17:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları

Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 
Fərdi məlumatların informasiya sistemləri barədə vahid məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 4 oktyabr 2010-cu il
¹ 341
 
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 4 oktyabr tarixli 341 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması
QAYDALARI
 
I. Ümumi müddəalar
 
1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları (bundan sonra - Qaydalar) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hazırlanmışdır və fərdi məlumatların informasiya sistemlərinin (bundan sonra - İnformasiya sistemləri) dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.
2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri (bundan sonra - Dövlət reyestri) İnformasiya sistemləri barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.
3. Dövlət reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
4. Dövlət reyestrinin aparılması ilə bağlı xərclər dövlət büdcəsi hesabına maliyyələşdirilir.
 
II. Dövlət reyestrinin formalaşdırılmasının əsas prinsipləri
 
5. Dövlət reyestrinin formalaşdırılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
5.1. mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
5.2. informasiyanın aktuallığının və təhlükəsizliyinin təmin edilməsi;
5.3. Dövlət reyestrinin proqram-texniki komponentlərinin inkişaf imkanlarının təmin edilməsi.
 
III. Reyestrin operatoru
 
6. Dövlət reyestri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Reyestrin operatoru) tərəfindən aparılır.
7. Reyestrin operatoru:
7.1. İnformasiya sistemlərinin dövlət qeydiyyatına alınmasının və dövlət qeydiyyatının ləğv edilməsinin kağız daşıyıcı üzərində və elektron formada təşkili və idarə olunmasını təmin edir;
7.2. Dövlət reyestrinə metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyi təmin edir;
7.3. Dövlət reyestrindən çıxarışlar verir;
7.4. Dövlət reyestrinə daxil edilmiş məlumatların arxivləşdirilməsini və saxlanılmasını təşkil edir;
7.5. Dövlət reyestrinin dayanıqlı işləməsini və informasiya təhlükəsizliyini təmin edir.
 
IV. Dövlət reyestrinin formalaşdırılması və aparılması
 
8. Dövlət qeydiyyatına alınmış İnformasiya sistemləri haqqında məlumatlar Dövlət reyestrinə daxil edilir.
9. Dövlət reyestrinə daxil edilən məlumatlar İnformasiya sistemlərinin dövlət qeydiyyatı və ya dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı məlumatlardan, habelə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan ibarətdir.
10. Reyestrin operatoru elektron və ya kağız daşıyıcılarda təqdim olunmuş məlumatları Dövlət reyestrinə daxil edir və İnformasiya sisteminin mülkiyyətçisinə Dövlət reyestrindən çıxarış verir.
11. İnformasiya sisteminin mülkiyyətçisi Dövlət reyestrinə daxil edilmək üçün təqdim etdiyi məlumatların tam və düzgün olmasını təmin etməlidir.
12. Reyestrin operatoru İnformasiya sistemi haqqında məlumatları dəqiqləşdirmək məqsədi ilə əlavə məlumat tələb edə bilər və ya İnformasiya sistemi ilə bilavasitə tanış ola bilər.
13. İnformasiya sistemində dəyişiklik edildikdə və ya həmin sistem ləğv edildikdə, İnformasiya sisteminin mülkiyyətçisi Dövlət reyestrində müvafiq düzəlişlər edilməsi üçün üç iş günü müddətində Reyestrin operatoruna yazılı surətdə müraciət etməlidir.
14. Reyestrin operatoru, bir qayda olaraq, ən azı beş ildə bir dəfə Dövlət reyestrində İnformasiya sistemləri haqqında mövcud olan müvafiq məlumatların tam və düzgün olmasını İnformasiya sisteminin mülkiyyətçisinə sorğu verməklə və ya yerində tanış olmaqla dəqiqləşdirir.
15. Dövlət reyestrində hər bir informasiya sisteminə ardıcıllıq qaydasında növbəti qeydiyyat nömrəsi verilir.
16. Dövlət reyestrinin elektron formada təşkili və idarə olunması məlumatların avtomatlaşdırılmış qaydada toplanılması, işlənilməsi və mühafizəsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
17. Dövlət reyestrində mövcud informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onun aktual ehtiyat nüsxəsinin mövcudluğu və saxlanılması təmin olunur.
18. Dövlət reyestrində fərdi məlumatların informasiya sistemləri haqqında məlumatların arxivləşdirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
 
V. İnformasiya sistemləri haqqında məlumat
 
19. Hüquqi və fiziki şəxslər İnformasiya sistemləri haqqında məlumat almaq hüququna malikdirlər.
20. İnformasiya sistemləri haqqında məlumat Reyestrin operatorunun İnternet informasiya ehtiyatında yerləşdirilir.
21. İnternet informasiya ehtiyatında İnformasiya sistemləri haqqında yerləşdirilən məlumatın tərkibi Reyestrin operatoru tərəfindən müəyyən edilir.
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09, maddə 1027)
2. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1521)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).