15:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi

"Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 181, ¹ 11, maddə 994; 2007, ¹ 3, maddə 301, ¹ 4, maddə 395; 2008, ¹ 2, maddə 130, ¹ 7, maddə 678; 2010, ¹ 3, maddə 264, ¹ 4, maddə 359; 2011, ¹ 5, maddə 449; 2012, ¹ 12, maddə 1365; 2015, ¹ 6, maddə 773) ləğv edilsin.
 
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
 
Bakı şəhəri, 5 fevral 2016-cı il
¹ 37
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi
QAYDALARI
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra - sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir.
1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:
1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi;
1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;
1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya "DOST" mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
1.2.5. ailə üzvünün vəfat etməsi;
1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi;
1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması.
1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:
1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
1.3.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.3.9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;
1.3.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;
1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
1.3.16. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu;
1.3.17. Kredit büroları;
1.3.18. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;
1.3.19. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti;
1.3.20. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti;
1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi;
1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.
 
2. Sosial yardımın alınması üçün müraciət edilməsi
 
2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə)[*] yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.
2.2. Ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:
2.2.1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);
2.2.2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə);
2.2.3. ərizə-bəyannamə (2 nömrəli əlavə).
2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətdən istifadə etməklə "Ərizə-bəyannamə"ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir.
2.4. Sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş "Ərizə"ni (1 nömrəli əlavə) və "Ərizə-bəyannamə"ni (2 nömrəli əlavə) Təmsilçinin yaşayış yeri üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə (bundan sonra - Şöbə) və ya "DOST" mərkəzinə (bundan sonra - Mərkəz) təqdim edir.
2.5. Kağız üzərində edilən müraciət Şöbə və ya Mərkəz tərəfindən rəsmi olaraq qəbul olunur və bu barədə Təmsilçiyə müvafiq bildiriş təqdim edilir. Müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda Şöbənin və ya Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat rəsmən 1 (bir) iş günü müddətində Təmsilçiyə bildirilir.
2.6. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına, kağız üzərində göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra isə Təmsilçinin "Ərizə-bəyannamə"də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən bu barədə məlumat göndərilir (3 nömrəli əlavə) və ya bildirilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.
 
3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi
 
3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir.
3.2. VEMTAS tərəfindən "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların "Elektron hökumət" portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.
3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir.
3.4. Şöbənin ünvanlı sosial yardım üzrə işçisi "Ailənin maddi-məişət şəraitinin müayinəsi"ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür.
3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların "Ərizə-bəyannamə"də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.
3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.
3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur.
3.6. Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:
3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
3.6.4. axtarışda olan şəxslər;
3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;
3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:
3.7.1. "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;
3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;
3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin "Ərizə-bəyannamə"də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir və ya bildirilir.
 
4. Sosial yardımın verilməsi və verilməsinin dayandırılması
 
4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.
4.2. Sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə), sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a, kağız üzərində Şöbəyə və ya Mərkəzə 5 (beş) iş günü müddətində məlumat verməlidir.
4.3. Təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Sosial yardımın ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmaması üzrlü səbəbdən baş verdikdə, verilmə dayandırıldığı aydan bərpa edilir.
4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən hallardan biri baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı aydan dayandırılır.
4.5. Təmsilçinin (qəyyum, himayəçi, patron(köməkçi) istisna olmaqla) və ya digər ailə üzvünün ailənin orta aylıq gəlirinin 12 (on iki) mislindən çox məbləğdə lotereya uduşu qazanması və ya ailəyə hədiyyə bağışlanması, işsiz ailə üzvünün işlə təmin olunması və s. səbəblərdən ailənin gəlirində dəyişiklik baş verməsi ilə əlaqədar həmin ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılır.
4.6. Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.
4.7. Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
4.8. Sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
 
5. Ailənin orta aylıq gəlirinin hesablanması
 
5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir.
5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır.
5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir.
5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür.
5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:
5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);
5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər;
5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla).
5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.
5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir.
5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir.
5.9. Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, borc (o cümlədən kredit), həmçinin natural formada alınan sosial transfertlər aiddir.
5.10. Ailə üzvünün digər şəxslərdən və ölkə xaricindən aldığı vəsaitlər onların digər gəlirləri hesab olunur.
5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.
5.12. Xarici valyuta ilə əldə olunan gəlir bu gəlirin əldə edildiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır.
5.13. Ailə üzvünün muzdlu işlə əlaqədar gəlirləri və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər vergi, əmək və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Sadələşdirilmiş vergi ödəyicisi olan ailə üzvünün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində gəliri onun dövriyyəsi və şərti rentabellik normaları əsasında müəyyənləşdirilir.
5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə"yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.
5.15. Həyətyanı torpaq sahəsindən əldə olunan gəlir hesablanarkən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş normalardan artıq sahələr nəzərə alınır. Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda, həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin normadan artıq sahəyə vurulması yolu ilə hesablanır.
5.16. Şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial yardımların alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası"na uyğun və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumatlara əsasən hesablanır.
5.17. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarəhaqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə, icarəhaqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarəhaqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır.
5.18. Əmlakın satılmasından əldə edilən gəlir bu əməliyyatdan əldə edilən gəlirdən alqı-satqı ilə bağlı rəsmi sənədlə təsdiqlənmiş xərc çıxılmaqla hesablanır.
5.19. Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır.
5.20. Faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır.
5.21. Barəsində qəyyumluq (himayəçilik və ya patronaj) müəyyən edilmiş şəxslərin sosial yardım hüququ müəyyən edilərkən onlarla eyni təsərrüfatda yaşamayan qəyyumun (himayəçinin) gəliri nəzərə alınmır.
5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:
 
YM (30%+11.7%+6.1%)+R+RM
 
Burada:
YM - yaşayış minimumunun ölkə üzrə məbləği;
R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;
RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;
 
5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır;
5.24. ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:
5.24.1. vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;
5.24.2. təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);
5.24.3. ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət);
5.24.4. ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.
 
6. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət
 
6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
 
7. Keçid müddəa
 
7.1. Bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların "Elektron hökumət" portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına Nazirliyin çıxışı təmin edilənədək (bu qayda dərc olunduqdan sonra 6 (altı) aydan gec olmayaraq) həmin arayış və məlumatlar Təmsilçi tərəfindən bu qurumlardan kağız formasında alınacaqdır.
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 1 iyul 2016-cı il tarixli 262 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 5 iyul 2016-cı il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7, maddə 1342)
2. 22 noyabr 2016-cı il tarixli 477 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 24 noyabr 2016-cı il, ¹ 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹11, maddə 1965)
3.28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 29 noyabr 2016-cı il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹11, maddə 1976)
4. 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239)
5.3 avqust 2018-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 7 avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1793)
6. 3 avqust 2018-ci il tarixli 342 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 7 avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1795)
7. 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 14 dekabr 2018-ci il, ¹ 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab, maddə 2730)
8. 21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 25 yanvar 2019-cu il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 165)
9. 14 mart 2019-cu il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 17 mart 2019-cu il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 532)
10. 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 iyul 2019-cu il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1318)
11. 15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 18 iyul 2019-cu il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1334)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).