14:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Məhkumların hüquqi vəziyyəti

                                       Məhkumların hüquqi vəziyyəti

Məhkum - barəsində məhkəmənin ittiham  hökmü qanuni qüvvəyə minmiş şəxsdir.
      Məhkumluq - cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır.
           Cəzadan azad edilmiş şəxs aşağıdakı hallarda məhkumluğu olmayan hesab edilir:
          
şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda;
           azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
          böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;
          ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;
          xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
          Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
          Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
          Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
         Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və qoruyur, məhkumların islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir.
         Cəzaların icrası zamanı məhkumlara dair Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar və istisnalarla onların Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir. Məhkumlar qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, hüquq və azadlıqlardan irəli gələn vəzifələr daşıyırlar.

Məhkumların əsas hüquqları.

Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.
           Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır:
          
cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;
           ictimai faydalı əməklə məşğul olmaq;
           istirahət etmək;
           pensiya və ya sosial müavinət almaq;
           ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;
          öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;
          hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;
           dini ayinlərin icra edilməsində iştirak etmək;
           hüquqi yardım almaq;
           təhsil almaq və peşə hazırlığı keçmək;
          əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;
          cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.
          Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər.
           Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər.
           Məhkumların hüquqlarının həyata keçirilməsi qaydası Cəzaların İcrası Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilir.
     Məhkumların hüquqlarının həyata keçirilməsi zamanı normativ hüquqi aktların, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulmasına yol verilmir.

Məhkumların əsas vəzifələri və maddi məsuliyyəti.

Məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər.
       Məhkumlar Cəzaların İcrası Məcəllənin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.
           Məhkumlar cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməlidirlər.
 Məhkumlar cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar.
          Məhkumlar üzərinə düşən vəzifələri, habelə cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
     Cəzaçəkmə müəssisələrində məhkumlar əmək vəzifələrinin icrası zamanı vurduqları maddi ziyana görə Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, vurulan digər ziyana görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada  məsuliyyət daşıyırlar.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).