12:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları

"Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 677 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
 
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
 
Bakı şəhəri, 28 yanvar 2016-cı il
¹ 14
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarı ilə
təsdiq edilmişdir
 
Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması
QAYDALARI
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 677 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən hazırlanmışdır və cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların (bundan sonra - narkoloji xəstə məhkumlar) məcburi müalicəsinin aparılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara uyğun olaraq tətbiq edilən məcburi müalicə tədbirləri yalnız narkoloji xəstə məhkumların səhhətinin yaxşılaşdırılmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkoloji xəstə məhkumların normal həyat tərzinə qaytarılmasına, şəxsin özünə və ya digər şəxslərə zərər yetirməsi təhlükəsinin aradan qaldırılmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.
 
2. Narkoloji xəstə məhkumlara məcburi müalicənin tətbiq edilməsinin ümumi şərtləri
 
2.1. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və Azərbaycan Respublikasının Cinayət‑Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.
2.2. Narkoloji xəstə məhkumlara məcburi müalicə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tətbiq edilir.
2.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan müalicə üsulları tibb elminin son nailiyyətlərinə əsaslanır.
2.4. Məcburi müalicə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məcburi müalicədə olan şəxslərə sosial qayğının göstərilməsində, reabilitasiyasında, cəmiyyətə reinteqrasiyasında donor və (və ya) qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada iştirak edə bilərlər.
2.5. Cinayət və cəzaların icrası qanunvericiliyinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlər cəza müddətində cəzanı icra edən müəssisənin tibb xidməti tərəfindən həyata keçirilir.
 
3. Cəzaçəkmə müəssisələrində saxlanılan məcburi müalicə tətbiq edilmiş məhkumlar barədə məlumatın ötürülməsi
 
3.1. Məcburi müalicənin tətbiqi və ya ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı narkoloji xəstə məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra qeydiyyat qurumu tərəfindən həmin müəssisənin tibb xidmətinin rəhbərinə yazılı məlumat verilir.
3.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş məhkumlar bir cəzaçəkmə müəssisəsindən digərinə köçürüldükdə, qeydiyyat qurumu tərəfindən həmin müəssisənin tibb xidmətinin rəhbərinə yazılı məlumat verilir.
3.3. Tibb xidmətinin rəhbəri məcburi müalicə barədə yazılı məlumatı aldıqdan sonra həmin məlumatı cəzaçəkmə müəssisəsinin həkim-narkoloquna və ya onu əvəz edən şəxsə təqdim edir.
3.4. Cəzaçəkmə müəssisəsinin tibb xidmətinin rəhbəri alınmış məlumatı 3 (üç) gündən gec olmayaraq, penitensiar müəssisələrdə saxlanılan narkoloji xəstələrin vahid elektron bazasına daxil edir və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə (bundan sonra - Tibb Baş İdarəsi) yazılı məlumat göndərir.
 
4. Məcburi müalicənin həyata keçirilməsi
 
4.1. Məhkumun məcburi müalicəsi cəza çəkdiyi müəssisədə həkim-narkoloq tərəfindən təyin edilmiş müayinə və müalicə planı əsasında həyata keçirilir.
4.2. Məcburi müalicə zamanı müayinə və müalicə müəssisədə ambulator və ya stasionar qaydada aparılır.
4.3. Məcburi müalicənin aparılması barədə bütün tibbi məlumatlar məhkumun tibbi kitabçasında qeyd olunur.
4.4. Məhkumun tibbi kitabçasında xəstənin səhhətinin vəziyyəti (psixi və somatik) barədə qeydlər ilk 2 (iki) ay müddətində həftədə bir dəfə, qalan müalicə müddətində isə ayda 2 (iki) dəfədən az olmayaraq aparılır.
4.5. Məcburi müalicəyə cəlb edilmiş xəstəyə həkim-narkoloq tərəfindən müayinə planına əsasən aşağıdakı tədbirlər tətbiq edilir:
4.5.1. döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi - ilk dəfə daxil olduqda dərhal, sonradan ildə bir dəfə;
4.5.2. ümumi və kliniki laborator müayinələr - 6 (altı) aydan bir;
4.5.3. yoluxucu xəstəliklərin müayinəsi (QİÇS, B və C hepatitləri, sifilis) - 6 (altı) aydan bir;
4.5.4. digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışları - tibbi göstərişlər olduqda.
4.6. Müayinələrin aparılması müddətləri, digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışlarının təşkili həkim-narkoloqun əsaslandırılmış qeydləri əsasında həyata keçirilir.
4.7. Məcburi müalicədə olduğu müddətdə həkim təyinatı olmadan xəstənin psixoaktiv maddələr qəbul etməsinə şübhə yaradan əlamətlər müşahidə edildikdə, faktı təsdiq və ya inkar etmək məqsədi ilə həkim-narkoloq tərəfindən narkoloji tibbi müayinə aparılır.
4.8. Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkuma qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalı, onlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar.
4.9. Məcburi müalicə dövründə cəzaçəkmə müəssisəsinin tibb personalı narkoloji xəstə məhkumların fiziki və psixi sağlamlığının qayğısına qalır, onlara cəmiyyətdə mövcud səhiyyə standartlarına uyğun tibbi xidmət göstərilir.
4.10. Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkumların xarici aləmlə əlaqələri kəsilməməli, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məhkumlara öz ailələri, qohumları və kənar təşkilatların nümayəndələri ilə görüşmələrinə, poçt, telefon və digər əlaqə vasitələri ilə əlaqə saxlamalarına icazə verilməlidir.
4.11. Narkoloji xəstə məhkumlar "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardımla təmin edilirlər.
 
5. Həyata keçirilmiş məcburi müalicənin qiymətləndirilməsi
 
5.1. Aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həkim-məsləhət komissiyaları (bundan sonra -HMK) vasitəsilə həyata keçirilir.
5.2. Məhkumun müalicə kursu başa çatdıqda, həkim-narkoloq tərəfindən epikriz tərtib olunur. Bu epikrizdə həkim-narkoloqun rəyi, laborator və digər müayinələrin nəticələri, müayinədən sonra əldə edilmiş effekt, məhkumun psixi və fiziki vəziyyətində baş vermiş dəyişikliklər göstərilir və məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi üçün məhkumun tibbi kitabçası ilə birlikdə HMK-ya göndərilir.
5.3. Məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi zamanı zəruri müayinələrin aparılması məqsədi ilə narkoloji xəstə məhkumlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə (bundan sonra - müalicə müəssisəsi) köçürülürlər. Müayinələr başa çatdıqdan sonra narkoloji xəstə məhkum dərhal cəzaçəkmə müəssisəsinə geri qaytarılır.
5.4. İxtisaslaşdırılmış müalicə müəssisəsində tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsi həmin müəssisədə fəaliyyət göstərən həkim-məsləhət komissiyası tərəfındən həyata keçirilir.
5.5. HMK məhkum barədə sənədlər daxil olduqdan sonra 15 (on beş) iş günündən gec olmayaraq, həyata keçirilmiş məcburi müalicə tədbirlərini qiymətləndirərək məcburi müalicənin tamamlanması və ya müalicənin davam etdirilməsi barədə rəy verir.[2]
5.6. Əlavə laborator müayinələrin keçirilməsi, həkim-mütəxəssislərin baxışının təşkili ilə bağlı qiymətləndirmə müddəti Tibb Baş İdarəsinin rəhbərliyi tərəfindən 1 (bir) ayadək uzadılır.
5.7. HMK tibbi xarakterli məcburi tədbirlərdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicənin tamamlanması barədə rəy verir.
5.8. HMK tərəfindən verilmiş rəy məhkumun şəxsi işinə əlavə edilməsi üçün onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təqdim edilir.
5.9. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti HMK-nin məcburi müalicənin tamamlanması barədə rəyi əsasında 5 (beş) iş günündən gec olmayaraq, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi barədə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır.
5.10. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi HMK-nin rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vəsatəti ilə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir.
 
6. Yekun müddəalar
 
6.1. Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir.
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş "İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları"na uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər.
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 30 avqust 2018-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 1 sentyabr 2018-ci il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1814)
2. 19 fevral 2020-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 22 fevral 2020-ci il, ¹ 40)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).