9:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Unus kənd məktəbində müasir tədris şəraiti yaradılıb.
 
 
Oktyabrın 28-də Ordubad rayonunun Unus kənd tam orta məktəbi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, ikimərtəbəli 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, direktor, şahmat, kompüter və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və bufet yerləşir.
Məktəbin kitabxana fondunda 3142 kitab vardır.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılmışdır. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları "Onurğa əyilməsinə qarşı hazırlanmış mikrobit" və "İstilikölçən cihaz" layihələrini təqdim etmişlər.
Məktəbdə internetə çıxışı olan 14 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında "Naxçıvan xalçaları" mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.
 
 
Məktəbdəki laboratoriyaların hər biri dərsliklərdə nəzərdə tutulan mövzulara uyğun müasir təcrübə avadanlıqları ilə təmin olunmuşdur. Bu da dərsləri daha yaxşı qavramağa kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.
Müəllimlərdən Gültac Alırzayeva, Ədalət Hüseynov, Aytac Qocalı, Çinarə Mirzəyeva yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Məktəbdə istifadəyə verilən hərbi kabinə, müasir idman zalı, açıq idman qurğuları və şahmatın tədrisi gələcəyimiz olan uşaqların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə, fiziki və əqli inkişafına xidmət edir. Məlumat verilmişdir ki, məktəbin bir şagirdi Heydər Əliyev adına Hərbi Liseyin birinci kursunda təhsilini davam etdirir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və gənc müəllim Gülarə Bağırova çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirmiş, bu münasibətlə kollektivi təbrik etmiş, tədrisdə uğurlar arzulamışdır.
 
 
Binanın həyətində açıq idman qurğusu quraşdırılmış, abadlıq işləri aparılmışdır.
 
8 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub
 
Oktyabrın 28-də Vələver-Başkənd-Qoruqlar-Anaqut-Dırnıs-Kələki-Unus-Pəzməri kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.
 
 
Məlumat verilmişdir ki, ümumi uzunluğu 14,2 kilometr olan əsas və 18,6 kilometrlik köməkçi yol yenidən qurulmuş, asfalt örtük salınmışdır. Tikinti zamanı 16,1 kilometr beton su kanalı, 2080 metr istinad divarı, 522 metr drenaj, 3740 metr su xətti çəkilmişdir. Yolun üzərində 441 boru və 20 beton su keçidi, 3780 metr yol baryeri qoyulmuş, 2 körpü tikilmiş, 13 piyada körpüsü quraşdırılmış, 3 körpü təmir olunmuş, 1106 metr sahilbərkitmə işləri aparılmışdır.
Pəzməri şəlaləsinə gedən 4 kilometrlik avtomobil yolu da genişləndirilərək qum-çınqıl qatı verilmiş, 20 metr metal boru su keçidi qoyulmuşdur. 8 kəndi əhatə edən yol bölgədə turizmin inkişafına töhfə verəcəkdir.
 
 
Ali Məclisin Sədri yolda işlərin keyfiyyətlə aparılması münasibətilə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivinə təşəkkür etmişdir.
Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov kollektiv adından yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
 
Dövlət qurumları müasir binada fəaliyyət göstərəcək
 
Oktyabrın 28-də Unus kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.
 
 
Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, eyni zamanda rabitə evi, kitabxana, arxiv, mədəniyyət evi, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 8557 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 106 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 105 üzvü vardır ki, onlardan da 33-ü gənc, 57-si isə qadındır.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hacıyev kənd sakinlərinin məşğuliyyəti barədə məlumat vermişdir.
 
 
Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov muxtar respublikada müasir tibb ocaqlarının istifadəyə verildiyini və tibb işçiləri üçün rahat iş şəraitinin yaradıldığını bildirmiş, Unus kəndində feldşer-mama məntəqəsinin istifadəyə verilməsini bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olduğunu qeyd etmişdir.
 
 
Ali Məclisin Sədri qeydiyyat, peyvənd və patronaj işinin təşkili, rayon mərkəzi xəstəxanasından müxtəlif həkim briqadalarının yerlərə göndərilməsi barədə tapşırıqlar vermişdir.
 
Xidmət mərkəzi gündəlik ehtiyacların ödənilməsini təmin edəcək
 
Oktyabrın 28-də Unus kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
 
 
Bildirilmişdir ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri ailə təsərrüfatı məhsullarına üstünlük verilməsi barədə tapşırıq vermişdir.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik etmişdir.
 
 
Kənd ağsaqqalı Əsədulla Həsənov yaradılanları qoruyub saxlayacaqlarına söz vermişdir.
 
Pəzməri kənd ümumi orta məktəbi istifadəyə verilib
 
Oktyabrın 28-də Ordubad rayonunun Pəzməri kənd ümumi orta məktəbi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, ikimərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, direktor, direktor müavini, şahmat, kompüter, müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və qazanxana yerləşir. Məktəbin kitabxana fondunda 1958 kitab vardır.
Məktəbdə internetə çıxışı olan 10 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə "Naxçıvan müstəqillik illərində" mövzusunda açıq dərsi izləmişdir.
 
 
STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları "Avtomatik balıqyemləmə" və "Dispanser qurğu" layihələrini təqdim etmişlər.
Müəllim Aysel Abdullalı yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Təhsil ocağında dəqiq elmlərin yüksək səviyyədə tədris olunması üçün hər cür şərait yaradılmış, laboratoriyalar əyani vəsaitlərlə təchiz olunmuşdur. Bildirilmişdir ki, məktəbdə şahmat fənninin tədrisi şagirdlərin düşünmə qabiliyyətini, məntiqi təfəkkürünü inkişaf etdirməklə yanaşı, digər fənləri də daha yaxşı mənimsəmələrinə kömək edir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Nazənin Quliyeva təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Pəzməri kənd ümumi orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, yaradılan şəraitdən düzgün istifadə ilə bağlı tapşırıqlar vermişdir.
 
 
Binanın həyətində açıq idman qurğusu quraşdırılmış, abadlıq işləri aparılmış, yaşıllıq salınmış, suvarma və işıqlandırma sistemləri çəkilmişdir.
 
Kənd mərkəzindəki vahid idarəetmə sistemi vaxt itkisinin qarşısını alacaq
 
Oktyabrın 28-də Pəzməri kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə tanış olmuşdur.
 
Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, kitabxana, Unus və Pəzməri kəndlərini əhatə edən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və polis sahə məntəqəsi, arxiv, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 3619 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 29 internet istifadəçisi vardır.
 
İnzibati ərazi dairəsi üzrə nümayəndə Elsəs Hüseynli kəndin təsərrüfat həyatı ilə bağlı məlumat vermişdir.
 
Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən sosial islahatların əsas istiqamətidir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.
 
Xidmət mərkəzində lazımi şərait yaradılıb
 
Oktyabrın 28-də Pəzməri kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası yerləşir. Burada xidmətin təşkili üçün hər cür şərait yaradılmış, 3 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri tələbata uyğun məhsulların satışı ilə bağlı tapşırıq vermişdir.
Sonra sakinlərlə görüş olmuşdur.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus və Pəzməri kəndlərinin müasir və ağıllı kəndlər sırasına daxil olduqlarını qeyd etmiş, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə və məskunlaşmanın artacağına əminliyini bildirmişdir.
Kənd ağsaqqalı Vaqif Abdullayev görülən işlərə görə dövlətimizə minnətdarlıq etmişdir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 

29.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).