11:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Məhkəmə qərarlarının icrası

 
        Məhkəmə qərarları və onların icrası
Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
 
İcra məmurunun tələblərinin məcburiliyi
Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
 
İcra sənədləri üzrə icraata başlanılması
İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
İcra sənədi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
İcra məmuru icraata başlamaq haqqında qərarda icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün, ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün isə 2 ay müddət müəyyən edir.
 
İcra hərəkətlərinin həyata keçirilməsi vaxtı
İcra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi vaxtı ilə bağlı təklif verə bilərlər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir.
Saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir.
 
İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri
İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur.
 
Məcburi icra tədbirləri
Məcburi icra tədbirləri aşağıdakılardır:
borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;
tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;
qanunvericiliyə uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
 
İcraata xitam verilməsinin əsasları
İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir:
məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə;
məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə;
tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə;
icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə;
icra sənədi tam icra olunduqda.
 
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi
Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
 Məhkəmə qərarlarının icrasına dair Müvəkkilin səlahiyyətləri
Müvəkkilin Naxçıvan Muxtar Respublikasının məhkəmələrində süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).