12:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Əsasnamə

Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2006-cı il ___________tarixli _____ nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİNİN APARATI HAQQINDA
Ə S A S N A M Ə
 
1.Ümumi müddəalar
 
1.1. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin aparatı (bundan sonra "Müvəkkilin aparatı" adlandırılacaq) "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun olaraq Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün yaradılmışdır.
1.2. Müvəkkilin aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununu, digər normativ-hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Müvəkkilin əmr və sərəncamlarını rəhbər tutur.
1.3. Müvəkkilin aparatı öz fəaliyyətini dövlət və yerli özünüidarə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə həyata keçirir.
1.4. Müvəkkilin və onun aparatının fəaliyyəti Dövlət büdcəsi hesabına maliyyələşdirilir.
1.5. Müvəkkilin aparatı müstəqil balansa, üzərində Dövlət gerbi təsvir olunmuş möhür və blankalara malikdir.
1.6. Müvəkkilin aparatı Naxçıvan şəhərində yerləşir.
 
2. Müvəkkilin aparatının funksiyaları
 
2.1. Müvəkkilin aparatı aşağıdakı funksiyaları həyata keçirir:
2.1.1.insan hüquqlarının müdafiəsi, pozulmuş insan hüquq və azadlıqlarının bərpası üzrə Müvəkkilin fəaliyyətini təşkil edir;
2.1.2. ərizəçilərin qəbulunu təşkil edir;
2.1.3. şikayətləri qəbul edir, qanunvericiliyə uyğun olaraq onlara baxılmasını təmin edir;
2.1.4. daxil olmuş şikayətlərlə bağlı analitik və başqa informasiya məlumatları və rəyləri hazırlayır;
2.1.5. şikayətlərin və xidməti sənədlərin müəyyən edilmiş qaydada, vaxtlı-vaxtında icrasına nəzarəti həyata keçirir;
2.1.6. insan hüquqlarının pozulması hallarını təhlil edir, gələcəkdə belə pozuntuların səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlayır;
2.1.7. Müvəkkilin sənədlərinin qeydiyyatını və saxlanmasını təmin edir;
2.1.8. Naxçıvan Muxtar Respublikasında insan hüquqları və azadlıqlarının həyata keçirilməsinin monitorinqini təmin edir;
2.1.9. Müvəkkilin dövlət və yerli özünüidarə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələrini və əməkdaşlığını təmin edir;
2.1.10. insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsini öyrənir və ümumiləşdirir, onlarla təcrübə mübadiləsini təmin edir;
2.1.11. əfv və vətəndaşlıq məsələləri haqqında təkliflər hazırlayıb Müvəkkilə təqdim edir;
2.1.12. insan hüquqları və azadlıqları sahəsində maarifləndirmə və biliklərin yayılmasında iştirak edir;
2.1.13. insan hüquqları və azadlıqlarının müdafiəsi üzrə Müvəkkilin fəaliyyətinin təhlil və təbliğ edilməsini təşkil edir;
2.1.14. Müvəkkilin illik məruzəsinin layihəsini hazırlayıb Müvəkkilə təqdim edir;
2.1.15. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirir;
2.1.16. Müvəkkilin fəaliyyəti ilə bağlı onun ayrı-ayrı tapşırıqlarını yerinə yetirir;
2.1.17. Müvəkkilin fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.
 
3. Müvəkkilin aparatının fəaliyyətinin təşkili
 
3.1. Müvəkkilin aparatının işinə rəhbərliyi Müvəkkil həyata keçirir.
3.2. Müvəkkilin aparatının işçilərini Müvəkkil işə götürür və işdən azad edir, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları mükafatlandırır və intizam qaydasında cəzalandırır.
3.3. Müvəkkilin aparatının fəaliyyətini Müvəkkil tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən aparatın rəhbəri təşkil edir.
3.4. Müvəkkilin aparatının rəhbəri:
3.4.1. Müvəkkilin aparatının struktur bölmələrində icra və əmək intizamına əməl olunmasına nəzarət edir;
3.4.2. öz səlahiyyətləri çərçivəsində göstərişlər verir, habelə əmr və sərəncamları hazırlayıb təsdiq üçün Müvəkkilə təqdim edir;
3.4.3. ayrılmış əmlak və vəsait üzrə təkliflər hazırlayır;
3.4.4. Müvəkkilin aparatının fəaliyyətinin təkmilləşməsi və buraxılan nöqsanların aradan qaldırılması üzrə təkliflər hazırlayır;
3.4.5. öz səlahiyyətləri çərçivəsində digər funksiyaları həyata keçirir.
 
4. Müvəkkilin aparatının strukturu
 
4.1. Müvəkkilin aparatı şöbələrdən, bölmələrdən və digər struktur vahidlərdən ibarətdir.
4.2. Müvəkkilin aparatının struktur, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən müəyyən edilir.
 
5. Müvəkkilin aparatının işçilərinin hüquq və vəzifələri
 
5.1. Müvəkkilin aparatının işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.
5.2. Müvəkkilin aparatının struktur bölməsinin rəhbəri:
5.2.1. struktur bölməsinə birbaşa rəhbərliyi həyata keçirir və öz vəzifələrinin yerinə yetirilməsində şəxsən məsuliyyət daşıyır;
5.2.2. öz vəzifələrinə aid olan və ona tapşırılmış sahə üzrə iş planını tərtib edir və təsdiq üçün Müvəkkilə təqdim edir;
5.2.3. təsdiq olunmuş iş planı üzrə tədbirlər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;
5.2.4. struktur bölməsinin işçiləri arasında vəzifələri bölüşdürür;
5.2.5. struktur bölməsinin işçiləri tərəfindən icra və əmək intizamına əməl olunmasını təmin edir;
5.2.6. rəhbərlik etdiyi struktur bölməsinin işini aparatın başqa bölmələrinin işi ilə əlaqələndirir;
5.2.7. işin təkmilləşməsi haqqında, işçilərinin mükafatlandırılması və ya intizam qaydasında cəzalandırılması üzrə təkliflər verir.
 
6. Müvəkkilin aparatının strukturları arasında qarşılıqlı əlaqələr
 
6.1. Müvəkkilin aparatı Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilmiş şikayətlərlə bağlı materialların hazırlanmasında, habelə Müvəkkilin tapşırıqlarının yerinə yetirilməsində qarşılıqlı fəaliyyət göstərir.
6.2. Qarşılıqlı fəaliyyət prosesində Müvəkkilin tapşırıqlarının icrasına nəzarət hər bir konkret halda Müvəkkil tərəfindən həyata keçirilir.
6.3. Hər hansı analitik məlumatların və digər materialların hazırlanması üçün Müvəkkilin qərarına əsasən işçi qrupu yaradıla bilər.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).