5:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Cinayət prosesində xüsusi ittihamçı

 

Cinayət prosesində xüsusi ittihamçı

Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyinin təyinatı - Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.
 
Cinayət təqibi - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.
 
Cinayət təqibinin növləri
 
Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinin müddəalarına əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi aşağıdakı qaydada həyata keçirilir:
xüsusi ittiham qaydasında;
ictimai-xüsusi ittiham qaydasında;
ictimai ittiham qaydasında.
 
Xüsusi ittiham qaydasında cinayət təqibi.
 
Xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibi:
yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında;
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir), 165.1-ci (tövsifedici əlamətlər olmadan müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (tövsifedici əlamətlər olmadan ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə həyata keçirilir.

 

Xüsusi ittihamçının hüquqi vəziyyəti.

Xüsusi ittihamçı - Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərərçəkmiş şəxsdir.
Xüsusi ittihamçı qismində aşağıdakılar tanınır:
ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək, keçirilərkən və ya sonradan, lakin məhkəmə istintaqı başlananadək xüsusi ittihamçı qismində məhkəmə baxışına buraxılması barədə vəsatət vermiş şəxs (vəsatət təmin olunan andan);
ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət nəticəsində ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin başlanmasını, 
cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs (xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan).
Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyəti olmadıqda, vəsatəti, xahişi və ya şikayəti vermiş onun qanuni nümayəndəsi xüsusi ittihamçı hesab olunur.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş halda, məhkəmə baxışında iştirak etmək üçün buraxılması barədə vəsatət vermiş zərərçəkmiş şəxsin hüquqi varisi xüsusi ittihamçı qismində tanınır.

 

 

Xüsusi ittihamçının hüquqları.

Xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı Cinayət-Prosessual Məcəlləsində  nəzərdə tutulmuş qaydada aşağıdakı hüquqları da həyata keçirir:
xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir;
cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir; 
məhkəmə iclasında cinayət prosesinin digər iştirakçılarının vəsatətləri və məhkəmədə baxılan məsələlər üzrə fikrini söyləyir;
öz hesabına və ya məhkəmə vasitəsi ilə sübutların məhkəməyə təqdim edilməsini təmin edir;
birinci və apellyasiya instansiyası məhkəmələrinin iclasında işin materiallarının tədqiqində iştirak edir;
cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirir;
dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirir;
birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayən-dəsi olmadıqda giriş sözü (xüsusi ittiham qaydasında şikayətin elan edilməsi), nitq və replika söyləyir, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış edir.
Xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir. 
Xüsusi ittiham qaydasında cinayət təqibi üzrə həmçinin xüsusi ittihamçının məhkəmə iclasına üzrlü səbəb olmadan təkrarən gəlməməsi və ya gəlməsinə üzürlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi cinayət təqibindən (xüsusi ittihamdan) imtinaya bərabər tutulur. Bu halda xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir. Lakin xüsusi ittihamçının qanuni nümayəndəsi və ya nümayəndəsi məhkəmə iclasında iştirak edirsə, xüsusi ittihamçı olmadan məhkəmə baxışı davam etdirilməlidir.

 







Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).