14:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



I dərəcə əlilliyi olan şəxslərə

"I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
3. Bu Qərar 2019-cu il aprelin 1-dən tətbiq edilir.
 
Azərbaycan Respublikasının Baş naziri 
Novruz MƏMMƏDOV
 
Bakı şəhəri, 9 iyul 2019-cu il
¹ 294
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 
"I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi
QAYDASI
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün (bundan sonra - təqaüd) ödənilməsi mexanizmini müəyyən edir.
1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir.
1.3. 2019-cu il aprelin 1-dək əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə təqaüd onların əmək pensiyasının üzərinə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmış qulluq üçün sığorta hissəsinə əlavənin əvəzinə verilir.
1.4. 2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir.
1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir.
1.6. Bu Qaydanın məqsədləri üçün I dərəcə əllilliyi olan şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.
 
2. Təqaüdün təyin edilməsi üçün müraciət edilməsi, onun təyin olunması və təyin olunmasından imtina edilməsi
 
2.1. Təqaüd təyin olunması üçün I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxs (bundan sonra - Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) "Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"nin "Sosial ödənişlər altsistemi"ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra - Qurum) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. I dərəcə əlilliyi olan şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra - Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir;
2.2.2. I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir;
2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış I dərəcə əlilliyi olan şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti;
2.2.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.
2.3. Təqaüd təyin edilməsi barədə qəyyum (himayəçi) müraciət etdikdə, bu barədə müvafiq sənəd təqdim etməsinə baxmayaraq, I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) qəyyumun (himayəçinin) ona baxan şəxs olduğunu təsdiq etmədiyi halda, təqaüd təyin olunmasından imtina edilir.
2.4. Təqaüd qulluq olunanın I dərəcə əlilliyi müddətinə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.
 
3. Təqaüdün verilməsi və verilməsinin dayandırılması
 
3.1. Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə ödənilir.
3.2. Bir nəfər I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir.
3.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edilməsinə görə təqaüd ödənilmir.
3.4. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir.
3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır:
3.5.1. I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə;
3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3.5.3. I dərəcə əlilliyi olan şəxsin əlillik dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudluğu müddəti bitdikdə və ya ləğv edildikdə;
3.5.4. sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda; 
3.5.5. I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və ya sağlamlıq imkanları məhdud 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə.
3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbənd-lərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır.
3.7. Təqaüd təyin olunandan sonra ödəniş həyata keçirilməsi üçün Qurumun sifarişi əsasında müvafiq bank şöbəsi tərəfindən verilmiş plastik kartın istifadə müddəti çərçivəsində Şəxsin dəyişdirilməsi ilə bağlı (qulluq edən şəxsin vəfat etməsi, yaşayış yerini dəyişməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istisna olmaqla) müraciət daxil olarsa, yeni təyinat üçün tələb olunan bank xərcləri müraciət edən şəxs tərəfindən ödənilir.
3.8. Təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Quruma 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Şöbə tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Şöbənin hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.25 aprel 2020-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 26 aprel 2020-ci il, ¹ 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə 495)
2. 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 12 mart 2021-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə 277) 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).