5:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri

Müvəkkil təsisatı insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün yeni qurumdur. Mövcud qanunvericiliyə və praktikaya müvafiq olaraq Müvəkkilin fəaliyyəti əsas insan hüquq və azadlıqlarının müdafiəsini və bərpasını təmin edən digər dövlət orqanlarının fəaliyyətini məhdudlaşdırmır və əvəz etmir. O yalnız bu sahədə bu qurumların fəaliyyətinin təkmilləşdirilməsinə, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyi ilə bağlı çatışmamazlıq və bu problemlərin aradan qaldırılmasına xidmət etməklə yanaşı, dövlət qurumları tərəfindən əsas insan hüquq və azadlıqlarının realizə edilməsində mühüm təsir vasitəsidir. 
Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.1-ci maddəsində göstərilir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi (bundan sonra Müvəkkil adlandırılacaq) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Qanunla müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir." 
2011-ci il dekabr ayının 29-da keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa müvafiq dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən Müvəkkil ölkəmizin qoşulduğu "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir.
Bununla yanaşı Qanuna edilmiş digər dəyişikliklə Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirir. Qanuna edilən bu dəyişikliklərlə Müvəkkilin səlahiyyətləri daha da artırılmış, fəaliyyət dairəsi daha da genişləndirilmişdir. 
Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərinə aşağıdakılar aiddir: 
Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin (bundan sonra - preventiv mexanizmin) funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir;
Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir;
Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.
Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi, elmi-analitik, informasiya və metodiki məsələlər üzrə öz fəaliyyətini Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə əlaqələndirir.
Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının və Naxçıvan Muxtar Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil.
Müvəkkil əfvedilmə və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təklif verə bilər.
Müvəkkilin Naxçıvan Muxtar Respublikasının məhkəmələrində süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.
Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin aşağıdakı hüquqları vardır:
istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;
Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq;
cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanılmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara (qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqan və ya vəzifəli şəxs istisna olmaqla) tapşırıq vermək;
Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanlarından və təşkilatlarından ekspert rəyi almaq;
dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzivə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.
İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.
Araşdırma zamanı şikayətdə qeyd olunmayan hallar aşkar edilərsə və belə halların araşdırılması Müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.






Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).