tamamlanacaq, dəniz donanması yeniləşdiriləcək, nəqliyyat-logistika mərkəzləri yaradılacaq, Bakı-Böyük Kəsik, Bakı-Astara və Bakı-Yalama dəmir yolu xətləri yenidən qurulacaq və modernləşdiriləcək, dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. Eyni zamanda, dəmir yolu nəqliyyatının baş yollarında zəruri yenidənqurma işləri aparılacaq, daşıma parkı yenilənəcək, bütün yollarda dəyişən cərəyanlı dartı sisteminə keçid təmin olunacaq, işarəvermə və siqnalizasiya sistemi müasirləşdiriləcəkdir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin başa çatdırılması ilə ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması təmin ediləcəkdir.
Yol nəqliyyatı sahəsində çınqıl örtüklü yollar tədricən bərk örtüklü avtomobil yolları ilə əvəz ediləcək, respublika və yerli əhəmiyyətli yolların, o cümlədən şəhər, qəsəbə və kənd yollarının yenidən qurulması və genişləndirilməsi davam etdiriləcək, yüksək ekoloji standartlara keçid təmin olunacaq, yol qovşaqları, körpülər tikilib təmir ediləcək və digər modernləşdirmə işləri aparılacaqdır. Yeni yolların salınması əhalinin təhlükəsizliyinin təmin edilməsi prinsipi və əsasən birinci dərəcəli yolların tikilməsi ilə davam etdiriləcək, şəhərdaxili və şəhərdənkənar yük terminallarının tikintisi sürətləndiriləcək, müvafiq infrastrukturun təkmilləşdirilməsi ilə yanaşı, böyük şəhərlərdə və ümumən ölkənin bütün ərazisində nəqliyyatın intellektual idarə olunması sisteminin tətbiqi reallaşdırılacaqdır. Paytaxtın, habelə digər şəhərlərin, rayon və kəndlərin ictimai nəqliyyat sistemi əsaslı surətdə inkişaf etdiriləcəkdir. Ölkənin dəmir yolu şəbəkəsi və hava nəqliyyatı daha da təkmilləşdiriləcək və bu, bölgələrin tarazlı İnkişafı və turizmin şaxəli irəliləyişi üçün zəmin yaradacaqdır.
Konsepsiyanın əhatə etdiyi dövrdə Bakı Metropoliteni sürətlə inkişaf etdiriləcək və genişləndiriləcək, yeni stansiyalar tikiləcək və vaqon parkı yenilənəcəkdir.
Hava nəqliyyatı üzrə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi, uçuş-enmə zolağı və anqarlar istifadəyə veriləcək və bu ərazidə azad iqtisadi zona yaradılacaq, digər beynəlxalq hava limanları və hava donanmasının yenilənməsi işləri davam etdiriləcəkdir.
Regional inkişaf prioritetləri nəzərə alınmaqla, bölgələrdə dövlətin infrastruktur və investisiya siyasəti ilə biznesin investisiya strategiyaları əlaqələndiriləcək və əsasən iqtisadi səmərəlilik baxımından prioritetləşdiriləcəkdir (xərc-gəlir təhlilləri aparılmaqla). Həyat səviyyəsinə və keyfiyyətinə, adambaşına düşən məhsul buraxılışına və investisiyaların həcminə görə ölkənin iqtisadi rayonları arasında mövcud olan fərqlər azaldılacaqdır.
Müasir yanaşma çərçivəsində iqtisadi qərarların qəbul olunmasında yerli özünüidarəetmə orqanlarının çevikliyi artırılacaqdır. Kənd yerlərinin inkişafı istiqamətində xüsusi layihələr həyata keçiriləcək, infrastrukturun və sosial xidmətlərin yaxşılaşdırılması tədbirləri davam etdiriləcəkdir. Bölgələrdə, o cümlədən kəndlərdə də yol problemi daim diqqətdə saxlanılacaq və nəqliyyat sektorunda tələbatın ödənilməsi məqsədi ilə müvafiq addımlar atılacaqdır.
Ölkənin bölgələrində infrastruktur təminatının yaxşılaşdırılması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizm və rekreasiya zonalarının, iqtisadiyyatın prioritet sahələri üzrə ərazi-istehsal klasterlərinin, hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, yeni regional inkişaf mərkəzlərinin yaradılması bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirəcəkdir. Regional inkişaf mərkəzləri bölgələrdə tarazlı sosial-iqtisadi inkişafın təmin edilməsini stimullaşdıracaq, bu isə regional bərabərsizliyin azaldılmasına, əmtəə dövriyyəsinin iqtisadi rayonlar üzrə strukturunda kəskin fərqlərin aradan qalxmasına, iqtisadi resursların, əsasən, mərkəzi şəhərlərdə təmərküzləşməsinin səngiməsinə gətirib çıxaracaqdır.
 
6. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi
 
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması Konsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir.
Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcəkdir. Distant təhsil, elektron ticarət, tele-tibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail olunacaq, elektron ticarət əqdləri iştirakçılarının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün qanunvericilik təkmilləşdiriləcəkdir. Bölgələrdə İKT-nin tətbiqi genişləndiriləcək, əhalinin rəqəmsal hazırlığı və ölkənin qlobal informasiya məkanına inteqrasiya səviyyəsi yüksəldiləcəkdir.
İKT və əqli mülkiyyətin qarşılıqlı təsiri və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmsal şəbəkəyə çıxışı nəzərə alınaraq, on-line lisenziyalaşmaya və one-stop-shops formatında xidmətlərin göstərilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sistemi yaradılacaqdır.
Bununla yanaşı, kosmik sənayenin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması nəticəsində etibarlı peyk rabitəsi təmin ediləcək və bununla ölkənin informasiya təhlükəsizliyi gücləndiriləcəkdir. Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcəkdir. Eyni zamanda, aşağı orbitli peyklərin orbitə çıxarılması nəzərdə tutulur ki, bu da ölkədə ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcəkdir.
Ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədi ilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr gerçəkləşdiriləcəkdir.
"Elektron hökumətin formalaşdırılması məqsədi ilə ardıcıl və mərhələli qaydada müvafiq tədbirlər görüləcək. Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndiriləcək, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, onların funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsi təmin ediləcək, informasiya təhlükəsizliyinin yüksəldilməsi, səriştəli istifadəçi və mütəxəssislər hazırlanması kimi məsələlər diqqətdə saxlanılacaqdır. Eyni zamanda, elektron xidmətlərin keyfiyyəti yüksəldiləcək, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxış təmin ediləcək. Dövlət informasiya resurslarının və sistemlərinin vahid texnoloji standartlar əsasında inteqrasiyası təmin olunacaq və vahid informasiya fəzası formalaşdırılacaqdır.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi, ölkəyə daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və maarifləndirmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır.
İKT üzrə kadr hazırlığı işi də təkmilləşdiriləcəkdir. Yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühit yaradılacaq, dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndiriləcək, həmçinin ölkədən kənara "beyin axını"nın qarşısının alınması üçün təsirli tədbirlər görüləcəkdir.
 
7. İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması
 
Konsepsiya çərçivəsində insan kapitalının inkişafı sahəsində ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı əsas strateji xətt olaraq ön plana çəkilir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə görülən işlər davam etdiriləcək və genişləndiriləcəkdir.
 
7.1. Əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr
 
Bu məqsədlə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması və həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, eyni zamanda səhiyyə islahatları planlı şəkildə davam etdiriləcəkdir. Səhiyyənin idarə olunmasında həddən artıq mərkəzləşmədən imtina edilməsi, idarəetmədə sırf icraçı funksiyalarının inzibati-iqtisadi formalarla əvəz olunması üçün tədbirlər görüləcək və bununla da müxtəlif səviyyəli idarəetmə strukturlarının səlahiyyətlərinin səmərəli şəkildə ayrılması və onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcəkdir.
İcbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaqdır. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır. Eyni zamanda ambulator-poliklinika xidmətinin təkmilləşdirilməsi üçün fəal və məqsədyönlü iş aparılacaqdır.
Dövlət tərəfindən sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya maarifi işi, narkomaniya, alkoqolizmə və tütünçəkməyə qarşı mübarizə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcəkdir. Yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə profilaktika tədbirləri gücləndiriləcək, müvafiq tədbirləri nəzərdə tutan 2015-2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin İnkişaf Proqramı hazırlanacaqdır. Bununla yanaşı, qeyri-infeksion xəstəliklərə (tütünçəkmə, piylənmə, fiziki fəallığın olmaması, spirtli içkilərdən sui-istifadə və s.) qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən xüsusi Strategiya qəbul ediləcək, sağlam həyat tərzi üçün şərait və imkanlar yaradılması, əhalinin öz sağlamlığı üçün məsuliyyətinin və marağının artırılmasından ötrü maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində əməli tədbirlər görüləcəkdir.
Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul ediləcək, uşaq və yeniyetmələr arasında profilaktik müayinələr və dispanserləşdirmə aparılması işi gücləndiriləcəkdir. Yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə uşaqlar arasında immunoprofilaktika işlərinin aparılması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə Milli Fəaliyyət Planı (2014-2020-ci illər) hazırlanacaq, uşaqlara göstərilən stasionar xidmətin daha da yaxşılaşdırılması ilə bağlı uşaq tibb müəssisələri profilləşdiriləcəkdir.
Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcəkdir. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaqdır.
Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində olacaq, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılacaq, o cümlədən xarici ölkələrdə təlimlər təşkil ediləcəkdir. Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir. Tibb işçilərinin əməyinin son nəticəyə görə qiymətləndirilməsi prinsipinin tətbiq olunması üçün tədbirlər görüləcəkdir.
Əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların "elektron sağlamlıq kartı" sistemi və vahid səhiyyə informasiya sistemi yaradılacaqdır.
7.2. Müasir təhsil sisteminin formalaşdırılması
 
2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki payı ilbəil artırılaraq, inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaqdır. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, xüsusən, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcəkdir.
Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcəkdir. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə gerçəkləşdiriləcəkdir. Təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdiriləcək, onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlər yaradılacaqdır.
Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi orta Avropa göstəricisi səviyyəsinə çatdırılacaqdır. Bu məqsədlə dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl, ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və təşviq mexanizmləri yaradılacaqdır.
Məktəblərin tikintisi və əsaslı təmiri sahəsində həyata keçirilən işlər davam etdiriləcək, ümumi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcəkdir.
12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcəkdir. Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər görüləcəkdir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılacaqdır. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün də müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcəkdir.
Təhsilalanların fəaliyyətinin və nailiyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan verən sistemin formalaşdırılması üçün məktəbdaxili qiymətləndirmə sahəsində aparılan islahat tədbirləri davam etdiriləcəkdir.
Məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramları hazırlanacaqdır.
Peşə təhsili infrastrukturu da əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunan vətəndaşların sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaqdır.
Bölgələrin inkişafı və mütəxəssislərə tələbatı nəzərə alınaraq, regional çoxprofilli kolleclərin yaradılması istiqamətində tədbirlər görüləcək, təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssislər hazırlayan təhsil komplekslərinin yaradılmasına başlanılacaqdır.
Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparklar yaradılacaqdır. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaqdır. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatlar müasir standartlar səviyyəsinə çatdırılacaq, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi təşkil olunacaq, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlər görüləcəkdir.
Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaqdır. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Dövlət Proqramı çərçivəsində Azərbaycanın bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdə yerləşən məktəblər) internet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması reallaşdırılacaqdır. Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, təhsil alan bütün şagirdlər 1 şagird-1 kompyuter layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəklər.
Elektron təhsil texnologiyalarının tətbiqi daha da genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaqdır. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün "bulud" texnologiyaları tətbiq olunacaqdır. Ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resursları yaradılacaq, bu resurslar, müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil prosesinə inteqrasiya ediləcək və açıq istifadəyə veriləcəkdir. "Elektron məktəb"lərin sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişləndiriləcəkdir. özünütəhsilə və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyəti modernləşdiriləcək, elektron kitabxanaların sayı artırılacaq, distant təhsilin inkişafı dəstəklənəcək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq olunacaqdır.
İKT-nin təhsilin idarə edilməsinə səmərəli inteqrasiyası davam etdiriləcək, təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin tətbiqi mümkün olacaqdır. Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndiriləcək və nəticədə təhsil sisteminin idarə edilməsində şəffaflıq artacaqdır. Eyni zamanda, Təhsil TV onlayn televiziya kanalı yaradılacaq və geniş ictimaiyyətə təqdim ediləcəkdir.
Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcəkdir. Bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaqdır.
Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaqdır. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaqdır. Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcəkdir.
Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası gücləndiriləcəkdir. Təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşməsi ilə yanaşı Azərbaycanın təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara onların fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcəkdir.
Eyni zamanda, xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə artacaq, xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialından ölkənin inkişafında səmərəli istifadə olunması təmin ediləcəkdir. 2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı qəbul ediləcəkdir.
 
7.3. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi
 
Əhalinin etibarlı sosial müdafiəsinin təşkili məqsədi ilə ölkədə sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində davam etdiriləcəkdir. Həyata keçirilən pensiya islahatlarının daha da dərinləşdirilməsi məqsədi ilə 2016-2020-ci illər üçün yeni Dövlət Proqramı hazırlanacaq. Reallaşdırılacaq tədbirlər nəticəsində sığorta-pensiya sistemi daha da təkmilləşdiriləcək, könüllü sosial sığortalanmanın tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlər öz həllini tapacaqdır.
Sığortaedənlərin qeydiyyatı tam avtomatlaşdırılacaq, sığortaolunanlar dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınacaq, məcburi dövlət sosial sığortası üzrə hesabatlar və sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar elektron qaydada ötürüləcək və qəbul ediləcək, sığortaedənlərdə audit elektron qaydada aparılacaqdır. Qeyd olunanlarla yanaşı, ölkə vətəndaşlarının pensiya təyinatı üçün hər hansı sənədin təqdim edilməsinə ehtiyac qalmayacaq və müvafiq müraciətin elektron qaydada ünvanlanması, vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılması tam reallaşdırılacaqdır.
ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun olaraq, demoqrafiya və əhali sakinliyi sahəsində 2025-ci ilədək dövrü əhatə edən Dövlət Proqramı qəbul ediləcək, həmin proqram çərçivəsində əhalinin kəmiyyət və keyfiyyət artımı məsələləri öz əksini tapacaqdır.
İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə-orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək; əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının artırılması üçün işlərin davam etdirilməsi və sosial müdafiə sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi əsasında əhalinin gəlirlər üzrə diferensiasiyasının azaldılmasına nail olunacaqdır. İşləyən vətəndaşların təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi sahəsində iş gücləndiriləcək, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı hazırlanacaqdır.
Əmək və məşğulluq sahəsində milli informasiya sistemi yaradılacaq, əmək bazarında yaranan vəziyyətin monitorinqi və təhlili sistemi qurulacaq, qeyri-formal məşğulluğun qarşısının alınması üzrə ciddi tədbirlər görüləcəkdir.
Əhalinin sosial təminat sistemi daha da təkmilləşdiriləcək, sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatları sektoru inkişaf etdiriləcəkdir.
Sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq və əhalinin həssas qruplarının bu mənzillərdə yaşaması üçün hüquqi zəmin yaradılacaqdır.
Sosial müavinətlər unifikasiya ediləcək, onların məbləğlərinin artırılması üzrə həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Uşaqlı ailələrə verilən müavinət sistemi təkmilləşdiriləcəkdir. Ölkədə müasir sosial müdafiə sisteminin qurulması və yoxsulluğun azaldılması məqsədi ilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydaları təkmilləşdiriləcək, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması üçün onun həddi mütəmadi olaraq artırılacaqdır. Müasir sosial texnologiyalardan istifadə yolu ilə sosial yardımların səmərəliliyi artırılacaq, mövcud ünvanlı dövlət sosial yardımı sistemi ilə yanaşı fəal sosial yardım proqramları (özünədəstək, güzəştli sosial kreditləşmə) da tətbiq olunacaqdır.
Natamam, aztəminatlı, çoxuşaqlı, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmüş ailələrə əlavə dəstək mexanizmləri yaradılacaq və himayədarlıq qayğısı sisteminin genişləndirilməsi istiqamətində zəruri işlər həyata keçiriləcəkdir. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə reabilitasiya mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün bölgələrdə icma əsaslı reabilitasiya şəbəkəsi genişləndiriləcəkdir.
Əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanacaq və həyata keçiriləcək, habelə həmin şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onlar üçün məşğulluq imkanlarının artırılması məqsədi ilə sosial və peşə reabilitasiya müəssisələrinin sayı artırılacaqdır. Əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarından faydalanmaq, kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etmək imkanları artırılacaqdır.
Ahıl vətəndaşlara qayğı və onların sosial müdafiəsi məsələləri daim diqqət mərkəzində saxlanılacaq, bu məqsədlə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı (2014-2020-ci illər)" qəbul ediləcəkdir.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sıx məskunlaşdığı məkanlarda sosial infrastrukturun təkmilləşdirilməsi, həmçinin məşğulluğun artırılması məqsədi ilə yeni iş yerlərinin yaradılması, mikrokreditlərin verilməsi, məcburi köçkün gənclərin dəstəklənməsi, peşə təlimi və s. kimi tədbirlərlə yanaşı, icmaların inkişafı, təhsil, səhiyyə proqramlarının genişləndirilməsi, yararsız binalarda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri üçün yeni binaların tikilməsi və müvafiq avadanlıqla təchiz edilməsi nəzərdə tutulur. Beynəlxalq maliyyə qurumları, BMT-nin agentlikləri, xüsusən BMT QAK-la və digər beynəlxalq humanitar yardım təşkilatları ilə birlikdə Böyük Repatriasiya ("Böyük Qayıdış") Proqramı hazırlanacaq və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.
Əmək miqrasiyası proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq davam etdiriləcək, ölkə vətəndaşlarının əməkçi miqrantlar qismində xarici ölkələrə göndərilməsi işinin beynəlxalq təcrübəyə uyğun tənzimlənməsi təmin olunacaqdır. Eyni zamanda, başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizm yaradılması, xaricdən işçi qüvvəsinin ölkəyə qanunsuz axınının qarşısının alınması, xarici ölkələrdə çalışan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlər görüləcəkdir.
Əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində böhran vəziyyətlərində fövqəladə hallarla bağlı qabaqlayıcı tədbirlərin görülməsi və onların idarə edilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmənin avtomatlaşdırılması və informasiya texnologiyalarının tətbiqi, mülki müdafiə, yanğın təhlükəsizliyi və xilasetmə işinin yüksək səviyyədə qurulması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması və fövqəladə hallarla bağlı maarifləndirmə istiqamətlərində zəruri tədbirlər həyata keçiriləcəkdir.
7.4. Gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi
 
Ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər gerçəkləşdiriləcəkdir. Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcəkdir.
Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, BƏT-in ratifikasiya olunmuş "Ailə öhdəlikləri olan işçilər haqqında Konvensiya"sına uyğun olaraq, işləyən valideynlər üçün uşağa baxmanın asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması, həmçinin ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi dəstəklənəcəkdir.
Qeyd edilən istiqamətlərin reallaşdırılması üçün bir sıra məqsədli sənədlər qəbul ediləcəkdir. Bununla bağlı "Azərbaycan ailəsi Strategiyasi"nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, "Ailə psixoloqu" institutu, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaqdır.
 
7.5. Gənclərin potensialının və idmanın inkişaf etdirilməsi
 
Azərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcəkdir.
Bu sahə ilə bağlı mövcud olan normativ hüquqi baza mütəmadi olaraq təkmilləşdiriləcək, gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədi ilə rayon (şəhər) icra hakimiyyətləri başçıları yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq, gənclər siyasəti, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaqdır.
Gənclərin və gənc ailələrin mənzil ehtiyaclarının ödənilməsi məqsədi ilə sosial ipotekanın şərtləri daha da təkmilləşdiriləcək, gənclər, o cümlədən sağlamlıq imkanları məhdud olan gənclər üçün istirahət və təlim mərkəzləri istifadəyə veriləcəkdir.
Gənclər, xüsusən ucqar və kənd yerlərində yaşayan gənclər üçün məlumat-məsləhət xidmətləri şəbəkəsi genişləndiriləcəkdir. Gənc nəslin iş bacarıqlarının inkişafı məqsədi ilə gənclərin əmək və iqtisadi əlaqələrə erkən yiyələnməsi üçün səmərəli forma və metodlar tətbiq ediləcəkdir. Ölkə və xarici təhsil müəssisələrini bitirmiş gənc mütəxəssislərin Azərbaycanın bölgələrində işləməsinin təşviq edilməsi, bununla əlaqədar onlar üçün əlavə sosial dəstək mexanizmlərinin (ayrılan müavinətlərin və əməkhaqqına əlavələrin artırılması, xidməti mənzillərin ayrılması və s.) yaradılması və tətbiqi təmin ediləcəkdir.
2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün respublika idman federasiyaları, idman klubları (peşəkar klublar), uşaq-gənclər idman məktəbləri üçün müvafiq idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazaları yaradılacaqdır. Gənclərə sosial xidmət göstərən müəssisələrin, eləcə də bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün aparılan işlər davam etdiriləcək, kadr hazırlığı məsələləri daha da təkmilləşdiriləcək, bu sahədə çalışan mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcəkdir.
 
8. Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi
 
Konsepsiyada nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcəkdir.
Qanunvericiliyin təkmilləşdirilməsində bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi prinsipi əsas götürüləcək, biznes mühitinin yaxşılaşdırılması, milli qanunvericilik bazasının beynəlxalq ticarət sisteminin tələblərinə uyğunlaşdırılması prioritetləri diqqət mərkəzində saxlanılacaq, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə icra intizamı və nəzarət sistemi gücləndiriləcəkdir.
Qanunvericilik təkmilləşdiriləcək, piratçılıq və kontrafaksiya da daxil olmaqla əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görüləcəkdir.
Hüquq mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması təmin ediləcəkdir. Məhkəmə infrastrukturu təkmilləşdiriləcək, bu fəaliyyətə elektron xidmətlər inkorporasiya ediləcək və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları artırılacaqdır. Vətəndaşların (və xüsusən bölgələrdə yaşayanların) hüquqi biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılacaqdır.
Konsepsiya çərçivəsində nəzərdə tutulmuş hədəflərə çatmaq baxımından institusional potensialın gücləndirilməsi özündə üç əsas istiqaməti ehtiva edəcəkdir: dövlət sektorunda insan resurslarının inkişafı, "elektron hökumət" fəaliyyətinin genişləndirilməsi, institusional islahatların davam etdirilməsi.
Dövlət qulluqçularının sosial müdafiəsi və sosial təminatı sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması, qeyri-hökumət təşkilatlarının, xüsusən bölgələrdə fəaliyyətinin dəstəklənməsi ilə bağlı tədbirlər görüləcəkdir.
Dövlət resurslarının prioritet hesab olunan dövlət xidmətləri arasında bölgüsünə, səmərəli və qənaətlə istifadə edilməsinə xüsusi diqqət yetiriləcəkdir. Demokratik və şəffaf idarəetmənin mühüm tərkib hissəsi kimi bərabərlik, tərəfsizlik və açıqlıq prinsiplərinə uyğun olaraq, vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanları artırılacaq, dövlət sektorunda bir sıra xidmətlər müvafiq sahə üzrə ixtisaslaşmış özəl müəssisələrə ötürüləcəkdir.
Konsepsiyaya uyğun olaraq, dövlət orqanlarında idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş və təşkilatların xidmətlərdən sadə, asan və sərbəst istifadəsi üzrə kompleks tədbirlər davam etdiriləcək, elektron kanallar vasitəsilə ictimaiyyətə təqdim edilən dövlət xidmətlərinin sayı artırılacaqdır.
Daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişafında əhəmiyyəti böyük olan standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlər davam etdiriləcəkdir.
Beynəlxalq təcrübəyə əsaslanaraq, dövlət qurum və müəssisələrinin fəaliyyət sahələri üzrə prioritet inkişaf məqsədlərinin müəyyən edilməsi, həmin məqsədlərin qəbul edilmiş müvafiq dövlət proqramlarına uyğunlaşdırılması və onların səmərəli reallaşdırılması baxımından hər bir dövlət qurum və müəssisəsinin strateji plan hazırlayaraq həyata keçirməsi nəzərdə tutulur.
 
9. Vətəndaş cəmiyyətinin inkişafı
 
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcəkdir.
Bu məqsədlə "Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı" hazırlanacaq və həyata keçiriləcəkdir. Proqramda vətəndaş cəmiyyətinin inkişafını stimullaşdıran, dövlətin və özəl sektorun vətəndaş cəmiyyətinə dəstəyini gücləndirən yeni qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi, QHT-lərin layihə və proqramlarına maliyyə yardımının artırılması, "QHT evləri"nin, tədris mərkəzlərinin yaradılması və digər məsələlər öz əksini tapacaqdır.
Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaqdır. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcəkdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli istifadə olunacaqdır.
Vətəndaş cəmiyyətinin inkişafı üçün özəl sektorun donor fəaliyyətini stimullaşdırmaq və bu sahədə institusional səviyyəyə nail olmaq vacibdir. Milli donor institutunun yaradılması korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına, transmilli şirkətlərin, böyük biznes qurumlarının sosial sərmayə proqramlarının artmasına təkan verəcəkdir. Buna nail olmaq məqsədi ilə korporativ məsuliyyət üzrə strategiya və dövlət proqramları hazırlanacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcəkdir.
Konsepsiyanın həyata keçirildiyi müddətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin nəzərə alınaraq tətbiq olunması dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək, regionlarda QHT-lərin sayı artacaq və maddi-texniki bazası gücləndiriləcəkdir.
Konsepsiyanın icra olunduğu uzunmüddətli perspektivdə söz və məlumat azadlığının inkişafına yönəlmiş tədbirlər davam etdiriləcək, informasiya sektorunun və KlV-in fəaliyyətini tənzimləyən milli qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcəkdir. İnformasiya sektorunda müasir texnologiyaların tətbiqinə, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsinə, potensialının yüksəldilməsinə və qlobal informasiya məkanında öncül mövqe əldə etməsinə hərtərəfli dəstək göstəriləcəkdir.
Qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin, informasiya cəmiyyətinin formalaşdığı hazırkı dövrdə informasiya sektorunda prioritetlərin müəyyənləşdirilməsi və reallaşdırılması üçün zəruri tədbirlər görüləcək, müasir metodoloji və texniki yeniliklərin öyrənilməsi və tətbiqi sürətləndiriləcəkdir. Qlobal şəbəkədə milli informasiya resurslarının kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, onların əhatə dairəsinin genişləndirilməsi, beynəlxalq ictimai rəyə təsir imkanlarının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdir.
Müasir dövrdə ictimai fikrin formalaşmasını və ifadə olunmasını təmin edən təsirli vasitə kimi, KİV-in cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəlir. Buna görə də kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin başlıca istiqamətlərindən biri olacaqdır.
Azərbaycan dövləti informasiya sektorunda yeni təzahürləri stimullaşdırmaqla yanaşı, həm də ənənəvi informasiya resurslarının fəaliyyətinin səmərəli təşkilinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə dəstəyini davam etdirəcəkdir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə KİV layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, onlara subvensiyalar, subsidiyalar, güzəştli kreditlər ayrılacaqdır. Azərbaycanın bölgələrində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədi ilə redaksiyalara ünvanlı yardımlar göstəriləcək, "Mətbuat Evləri", regional mətbəələr yaradılması dəstəklənəcəkdir. KİV-in iqtisadi müstəqilliyini təmin etmək məqsədi ilə reklam bazarının genişləndirilməsi stimullaşdırılacaq və bu sahədə mövcud problemlər aradan qaldırılacaqdır.
Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həlli ilə bağlı dövlət siyasəti davam etdiriləcəkdir.
Jurnalistlərin peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın formalaşmasının əsas şərtlərindən biridir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün jurnalistika sahəsində kadrların hazırlanmasına diqqət artırılacaq, Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması üçün beynəlxalq təşkilatlarla və xarici jurnalist qurumları ilə birgə tədbirlər davam etdiriləcəkdir.
2005-ci ildə qəbul edilmiş "informasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyəti təkmilləşdiriləcək, internet informasiya resursları inkişaf etdiriləcəkdir. Kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin olunması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi sahəsində tədbirlər sürətləndiriləcəkdir.
 
10. Mədəni irsin qorunması və səmərəli idarə edilməsi
 
Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativ və miniatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcəkdir.
Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı qəbul ediləcəkdir. Bu sahədə vahid elektron məlumat bazası yaradılacaq və reyestr yeniləcək, həmçinin idarəetmənin optimallaşdırılması, kadr potensialının gücləndirilməsi və qabaqcıl idarəetmə modellərinin tətbiqi üzrə işlər davam etdiriləcəkdir.
Mədəniyyət sahəsində maddi-texniki baza müasir standartlara uyğun qurulacaq, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması istiqamətində sistemli tədbirlər görüləcəkdir. Bununla yanaşı, ödənişli mədəni xidmətlər sistemi, orta və ali təhsil müəssisələrində mədəniyyət fənninin tədrisi kursu yaradılacaqdır.
Xüsusi əhəmiyyət kəsb edən tarixi ərazilərdə tarix və mədəniyyət qoruqlarının yaradılması tədbirləri davam etdiriləcək, ümumbəşəri dəyər daşıyan tarix və mədəniyyət abidələrinin YUNESKO-nun "Ümumdünya irs siyahısı"na və İSESKO-nun "Ümumdünya islam irsi siyahısı"na daxil edilməsi istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın zəngin və tolerant tarixi irsinin, müxtəlif etnoslara və dinlərə aid çoxsaylı tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün görülən işlər sistemli şəkildə davam etdiriləcək, bu sırada 2013-2016-cı illəri əhatə edən "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı" qəbul ediləcəkdir.
Qeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin YUNESKO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək, həmçinin milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcəkdir. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyatı qurumları ilə mübadiləsi təmin ediləcəkdir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin mədəni-siyasi təminat mexanizmlərinin inkişafı ilə yanaşı, diyarşünaslıq, folklor və xalq tətbiqi sənəti sahələrinin təşkili üçün ardıcıl tədbirlər görüləcək, bu sahədə beynəlxalq miqyasda təbliğat işlərinin aparılması prioritet vəzifə olaraq qalacaqdır. Azərbaycan dilinin, Azərbaycan mədəniyyəti və tarixinin dünya ölkələrinə tanıdılması məqsədi ilə xüsusi proqram və fəaliyyət planı hazırlanacaq və həyata keçiriləcəkdir.
Arxeoloji irsin qorunması və səmərəli idarə edilməsi istiqamətində ölkəmizdə arxeoloji irsin tədqiqini həyata keçirən təşkilatların fəaliyyətinin dəstəklənməsi, arxeoloji zonaların və qədim şəhər yerlərinin tədqiqinin başa çatdırılması və həmin ərazilərin mədəniyyət və turizm təyinatlı istifadəyə uyğunlaşdırılması məqsədi ilə zəruri işlər həyata keçiriləcəkdir. Peşəkar bərpaçılıq məktəbinin canlandırılması, gənc bərpaçılar nəslinin yetişdirilməsi məqsədi ilə tədbirlər görüləcək, bu sahədə elmi-texniki baza möhkəmləndiriləcəkdir.
Muzey işinə yeni yanaşmanı, muzeylərin fondlarında saxlanılan əşyaların tam mühafizəsini təmin etmək məqsədi ilə beynəlxalq standartlara uyğun muzey əşyaları haqqında məlumatların elektron bazası yaradılacaq və muzeylərin mərkəzləşdirilmiş informasiya sistemi təşkil ediləcəkdir. Muzeylərin əsaslı təmiri və tikintisi, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni muzeylərin yaradılması işləri davam etdiriləcəkdir. İşğal olunmuş ərazilərdən oğurlanmış muzey əşyalarının qaytarılması, dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması da diqqət mərkəzində olacaqdır.
Azərbaycanın qeyri-maddi mədəni irsinin mədəni-siyasi təminat mexanizmlərinin inkişafı ilə yanaşı, diyarşünaslıq, folklor və xalq tətbiqi sənəti sahələrinin təşkili üçün ardıcıl tədbirlər görüləcək, bu sahədə beynəlxalq miqyasda təbliğat işlərinin aparılması prioritet vəzifə olaraq qalacaqdır. Azərbaycan dilinin, Azərbaycan mədəniyyəti və tarixinin dünya ölkələrinə tanıdılması məqsədi ilə xüsusi proqram və fəaliyyət planı hazırlanacaq və həyata keçiriləcəkdir.
Ölkədə xüsusi sosial qrupların mədəniyyət obyektləri və xidmətlərindən istifadə etmə imkanlarının genişləndirilməsini nəzərdə tutan fəaliyyət inkişaf etdiriləcəkdir. Eləcə də kitab və nəşriyyat işi üzrə dövlət proqramlarının hazırlanması, ölkənin kitabxana-informasiya şəbəkəsinin inkişafı, kitabxana fondlarının ədəbiyyat və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi, həmçinin musiqi ifaçılığı və yaradıcılığının təşviq edilməsi, mədəniyyət sahəsində fəaliyyət göstərən özəl təsisatlara dövlət dəstəyinin artırılması üzrə zəruri işlər həyata keçiriləcəkdir.
 
11. Ətraf mühitin qorunması və ekologiya məsələləri
 
Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.
Meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaqdır. Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir.
Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə göstəriciyə yaxınlaşdırılacaqdır.
Xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədi ilə tullantıların zərərsizləşdirilməsi, təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görüləcəkdir. Tullantıların idarə edilməsi sahəsində mütərəqqi üsullardan istifadə olunacaq, sənaye və məişət tullantılarının təkrar emalı üçün müəssisələr yaradılacaqdır.
Daşqın və subasma ilə bağlı fövqəladə halların baş verə biləcəyi zonalar müəyyənləşdiriləcək, qurumların istifadəsi üçün mütəmadi olaraq proqnozlar tərtib ediləcəkdir.
Torpaq ehtiyatlarının səmərəli idarə olunması məqsədi ilə səhralaşma proseslərinin qarşısının alınması, iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər genişləndiriləcək, torpaqların antropogen çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.
Son on ildə Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi nisbətən artmışdır. Urbanizasiya meyilinin növbəti illərdə də davam edəcəyi gözlənilir ki, bu da şəhər infrastrukturunun formalaşdırılması ilə bağlı qarşıya yeni tələblər qoyur. Paytaxtda və ölkənin digər yerlərində həm dövlət, həm də özəl sektor tərəfindən aparılan tikinti-abadlıq işləri və iqtisadiyyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlər zamanı ətraf mühitin mühafizəsi tələbləri ön planda olacaqdır.
Konsepsiyanın əhatə etdiyi dövr ərzində mənzil-kommunal təsərrüfatı sahəsində köklü islahatlar aparılacaq, ölkə əhalisinin su xidmətlərindən və kanalizasiya sistemindən istifadə imkanları təkmilləşdiriləcək, şəhər və qəsəbələr təmizləyici qurğularla təmin ediləcəkdir. Daha müasir istilik təchizatı sistemi qurulacaq, istilik təchizatı zonası genişləndiriləcək, iqtisadi cəhətdən səmərəli olmayan qazanxanalar ləğv ediləcək və yeni istilik təchizatı mənbələri tikilib istifadəyə veriləcəkdir.
Bütün bunlarla yanaşı, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, səmərəli monitorinq və nəzarət mexanizmlərinin yaradılması yönündə əməli addımlar atılacaqdır. Eyni zamanda, ekologiya və təbiətin mühafizəsi sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və zəruri infrastruktur yaradılacaqdır. Ölkədə ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, ətraf mühitin mühafizəsi mədəniyyətinin aşılanması məqsədi ilə ictimaiyyətin məlumatlandırılmasına xüsusi diqqət yetiriləcəkdir.
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti, 16 may 2014-cü il, ¹ 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 5, maddə 477)
2.16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika" qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)
3.16 may 2019-cu il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 18 may 2019-cu il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹5, maddə 847)
4. 4 dekabr 2020-ci il tarixli 1200 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 5 dekabr 2020-ci il, ¹ 2555, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1462)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).