12:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası

"Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə"nin 2-16-cı bəndləri və 2-4 nömrəli əlavələri qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 
Bakı şəhəri, 6 may 2010-cu il
¹ 86
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası
 
1. ÜMUMİ MÜDDƏALAR
 
1.1. Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası (bundan sonra - Qayda) "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xidməti yaşayış sahələrinin verilməsi hallarını və qaydasını müəyyən edir.
1.2. Xidməti yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət edilməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir.
1.3. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.
1.4.Xidməti yaşayış sahələri yalnız ayrıca mənzil kimi verilir.
1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
1.6. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən müəyyən edilir.
 
2. XİDMƏTİ YAŞAYIŞ SAHƏLƏRİNİN VERİLMƏSİ
 
2.1. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir.
2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir.
2.3. Kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsinin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2.4. Kirayə müqaviləsinə görə bir tərəf xidməti yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
2.5. Kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
2.6. Kirayə müqaviləsində müqavilənin predmeti, xidməti yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.
2.7. Xidməti yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mənzil sahəsinin ayrılma norması nəzərə alınmaqla verilir.
2.8. Xidməti yaşayış sahəsi verilərkən ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstənin olması nəzərə alınır, həmçinin ər-arvad istisna olmaqla, ayrı cinslərdən olan 9 yaşından yuxarı şəxslərin bir otağa köçürülməsinə yol verilmir (ayrı cinslərdən olan yetkinlik yaşına çatmış şəxslərin bir otağa köçürülməsinə dair razılığı olduğu hallar istisna olmaqla).
 
3. YEKUN MÜDDƏALAR
 
3.1. Xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz.
3.2. Kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
3.3. Kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Xidməti yaşayış sahəsinin kirayəçisi istənilən vaxt kirayə müqaviləsini ləğv edə bilər.
3.4. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır:
3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı;
3.5.2. xidməti yaşayış sahəsinin məhv olması;
3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir).
3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).