14:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında
NAXÇIVAN MUXTAR RESPUBLIKASININ QANUNU
 
I FƏSİL
 
Naxçıvan Muxtar Respublikasınm İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanının) fəaliyyətinin və təyin edilməsinin əsasları
 
Maddə 1. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin fəaliyyətinin əsasları
1.1. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzifəsi (bundan sonra «Müvəkkil» adlandırılacaq) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Qanunla müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.
1.2. Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin (bundan sonra - preventiv mexanizmin) funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
1.3. Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.5. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.
1.6. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi, elmi-analitik, informasiya və metodiki məsələlər üzrə öz fəaliyyətini Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə əlaqələndirir.
1.7. Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının və Naxçıvan Muxtar Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil.
1.8. Müvəkkil əfvedilmə və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təklif verə bilər.
1.9. Müvəkkilin Naxçıvan Muxtar Respublikasının məhkəmələrində süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.
1.10. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.
 
Maddə 2. Müvəkkilin seçilməsi
2.1. Müvəkkilliyə Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təqdim etdiyi namizədi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 səs çoxluğu ilə seçir.
2.2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul etmədikdə, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Müvəkkilliyə digər şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir.
 
Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər
3.1. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan, Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı müvəkkil vəzifəsinə seçilə bilər.
3.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Müvəkkil ola bilməz.
3.3. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna, siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz.
3.4. Müvəkkil vəzifəsinə seçilən şəxs seçildiyi gündən 5 gün müddətində onun statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır.
3.5. Müvəkkil vəzifəyə seçildiyi gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında aşağıdakı məzmunda and içir: «Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm».
 
Maddə 4. Müvəkkilin səlahiyyət müddəti
4.1. Müvəkkil 7 il müddətinə seçilir.
4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.
 
Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları
5.1. Müvəkkil müstəqildir, yalnız Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına və qanunlarına tabedir.
5.2. Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:
5.2.1. dəyişilməzliyi;
5.2.2. toxunulmazlığı;
5.2.3. Naxçıvan Muxtar Respublikasının hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxsi tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;
5.2.4. maddi və sosial təminatlar.
5.3. Naxçıvan Muxtar Respublikasında fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.
 
Maddə 6. Müvəkkilin toxunulmazlığı
6.1. Müvəkkil səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikasında toxunulmazdır.
6.2. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Naxçıvan Muxtar Respublikasının Prokuroruna xəbər verməlidir.
6.3. Müvəkkilin toxunulmazlığına yalnız Naxçıvan Muxtar Respublikası Prokurorunun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 səs çoxluğu ilə qəbul edilmiş qərarı əsasında xitam verilə bilər.
6.4. Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.
6.5. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra Müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu Qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
 
Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
7.1. Müvəkkilin səlahiyyətlərinə Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təqdimatı və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 səs çoxluğu ilə qəbul edilmiş qərarına əsasən aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1. Müvəkkilə aid tələblər pozulduqda;
7.1.2. Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə.
7.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında aşağıdakı hallar elan edildikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
7.2.1. Müvəkkil vəfat etdikdə;
7.2.2. Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
7.2.3. Müvəkkil vəzifəsindən könüllü və yazılı istefa verdikdə.
7.3. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi 30 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni Müvəkkilin seçilməsi üçün namizədi təqdim edir.
 
II FƏSİL
İnsan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
 
Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası
8.1. Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və ya fəaliyyət göstərən hüquqi şəxslərin (bundan sonra «ərizəçi» adlandırılacaq) Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
8.3. Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.
8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
8.5. Naxçıvan Muxtar Respublikasındakı cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər hər hansı yoxlamadan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.
 
Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu
9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır.Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla baxılmır.
9.3. Anonim şikayətdə göstərilən hallar kifayət qədər əsaslı fakt və sübutlarla təsdiq olunarsa, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilir.
9.4. Şikayət şifahi verildikdə Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
9.5. Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
 
Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi
10.1. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda Müvəkkil aşağıdakı qərarlardan birini qəbul edir:
10.1.1. şikayət baxılmaq üçün qəbul edilsin;
10.1.2. şikayətə baxılmasından imtina edilsin.
10.2. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 iş günü müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.
 
Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar
11.1. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
11.1.1. bu Qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;
11.1.2. şikayət Müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;
11.1.3. bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;
11.1.4. şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
11.1.5. təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.
 
Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılması və preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydası
12.1. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Həmin mülahizə 10 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.
12.2. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin aşağıdakı hüquqları vardır:
12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;
12.2.2. Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq;
12.2.3. cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanılmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
12.2.4. şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
12.2.5. şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara (qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqan və ya vəzifəli şəxs istisna olmaqla) tapşırıq vermək;
12.2.6. Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanlarından və təşkilatlarından ekspert rəyi almaq;
12.2.7. dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.
12.4. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma aparır.
12.5. Araşdırma zamanı şikayətdə qeyd olunmayan hallar aşkar edilərsə və belə halların araşdırılması Müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.
12.6. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 günədək uzadılır. Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.
 
13. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasının nəticələri
13.1. Müvəkkil şikayətə baxılması ilə bağlı nəticələr barədə 5 iş günü müddətində ərizəçiyə yazılı məlumat verir.
13.2. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirir:
13.2.1. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 iş günü müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edir);
13.2.2. cinayət əlamətləri aşkar edildikdə Naxçıvan Muxtar Respublikasının aidiyyəti orqanlarına cinayət işinin başlanması barədə müraciət etmək;
13.2.3. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə Naxçıvan Muxtar Respublikasının müvafiq orqanlarına təkliflər vermək;
13.2.4. insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri haqqında muxtar respublikanın kütləvi informasiya vasitələrinə məlumat vermək;
13.2.5. insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə müraciət etmək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında məruzə ilə çıxış etmək;
13.2.6. Naxçıvan Muxtar Respublikasının dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;
13.2.7. şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə sorğu ilə müraciət etmək.
 
Maddə 13-1. İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri
13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.
13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
13-1.2.1. şikayət konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda;
13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
13-1.2.3. ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:
13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra - informasiya sorğusunun) qeydiyyata alınması;
13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;
13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;
13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;
13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;
13-1.3.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.
13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir.
13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 iş günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.
 
Maddə 14. Müvəkkilin illik məruzəsi
14.1. Cari il bitdikdən sonra 1 aydan gec olmayaraq müvəkkil Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında çıxış edir.
14.2. İllik məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.
14.3. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.
14.4. İllik məruzə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokuroruna göndərilir.
14.5. Məruzə «Şərq qapısı» qəzetində dərc olunur.
 
Maddə 15. Müvəkkilin bəzi məlumatları gizli saxlaması
15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların mühafizəsi «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə həyata keçirilir.
15.2. Şikayətdə əks etdirilmiş halların Müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir.
III FƏSİL
Müvəkkilin fəaliyyətinin təşkili və təminatları
 
Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər təminatları
16.1. Müvəkkil 1920 manat məbləğində əmək haqqı alır.
16.2. Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.
16.3. Müvəkkilə qanunvericiliklə müəyyən olunmuş qaydada məzuniyyət verilir.
16.4. Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.
16.5. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün bir aylıq əmək haqqı məbləğində pul təminatı verilir.
16.6. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
 
Maddə 17. Müvəkkilin aparatı
17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır.
17.2. Müvəkkilin aparatı üzərində Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.
17.3. Aparat Müvəkkil tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.
17.4.Müvəkkil aparatının strukturu, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən müəyyən edilir.
 
Maddə 18. Müvəkkil aparatının işçilərinin hüquq və vəzifələri
18.1. Müvəkkilin aparatının işçilərini Müvəkkil işə götürür və işdən azad edir.
18.2. Müvəkkil aparatının işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.
 
Maddə 18-1. Preventiv qrup
18-1.1. Bu Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Preventiv qrupun üzvü təyin olunur. Preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.
18-1.2. Preventiv qrupun aşağıdakı hüquqları vardır:
18-1.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq;
18-1.2.2. polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
18-1.3. Preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
18-1.4. Preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.
 
Maddə 19. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi
19.1. Müvəkkilin və onun aparatının fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.
 
Maddə 20. Müvəkkilin fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət
Müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
 
    Naxçıvan Muxtar Respublikası
          Ali Məclisinin Sədri:                          VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 20 fevral 2006-cı il
¹ 2-III QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).