17:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

  Uşaq hüquqlarının müdafiəsi hər bir dövlətin və cəmiyyətin inkişafını şərtləndirən mühüm amildir.

 
Uşaqların hüquqlarının müdafiəsi və onların üstün maraqlarına dair müddəalar Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Bəyannaməsində, "Uşaq hüquqları haqqında" Konvensiyasında və digər beynəlxalq sənədlərdə təsbit edilib.
Belə ki, uşaqların üstün maraqları konsepsiyası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci maddəsində nəzərdə tutulub. Bu termindən ilk dəfə 1989-cu ildə "Uşaq hüquqları haqında" Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilib. Burada qeyd olunur ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud inzibati qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və maddi-mənəvi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır.
Uşağın üstün maraqları konsepsiyası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş və 3 sentyabr 1981-ci ildə qüvvəyə minmiş "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" haqqında Konvensiyanın 5-ci və 16-cı maddələrində də öz əksini tapıb. Konvensiyanın 5-ci maddəsinə əsasən iştirakçı dövlətlərdən ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsini, kişi və qadınların öz övladlarının tərbiyəsinə və inkişafına, uşaqların mənafeyi bütün hallarda üstün tutulmaq şərtilə, birgə məsuliyyət daşımalarının etiraf olunmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi tələb edilir.
"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" haqqında Konvensiyanın 16-cı maddəsində kişilərlə qadınların bərabərliyi əsasında kişi və qadınların, ailə vəziyyətlərindən asılı olmayaraq, valideyn kimi övladları ilə əlaqədar məsələlərlə eyni hüquq və vəzifələri olması və bütün hallarda uşaqların mənafeyinin üstün tutulması bəyan edilib.
Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları Komitəsinin 1989-cu ildə qəbul edilmiş 17 saylı və 1990-cı ildə qəbul edilmiş 19 saylı Ümumi Şərhlərində valideynlərin ayrılması və ya boşanması hallarında "uşağın üstün maraqları" barədə müddəalar əks olunub. Komitənin 17 saylı Ümumi Şərhində bildirilib ki, nikah pozulduğu halda, uşağın hər iki valideyn ilə şəxsi münasibətlərinin təminatı kimi uşağın üstün maraqları nəzərə alınmaqla, bütün tədbirlər həyata keçirilməlidir.
Komitənin 19 saylı Ümumi Şərhində qeyd edilib ki, boşanma, uşağın himayəyə verilməsi, görüş hüquqları və digər hallar nəticəsində uşağın hər hansı ayrı-seçkiliyə məruz qalması uşağın üstün maraqları başqa halı nəzərdə tutmadıqda qadağan edilir.
Uşaq Hüquqları Komitəsinin 2013-cü ildə dərc olunmuş uşağın maraqları­nın üstün tutulması haqqında 14 saylı Ümumi Şərhin 44-cü bəndində göstə­rilib ki, uşağın üstün maraqlarının qiymətləndirilməsinə uşağın öz fikirlərini azad ifadə etmək hüquqlarına hörmət və uşaqla bağlı bütün məsələlərdə söylənilən fikirlərə verilən qiymət daxil olmalıdır.
Həmçinin Avropa İttifaqının "Fundamental hüquqlar haqqında" Xartiyasının 24-cü maddəsində qeyd olunur ki, uşaqlarla bağlı istər dövlət orqanlarının, istərsə də özəl qurumların hərəkətlərində, uşağın üstün maraqları vacib amil olmalıdır. Hər bir uşaq, bunun onun maraqlarına zidd olması halı istisna olmaqla, hər iki valideyni ilə müntəzəm şəxsi və birbaşa əlaqə saxlamaq hüququna malikdir.
Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyası 1924-cü il "Uşaq Hüquqları haqqında" Cenevrə Bəyannaməsinin, 1959-cu il noyabrın 20-də Baş Assambleya tərəfindən qəbul edilən Uşaq Hüquqları Bəyannaməsinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, "Mülki və siyasi hüquqları haqqında" Beynəlxalq Paktın, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın əsas müddəaları nəzərə alınmaqla hazırlanmış, 21 iyul 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 236 saylı qərarı ilə ölkəmiz bu Konvensiyaya və 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulmaqla, uşaq hüquqlarının müdafiəsi və təmin olunmasına dair üzərinə müvafiq öhdəliklər götürübdür.
"Uşaq hüquqları haqqında" Konvensiyaya əsasən iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Konvensiyada qeyd olunur ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir.
"Uşaq hüquqları haqqında" Konvensiyanın 18-ci maddəsinə əsasən valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir.
2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş "Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi qaydaları"nda göstərilir ki, "üstün maraqlar" termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pesedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus mövcuddur. Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur. Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir. Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir.
Bir sözlə, əksər beynəlxalq konvensiyalarda və digər sənədlərdə uşağın üstün maraqlarının nəzərə alınması xüsusilə vurğulanıb.
Ötən dövr ərzində "Uşaq hüquqları haqqında" Konvensiyanın əsas müddəaları və prinsipləri rəhbər tutulmaqla ölkəmizdə bir sıra normativ-hüquqi aktlar qəbul edilib. Bunların sırasına Azərbaycan Respublikasının Ailə Məcəlləsi, "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızılığının və hüquq pozuntularının profilaktikası haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlar və digər normativ sənədləri aid etmək olar.
Muxtar respublikamızda da uşaqların hüquqlarının müdafiəsinə, təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərilir və bu istiqamətdə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.
Belə ki, uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 may 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)" qəbulu, "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" 31 yanvar 2012-ci il tarixli Fərmanına uyğun olaraq "Gənc istedadların "Qızıl kitabı"nın yaradılması, 24 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın qəbulu, 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"nın, 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın, 9 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın, 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın və digər normativ-hüquqi aktların qəbul edilməsi bu sahəyə göstərilən diqqətin bariz ifadəsidir.
Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə sistemli və ardıcıl şəkildə mühüm tədbirlər həyata keçirilməkdədir. Təbii ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara diqqət və qayğı daha da yüksələcəkdir.
 
 
21.11.2022

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).