0:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Bu gün müasir Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 27 il ötür.
 
"Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".
 
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
 
 
Hər bir hərəkətin hüquqi çərçivəyə salınması əsrlər boyu özünü doğrultmuş obyektiv zərurətdir. Bəşər tarixində ilk hüquqi sənədlərin qəbul edilməsindən başlayaraq hüquqi nizamlama insan həyatının bütün sferalarında özünəməxsus rol oynamışdır. Hüquqi nizamlama prosesindən çıxış edən sənədlər arasında ən ali hüquqi qüvvəyə malik olanı isə dövlətin mahiyyətini açıqlayan, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətləri əks etdirən Konstitusiyadır.
Qeyd etmək lazımdır ki, Konstitusiya hər bir ölkədə mövcud sosial-iqtisadi və ictimai-siyasi sistemin əsaslarını təsbit edən, yüksək hüquqi qüvvəsi olan, ictimai münasibətlərin ən mühüm sahələrini nizama salan, birbaşa hüquqi qüvvəyə malik olan, qanunvericilik sisteminin əsasını təşkil edən normativ hüquqi aktdır.
Qədim dövlətçilik ənənələrinə malik ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edilmişdir.
Demokratik prinsipləri və ümumbəşəri dəyərləri təsbit edən müasir Konstitusiyanın qəbul edilməsi Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar edilməsi, əhalinin layiqli həyat səviyyəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün hərtərəfli zəmin yaratmış, ölkəmizin hüquqi, siyasi, iqtisadi və digər sahələrdə inkişafının gələcək istiqamətlərini müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyev demişdir: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".
Konstitusiyamızın preambulasında dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan olunmuşdur.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmiş, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirmiş, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoymuşdur. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Ötən dövrdə yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar ölkə Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir. Belə ki, ilk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il tarixli Fərmanına əsasən 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə, ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 26 dekabr 2008-ci il tarixdə hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir sıra normalarını təkmilləşdirmək məqsədi daşıyan, əsasən dövlətin sosialyönümlüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına, o cümlədən bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı hüquqi cəhətdən əsaslandırılmamış və ictimai tələblərə cavab verməyən məhdudiyyətin aradan qaldırılmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə yönəlmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin ümumxalq səsverməsinə çıxarılması barədə qərar qəbul edilmişdir.
Qeyd edilməlidir ki, 18 mart 2009-cu il tarixdə Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqləmişdir. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilir. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bir sözlə universal dəyərlərə əsaslanan, böyük hüquqi, siyasi və ideoloji potensiala malik Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir.
 
12.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).