20:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Yaşamaq hüququ və ölüm cəzasının ləğvi: beynəlxalq və milli qanunvericilik.
 
"İnsān hüquq və āzādlıqlārının müdāfiəsi dövlətin ali məqsədidir".
 
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
 
 
İnsanın ən mühüm təbii hüquqlarından biri yaşamaq hüququdur. Yaşamaq hüququ şəxsin fiziki və bioloji mövcudluğu üçün heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, insanın bir sosial varlıq kimi müxtəlif maddi və mənəvi nemətlərdən bəhrələnməsini ifadə edir.
Bu gün nüfuzlu beynəlxalq təşkilatlar insanların yaşamaq hüququnun təmini istiqamətində səylərini birləşdirərək, bu hüququn həyata keçirilməsinə təhlükə törədə bilən halların aradan qaldırılmasını və cəzalandırılmasını nəzərdə tutan beynəlxalq müqavilələr qəbul etmişdir.
Belə ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq hüququ vardır.
4 noyabr 1950-ci il tarixli "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 2-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
Həyatdan məhrumetmə, istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması, qanuni həbsin həyata keçirilməsi və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısının alınması, habelə qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir.
Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmiş "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 6-cı maddəsində qeyd olunur ki, hər bir müstəqil ölkədə yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz. Ölüm cəzasının ləğv edilmədiyi ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə, həmin cinayətlər törədildiyi vaxt qüvvədə olan və bu Paktın qərarlarına və "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyaya zidd olmayan qanuna müvafiq olaraq çıxarıla bilər. Bu cəza yalnız səlahiyyətli məhkəmənin qəti hökmünü icra etmək məqsədilə həyata keçirilə bilər.
Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları Komitəsinin 1982-ci tarixli Ümumi Şərhində qeyd olunmuşdur ki, yaşamaq hüququnun müdafiəsi dövlətlərin həyatın mühafizəsi üzrə qəti tədbirlər görməsini, məsələn, uşaq ölümünün azaldılmasını, aclığın və epidemiyaların ləğvini tələb edir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın "Ölüm cəzasının ləğvinə dair" 28 aprel 1983-cü il tarixli, 6 saylı Protokolunda qeyd olunur ki, ölüm cəzası ləğv olunur. Heç kəs ölüm cəzasına məhkum edilə və ya edam oluna bilməz. Dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər, bu cür cəza yalnız qanunla müəyyən olunmuş hallarda və qanunun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.
Yaşamaq hüququ ilə bağlı hüquqi normalar milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur.
Belə ki, 12 noyabr 1995-ci il tarixli müasir Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir.
Göründüyü kimi, respublikamızın əsas qanunu olan Konstitusiyada insanların ən vacib hüququ olan yaşamaq hüququnun təmini prinsipləri təsbit olunmuşdur. Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrdə insan hüquq və azadlıqlarının təmini prinsiplərini nəzərdə tutan müddəaların, həyata keçirilən hüquqi islahatların məntiqi davamı olaraq 1998-ci ildə müstəsna cəza tədbiri kimi ölüm cəzası ləğv olunaraq cəza sistemindən çıxarılmışdır.
Belə ki, 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ölkədə ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında 10 fevral 1998-ci il tarixli Qanun qəbul edilmişdir. Bu Qanunla ölüm cəzası ləğv olunaraq cəza sistemindən çıxarılmış, ömürlük azadlıqdan məhrum etmə isə müstəqil cəza növü kimi keçmiş Cinayət Məcəlləsinin 21-ci maddəsində müəyyən edilən cəzanın sisteminə daxil edilmişdir. Həmin Qanuna və "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulmaq barədə" Azərbayan Respublikasının Qanununa görə müharibə dövründə və ya müharibə təhlükəsi mövcud olduqda ağır cinayətlərə görə ölüm hökmünün tətbiqi imkanı saxlanılmışdır. Ömürlük azadlıqdan məhrumetmə əsas cəza növü kimi Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilərək 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulan cəzanın sisteminə daxil edilmişdir.
Qeyd etmək lazımdır ki, 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunun 2-ci maddəsində məhdudlaşdırılması qadağan olunan insan hüquqlarının siyahısı təsbit olunmuşdur. Bu siyahıya digər hüquqlarla bərabər Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində təsbit olunmuş yaşamaq hüququ da (müharibənin hüquqauyğun aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla) daxil edilmiş və bu hüquqların məhdudlaşdırılması və onlara dair qeyd-şərtlərin edilməsi düzünə göstərişlə qadağan edilmişdir.
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır. Xəstəni bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya edən şəxs qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsində qeyd olunan insanların yaşamaq hüququnun qorunması ilə bağlı Cinayət Məcəlləsində məsuliyyət tədbirləri təsbit olunmuş, törədilmiş cinayətlərə görə müvafiq sanksiyalar müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırım, 105-ci maddəsində əhalini məhv etmə, 120-ci maddəsində qəsdən adam öldürmə, 121-ci maddəsində ananın yeni doğduğu uşağı qəsdən öldürməsi, 122-ci maddəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə, 123-cü maddəsində zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə, 124-cü maddəsində isə ehtiyatsızlıqdan adam öldürmə cinayətlərinə görə müvafiq sanksiyalar nəzərdə tutulmuşdur.
Xülasə. Ölüm cəzasının ləğv olunması ilə əlaqədar həyata keçirilən hüquqi islahatlar insanların yaşamaq hüququnun təmin olunmasına, dövlətin cəza siyasətinin humanist prinsiplər əsasında təkmilləşdirilməsi prosesinə təkan vermiş, bu islahatlar nəticəsində cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədlərinin daha effektiv nəticə verməsinə şərait yaradılmışdır.
 
29.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).